“Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir” Siyasət

“Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir”

Fazil Mustafa: “Milli Məclis gələcəkdə mərkəzləşməyə qarşı qərar qəbul etməlidir”

Milli Məclisin növbəri plenar iclası keçirilib. Millət vəkilləri 2022-ci il dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri ilə yanaşı digər qanun layihələrini də müzakirə ediblər.
İclasa spiker Sahibə Qafarova sədrlik edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, yaxın gələcəkdə yəqin ki ehtiyac meyarı olmayacaq. Deputat qeyd edib ki, bu məsələ gələcək hədəflərdən biridir: "Ünvanlı sosial yardımı üçün təyin etmək üçün yaşayış minimumundan istifadə edəcəyik".
Qeyd edək ki, gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.
Deputat Siyavuş Novruzov vergi güzəştlərindən danışıb. O, vergi güzəştlərinə dair yeni qanun layihəsində İkinci Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və qazilərin nəzərdə tutulduguni bildirərək Birinci Qarabağ müharibəsinin şəhid ailələri də bu məsələni soruşduğunu deyib.
Siyavuş Novruzov bu məsələyə aydınlıq gətirilməsini vacib sayıb: “Nəyə görə bu insanlar nəzərdə tutulmur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən eyni qaydada Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələri, əlilləri, qazilərənə sosial ödənişlər edilir, evlə, maşınla təmin olunurlar”.
Deputat Bəhruz Məhərrəmov bildirib ki, bu gün Vergi məsəlləsi kontekstində məsələyə baxırıqsa deməliyəm ki, vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur. Deputat qeyd edib ki, bu mənada digər peşə sahiblərinə tətbiq olunan yanaşma vəkilə də təmin olunmalıdır: "Eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var. Əmək Pensiyaları haqqında qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük. Başqa bir məqam, dövlət hesabına hüquqi yardıma ayrılan vəasiti gündəmə gətirmək istəyirəm. Əvvəl dövlət hesabına hüquqi yardım üçün Vəkilə ödənilən məbləğ 2 manat idi. Cənab Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı və hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manat çatdırdı.
Bir daha deyim ki, dövlət başçımız artımla bağlı konkret rəqəm ifadə etməmişdi, iradə çox konseptual idi və mahiyyəti ondan ibarət idi ki, artım ağlabatan olsun. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. Bu mənada Hökumətdən xahiş edirəm, cənab Prezidentin iradə ifadəsini rəhbər tutaraq ödənişsiz hüquqi yardıma görə dövlət hesabına ödənilən məbləğə bir də baxsın. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Mən demirəm vəkil vergi verməsin, amma heç olmazsa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır".
Onun sözlərinə görə, vəkilin vergi yükünün azaldılması, dövlət hesabına hüquqi yardıma görə ödənişin vergidən azad edilməsi, vəkillərin pensiya təminatının vəkil adına layiq formada həlli xərc yox bizim üçün yeni perspektivlər deməkdir: "Çünki, güclü vəkillik insan hüquq və azadlıqların səmərəli təmini deməkdir, güclü ədalət mühakiməsi deməkdir. Güclü müstəqil vəkillik və müstəqil məhkəmə isə iqtisadi inkişaf, investisiyaların cəlbi üçün həlledici amillərdən biridir. Bu mənada mən hökumət üzvlərindən xahiş edirəm, bu problemə diqqət yetirilsin. Mən eyni zamanda Mediasiya institu ilə bağlı da analoji mövqeni dilə gətirmək istəyirəm. Bu təsisat hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. İndi bir müddət öncə Vəkillər Kollegiyası təsiata müəyyən yardım etdi, hesab edirəm ki, hökumət yaxın 1 yaxud iki il ərzində Mediasiya strukturlarına yardımda biulunub təsiatı gücləndiməlidir. Habelə, mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib problemlərdəndir".
Deputat Sabir Rüstəmxanlı isə rüsum və cərimələrin artırılmasına etiraz edib. Deputat rüsumların 50-60% artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyini vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağıı araşdırmaq lazım olduğünu bildirib: “Rüsumlarda nə qədər artım var, biz nəyə səs veririk? Camaat bunu ödəyə biləcəkmi? Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir. Bir ay ödəməsən, unutsan, 120-130 manat olur. Adı da olur ki, dəbbə faizi gəlib. Büdcə millətə verdiyinin neçə faizini cərimə və rüsumlarla geri qaytarır? Bu, müəyyən olunmalıdır. Cəmiyyətin çox ciddi hissəsinin əsəbləri ilə oynayırıq. Sanki bir məsuliyyət yoxdur. Bunu qarşılığında kimsə dilə gəlməlidir”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə deyib ki, rüsumlarda 2-3 dəfə artım yoxdur: “Bəzi rüsumlarda 20%, bəzilərində 30-50% artım var. Elələri var ki, tez-tez rast gəlinməyən rüsumlardır. Təbii ki, istənilən artım əhalinin cibinə təsir edir. Amma buna paralel olaraq, hökumət maaş və pensiyaların artımı ilə bağlı da qərarlar qəbul edir. Ümumiyyətlə, hər kəs qəbul etməlidir ki, cərimənin məbləği və fəlsəfəsi ödəyə bilmək üçün deyil. Cərimənin fəlsəfəsi qaydanı pozmamaq üçündür. Bütün dünyada cərimə o qədər sərt olur ki, insanlar bundan çəkinib qayda pozmasınlar. Dəbbə pulunun çox olmaması üçün bizim çalışmamız olacaq. Dəbbə pulunun çox olması ilə bağlı fikrə qatılıram”.
Deputat Fazil Mustafa bələdiyylərin fəaliyyəti barədə danışıb. Fazil Mustafa konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələnin bələdiyyələrlə bağlı olduğunu deyib: "Referendumla konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum nəyə lazımdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.
Milli Məclisin Birinci vitse spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir: “Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.
Deputat Razi Nurullayev isə diqqətə çatdırıb ki, get-gedə hakimiyyət mərkəzləşir, yerli hakimiyyət mərkəzə tabe olur: “Belə çıxır ki, biz sosial əmək və idarəetmə sistemini bərpa edirik. Bələdiyyələr dotasiya ilə saxlanıla bilər? Bələdiyyələrin effektiv işləməsi üçün onların üzərlərindən "torpaq satan" damğası götürülməli onların, maliyyəsi genişləndirilməlidir. Yerli vergilər bələdiyyənin büdcəsinə daxil edilməlidir".
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, il ərzində bütün bələdiyyələr mədən vergiləri üzrə 1 milyon 700 min manat toplayır: “İndi aidiyyəti qurum da təminat verir ki, həmin məbləği bələdiyyələr yığmasa belə, bələdiyyələrin ehtiyacı olduğu təqdirdə onlara veriləcək: “Ehtiyac yaranarsa, bələdiyyələrə əlavə vəsaitin ayrılması da nəzərdə tutulur. Bələdiyyələrə dövlət tərəfindən kifayət qədər dəstək göstərilir. Bu vergi yığmaq səlahiyyətinin bələdiyyədən alınması onların fəaliyyətinə elə böyük təsir etməyəcək”.
Deputat əlavə edib ki, bələdiyyə qurumları məktəb və bağçalar aça, digər obyektlər qura bilər və bunu onlara heç kəs qadağan etmir.
Qeyd edək ki, qanun layihəsi yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olunur.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Əli