Dövlət başçısı: “Azərbaycanda çox gözəl sərmayə iqlimi var, çox güclü kadr potensialı yaradılıb” Siyasət
“Bu gün dünyanın müxtəlif ölkələrində azad iqtisadi zonalar var. Qeyd etdiyim kimi, bəzi ölkələrdə bunu təbii şərait, coğrafi yerləşmə şərtləndirir. Açıq dənizlərə çıxışı olmayan ölkələrdə azad iqtisadi zonaların yaradılması təcrübəsi o qədər də uğurlu deyil. Biz uğurlu və uğursuz təcrübəni öyrənmişik, təhlil aparmışıq. Hesab edirik, bu gün Azərbaycanda bütün ilkin şərtlər var ki, investorları məhz bu zonaya cəlb edək. Hesab edirəm ki, ilk növbədə, bu yerin coğrafi vəziyyəti əlverişlidir - dənizin kənarında, dəniz limanının böyründə yerləşir, kifayət qədər böyük ərazidir. İlkin mərhələdə artıq 60 hektarlıq yer inkişaf üçün hazırdır. Amma, ümumiyyətlə, 850 hektar torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsinə bitişik olan torpaq sahələri də artıq müəyyən edilib ki, orada hər hansı bir tikinti aparılmasın, bu, gələcək inkişaf üçün lazımdır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar” sualına cavabında deyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi var: “Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.
Digər vacib məsələ, - nə üçün biz hesab edirik ki, investorlar gələcək, - müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq. Bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik. Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir - investisiya iqlimi, infrastruktur layihələri...”
Dövlət başçısı, həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialı yaradıldığını vurğulayıb: “Bu sahəyə xüsusi diqqət göstərilir. Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək”.