“Xarici filmlər, sosial şəbəkələr gənclərin psixologiyasına təsir edir” Layihə

“Xarici filmlər, sosial şəbəkələr gənclərin psixologiyasına təsir edir”

Cavid Şahverdiyev: “Bu isə milli-mənəvi dəyərlərin, həmçinin milli ailə modelinin sıradan çıxmasına gətirib çıxarır”

“Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzi indiyə qədər milli-mənəvi dəyərlərimizlə bağlı 5 layihə həyata keçirib, layihələr çərçivəsində 2 kitab, 2 mindən çox bukilet çap olunub. 2011-2012-ci illərdə milli adət-ənənələrimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, 2016-cı ildə “Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi”, 2017-ci ildə “Milli-mənəvi dəyərlərimiz xalqımızın siması, böyük sərvətidir”, 2020-ci ildə isə əvvəlki Şuranın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi müsabiqədə Azərbaycanda tolerantlıq və multikultural dəyərləri, ölkəmizin dünyada sülh platforması, mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyi, həmçinin radikalizm və ekstremizmlə mübarizədə vətəndaşlarımızın maariflənməsindən bəhs edən “Dini radikalizm və ekstremizmlə mübarizə - DREM.az saytının yaradılması" layihələri uğurla həyata keçirib”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində Azərbaycanda Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri Cavid Şahverdiyev deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.

-2021-ci ildə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihə çərçivəsində ingilis, ərəb, rus, Ukrayna və türk dillərində hazırlanan 13 yazı Rusiya, Pakistan, Hindistan, Ukrayna, Misir, Əlcəzair və Türkiyənin nüfuzlu saytlarında çap olunub.

-Hazırda hansı istiqamətdə layihə həyata keçirirsiniz ?

-Hazırda həyata keçirdiyimiz layihənin adı “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir” adlanır. Nəzərinizə çadırım ki, milli-mənəvi dəyər anlayışı özündə böyük bir mənanı ehtiva edir. Mənəvi dəyər dedikdə əsrlər boyu xalqımızın yaratdığı əxlaqi və maddi dəyərlər sistemi nəzərdə tutulur. Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxıb. Azərbaycan cəmiyyətində xalqın özünəməxsus olan və milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət, azərbaycançılıq haqqında etiketlər yaranıb.

-Bu gün dünyada qloballaşma adı altında bəlli mərkəzlər tərəfindən müxtəlif layihələrə böyük məbləğlər ayrılır. Bu da xalqların milli-mənəvi dəyərlərini təhdid edir...

-Təbii ki, hər bir xalqın varlığı, onun milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində ehtiva və əks olunur. Bu həqiqətdir ki, bir toplumun varlığının qorunub saxlanması üçün hər şeydən öncə onun varlığını özündə ehtiva edən milli-mənəvi dəyərlərini qoruyub saxlanılması lazımdır. Amma təəssüflər olsun ki, 21-ci əsrdə qloballaşma, dediyimiz proses müxtəlif xalqların milli-mənəvi dəyərlərinə müxtəlif formalarda, gizlin və aşkar şəkildə təcavüz edir və onu məhv etməyə, sıradan çıxarmağa çalışır.

-Buna qarşı aparılan mübarizə qaneedicidirmi?

-Bu gün Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərə yönələn hissəsi çox olduğu kimi, bu dəyərlərə biganə olan və qismən kosmopolitləşən hissəsi də kifayət qədər çoxalıb. Bunun isə özlüyündə müxtəlif səbəbləri var. Gənclərimizin xarici ölkələrdə təhsil alması, Qərb düşüncəsinin, Qərb şüurunun Azərbaycan gerçəkliyinə təsir göstərməsi mühüm faktorlar sırasındadır. Bu gün Qərb texniki cəhətdən inkişaf etsə də, mənəvi cəhətdən onların əxlaqi dəyər anlayışı bizimki qədər mükəmməl deyil. Bu əxlaqı yaratmaq, onu bir millətdə formalaşdırmaq üçün yüz illər lazımdır. Niyə biz xalqımızın belə gözəl və mükəmməl əxlaqını digər xalqların barbarlığı xatırladan həmin mənəvi dəyərlərinə qurban verək?

-Çətinliklər nədən ibarıtdir?

-Ümumilikdə dünyada gedən qloballaşma prosesi və informasiya əsrinə daxil olmaq milli- mənəvi dəyərlərimizin bir qədər itirilməsinə səbəb oldu. Milli-mənəvi dəyərləri qorumaq bu gün əslində heç də asan deyil. Nəzərə almaq lazımdır ki, bu gün gənclərin bir çoxunun internetə çıxışı var. İnformasiya isə bir istiqamətdə ötürülmür. Xarici filmlər, sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya gənclərin psixologiyasına təsir edən mühüm amillər sırasındadır. İnsanlar arasındakı gərginlik və stress də təsir edən faktorlar qisminə aid olunur. Bu isə milli-mənəvi dəyərlərin, həmçinin milli ailə modelinin itməsinə gətirib çıxarır. Milli-mənəvi dəyərlərimizi gənclərə təlqin etmək üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır.

Bu gün Azərbaycan gəncinə milli-mənəvi dəyərlərimiz təlqin edilməlidir. Düşmən zatən bəllidir. Ona görə də bu istiqamətdə hər bir gənc öz üzərinə düşən vəzifəni yerinə yetirməli olduğunu dərk etməlidir. Əgər bu gün gənclərimizin bir hissəsi cəbhədə vuruşursa, digər bir hissəsi elm, təhsil sahəsində irəli getməlidir. Hər kəs əlinə silah ala bilməz. Ancaq hər kəs olduğu yerdə öz dövlətini, dəyərlərini müxtəlif üsullarla müdafiə edə bilər. Mühüm olan gənclərimizə bunun öyrədilməsidir. Bu gün dünyanın bir çox ölkələrində gənclərimiz təhsil alır, işləyir. Onlar bizim milli-mənəvi dəyərlərimizi dünya müstəvisində tanıtmalıdır. Gənclərin vəzifələrindən biri bu gözəl ənənələrə sadiq qalmalarıdır. Amma təəssüflər olsun ki, çox zaman belə olmur.

Ötən ilin rəsmi statistikasına nəzər yetirək - 56,314 min nikah (2020-ci illə müqayisədə artım 59,3%) və 17,191 min boşanma halı (artım 17,5%) qeydə alınıb. Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb. Özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm keçən il 597 olub. Əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2020-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2021-ci ildə ölkədə qeydə alınmış 31131 cinayət hadisəsinin 8571-i və ya 27,5 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olmuş, bu da 2020-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur. Bundan başqa ailə-məişət zəmində şiddətlərin, erkən nigahların, evdən qaçmaların, narkotik alverçilərinin, məktəblilər arasında tütündən istifadə, yetkinlik yaşına çatmayan qızların ana olmaları və s. cinayətlərin sayında da artım müşahidə olunub...

-Yalnız maarifləndirmə işini problemin həlli üçün yetərli saymaq olarmı?

-Bütün bunlar gənclərimiz arasında milli mənəvi dəyərlərimizlə bağlı maarifləndirmənin zəif aparılmasının göstəricisidir. Milli-mənəvi dəyərlərdən uzaq olan şəxs heç vaxt dövlətinə, xalqına, ailəsinə, ətrafına yararlı vətəndaş ola bilməz. O ancaq pis vərdişlərin aludəçisinə çevrilə bilər ki, bu da təkcə özünün yox, bütünlükdə cəmiyyətin faciəsi deməkdir.

-Ümumiyyətlə fəaliyyətinizdə hansı istiqamətləri daha zəruri hesab edirsiniz?

-İnformasiya əsrindəyik, hər birimizin internetə çıxışımız var, indi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır. Ona görə də fəaliyyətimizi informasiya əsrinin tələblərinə uyğun qurmağı daha məqsədəuyğun hesab edirik.

Milli-mənəvi dəyərlərimizi gənclərimizə təlqin etmək üçün ilk növbədə internetin imkanlarından maksimum dərəcədə istifadə etməliyik. Bu həm yerli, həm də xarici ölkələrdə yaşayan, təhsil alan, işləyən soydaşlarımızın maariflənməsinə kömək ola bilər. Bunları nəzərə alaraq milli-mənəvi dəyərlərimizin qorunmasıyla bağlı 10 məqaləni hazırlamaq və hər bir məqaləni 10 yerli internet resursunda (100 məqalə) ictimailəşdirməyi düşünürük. Bu formada ideoloji maarifləndirmə işinin daha geniş auditoriyanı əhatə edəcəyi və effekt verəcəyinə, eyni zamanda yerli informasiya portalları ilə paralel olaraq digər sosial şəbəkələrdə də ictimailəşdirməklə daha müsbət nəticələr əldə edəcəyimizə inanırıq.

Əli Zülfüqaroğlu