“Ölü doğulan bir qurumu zorla “yaşatmağın”, onun biabırçı “aksiyalar”ını təyin etməyin, keçirməyin nə mənası var?” Siyasət

“Ölü doğulan bir qurumu zorla “yaşatmağın”, onun biabırçı “aksiyalar”ını təyin etməyin, keçirməyin nə mənası var?”

Kamilə Əliyeva: "Bu "quruma" aparatla süni nəfəs versən belə heç bir xeyri olmayacaq və yoxdur"

Azər Badamov: "Milli Şuranın son yığıncağı radikal müxalifətin cəmiyyətdə sosial dayaqlarının olmadığını bir daha sübut etdi"


Yarandığı gündən ölü doğulan və millilikdən əsər-əlaməti olmayan Milli Şura adlı oyuncaq qurumun son "aksiyası" da fiaskoyla nəticələndi.
Bu, onsuz da əvvəlcədən hər kəsə bəlli həqiqət, gözlənilən idi, bu "aksiya"ya dəstək verilməyəcəyi heç kim üçün sirr deyildi.
Bunu Milli Məclisin (MM) deputatı Kamilə Əliyeva dilə gətirib.
"Başa düşmək və anlamaq olur ki, ölü doğulan bir qurumu zorla "yaşatmağın", onun biabırçı "aksiyalar"ını təyin etməyin, keçirməyin nə mənası, nə anlamı var? Bu "quruma" aparatla süni nəfəs versən belə heç bir xeyri olmayacaq və yoxdur", - deyən, K.Əliyevanın sözlərinə görə, bu qurum yarandığı gündən məhvə, fiaskoya məhkum idi və sonrakı proseslər də bir daha bunu əyani sübut etdi.
"Amma görünür, Milli Şurada qalan 5-3 nəfər hələ də bunu anlamaq, dərk etmək istəmir, özlərinin "varlıqlarını" nə yolla olursa-olsun sübut etməyə çalışırlar. Özləri bilərlər, amma alınmır, alınan deyil və alınmayacaq da.
Azərbaycan seçicisi də 2013-cü ilin prezident seçkilərində Milli Şuraya, onun namizədinə öz sözünü dedi, öz qiymətini verdi. Bundan sonra da həmin "qurumdakılar" nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər, fiasko dalınca fiaskoya uğrayacaqlar, özlərini bir daha biabır edəcəklər", - deyə K.Əliyeva daha sonra sözlərinə əlavə edib.
Milli Məclisin (MM) deputatı Azər Badamov isə deyib ki, martın 15-də Milli Şuranın keçirdiyi son yığıncaq radikal müxalifətin cəmiyyətdə sosial dayaqlarının olmadığını və xalqın etibarını itirdiyini bir daha sübut etdi. Onun dediyinə görə, artıq xalq da başa düşüb ki, radikal müxalifətin istəyi xaricdən gələn sifarişlərə əməl etməklə öz maraqlarını həyata keçirməkdir:"Həm də, hər dəfə seçki vaxtına yaxınlaşdıqca radikal müxalifət özlərinin siyasi meydanda olduqlarını göstərmək istəyir. Mitinqdə qaldırılan məsələlər, səsləndirilən şüarlar dövlətin siyasətinə qarayaxmaq üçündür. Hər şey göz qabağındadır: inkişaf yolunda inamla irəliyə doğru addımlayan, günü-gündən gözəlləşən, güclənən, dünyada böyük nüfuza malik bir ölkədə yaşayırıq. Ölkə vətəndaşlarının da istəyi elə budur".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şuranın martın 15-də təşkil etdiyi mitinqə münasibət bildirərkən "mən əvvəldən demişdim ki, bu mitinqə çoxlu sayda insan qatılmayacaq, çünki cəmiyyətdən ciddi bir sifariş olmadığını görürük.
Əgər insanlar özü etiraz bildirmirsə, müxalifətin mitinq təşkil etməsi ilə bir şey alınmaz. Dediklərim də düz çıxdı",-deyə bildirib. S.Cəlaloğlu qeyd edib ki, sadəcə, Milli Şura mitinq keçirməklə xaricdəki qüvvələrə özünün bir güc olduğunu göstərməyə çalışır: "Mənim başa düşdüyümə görə, Milli Şura ölkədə yaranmış vəziyyətdən yararlanmaq istəyir. İstəyir ki, bu cür mitinqlərlə xaricdəki qüvvələrə və ölkədə özünün bir güc olduğunu, aparıcı müxalif qüvvə kimi göstərsin, amma biz belə hesab edirik ki, bu dəqiqə "keçi can hayında, qəssab piy axtarır" fikri olmamalıdır. Sərhədlərimizdən bir qədər uzaqda ciddi problemlər olduğu bir vaxtda Azərbaycanda müəyyən bir tendensiyanın inkişaf etdirilməsi düzgün deyil".
ADP sədri hesab edir ki, xalqın küçələrə çıxardılması elə xalqın özünün əleyhinə yönələ bilər: "Elə bu mitinqlərə əhalinin çoxlu şəkildə qoşulmamasının səbəbi də odur ki, insanlar başa düşürlər ki, indiki dövrdə Ukraynada, Suriyada, İraqda baş vermiş hadisələr Azərbaycanda da təkrar oluna bilər. Ona görə də kütləvi aksiyalara qoşulmurlar. Biz də bunu nəzərə alaraq, yəni sosial sifarişin olmadığını, xalqın kütləvi aksiyalara qoşulmaq istəmədiyini nəzərə alıb mitinq taktikasından istifadə etmirik. AXCP isə əksinə, mitinq taktikasından istifadə edir, çalışır ki, bundan maksimum istifadə etsin və özünü bir güc kimi təqdim etsin".
Milli Şuranın mitinqləri davam etdirəcəyi fikrinə gəlincə isə S.Cəlaloğlu bunun mənasız olduğunu hesab edir: "Lap hər gün keçirsinlər. Bunun nə mənası var ki? Mən öz təcrübəmdən deyə bilərəm ki, 1996-cı ildən 2005-ci ilə qədər Azərbaycanda demək olar ki, kütləvi aksiyaların 90 faizini bizim partiya təşkil edirdi, 10 faizini isə başqa partiyalar edirdi, amma o taktika çox da ciddi nəticələrə gətirib çıxarmadı. Yəni qarşımıza qoyduğumuz məqsədlərə xidmət etmədi. Yalnız mitinqlərlə heç nəyə nail olmaq olmaz. Ona görə də məhdud maraqlara görə bu qədər məsuliyyətli, ağır bir işi yerinə yetirmək effektsiz görünür".

Əli