Azərbaycanın çoxşaxəli xarici siyasəti: yeni imkanlar və artan geosiyasi rol Siyasət

Azərbaycanın çoxşaxəli xarici siyasəti: yeni imkanlar və artan geosiyasi rol

“Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı ildə Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxışda Azərbaycanın xarici siyasətinin əsas parametrlərindən biri kimi müstəqillik və çoxşaxəlilik xüsusi vurğulanıb”.

Bunu Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev “xalqcəbhəsi.az”-a açıqlaması zamanı bildirib.

O vurğulayıb ki, dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün müxtəlif qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəyə çevrilib:

“Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan xarici siyasətdə özünü yalnız bir tərəfdaş və ya bir geosiyasi istiqamətlə məhdudlaşdırmır. Əksinə, Çin, ABŞ, Rusiya, Avropa İttifaqı ölkələri, Türkiyə, Mərkəzi Asiya və İslam dünyası ilə paralel əlaqələr qurmaqla diplomatik manevr imkanlarını genişləndirir.

Bu siyasət Azərbaycan kimi coğrafi baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkə üçün xüsusilə əhəmiyyətlidir. Çünki ölkənin coğrafi mövqeyi yalnız tranzit üstünlüklə yanaşı, həm də müxtəlif siyasi və iqtisadi aktorlar arasında dialoq üçün platforma rolunu oynamaq imkanı yaradır.

Prezident İlham Əliyevin çıxışında xüsusilə Çin və ABŞ ilə münasibətlərə diqqət yetirilməsi təsadüfi deyil. 2025-ci ilin aprelində Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb. Sənəddə siyasi qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstək, iqtisadi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. ABŞ ilə münasibətlərdə isə 2025-ci ildə başlanmış strateji tərəfdaşlıq xətti 2026-cı ildə Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması istiqamətində davam etdirilib. Cari ilin fevralında Bakıda imzalanmış Xartiyada regional bağlantılar, iqtisadi sərmayə, təhlükəsizlik əməkdaşlığı, rəqəmsallaşma sahəsində tərəfdaşlıq qarşılıqlı maraq doğuran əsas istiqamətlər sırasında göstərilir.

Azərbaycanın eyni vaxtda bu iki böyük güc mərkəzi ilə strateji xarakterli münasibətlər qurması ölkəyə mühüm diplomatik imkan və strateji aktivlik verir. Burada əsas məsələ tərəflər arasında seçim etmək deyil, müxtəlif tərəfdaşlarla münasibətlərdən Azərbaycanın milli maraqları naminə istifadə edə bilməkdir. Dünya siyasətində ABŞ-Çin rəqabətinin, Rusiya-Qərb qarşıdurmasının və müxtəlif regional böhranların dərinləşdiyi şəraitdə belə bir çoxşaxəli əlaqələr sistemi Azərbaycanın xarici siyasətdə alternativlərini qorumasına şərait yaradır. Bununla yanaşı, bu model daha yüksək diplomatik çeviklik və tərəfdaşlarla münasibətlər arasında həssas balans tələb edir”.

Millət vəkili qeyd edib ki, Avropa istiqaməti də Azərbaycanın xarici siyasətində mühüm yer tutur: “Azərbaycanın Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq formatında sənədləri mövcuddur. Almaniya ilə isə 21 iyul 2026-cı ildə “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalanıb. Bu dövlətlərlə əlaqələrin əhəmiyyəti təkcə siyasi dialoqla məhdudlaşmır. Azərbaycanın enerji resursları, xüsusilə təbii qaz və elektrik enerjisi ixracı, Avropanın enerji təhlükəsizliyi baxımından ölkənin strateji əhəmiyyətini artırır. Prezident çıxışında Azərbaycanın xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələr istehsal və ixrac etdiyini də vurğulayıb. Bu məqam Azərbaycanın beynəlxalq mövqeyində enerji faktorunun rolunu göstərir. Enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda xarici siyasət alətidir. Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi, Xəzər regionu ilə Avropa arasında bağlantıların gücləndirilməsi və yeni nəqliyyat marşrutlarının inkişafında iştirak etməklə öz geosiyasi əhəmiyyətini artırır. Beləliklə, iqtisadi əməkdaşlıq siyasi dialoqun da daha davamlı olmasına zəmin yaradır. Bu kontekstdə Prezident İlham Əliyevin strateji yanaşması tam mənzərəni əks etdirir: “Ona görə enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq.

Azərbaycanın Rusiya ilə münasibətləri də bu çoxşaxəli siyasətin mühüm komponentidir. Bakı ilə Moskva arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələr mövcuddur. Eyni zamanda Azərbaycan Türkiyə, Qazaxıstan və Özbəkistanla müttəfiqlik münasibətlərinə dair sənədlər imzalayıb. Prezident daha əvvəl qeyd edib ki, Azərbaycanın Çin, Avropa İttifaqı ölkələri, Türkiyə, Özbəkistan və Rusiya ilə münasibətləri müxtəlif strateji və müttəfiqlik formatlarını əhatə edir. Bu mənzərə Azərbaycanın xarici siyasətinin yalnız bir istiqamətə deyil, bir-birindən fərqli siyasi və iqtisadi mərkəzlərə söykəndiyini göstərir”.

R.Nəbiyev bildirib ki, çoxşaxəliliyin digər mühüm istiqaməti Azərbaycanın beynəlxalq və regional təşkilatlarda fəallığının artmasıdır: “Azərbaycanın Qoşulmama Hərəkatına 2019–2023-cü illərdə sədrliyi bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Sədrliyi dövründə Azərbaycan Hərəkatın Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılmasını dəstəkləyib və institusional inkişaf istiqamətində təşəbbüslər irəli sürüb. Bu təcrübə Azərbaycanın yalnız regional deyil, inkişaf etməkdə olan ölkələrin maraqlarının müzakirə edildiyi daha geniş beynəlxalq platformalarda siyasi görünürlüğünü artırıb.Suverenliyimizin tam bərpasından sonra D-8, İqtisadi Əməkdaşlıq Təşkilatına üzvlük də Azərbaycanın diplomatik imkanlarını genişləndirən mühüm hadisələrdən biridir. Beləki, 19 dekabr 2024-cü ildə Qahirədə keçirilən D-8-in XI Zirvə görüşündə Azərbaycan yekdilliklə təşkilata üzv seçildi. Bu, D-8 -in rəsmi olaraq 15 iyun 1997-ci ildə İstanbulda yaradılmasından sonra ilk genişlənmə idi. Azərbaycan təşkilatın yarandığı dövrdən sonra ona qəbul edilən ilk yeni üzv olub. D-8 çərçivəsində enerji, ticarət, nəqliyyat, iqlim, kiçik və orta sahibkarlıq və digər sahələrdə əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın coğrafi mövqeyi isə bu təşkilatın Xəzər və Cənubi Qafqaz istiqamətində əlaqələrinin genişlənməsi üçün əlavə imkan yaradır.İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəallıq da Azərbaycanın xarici siyasətində ayrıca istiqamətdir. Prezident qurultayda gələn il Azərbaycanda İƏT Zirvə Görüşünün keçirilməsinin nəzərdə tutulduğunu bildirərək, ölkənin İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birləşdirici rol oynamaq niyyətini vurğulayıb. Azərbaycanın dünyəvi dövlət modeli ilə yanaşı, İslam dünyası ilə tarixi, mədəni və siyasi əlaqələri bu istiqamətdə ona fərqli diplomatik imkanlar verir. 2027-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. Bu, Azərbaycanın İslam dünyasında çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrin və təşkilat daxilində fəal rolunun göstəricilərindən biridir.Mərkəzi Asiya ilə münasibətlər isə Azərbaycanın regional rolunun yeni mərhələyə keçdiyini göstərən ən mühüm nümunələrdən biridir. 2025-ci ilin noyabrında Daşkənd şəhərində Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qəbul edilib. Bunun nəticəsində əvvəllər “C5” kimi tanınan format faktiki olaraq Azərbaycanla birlikdə “C6” məzmunu qazanıb. Bu hadisənin əhəmiyyəti Azərbaycanın Mərkəzi Asiyada yerləşməməsinə baxmayaraq, regionun siyasi, iqtisadi, enerji və nəqliyyat əlaqələrində mühüm tərəfdaş kimi qəbul edilməsindədir. Prezident İlham Əliyev 2026-cı il avqustun 23-də Özbəkistana rəsmi səfəri zamanı Azərbaycan və Mərkəzi Asiyanı “böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi region” kimi xarakterizə edib. Burada Azərbaycanın əsas üstünlüklərindən biri coğrafi bağlantı roludur. Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz üzərindən keçən nəqliyyat marşrutları getdikcə daha böyük əhəmiyyət qazanır. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirən mühüm halqaya çevirir. Bu isə Azərbaycanın yalnız tranzit ölkə deyil, regional logistika və bağlantı mərkəzi kimi mövqeyini möhkəmləndirə bilərBütün bu faktlar Azərbaycanın xarici siyasətinin qarşıdakı dövrdə üç əsas istiqamətdə imkanlarını genişləndirə biləcəyini göstərir:

Birincisi, ölkə müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış diplomatik əlaqələri qorumaqla siyasi manevr imkanlarını genişləndirə bilər.

İkincisi, enerji və nəqliyyat potensialından istifadə etməklə Avropa, Mərkəzi Asiya və ümumilikdə Asiya arasında bağlantıların inkişafında rolunu artıra bilər.

Üçüncüsü, D-8, İƏT, Qoşulmama Hərəkatı, TDT, Mərkəzi Asiya və digər çoxtərəfli formatlar kimi müxtəlif platformalarda fəallıq göstərməklə ayrı-ayrı regional gündəliklərin formalaşmasına daha fəal töhfə vermək imkanını genişləndirə bilər.

Lakin bu siyasətin imkanlarla yanaşı, müəyyən çağırışları da var. Böyük güclər arasındakı rəqabətin artdığı bir dövrdə müxtəlif tərəflərlə paralel münasibətləri qorumaq daha mürəkkəb diplomatik balans tələb edir. Azərbaycan üçün əsas məsələ tərəfdaşlıqların bir-birinə zidd geosiyasi öhdəliklər yaratmasına yol vermədən, hər bir istiqamətdə milli maraqlara əsaslanan əməkdaşlığı davam etdirməkdir. Başqa sözlə, çoxşaxəlilik yalnız tərəfdaşların sayının çoxluğu deyil, onların hər biri ilə münasibətlərin uzunmüddətli və qarşılıqlı faydalı əsasda idarə edilməsidir.Nəticə etibarilə, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxış Azərbaycanın xarici siyasətində qarşıdakı illərin əsas xəttini “daha fəal və daha çox fəalyönümlü” siyasət kimi təqdim edir. Çin və ABŞ-la strateji tərəfdaşlıq formatlarının yaradılması, Avropa İttifaqı ölkələri ilə geniş əlaqələr, Rusiya ilə əlaqələr, Türkiyə və ümumilikdə TDT üzüv dövlətlərlə münasibətlər, D-8-ə üzvlük, İslam Əməkdaşlıq Təşkilatında fəallıq və Mərkəzi Asiya formatına tamhüquqlu qoşulma Azərbaycanın beynəlxalq əlaqələr sistemində çoxsaylı dayaqlar formalaşdırdığını göstərir.Bu modelin gələcək nəticəsi Azərbaycanın yalnız ayrı-ayrı dövlətlərlə münasibətlərindən deyil, müxtəlif regional və qlobal platformaları bir-biri ilə əlaqələndirmək qabiliyyətindən asılı olacaq. Azərbaycanın coğrafi mövqeyi, enerji resursları, nəqliyyat imkanları və müxtəlif siyasi mərkəzlərlə dialoq qurmaq təcrübəsi ona regional proseslərdə daha fəal rol oynamaq üçün əlverişli imkanlar yaradır. Qarşıdakı dövrdə bu imkanların real siyasi təsirə çevrilməsi isə diplomatik balansın qorunmasından, iqtisadi layihələrin genişləndirilməsindən və Azərbaycanın beynəlxalq platformalarda təşəbbüskar mövqeyini davam etdirməsindən asılı olacaq.

Beləliklə, Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğulanan çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq sistemdə daha geniş manevr sahəsi yaratmaq strategiyası kimi qiymətləndirilə bilər. Bu strategiyanın əsas fərqləndirici cəhəti bir geosiyasi mərkəzə bağlanmaq əvəzinə müxtəlif tərəfdaşlarla eyni vaxtda əməkdaşlıq etmək və Azərbaycanın coğrafi, iqtisadi və diplomatik üstünlüklərini regional əməkdaşlığın genişləndirilməsinə yönəltməkdir”.

Günel Elxan