Hökumət parlamentdə hesabat verdi Siyasət

Hökumət parlamentdə hesabat verdi

Artur Rəsizadə: "2014-cü ildə dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulan iqtisadi stabillik qorunub"

Əli Məsimli: "Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar"

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Bu ilki Novruzun sonuncu çərşənbə gününə təsadüf edən iclasda ilk olaraq spiker Oqtay Əsədov baş nazir Artur Rəsizadə başda olmaqla hökumət üzvlərini və deputatları təbrik edib, xalqa ünvanlı xoş arzularını çatdırıb.
Hökumətin Milli Məclis qarşısında hesabatla çıxış edəcəyini deyən Oqtay Əsədov deyib ki, Azərbaycan sosial-iqtisadi sahədə sürətli inkişafa nail olub: "Sosial-iqtisadi investisiya qoyuluşu 22 milyard manatı ötüb. Bu vəsaitin 59 faizi daxili, 41 faizi isə xarici bazarın payına düşüb.
Ötən il Azərbaycanda ümum daxili məhsul (ÜDM) 2,8 faiz artıb. Ölkədə valyuta ehtiyatları 51,3 milyard dollar təşkil edib. Bu vəsait Azərbaycanın xarici borcunu 8 dəfə üstələyib. Xarici ticarətimizin 47 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb".
Spiker vurğulayıb ki, ölkədə orta aylıq əmək haqqı 4,5 faiz artaraq 444 manata çatıb: "Yoxsulluq səviyyəsi isə azalaraq 5 faizə çatıb".
Oqtay Əsədov bildirib ki, qeyri-neft sektoruna investisiya qoyuluşu neft-z sektoruna investisiya qoyuluşundan 2 dəfə çoxdur: "Ötən il inflyasiya 1,4 faiz olub".
Daha sonra baş nazir Artur Rəsizadə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatla çıxış edib.
Artur Rəsizadə çıxışına Qarabağdan başlayıb: "Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur".
Baş nazir qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordunun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxılaşdırılmasını gündəlik nəzarətində saxlayır: "Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur".
A.Rasizadənin fikrincə, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmiyyətimizin daim diqqət mərkəzində olmalıdır: "Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artması da Ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür".
Baş nazir bildirib ki, son illərdə ölkənin apardığı ardıcıl uğurlu iqtisadi siyasət hesabat ilində də davam edib: "Hesabat ilində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, ÜDM artımına nail olunub, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması təmin edilib".
Baş nazir qeyd edib ki, 2014-cü ildə dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulan iqtisadi stabillik qorunub: "Dünyada iqtisadi inkişafın zəifləməsinə və maliyyə bazarlarında qeyri-müəyyən vəziyyətə baxmayaraq, 2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artaraq 59 mlrd. manat təşkil edib. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manata çatıb. Hesabat ilində əsas kapitala 17,6 mlrd. manat vəsait yatırılıb. Yatırılan investisiyanın 66%-i qeyri-neft sektorunun payına düşüb".
A.Rasizadə deyib ki, ötən il inflyasiya 1,4% səviyyəsində saxlanılıb. Dövlət büdcəsinin gəlirləri artıb və büdcədə nəzərdə tutulan xərclərin yerinə yetirilməsində problem olmayıb: "Hesabat ilində manatın sabitliyi qorunub. Ölkənin valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib. Ölkənin ümumi sosial-iqtisadi inkişafı aztəminatlı təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradıb. Məhz bunun nəticəsidir ki, ötən il ünvanlı sosial yardım alanların sayında 33,7% azalma qeydə alınıb. Bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği isə 149 manata qədər artırılıb".
Baş nazir əlavə edib ki, hesabat ilində ölkədə yeni müəssisələrin sayı 16% artaraq 9000-i ötüb: "Ölkədə sahibkarlıq subyektlərinin sayı 386 mindən çox olub. Bölgələrdən daxilolmaların həcmində 9% artım qeydə alınıb".
Sonra millət vəkilləri hesabat ətrafında çıxış ediblər. Millət vəkili Qənirə Paşayeva hökumətin hesabatında Tovuzun bir sıra problemlərindən danışıb və onların həllini xahiş edib. Hökumətin 2014-cü il hesabatını müsbət qiymətləndirərək dəstəkləyəcəyini deyən millət vəkili Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda yaşayış məntəqələrinin az qala yarısının hələ də qazlaşdırılmadığını diqqətə çatdırıb. Qazlaşmayan kəndlər arasında Ermənistanla ön cəbhədə yerləşən bir sıra kəndlərin də olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva bildirib ki, insanlar qısa zamanda onların yaşayış məntəqəsində qazlaşmasını gözləyirlər. Millət vəkili ölkə prezidentinin də özəlliklə qazlaşma ilə bağlı Ermənistanla ön cəbhə bölgələrinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıq verdiyini xatırladıb.
Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı vətəndaşların üzləşdiyi bürokratik problemlərə də toxunub və bildirib ki, hər hansı bir ailə öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə bağlı müraciət etdiyi təqdirdə lazım olan bütün sənədləşmə məsələlərinin "Azəriqaz"ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməsi və insanları bu məsələdə bürokratik problem və süründürməçiliklərdən xilas etmək lazımdır.
Millət vəkili kəndlərdə, bölgələrdə uzun illər əvvəl çəkilmiş və bəzi yerlərdə hətta qaz sızıntısı problemi yaşanan xətlərə xüsusi diqqət yetirilməsinə də çağırıb: "Məsələn Tovuzda bəzi evlərə qaz dolması və partlayışın baş verməsi məhz bəzi xətlərdə qaz sızıntısı problemi ucbatından baş verib. Ona görə də bu məsələyə "Azəriqaz" və onun yerli bölmələri xüsusi diqqət yetirməlidir". Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemlərdən də danışıb. O, ötən il də əhalinin əkin sahələrinin suvarılması ilə bağlı ciddi problemlərlə üzləşdiyini vurğulayıb. Millət vəkili deyib ki, bu gün daha çox artezian quyularının qazılmasına, eləcə də Ağstafaçay su kanalına Kür çayından daha çox su vurulması imkanlarını hökumətin nəzərdən keçirməsinə ehtiyac var.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də hesab edir ki, ötən ildə Azərbaycan hökumətinin fəaliyyəti qənaətbəxş olub və bununla sosial sahənin inkişafına da şərait yaradılıb. O, baş nazir Artur Rasizadənin Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən qeyd edib ki, ölkəmiz bir çox uğurlara imza atıb. Onun sözlərinə görə, baş nazirin hesabatı hərtərəfli hazırlanıb və sosial məsələlər bu məruzədə ətraflı şəkildə təhlil olunub.
Musa Quliyev bununla yanaşı, Azərbaycanda olan problemlərə də toxunub: "Əsas problemlərdən biri də Qarabağ əlillərinin pensiya təminatı ilə bağlıdır. Pensiya-sığorta sisteminə keçid zamanı bəzi uyğunsuzluqlar yarandı. Hansı Qarabağ əlilinin 5 illik əmək stajı var idi, onlar pensiya alırdılar. 5 il stajı olmayanlar isə pensiya yox, müavinət alır. Bu müavinət 60 manat məbləğindədir. Təklif edirəm ki, stajı az olan Qarabağ əlillərinə də verilən müavinət minimum pensiya həddinə çatdırılsın".
O, ölkədə sosial evlərin tikilməsinin vacibliyini də vurğulayıb. Musa Quliyev orta tibb təhsilində olan problemlər barədə də danışıb: "Orta tibb təhsilli kadrların yetişdirilməsi qənaətbəxş deyil. Dünyanın heç bir yerində orta tibb təhsili ilə bağlı belə bir sistem yoxdur. Xarici ölkələrdə onların bilik və bacarıqları təkmilləşdirilir".
Deputat Eldar İbrahimov isə bildirib ki, 2014-cü ildə ölkədə kənd təsərrüfatı sahəsində 5,2 milyard manatlıq məhsul istehsal olunub: "2013-cü illə müqayisədə ötən il meyvə-tərəvəz ixracı 16,1% artıb, idxal 13,4% azalıb. Bu o deməkdir ki, neftdən əldə olunan gəlirlər qeyri-neft sektoruna, o cümlədən kənd təsərrüfatının inkişafına yönəldilir".
Bununla yanaşı, E.İbrahimov həllini gözləyən bəzi məsələlərin olduğunu hökumətin diqqətinə çatdırıb. O, ölkəyə Geni Modifikasiya Olunmuş (GMO) məhsulların idxalına ciddi nəzarət edilməsinin vacibliyini qeyd edib.
Millət vəkili Əli Məsimli isə hökumətin diqqətini bəzi vacib məqamlara yönəldib: "Hökumət çox güman ki, manatın devalvasiyasından sonra yaranmış vəziyyətə bağlı tədbirlər paketi hazırlayır. Çünki manatın bahalaşması və neftin qiymətinin qalxması ehtimalı azdır. Həmin paketdə ictimai rəy nəzərə alınmaqla bəzi məqamlar öz əksini tapmalıdır".
Onun sözlərinə görə, dolların kəskin bahalaşması və neftin ucuzlaşması gözlənilmir: "Dollarla götürülən kreditlərlə bağlı məsələ açıq qalıb. Burada çətinlik çəkənlərin hər ikisi xalqdır. Ortaq məxrəcə gəlinməlidir. Hökumətin bu sahədə görəcəyi işlər vacibdir. Hökumət yaxın 8-9 ay ərzində devalvasiyanın yaratdığı müsbət şanslardan istifadə edərsə, o zaman nəyəsə ümid etmək olar. Əks halda, qiymətlərlə xərclərin artması devalvasiyanın müsbət effektlərini azaldacaq".
Deputat bildirib ki, idxalın qarşısını almaq və ixracı stimullaşdırmaq lazımdır. Onun fikrincə, sahibkarlara aşağı faizli kreditlərlə yanaşı, dövlət tərəfindən də əlavə vəsait ayrılmalıdır: "Dövlət Neft Fondunun 2 milyardlıq vəsaiti məhz idxalı əvəz edən məhsulları istehsal edən, ixrac potensialını artıran sahibkarlara verilməlidir".
Əli Məsimli bu ilin kənd təsərrüfatı ili olduğunu xatırladaraq qeyd edib ki, hökumət tərəfindən ərzaq təhlükəsizliyi ilə bağlı işlər görülür: "Özümüzə lazım olan ərzaq məhsullarının 80-85 faizini istehsal edirik. Ancaq taxılçılıq sahəsində bu göstərici 65 faiz civarındadır. Bu göstərici dövlət üçün aşağıdır. Təkcə Şəkidə Əyricay çay olan ərazidə su anbarının yaradılması 16 min hektardan çox torpağın suvarma dövriyyəsinə daxil edilməsinə imkan verəcək ki, bu da taxıl ehtiyatının artırılmasına şərait yaradacaq".
Deputat İqbal Ağazadə çıxışında Azərbaycanda sahibkarlara təzyiq edildiyini bildirib. O qeyd edib ki, hökumətin kənd təsərrüfatı, qida məhsullarının qiymətinin aşağı salınması ilə bağlı sahibkarlara etdiyi təzyiqlər düzgün addım deyil. Onun sözlərinə görə, məhsulların çoxu Azərbaycanda istehsal olunmur, xarici ölkələrdən idxal edilir: "Ona görə də hökumət bazarda qiymətləri tənzimləyə bilmir. Hökumət, təbii ki, rəqabət sistemini əsas tutmalı və bunun əsasında addımlar atmalıdır. Məhsulun qiymətinin yüksək olmasının hökumətə nə dəxli var? Sahibkar istənilən qiymətə məhsulu bazarda sata bilər. Hökumətin bazar iqtisadiyyatı şəraitində sahibkarlara süni şəkildə təzyiq etməsi anlaşılan deyil. Sahibkar özü qiyməti müəyyən edir, məsələn, hansısa məhsulu qiymətini 100 manat səviyyəsində müəyyən edir. Kim istəmir almasın. Sadəcə, hökumət azad rəqabət sisteminə nəzarət etməlidir və qiymətlər təbii şəkildə tənzimlənməlidir".