Rezident nümayəndə: “İqlim dəyişikliyi, onun təsirlərinin aradan qaldırmaq üçün Azərbaycan hökuməti ilə işləyirik” Siyasət

Rezident nümayəndə: “İqlim dəyişikliyi, onun təsirlərinin aradan qaldırmaq üçün Azərbaycan hökuməti ilə işləyirik”

“Artıq üç ildir, Azərbaycandayam və buradakı missiyam tamamlanır. Əminliklə deyə bilərəm ki, bu illər ərzində inkişafın, tərəqqinin şahidiyəm. Daha çox insanın biznes qurmaq üçün istəkli olmasını, yeni təşəbbüslərlə çıxış etməsini gördüm. Həmçinin ölkə səlahiyyətlərinin bu sahəyə artan dəstəyinin şahidi oldum. Belə layihələr o zaman uğurlu olur ki, rəhbərlik də onu dəstəkləyir. Biz işlədiyimiz yerlərdə bu dəstəyi gördük”.

APA-nın məlumatına görə, bunu BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti deyib.

A. Frakassetti BMT İP-nin yeni inkişaf proqramının 2021-ci ilin əvvəlində qəbul olunduğunu bildirib: “Bu proqram BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təsdiqlənib və Azərbaycan hökuməti ilə razılaşdırılıb. Bu proqram bütün Azərbaycan ərazilərini əhatə edir. Biz ölkələrin milli prioritetlərinə uyğun şəkildə işləyirik və ölkənin bütün ərazilərində ehtiyac olan dəstəyi veririk”.

İnklüziv və dayanıqlı inkişafı dəstəklədiklərini qeyd edən cənab Frakassetti təlimlər vasitəsilə bacarıqların artırılması, iş yerlərinin yaradılmasının diqqət mərkəzində olduğunu vurğulayıb: “Biz spesifik qrupları, qadınları dəstəkləyirik. Azərbaycanda qadınlar üçün 12 resurs mərkəzimiz var. Bu yaxınlarda Ağcabədi, Füzuli və Tərtərdə resurs mərkəzləri açdıq. Sosial, hüquqi dəstək xidmətləri təklif edirik. Azərbaycan hökumətinin peşə təhsili ilə bağlı strategiyasını Aİ ilə birgə dəstəkləyirik. Çalışırıq ki, Azərbaycanın peşə məktəblərində şagirdlər əmək bazarında lazım olan bacarıqları öyrənsinlər.

İqlim dəyişikliyi, onun təsirlərinin aradan qaldırmaq üçün Azərbaycan hökuməti ilə işləyirik. 15 dövlət agentliyi və nazirliklərlə bu məsələ ilə bağlı tərəfdaşlıq edirik. Həmçinin, digər beynəlxalq qurumlarla, ölkələrlə əməkdaşlıq edirik və bütün bunların hamısı Azərbaycanda sosial-iqtisadi inkişafa dəstək verir”.

BMTİP-in dəstəklədiyi, reallaşdırdığı layihələrin nəticələrinin davamlılığı ilə bağlı APA-nın sualını cavablandıran A. Frakassetti deyib ki, regionların inkişafı, kiçik ailə bizneslərinin dəstəklənməsi ilə bağlı layihələrdə beynəlxalq qurumların edə biləcəyi əsas iş ilkin maliyyə dəstəyinin verilməsi, təlimlərin keçirilməsi, biznesə başlayanlar üçün tərəfdaşların tapılmasıdır: "Dəstək alan bu ailələr milli institutlarla razılaşma imzalayıblar. Həmçinin biz bu ailələrə dəstək verilməsi üçün yerli orqanlar, səlahiyyətlilərlə işləyirik.

Amma sözsüz ki, məsələn növbəti beş il üçün bu layihələrin nəticələrinin davam edib-etməyəcəyi barədə təminat yoxdur, amma onların davam etməsi üçün vasitələr, imkanlar mövcuddur. Bu insanların bilgisi, informasiyası, tərəfdaşları var, onlar ilkin dəstəyə malikdirlər. Təbii ki, biznes sahəsi ən həssas sahələrdir. Biz ilkin dəstəyi veririk, qalan məsələlər artıq onların öz üzərinə düşür”.