Konstitusiya quruluşunun əsasları Layihə

Konstitusiya quruluşunun əsasları

Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının I bölməsində təsbit olunmuşdur. Konstitusiya quruluşunun əsasları ayrı-ayrı dövlətlərin konstitusiyalarında müxtəlif adlar altında verilmişdir. Məsələn, İtaliya və Almaniya Federativ Respublikasının Konstitusiyasında "Əsas Prinsiplər", Fransa Respublikası Konstitusiyasında "Suverenlik haqqında", Türkiyə Respublikası Konstitusiyasında "Ümumi Əsaslar" və s. Azərbaycan Respublikası Konstitusiyasında isə cəmiyyətin və dövlətin fundamental əsasları, həyata keçirilməsi ölkəmizdə konstitusion dövlətin bərqərar olunmasına yönələn başlıca prinsiplər isə "Ümumi müddəalar" adı altında təsbit olunmuşdur. Bu bölmədə öz əksini tapan normalar norma-prinsiplər, məqsəd normaları, vəzifə-normaları hesab olunur. Konstitusiya quruluşunun əsaslarının aşağıdakı struktur elementləri vardır: xalq hakimiyyəti; xalq suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqilliyi və dövlət hakimiyyətindən ayrılması. Konstitusiya quruluşu dar və geniş mənada anlaşılır. Dar mənada Konstitusiya quruluşu - Konstitusiyada təsbit olunan və mövcud qanunvericilikdə inkişaf etdirilən dövlətin təşkili üsullarıdır. Geniş mənada konstitusiya quruluşu - ali hakimiyyət və idarəetmə orqanlarının təşkili; dövlət quruluşu və insan, vətəndaş cəmiyyəti və dövlət arasındakı hüquqi əlaqələrlə bağlı meydana çıxan, başlıca olaraq Konstitusiya normaları ilə nizama salman iqtisadi, sosial, siyasi, hüquqi, ideoloji münasibətlərin məcmusudur.
Konstitusiya quruluşunun əsasları - dövlətin hüquqi tabeçiliyini təmin edən və onu konstitusion dövlət kimi xarakterizə edən başlıca prinsiplərin məcmusudur. Bu prinsiplər bütövlükdə konstitusiya hüquq sisteminin ideya və hüquqi bazasını təşkil edir. Konstitusion dövlət ilk dəfə İngiltərədə meydana gəlmiş və konstitusion təsisatlar XVIII əsrin sonlarından başlayaraq Qərbi Avropa və Amerikaya, sonra isə Şərqi Avropaya və bir sıra Asiya ölkələrinə yayılmışdır. Ölkəmizdə konstitusion dövlət quruculuğu istiqamətində yeni addım 1991-ci il 18 oktyabr tarixli "Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbulundan sonra atılmış oldu. Artıq bu Aktda Konstitusiya quruluşunun mühüm prinsipləri öz təsbitini tapmış oldu. Məsələn, "Azərbaycan Respublikasında suveren hakimiyyət Azərbaycan xalqına məxsusdur" (10-cu maddənin I hissəsi); "Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır" (12 maddənin I hissəsi); "Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölunməsi prinsipinə əsaslanır" (12-ci maddənin II hissəsi) və s. Qeyd etmək lazımdır ki, Akt yeni Konstitusiyanın işlənməsi üçün əsas hesab olunurdu. Konstitusiya quruluşunun elementləri Konstitusiyanın birinci bölməsində aşağıdakı qaydada öz əksini tapmışdır:
- Xalq hakimiyyəti (1 -ci maddə);
- Xalq suverenliyi (2-ci maddə);
- Hakimiyyət bölgüsü (7-ci maddənin III hissəsi);
- İnsan və vətəndaşın hüquq və azadlığının üstünlüyü (12-ci maddə);
- İqtisadi plüralizm (13 və 15-ci maddələr);
- Dünyəvi dövlət prinsipi (7, 18 və 48-ci maddələr);
- Konstitusiya quruluşunun zəruriliyi (Azərbaycan Respublikası Konstitusiyasının preambulasının müddəaları).
Ərazisində bütün dövlət və ictimai proseslərin baş verdiyi Azərbaycan dövlətinin normal fəaliyyət göstərməsi şərtləri cəmiyyətin iqtisadi əsaslarının Konstitusiyada təsbit edilməsindən ibarətdir. Azərbaycan Respublikasında vahid iqtisadi məkana, malların sərbəst dövriyyəsinə, xidmət və maliyyə vəsaitlərinə, rəqabətə kömək göstərilməsinə, sərbəst iqtisadi fəaliyyətə təminat verilir. Bazar iqtisadiyyatı sisteminin təşəkkül tapması yönümündə göstərilən parametrlərin həyata keçirilməsi əmtəə-bazar münasibətlərinin inkişafına səbəb olur. Azərbaycanın yeni iqtisadi sistemi üçün mülkiyyət formalarının müxtəlifliyi xarakterikdir. Bu forma Konstitusiyada təsbit edilməklə əldə edilmişdir. Azərbaycan Respublikasında dövlət mülkiyyəti, xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti və mülkiyyətin digər formaları bərabər surətdə tanınır və müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Torpaq və digər təbii ehtiyatlar, həmçinin dövlət, xüsusi və bələdiyyə mülkiyyətində ola bilər. Mülkiyyət münasibətləri konkret olaraq mülki qanunvericiliklə, torpaq münasibətləri və torpaqdan istifadə qaydaları isə torpaq qanunvericiliyi ilə nizama salınır.
Demokratik dövlət. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin başlıca əlamətlərini təsbit etmişdir ki, bu da dövlətin mahiyyətini müəyyən edir. Konstitusiyanın 7-ci maddəsinin I hissəsində deyilir: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan dövlətinin demokratik xarakteri özünün ifadəsini konstitusiya quruluşunun aşağıdakı struktur elementlərində tapır:
- xalq hakimiyyəti;
- hakimiyyətin bölgüsü;
- siyasi plüralizm;
- yerli özünüidarəetmə.
Konstitusiya hüququ elmində, adətən xalq, millət və dövlət suverenliyi anlayışları bir-birindən fərqləndirilir. Bunlar qarşılıqlı əlaqəyə malik olan anlayışlardır. Xalq və millətin suverenliyi onların müstəqil, azad şəkildə öz siyasi, sosial və mənəvi məişətini müəyyən etməsi olub, dövlətin suverenliyinin əsasında durur. Xalq suverenliyi milli suverenlik və dövlət suverenliyinin əsasıdır və sonuncu xalq və millətin suveren iradəsinin siyasi-hüquqi forması kimi təzahür edir. Xalq hakimiyyəti - dövlət hakimiyyətinin yeganə mənbəyidir. Onu cəmiyyət özü müəyyən edir. Xalq suverenliyinin həyata keçirilməsi üsulları aşağıdakılardır: suveren və müstəqil dövlətin yaradılması, başqa dövlətə müstəqil birləşmə və ya onların birləşməsi, xalq tərəfindən azad şəkildə müəyyən edilən hər hansı siyasi statusun müəyyən edilməsi. Xalqın iradəsi demokratik dövlətin yeganə bazisidir və dövlət hakimiyyətinə, onun formasının dəyişməsinə mandat məhz ondan gəlir. Azərbaycan Respublikası Konstitusiyası xalq hakimiyyətinin əsaslarını təsbit etmişdir. Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalq hakimiyyəti aşağıdakı əsas formalarla həyata keçirilir:
* Bilavasitə demokratiya. Bu zaman xalq ona məxsus olan dövlət hakimiyyətini bilavasitə həyata keçirir.
* Nümayəndəli demokratiya. Xalqı təmsil edən, onun iradəsi ilə fəaliyyət göstərən dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsilə həyata keçirilir.
Konstitusiya hüququ elmində mövcud olan fundamental problemlərdən biri də bilavasitə demokratiya institutları sistemidir. Bilavasitə demokratiya institutları sisteminin kataloqunu müasir konstitusya hüququ elmi aşağıdakı kimi təsnifləşdirir:
- referendum;
- ümumi seçkilər;
- qanun layihələrinin və dövlət həyatının mühüm məsələlərinə dair ümumxalq müzakirəsi;
- vətəndaşların yığıncaqlar, ictimai təşkilatlar, yerli özünüidarə orqanları vasitəsilə cəmiyyətin işlərinin idarə olunmasında iştirakı;
- dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına fərdi və kollektiv müraciət (petitsiya) hüququ.
Referendum və azad seçkilər xalq hakimiyyətinin ali, birbaşa təzahür formalarıdır. Azərbaycan Respublikasında seçkilərə - Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və yerli özünüidarəetmə orqanlarının seçkiləri aiddir. Seçki dedikdə dövlət hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üçün seçki komissiyalarının, seçki dairələri və seçki məntəqələrinin təşkili, seçici siyahılarının tərtibi, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqatın aparılması, səsvermə və ona yekun vurulması üzrə Azərbaycan Respublikası vətəndaşlarının fəaliyyəti başa düşülür. Seçkiləri başqa formada dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının təşkil olunması üsulu kimi də xarakterizə etmək olar. Seçkilər cəmiyyətin siyasi barometridir. Seçkilərin hüquqi əsasını Respublika Konstitusiyası, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Azərbaycan Respublikasının digər normativ hüququ aktları təşkil edir. Referendum və seçkilər - birbaşa demokratiya institutları kimi məqsəd və subyektlərinə görə çox oxşar, obyektlərinə və nəticələrinə görə bir-birindən fərqlənirlər. Onların məqsədi eynidir - xalqın iradəsini ifadə etmək; subyektlərinə görə də fərqlənmirlər. Başqa sözlə, referendumda iştirak etmək hüququ olan vətəndaşlar seçkilərdə də iştirak edə bilər. Referendum demokratiya və dövlət quruculuğu tarixində ən maraqlı formalardan biridir. "Referendum" latın sözü olub, bildirilməsi zəruri olan, xəbər verilməli fakt mənasını verir və zəngin tarixə malikdir. Referendum keçirilməsi şərtləri və üsulu (prosedurası) müvafiq ölkələrin və ya federasiya subyektlərinin konstitusiyaları və qanunvericiliyi ilə nizamlanır. Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının Seçki Məcəlləsində referendum və ümumxalq səsverməsi anlayışları sinonim anlayışlar kimi işlədilir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətinə əsaslanan hakimiyyət bölgüsü prinsipi təsbit edilmişdir ki, bu da dövlət hakimiyyətinin normal fəaliyyət göstərməsinin vacib ilkin şərtidir. Hakimiyyətin bu üç qolunun hər biri müstəqildir. Hakimiyyətin bölgüsü prinsipi həmçinin hakimiyyətin səmərəli tarazlığını yaradır ki, bunun nəticəsində hakimiyyət budaqlarından heç biri digərinin səlahiyyətlərinin həyata keçirilməsinə qarışmır. Buna görə də mövcud prinsipin müntəzəm olaraq həyata keçirilməsi bütün dövlət mexanizminin səmərəli fəaliyyət göstərməsinin zəruri şərtidir. Ümumiyyətlə isə, qeyd etmək lazımdır ki, hakimiyyətin bölünməsi prinsipinin dövlət idarəetmə formasına müvafiq olaraq Konstitusiyada necə təsbit olunmasından asılı olmayaraq, artıq demokratiyaya doğru atılmış addım kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının da Konstitusiyası bu prinsipi təsbit edərkən mövcud sistem nəzərə alınıb və özünəməxsus bir bölgü işlənib hazırlanıb.

Cavid