“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb” Siyasət

“Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb”

İran xarici işlər nazirinin müavini: "Regiondakı münaqişə və böhranların sülh və əmin-amanlıq dənizi olan Xəzərə girməsinə imkan verməyəcəyik"

"Xəzərin hüquqi statusunun müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunub". APA-nın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib.
Onun sözlərinə görə, iki gündür Bakıda işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunub: "20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girə bilsin".
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Xəzər dənizi ölkələri arasında qarşılıqlı etimad və sabitlik mühitinin mövcudluğunun Xəzər hövzəsində məsələlərin danışıqlar yolu həllinə imkan verdiyini qeyd edib. Onun sözlərinə görə, Xəzər dənizi Xəzəryanı ölkələrin mənafeyinə, maddi və sosial rifahının yüksəlməsinə xidmət edir: "Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qruplarının görüşlərini davam etdirəcəyik".Xəzəryanı ölkələr dənizin statusunun konvensiya layihəsinin mübahisəli məqamları üzrə razılığa gəliblər
Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 39-cu iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında deyib ki, Xəzəryanı ölkələr dənizin statusunun müəyyənləşdirilməsi ilə bağlı konvensiya layihəsinin bəzi mübahisəli məqamları üzrə razılığa gəliblər.
Onun sözlərinə görə, dünən və bu gün keçirilmiş danışıqlarda Xəzər dənizinin statusu üzrə konvensiyanın bəndlərinə və Xəzəryanı dövlətlərin başçılarının Həştərxan bəyannəməsinə dair geniş müzakirələr aparılıb.
X.Xələfov razılaşdırılmış məqamlar arasında ekoloji problemləri, dənizin su məkanının istifadə edilməsini göstərib: " Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Biz ümid edirik ki, qısa müddət ərzində konvensiya üzərində bütün işləri başa çatdıracağıq və onu Astanada növbəti sammitdə qəbul edəcəyik. Dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir".
İşçi qrupunun yekunu ilə bağlı keçirilən mətbuat konfransında Xəzərin statusuna dair məsələlər 90-cı illərdən fərqli olaraq, bu gün yüksək səviyyəyə çatıb: "Əminəm ki, bütün məsələləri başa çatdırmağa nail olacağıq. Astana sammitinə kimi Konvensiya layihəsinin bütün müddəalarını başa çatdırmalıyıq ki, razılaşdırmaq mümkün olsun".
X.Xələfov bildirib ki, bu, Həştərxan sammitindən sonra işçi qrupunun birinci görüşü olub: "Həştərxan sammitinin nəticələri dövlət başçıları tərəfindən qəbul olunmuş qərarların həyata keçirilməsi müzakirə edilib. Dövlət başçılarının birgə bəyannaməsində bir sıra prinsipial məsələlərə dair razılaşmalar əldə olunub. Onların Konvensiya layihəsində əksini tapması üçün tədbirlər görmüşük. Nəticələr Xəzəryanı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Həm Bakı, həm də Həştərxan sammitlərindən sonra bir sıra prinsipial vacib məsələlər həllini tapıb. Bunlara su səthinin bölünməsi, təhlükəsizlik məsələləri, gəmiçilik, bioloji resursların qorunması və istifadə olunması, fövqəladə hallar, hidrometeorologiya məsələləridir".