Putin “mübahisəli ərazilər” deyərkən Qazaxın Ermənistanın nəzarəti altında olan kəndlərini nəzərdə tutur - Elçin Mirzəbəyli Siyasət

Putin “mübahisəli ərazilər” deyərkən Qazaxın Ermənistanın nəzarəti altında olan kəndlərini nəzərdə tutur - Elçin Mirzəbəyli

Rusiya Prezidentinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyasından söz açarkən “mübahisəli ərazilər”, yaxud “mübahisəli məsələlər” ifadəsini səsləndirməsi təsadüfi deyil və Vladimir Putinin Azərbaycanın Qazax rayonunun hələ də Ermənistanın nəzarəti altında olan Bağanis Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndlərini nəzərdə tutduğu istisna olunmur.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, belə qənaətə gəlməyə əsas verən amillərdən biri də, Rusiya tərəfinin delimitasiya və demarkasiya prosesinin SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahının xəritələri əsasında aparılmasının zəruriyi haqqında dəfələrlə səsləndirdiyi fikirlərdir.

“Həm SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələrində, həm də SSRİ-nin inzibati ərazi subyektləri arasındakı sərhədlərini müəyyən edən sənədlərdə Qazaxın ümumilikdə 7 kəndinin Azərbaycana məxsusluğunu şübhə altına ala biləcək heç bir fakt yoxdur.

Məhz bu baxımdan, delimitasiya və demarkasiya prosesində sözügedən kəndlərin boşaldılmasının da müzakirə edildiyi və ediləcəyi şübhə doğurmur.

Rusiya Prezidenti də, ola bilsin ki, bu məsələni dilə gətirməklə Ermənistan tərəfinə onların nəzarəti altında olan 7 kəndlə bağlı niyyəti güdüb”, - deyə E.Mirzəbəyli əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub. Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.