"Prezidentin fərmanı iqtisadi inkişafda yeni mərhələnin başlanğıcıdır" Siyasət

"Prezidentin fərmanı iqtisadi inkişafda yeni mərhələnin başlanğıcıdır"

Prezident İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların sayının 11-dən 14-ə çatdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaranması ölkənin iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcıdır.
Bu sözləri "Xalq Cəbhəsi"nə açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi iqtisadi rayonlarla bağlı təsnifatın yenidən müəyyənləşdirilməsi, həmçinin ayrı-ayrı rayonların, o cümlədən Qarabağ iqtisadi rayonuna daxil olan iri yaşayış məntəqələrinin vahid iqtisadi məkan daxilində, konkret yol xəritələrinə uyğun şəkildə inkişafının planlaşdırılmasını zəruri edirdi: “Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işləri sürətlə həyata keçirilir, nəhəng infrastruktur layihələri gerçəkləşdirilir. Bu prosesin tərkib hissəsi kimi reallaşmaqda olan və həyata keçirilməsi nəzərdə tutulan layihələrin konkret ərazilərin təbii ehtiyatları, iqlim şəraiti, coğrafi relyefi nəzərə alınmaqla həyata keçirilməsi vacib şərtlərdən biridir. Çünki hər bir iqtisadi rayonun özünəməxsus kənd təsərrüfatı, sənaye, turizm və digər potensialı vardır ki, bu rayonlara daxil olan inzibati ərazi subyektlərinin vahid iqtisadi platformalar üzərindən inkişafı üçün əlverişli zəmin hazırlanmalıdır".
Millət vəkili onu da qeyd edib ki, konkret iqtisadi rayon daxilindəki inzibati ərazi subyektlərinin iqtisadi potensialı arasındakı uyğunluq müxtəlif istiqamətlər üzrə layihələrin daha optimal və daha səmərəli bir şəkildə həyata keçirilməsinə imkan yaradır: "Məhz bu baxımdan, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil edilməsi, gələcəkdə bu inzibati ərazi subyektlərinin iqtisadi imkanları nəzərə alınmaqla həyata keçirilən layihələr arasında sinerjinin yaranmasına, xərclərin azaldılmasına və investisiyalardan daha səmərəli istifadə olunmasına yol açacaq”.
Azər Kərimlinin sözlərinə görə, Azərbaycan Prezidentinin sözügedən fərmanı ilə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının daxil olduğu yeni Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyətə malikdir: “Şərqi Zəngəzur iqtisadi rayonu Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi nəticəsində bölgənin ən önəmli iqtisadi rayonlarından birinə çevriləcək. Digər tərəfdən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan inzibati ərazi subyektlərinin hər biri zəngin təbii ehtiyatlara malikdir və bu da onların vahid iqtisadi məkan çərçivəsində inkişafı üçün yeni imkanlar açır. Bu ərazilərdə dağ-mədən sənayesinin, turizmin bütün seqmentlərinin inkişafı üçün böyük imkanlar var və çox güman ki, yaxın zamanlarda biz, bu iqtisadi rayonlarda həyata keçiriləcək layihələrin yol xəritələrindən Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəfləri daha aydın şəkildə görə biləcəyik. İndiki şəraitdə, yeni yaradılan iqtisadi rayonların adları və tərkibləri belə, bizə bu hədəflərin nə qədər böyük olduğunundan xəbər verir”.

Cavid