“Bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır” Siyasət

“Bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”

Qüdrət Həsənquliyev: “Bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük”

“Mən çox istərdim belə dəyişikliklər zamanı deputatlara büdcəyə nə qədər vəsait daxil olacağı, bələdiyyələrin nə qədər itirəcəyi haqda məlumat verilsin”. Bunu Milli Məclisdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Millət vəkili “yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Millət vəkili qeyd edib ki, bəzi bələdiyyələrin ərazisində yolların və kanalizasiyaların hansı durumda olduğunu görürük: “Bələdiyyələrin durumu acınacacaqlıdır. Əvvəl deyirdik ki, bələdiyyələr yeni qurumdur, təcrübəsi azdır. Artıq 1999-cu ildən bu yana bələdiyyələr fəaliyyət göstərirlər. Məncə, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır”.
Millət vəkili həmçinin əlavə edib ki, Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununda da qəbul olunmuş qanunlara 6 ay müddətində dəyişikliklər edilməsinə məhdudiyyət qoyulub: “Amma mən istərdim ki, biz o qanunlara da baxaq və bu məhdudiyyətin müddətini artıraq. İndi Vergi Məcəlləsinə dəyişiklik etdik. Yenə də bəlli olmadı ki, güzəştlərdə büdcə nə qədər itirəcək, yaxud müəyyənləşən əlavə vergilərdən büdcə nə qədər qazanacaq. Bunun bir əsaslandırılması olmalıdır. Niyə bu qanunların tez-yez, özü də böyük həcmdə dəyişdirlməsi həm də narahatlıq doğurur? Ona görə ki, ilk növbədə bu qanunların öyrənilməsi problematik olur. Vətəndaşlar qanunları tez-tez öyrənə bilmirlər. İkincisi, onu tətbiq edən orqanlar müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan qanunların tez-tez dəyişdirlməsindən maksimum dərəcədə qaçmaq lazımdır. Bir çox hallarda hətta dəyişiklik edilməməsinə görə ziyan azdırsa belə, yenə də böyük maraqlar nəzərə alınmalıdır. Bəzi kateqoriyadan olan hüquqi şəxslərə güzəştlər lazımdırsa onun başqa yolunu tapmaq lazımdır ki, onlara hansısa formada kömək olunsun ki, biz, qanunlara tez-tez toxunmayaq”.
Millət vəkili “başqa məsələlərlə bağlı da dəyişikliyə münasibət bildirmək istəyirəm”, - deyə vurğulayıb: “Nağdsız hesablaşmalar haqqında qanun var. Məsələn, müəyyən olunur ki, pərakəndə satışla məşğul olan bəzi şəxslər 2 min manatdan artıq ödənişlər etdikdə bu mütləq nağdsız olmalıdır. Məsələn, mebel və məişət texnikası satanlar üçün bu məbləğ 10 min manatdan artıq olmalıdır. Yaxud tibb müəssisələri tərəfindən göstərilən xidmətlərə görə, 500 manatdan artıq ödənişlər müəyyənləşib. Yəni bunların fərqli müəyyənləşdirilməsində sanki proteksionizm elementləri görünür. Ona görə də, düşünürəm ki, buna qətiyyən yol vermək olmaz. Burada vahid məbləğ müəyyən olunmalıdır. Özü də o məbləğ kiçik olmaldır. Məsələn, kimsə gedib 50, yaxud 40 manatlıq alış-veriş edirsə, ona tətbiq olunmaldıır.
Bir də çox mühüm məsələ icra haqqında qanunla bağlıdır. Burada da əslində konstitusiyanın tələbi pozulur. Konstitusiyanın 149-cu maddəsində qeyd olunub ki, qəbul olunan qanunlar bərabər olan mənafelərə bərabər münasibət ifadə eləməlidir. Amma biz nəyi müşahidə edirik? Məsələn, üzərinə həbs qoyulmuş əmlakın satılması. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olunmaqla. Burada nə nəzərdə tutulur? Əgər vergi orqanı kiminsə əmlakının üzərinə həbs qoyubsa. artıq icra haqqında qanuna görə onu satmaq mümkün olmayacaq. Halbuki necə olmalıdır? Tutaq ki, hər hansı bir şirkət vergi borcunu ödəmir, amma başqalarına da borcu var. Bu halda o əmlakın hamısı satılmalı və məhkəmə tərəfindən ədalətli qaydada onun bölgüsü həyata keçirilməlidir ki, bilinsin, nə qədər vergi borcu var, hüquqi şəxsə, fiziki şəxsə nə qədər borcludur, kimə nə qədər ödənilsin. Yoxsa dövlətin, yəni burada vergi orqanının marağı önə çəkilir...”.

Əli Zülfüqaroğlu