Dövlət quruculuğu sistemində açıq cəmiyyət Layihə

Dövlət quruculuğu sistemində açıq cəmiyyət

"Açıq cəmiyyət" anlayışı ilk dəfə olaraq fransız filosofu Anri Berqsonun (1859 – 1941) 1932- ci ildə yazmış olduğu "Mənəviyyat və dinin iki mənbəyi" kitabında özünə geniş yer alıb. A.Berqson sözügedən kitabda bir-birinə tam əks mövqedə dayanan "açıq cəmiyyət " və "qapalı cəmiyyət" fəlsəfi kateqoriyalarını geniş elmi-siyasi leksikona daxil etmişdir. Lakin A.Berqsonun sözügedən əsərində "açıq cəmiyyət", "qapalı cəmiyyət" anlayışları sırf dini - fəlsəfi məna yükünə malikdir və ictimai həyatın digər sahələrini əhatə etmir.
Ekspert Tofiq Yusifovun fikrincə, bu anlayışlar yalnız Böyük Britaniya alimi Karl Popperin 1945-ci ildə işıq üzü görmüş "Açıq cəmiyyət və onun düşmənləri" kitabından sonra geniş şöhrət qazanıb. Bu ikicildlik kitabda K.Popper açıq cəmiyyət ideyasını özünün elmi səmərəlilik fəlsəfəsi ilə birləşdirərək mükəmməl bir elmi – siyasi istiqamətin əsasını qoymuş oldu. Məhz bu aspektdən açıq cəmiyyət ideyası media tərəfindən ötən əsrin ortalarından sonra daha intensiv şəkildə öyrənilməyə başlandı. Həmin dövrdə b- 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Şərqi Avropada, eləcə də keçmiş SSRİ məkanında baş verən demokratik proseslər və milli – azadlıq hərəkatları nəticəsində açıq cəmiyyət quruculuğu prosesi ən aktual və strateji cəhətdən ən cəlbedici istiqamətə çevrildi. Bu dövrdə açıq cəmiyyətin mahiyyəti, perspektivləri və problemləri ilə bağlı istər Qərb, istər rus, istərsə də Azərbaycan məkanında kifayət qədər ciddi araşdırmalara başlandı. Hazırda bu publisistik, elmi və fəlsəfi araşdırmalar ABŞ, Böyük Britaniya, Rusiya, Norveç, Almaniya, Fransa kimi ölkələrin sahə elmi mərkəzlərinin tədqiqatlarının əsas profilini təşkil edir. Azərbaycanda açıq cəmiyyətin formalaşması prosesində milli kütləvi informasiya vasitələrinin rolunun araşdırılması ölkəmizdə sözügedən sahədə ilk cəhddir. Çağdaş Azərbaycan jurnalistikası tarixində demokratik inkişafın, vətəndaş cəmiyyətinin ən yüksək fazası olan açıq cəmiyyətin formalaşmasına mətbuatın təsiri mövzusu ilə bağlı indiyə kimi fundamental, kompleks araşdırmaya rast gəlmirik.
Bu sahəyə yaxın mövzularda müəyyən mülahizələr səslənsə, yazılar dərc olunsa da, həmin materiallarda mövzunun bütövlükdə elmi-publisistik həlli deyil, ayrı-ayrı aspektləri barədə fikirlər irəli sürülüb. Bu araşdırmada mətbuatın ölkədə gedən quruculuq proseslərinə təsiri, cəmiyyətin bu quruculuq səylərini dərindən qavraması və dəstəkləməsi, cəmiyyətlə dövlət arasında münasibətlərin sivil qaydada tənzimlənməsində onun yeri və rolu elmi və praktik şəkildə əsaslandırılıb.
Müasir cəmiyyətdə mətbu proseslərin sürətli inkişafı bir sıra amillərlə bağlıdır və bu inkişaf özünün məntiqi nəticələrini meydana çıxarır. Tərəqqidə olan ictimai-siyasi formasiyanın, konkret cəmiyyətin lokomotivi elmi-texniki inqilab, yeni ictimai münasibətlərin yaranması ilə reallaşan, evalyusiyanın danılmaz atributuna çevrilən informasiyadır. Məhz informasiya axınının intensivləşməsi, planetin ən fərqli ictimai-siyasi mühitində, eləcə də kommersiya dünyasında bu əmtəəyə sonsuz maraq onu sivilizasiyanın taleyini müəyyən edəcək, bəlkə də dəyişəcək səviyyəyə qaldırır.
İnformasiyanın əsas daşıyıcısı olan media üçün isə söz və mətbuat azadlığı demokratik inkişafın ən başlıca istiqamətidir. Azad söz və azad mətbuat cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olmasında, dövlət quruculuğu prosesinin sürətlənməsində aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən sayılır. Ayrı-ayrı ölkələrdə demokratiyanın səviyyəsini dəyərləndirərkən bu iki kriteriya hökmən nəzərə alınır, çünki mətbuat azadlığı elə cəmiyyətin azadlığının göstəricilərindən biridir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Elmir Quliyevin fikrnincə, hazırki şəraitdə bütün inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanın da qarşısında sabit inkişafa çatmaq üçün kifayət qədər mürəkkəb bir məsələ durur. Vəziyyətin mürəkkəbliyi sosial-iqtisadi, xarici və dövlətdaxili siyasət və digər problemlərin məcmusundan ibarətdir. Onların müvəffəqiyətli həlli üçün millətin inkişafında beynəlxalq ictimaiyyətin təzyiqi ilə deyil, ictimaiyyətin özünün daxili resurslarının iştirakı ilə nail olunmasını anlamaq lazımdır. Bizim üçün bu əlaqələrdə ən mühüm olan Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasıdır. Belə ki, artıq təxminən 20 ilə yaxındır Azərbaycan müxtəlif ideoloji sistemlərin və mexanizmlərin təzyiqi altındadır. Respublikanın bütün vətəndaşlarını birləşdirərək vahid bir millət halına gətirə biləcək bir dəyərlər sistemini hazırlamaq və cəmiyyətin böyük bir hissəsində (xüsusilə gənclərdə) Azərbaycanın uzunmüddətli iqtisadi çiçəklənməsini, siyasi sabitliyini və strateji təhlükəsizliyini təmin etmək üçün həvəsləndirmək lazımdır.
Qəbul etmək olar ki, bu gün cəmiyyətin təfəkkürünün "büsbütün dəyişdirilməsi" təkcə ölkə daxilindəki vətənpərvər qüvvələri deyil, həmçinin xaricdə "yeni dünya qurucularını"da narahat edir. Bununla əlaqədar olaraq, mövcud problemə yanaşma bir-birinə tamamilə ziddir: ümumi qərbləşməkdən tutmuş radikal ənənənçiliyə qədər. Bu iki tendensiyanın bir-birinə əks aspektləri bir çox filosof və sosioloqların əsərlərində göstərilib və onların əsassızlığının ən bariz şahidi tarixin özüdür. Bizim fikrimizcə, elə buna görə, qoyulmuş məsələnin həlli üçün bazar iqtisadiyyatının və açıq cəmiyyətin qurulması, liberalizmin ən parlaq nailiyyəti olan insan hüquqlarının qorunmasını təmin edən mədəni ənənlərin liberal dəyərlərlə dinamik ahəngi lazımdır.
Açıq cəmiyyətin qurulması sadə vətəndaşlardan bu məfhumun məğzinin düzgün anlaşılmasını, alimlərdən bu yolda olan mədəni və konkret-tarixi səddin dəf edilməsində vacib olan cəmiyyətin daxili resurslarının düzgün qiymətləndirilməsini, siyasətçilərdən isə bu məsələnin həlli üçün ölçülmüş və vicdanlı yanaşmanı tələb edir. Bəzi politoloqların bizə demokratiyanın və açıq cəmiyyətin qurulması nailiyyətlərini yalnız üçüncü sektorun sürətli inkişafı və onların nüfuzunun artması ilə əlaqələndirmələri fikirləri ədalətsiz və hətta sosial təhlükəlidir. Bu ekspertlərin təsiri altında son zamanlar "üçüncü sektor" anlayışı vətəndaş cəmiyyəti ilə assosiasiya olunması ilə yanaşı, hətta bu anlayış artıq sinonimi şəklində də işlənilir. Bizim fikrimizcə, elə bu dünyanın demokratik inkişaf dalğasının ən təhlükəli yanlışlığıdır.
Qeyri-hökümət təşkilatlarının inkişafı onların düzgün təsis edilməsindən və cəmiyyətdəki rolunun düzgün anlaşılmasından irəli gəlməlidir. Üçüncü sektor hakimiyyətlə kütlə arasında olan müəyyən bir müddət ərzində dövlətin suveren taleyini şəxsən özlərinin həll etməyə qabil bir səlahiyyətlərinin malik olduqları bir həlqədir. Belə ki, qeyri-hökumət təşkilatlarının səlahiyyatlari bu çərçivədən kənara çıxmamalıdır, ona görə ki, onlar bu qərarların qəbul edilməsi və nəticələri üçün nə xalqın, nə də qanun qarşısında məsuliyyət daşımırlar. Üçüncü sektor vətəndaş cəmiyyətindən ayrılmış bir "qeyri-hökumət" təbəqəsinə çevrilməməlidir, çünki əgər demokratik dövlətlərdə hakimiyyət nümayəndələri xalq tərəfindən seçilirsə, qeyri-hökumət təşkilatlarının rəhbərləri bəzən anonim maliyyə strukturlarının hesabına nüfuz toplayırlar. Bununla yanaşı, QHT-nin bu vəya digər səbəblərdən rolunu qiymətləndirməmək olmaz. Çünki bizim ölkənin qeyri-hökumət təşkilatları hələ indi-indi formalaşır və bir qayda olaraq özlərinin nə maddi-texniki bazaları, nə də yüksək intelektual kadrları vardır.
Bununla yanaşı, əsl demokratiyadan danışarkən fikrimizcə, vətəndaş cəmiyyətini hakimiyyətə qarşı qoymaq olmaz, çünki hakimiyyət nümayəndələri xalqın seçdikləri şəxslərdir. Qərb tədqiqatçılarının daim üçüncü sektoru dövlətdən ayırmaq cəhdləri belə bir kədərli fikrə gətirib çıxarır ki, hətta inkişaf etmiş demokratik dövlətlərdə belə "xalqın seçdikləri"nin özləri artıq qapalı bir elitar qrupa çevriliblər (bu cür qapalı cəmiyyətlərin mövcudluğu vətəndaş cəmiyyətinin ruhu ilə bir araya sığmır). Lakin bu, sözsüz başqa bir müzakirə mövzudur.
Biz vətəndaşların siyasi, iqtisadi və sosial hüquqlarının təmin olunmasının qarantı kimi hökümət sifətində hakimiyyəti rəhbər tuturuq. Ona görə də hakimiyyətin üçüncü sektorun və ya şəxsi, hətta transmilli kapitaldan dərin bir asılılığa düşərək zəifləməsi yol verilməzdir. Eyni zamanda dövlət şəxsi sahibkarların fəaliyyətinin qarşısını almağa cəhd etməməlidir, biznesin inkişafına şəraitin yaradılmasına borcludur. Unutmaq olmaz ki, sosial hüquq və həmçinin daxili və xarici təhlükəsizliyi anarxiya və neokolonial müstəqillik şəraitində təmin etmək olmaz. Bizim danışdığımız vətəndaş cəmiyyəti dövlət institutlarının, özəl sektorun və QHT-lərin güclü dövlət xeyrinə əməkdaşlıq etdikləri balanslaşdırılmış bir sistemdir.
Bu sistemin daxildən balansının pozulması korrupsiyanı, qanunsuzluğu, tiranlığı, kütləvi insan hüquqlarının pozulmasını yaradır. Xarici faktorların təsiri altında balansın pozulması dövlətin təbii tarixi axarının dəyişilməsinə gətirib çıxarır, bu da son zamanlar nəticələri çətinliklə söylənilən "rəngli" inqilablar şəklində özünü göstərir. Lakin təxmin etmək olar ki, inqilabi "tozcuq" tarixin qanunlarını dəyişmir və hakimiyyətə onsuz da böyük maliyyə dairələrinin dəstəklədiyi insanlar gəlir.
Vətəndaşlar özləri millətinin çiçəklənməsi üçün ümumi bir anlaşmaya gələ bilməsələr, hakimiyyət strukturlarında dəyişikliklər cəmiyyətin təfəkküründə heç bir dəyişikliyə gətirib çıxarmayacaq. Cəmiyyət xarici maliyyə, ideoloji və digər formalı aqressiyalar üçün deyil, öz nümayəndələri üçün açıq olmalıdır. Başqa sözlə, açıq cəmiyyət insanları siyasətə siyasət xatirinə deyil, özünü azad ifadə edə bilmək və öz hüquqlarını təmin etmək üçün mərkəzləşdirilmiş humanist idealları olan bir cəmiyyətdir.

Cavid