Pandemiya ilə mübarizədə Azərbaycan öz humanist fəaliyyəti ilə öndə gedən ölkələrdəndir Siyasət

Pandemiya ilə mübarizədə Azərbaycan öz humanist fəaliyyəti ilə öndə gedən ölkələrdəndir

Artıq bir ildən çoxdur ki, bütün dünya böyük bir bəladan – COVİD 19 virusundan xilas ola bilmir. Bu virus yaranması ilə insanların sağlamlığ ilə yanaşı iqtisadiyyatına da milyardlarla ziyan vurmuş və vurmaqdadır. Lakin bu bəla ilə mübarizə işinin effektiv təşkili üçün ölkəmizdə də bütün imkanları səfərbər olunmuşdur

Elə ilk günlərdən dünyanı cənginə almış pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüşdür. 2021-ci il 31 may tarixində keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışı edən Azərbaycan Respublikasının Prezident İlham Əliyevi görülən işlər, qabaqlayıcı tədbirlər haqqında məlumat verərək bildirmişdir ki, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir. Hazırki mərhələdə isə əsas prioritet əhalinin vaksinasiyasıdır. Görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılmışdır. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir.

Pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində ölkədə 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Eləcə də COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır.

Pandemiya başlanan dövrdən Azərbaycanın dövlət başçısı bir sıra beynəlxalq tədbirlərdəki çıxışlarında, verdiyi müsahibələrdə, görüşlərdə bu bəla ilə mübarizədə öz fikirlərini söyləmiş, Azərbaycanın mövqeyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir və dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bunun da çox böyük ədalətsizlik olduğunu bildirən dövlət başçısı pandemiyaya qalib gəlməyin yolunu qlobal həmrəylikdə görür. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır.

Azərbaycaneləcə də pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Hazırda bəşəriyyətin qarşısında duran bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır.

Öz çıxışında cənab İlham Əliyev onu da bildirmişdir ki, bu qlobal problemin həllində də Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır. Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir.

Bir sözlə digər sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan fəaliyyəti ilə dünya səhiyyəsinə, tək öz vətəndaşlarının deyil insanların sağlamlığ naminə əlindən gələni edir.

Natiq Nəbiyev

Bakı şəhər Təcili və Təxirəsalınmaz

Tibbi Yardım stansiyasının

Xətai rayon 7 saylı bölməsinin müdiri