Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti Layihə

Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti

QHT sektorunda problemlərin yaranma səbəbləri və həlli yolları
(əvvəli ötən saylarımızda)

Hesabatlılıq

Vətəndaş cəmiyyəti təşkilatları öz üzvləri və digər maraqlı tərəflər qarşısında nə dərəcədə hesabatlıdırlar? Azərbaycanda vətəndaş cəmiyyəti geniş dairələri təmsil etmir, ictimaiyyət və QHT-lər arasında bağlar zəifdir. QHT-lər cəmiyyətin əksər kəsimləri ilə işləmir, ictimai iştirak (QHT-lərin üzvlərinin sayı) bütün əhalinin 1%-dən azdır. Bundan başqa, fəal QHT-lərin əksəriyyəti paytaxt Bakıda yerləşir və nəticədə, Azərbaycanın digər şəhər və rayonları vətəndaş cəmiyyətinin fəaliyyəti ilə zəif əhatə olunub. Sosial xidmətlərin göstərilməsi istiqamətində QHT-lərin tenderlərdə iştirak etməsinə açıq şəkildə yol açan Sosial xidmətlər haqqında qanunun qəbulundan sonra hökumət, əsasən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi vətəndaş cəmiyyəti təşkilatlarına sosial xidmətlər göstərmək üçün qrantlar və tenderlər verməyə başlayıb. Güman ki, bu təcrübə uzun vədədə QHT-ləri adi vətəndaşa daha çox yaxınlaşdıracaq və onları daha hesabatlı edəcək. QHT-lər dövlət qarşısında vergi və maliyyə intizamı məslələrində hesabatlıdır və müxtəlif dövlət orqanlarına digər hüquqi şəxslər kimi ətraflı hesabatlar təqdim edirlər.
Dürüstlük
Vətəndaş cəmiyyəti təşkilatlarının dürüstlüyü təcrübədə nə dərəcədə təmin olunub? Geniş ictimaiyyət QHT-lərin dürüstlüyü haqqında yüksək fikirdə deyil. İctimai rəy QHT-lərin dürüstlüyünü orta səviyyədə (5 ballıq cədvəldə 2.5 balla) dəyərləndirir. Ümumilikdə isə geniş ictimaiyyət yeddi il öncəki vəziyyətlə müqayisədə vətəndaş cəmiyyəti anlayışı ilə indi daha yaxından tanışdır. QHT-lər düzgün daxili hesabatlılıq qaydalarına heç də həmişə sahib deyillər. Məsələn, son sorğulardan birinə əsasən hər üç QHT-dən yalnız biri işçi heyətinin müntəzəm görüşlərini keçirir. QHT-lərin əksəriyyətinin (95%) rəsmi idarə heyəti və ya qəyyumlar şurası olsa da, strateji qərarların qəbulu məqsədilə keçirilən görüşlər qərarların kollektiv qəbulu prosesindən daha çox, sırf formallıq xarakteri daşıyır. Təşkilatın sistematik özünənəzarət mexanizmləri Azərbaycan vətəndaş cəmiyyətində güclü inkişaf etməyib. QHT-lərin əksəriyyətində etik kodeks və ya davranış qaydalarını tənzimləyən sənəd mövcud deyil, qanunvericilik də dövlət qulluqçularından fərqli olaraq QHT-lər üçün belə bir sənədin mövcudluğunu ehtiva etmir. Lakin bəzi aparıcı QHT-lər özünütənzimləmə mexanizmləri yaratmağa cəhd göstərirlər. Məsələn, Azərbaycanın aparıcı QHT-lərinin birinin təklif etdiyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının da dəstəklədiyi Məsuliyyət Xartiyası buna nümunə ola bilər . Bütövlükdə, ölkədə nəzarət və tarazlıq sistemi, o cümlədən vətəndaş cəmiyyəti daha çox inkişafa ehtiyac duyur.
Hökuməti hesabatlı tutmaq
Vətəndaş cəmiyyəti hökumətin öz hərəkətlərinə görə hesabatlılığına nail olmaqda nə dərəcədə fəal və uğurludur? Vətəndaş cəmiyyətinin hökuməti hesabatlı saxlamaq imkanları aşağıdır. QHT-lər belə hesab edir ki, onların ictimai siyasət, xüsusən də yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə sahəsində təsirləri məhdud, lakin hissolunandır. Eyni zamanda QHT-lər dövlət orqanlarının fəaliyyətinin monitorinqində fəaldırlar, lakin göstərdikləri təsir barəsində əmin deyillər. Vətəndaş cəmiyyətinin ən az uğur qazandığı sahə dövlət büdcəsinin müzakirələri istiqamətindədir. Lakin son zamanlar QHT-lərin ictimai vəkillik fəaliyyəti korrupiyaya qarşı mübarizə və dövlət büdcəsinin müzakirəsi istiqamətdə kiçik, lakin hissolunan uğurlar əldə etməyə imkan vermişdir. Bununla yanaşı vətəndaş cəmiyyəti qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin və geniş ictimaiyyətin iştirakını təmin edilməsini tövsiyyə edir. Bu səbəbdən QHT-lər arasında şəbəkələşmə inkişaf etməkdədir, çünki QHT-lər öz güclərinin birlikdə olduğunu anlayırlar. Son 10 il ərzində Azərbaycanda şəhər və kənd yerlərində fəaliyyət göstərən müxtəlif QHT-lərin iştirakı ilə 17 fərqli koalisiya təsis edilib. Bu koalisiyalara Azərbaycan Milli QHT Forumu , Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası, Gənclər Təşkilatları Milli Şurası, Vətəndaş Nəzarəti Şəbəkəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması və digərlərini nümunə göstərmək olar.
Korrupsiyaya qarşı islahatlar
Korrupsiyaya qarşı islahat təşəbbüslərində vətəndaş cəmiyyəti nə dərəcədə fəal iştirak edir? QHT-lərin korrupsiyaya qarşı islahatlar siyasətində oynadıqları rolu birmənalı dəyərləndirmək mümkün deyil. Vətəndaş cəmiyyəti təşkilatlarının siyasi gündəliyə təsir imkanları məhduddur, lakin onların təsiri müxalifət partiyaların təsirindən daha böyükdür. Beynəlxalq təşkilatların vətəndaş cəmiyyəti institutlarının Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında təmsil olunması ilə bağlı tövsiyyələri yerinə yetirilməmiş qalıb. QHT-lərin bu Komissiyada təmsil olunması, rəsmi proseslərə onların baxışlarının gətirilə bilməsinə kömək etmiş olar. Hazırda Vətəndaş cəmiyyəti nümayəndələri Komissiyanın yalnız Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunda təmsil olunur. Buna baxmayaraq, QHT-lər həm Korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi, həm də Şəffaflıq Azərbaycan təşkilatının təşəbbüsü ilə təsis edilmiş Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması vasitəsilə Komissiyaya öz görüşlərini çatdıra bilirlər. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ilə Azərbaycan Respublikası Baş Prokurounun yanında Korrupsiyaya Qarşı Mübraizə Baş İdarəsi arasında 27 yanvar 2012-ci ildə Korrupsiyaya Qarşı Mübarizə Sahəsində Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Vətəndaş cəmiyyəti 2007-2011-ci illəri əhatə edən korrupsiyaya qarşı mübarizə üzrə əvvəlki strategiyanın icrası ilə bağlı ictimai dinləmələr və dəyirmi masalar vasitəsilə ictimai müzakirələr təşkil edib. 2008-ci ildə bir neçə QHT, Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın icrasının alternativ monitorinqini aparıb. Monitorinq zamanı QHT-lər Komissiya ilə əməkdaşlıq etmiş, Komissiyanın üzvləri isə monitorinq nəticələrinin təqdimatında iştirak edib. Monitorinqin nəticələri, eləcə də QHT-lərin müvafiq tövsiyələri Komissiyaya təqdim edib. Komissiya da Milli Strategiyanın illik dəyərləndirilməsində bu nəticələrdən istifadə edib. Korrupsiyaya qarşı mübarizəyə və Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı Azərbaycanda korrupsiyaya qarşı mübarizə siyasətinin əhəmiyyətli təzahürlərindədir və bu planlar hazırlanarkən vətəndaş cəmiyyətinin də rəyləri nəzərə alınıb. Bu Fəaliyyət planlarına uyğun olaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası tərəfindən illik milli hesabat hazırlanması nəzərdə tutulur və onun hazırlanmasında vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim edilən məlumatlardan istifadə edilməlidir. Hər iki, Fəaliyyət Planı hər il üçün "Şəffaflıq Azərbaycan" təşkilatı və onun tərəfdaşları olan "Konstitusiya" Araşdırmalar Fondu və İqtisadi Tədqiqatlar Mərkəzinin təsis etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması tərəfindən monitorinq ediləcək. Hər iki fəaliyyət planının monitorinqinin nəticələrindən ibarət ilk hesabat 2013-cü ilin noyabrında hökumətə təqdim edilib. Vətəndaş cəmiyyətinin hesablamalarına görə 2013-cü ilin sentyabr ayı üçün Korrupsiyaya qarşı mübarizəyə dair fəaliyyət planı 34% , Açıq Hökumətin təşviqinə dair fəaliyyət planı isə 25% yerinə yetirilib. Bəzi hallarda, xüsusən də sosial məsələlərlə bağlı QHT-lər ekspert rəyi vermək üçün dəvət olunurlar. Dövlət proqramlarının, xüsusən də beynəlxalq təşkilatların dəstəyi ilə həyata keçirilən proqramların icrasında yardım ala biləcəkləri məqamları öyrənmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də Səhiyyə Nazirliyi diqqətlə seçilmiş müəyyən QHT-lərlə görüşlər keçirdikləri platformalar yaradıb. Bu iki dövlət orqanı sosial xidmətlərin göstərilməsi məqsədilə QHT-lərə tenderlər də ayırır. Nəticədə onu vurğulamaq olar ki, Azərbaycanın vətəndaş cəmiyyəti tam yetkinləşməyib, hələ fəaliyyət qabiliyyəti, potensialının artırılması və konsolidasiya kimi ağrılı proseslərdən keçir. Vətəndaş cəmiyyəti həm də öz siyasi təmayülü və hökumətlə əməkdaşlıq dərəcəsinə görə qütbləşib.
Hökumət üçün tövsiyələr:
Qanunvericiliyə aydın dəyişikliklər edərək qeyri-kommersiya məqsədi ilə gəlir əldə edən hüquqi şəxs
* statusu təsis etmək, onların öz əməliyyat və fəaliyyətlərini maliyyələşdirməsi üçün əldə etdiyi gəlirlərə vergi güzəştləri tətbiq etmək;
* QHT-lərin vergi yükünü azaltmaq, əmək haqlarına görə 22% həcmində məcburi dövlət sosial sığorta haqqını ləğv etmək, eləcə də ƏDV-dən azad olma haqqında hesabat verilməsini aradan qaldırmaq;
* Vətəndaş cəmiyyəti ilə məsləhətləşmələr əsasında QHT-lərin qeydiyyatı prosesini sadələşdirmək;
* Dövlət tərəfindən QHT-lərin fəaliyyətinə nəzarət ilə bağlı prosedura və qaydalarını aydın şəkildə formalaşdırmaq müxtəlif orqanların proseduraları arasında olan uyğunsuzluqları aradan qaldırmaq;
* Ədliyyə Nazirliyinin onlayn reyestrinə qrantın daxil olmasını həmin qrantın dövlət tərəfindən qeydiyyata alınması kimi qanunvericilikdə açıq şəkildə təsbit etmək; Vətəndaş cəmiyyəti üçün kadrların hazırlanması məqsədilə universitet səviyyəsində peşəkar təhsilin yaradılması prosesini sürətləndirmək;
* Sosial xidmətlər sahəsinə tender əsasında QHT-lərin cəlb edilməsini və maliyyə davamlılığını təmin edəcək proqramları genişləndirmək;
* Bütün dövlət orqanları nəzdində ictimai nəzarət şuraları təsis etmək və bu təcrübəni yerli icra hakimiyyətlərinə də tətbiq etmək:
* Özəl sektorla VCT-ər arasında dialoqu və əməkdaşlığı dəstəkləmək.
Xarici donorlar üçün tövsiyələr:
Vətəndaş cəmiyyətinin institusional potensialının və fəaliyyət qabiliyyətinin artırılmasına yönələn, xüsusən də hesabatlılıq və maliyyə mənbələrinin tapılması (fandreyzinq) sahəsində proqramları davam etdirmək;
* Fəaliyyətləri dəstəkləməklə yanaşı, dövlətin irəli sürdüyü sərt hesabatlılıq tələblərini qarşılamaq üçün QHT-lərin inzibati məsələlərlə məşğul olacaq əməkdaşı işə götürməsi üçün maliyyə ayırmaq;
Vətəndaş cəmiyyəti üçün tövsiyələr:
Bölgələrdəki QHT-lərin və təşəbbüs qruplarının fəaliyyət qabiliyyətini artırmaq məqsədilə Bakıda yerləşən QHT-lər tərəfindən bölgələrdəki yerli fəallarla koalisiya qurmaq, onları öz yerli tərəfdaşları kimi qəbul etmək;
* İllik maliyyə auditləri aparmaq və bu məlumatları ictimaiyyətlə bölüşməklə QHT-lərin şəffaflığının artırılmasına nail olmaq;
* Sistemli özünənəzarət təcrübəsi tətbiq etmək, davranış kodeksi qəbul etmək;
* Ümumi maraqlar naminə şəbəkələşməni genişləndirmək;
* QHT-lər ilə özəl sektor arasında əməkdaşlıq səylərin təkmilləşdirilməsi istiqamətində fəal çalışmaq.
Cavid