“Müsəlman qadının düçar olduğu çeşidli haqsızlıqlar bütün dövrlərdə...” Layihə

“Müsəlman qadının düçar olduğu çeşidli haqsızlıqlar bütün dövrlərdə...”

Nəriman Qasımoğlu: "Əsasən islam yasaqları adına yazılıb və şəriət bəraətlərilə yozulub"

"Dinimizdən söz düşəndə onun mahiyyəti, gözəllikləri, hikmətləri qalır kənarda və söhbət bir qayda olaraq gəlir haramların, yasaqların üzərinə. Bu stereotip münasibət, istər özümüzün olsun, istər də özgə din mənsublarının, ilahi dəyərlərin düzgün qavranılmasına, populyarlaşmasına əngəl törədən səbəblərdəndir. İslamı haramlar, yasaqlar dini kimi təqdim edib onu gözdən salmaq istəyənlərin təbliğatı da öz gücünü tarixən biçimlənmiş və dəyişməz qalan ənənəvi baxışlardan alır". Bu fkirlər ilahiyyatçı Nəriman Qasımoğlunun "Quran ayəsində - aynasında "Hicab" məsələsi məqaləsində qeyd olunub. Yazıda həmçinin deyilir: "Bəllidir ki, Quran ayəsində - aynasında görünənlər tariximizin şahidlik etdiyi və yaşatdığı nəsnələrdən çox zaman fərqlənir. Və nə yazıq ki, müsəlman qadının düçar olduğu çeşidli haqsızlıqlar bütün dövrlərdə əsasən islam yasaqları adına yazılıb və şəriət bəraətlərilə yozulub. Nümunə üçün götürək elə qadın üçün nəzərdə tutulan örtük məsələsini. Mövhumat üləmasının istinad etdiyi bir ayə var, istərdim buna bir aydınlıq gətirim. Rəbbimiz buyurur: "Ey peyğəmbər! Zövcələrinə, qızlarına, inananların qadınlarına de ki, bir yerə çıxarkən cilbablarını (hərfən "örtüklərini") salsınlar üstlərinə. Belədə daha yaxşı. Tanıyarlar onları, əziyyət verməzlər onlara" ("əl-Əhzəb" – Firqələr, 59). Örtük salma tövsiyəsi konkret tarixi kontekstdə onunla bağlıdır ki, mömin qadınlar, ayədən də göründüyü kimi, o uzaq zamanların ağır ictimai mühitində yarıçılpaq cariyələrdən, kənizlərdən fərqlənə bilsinlər, onları tanısınlar, onlara sataşıb əziyyət verməsinlər. Ayənin müasir düşüncə kontekstində açıqlaması bunu izah edir ki, o örtük deyilən material sadəcə üst geyimi anlamına gəlir. Və deməliyəm ki, bunun da Quranda nə rəngi, nə də biçiminə aid bir qeyd yoxdur. Müqəddəs Oxu sadəcə abırlı geyim tərzini təşviq edir. Bu barədə Rəbbimizin qadınlara konkret buyuruğu da var: "...Erkən cahiliyyədə olduğu sayaq açılıb-saçılmayın..." ("əl-Əhzəb" – Firqələr, 33). Söhbət abırlı geyim tərzindən gedir. Abırlılıq ölçüləri isə hansısa konkret reseptə sığan məsələ deyil, bu və ya başqa xalqın gəlişdirdiyi adət-ənənə ilə sıx bağlı olur. Məsələn, Afrika qadını ilə Azərbaycan qadını arasında abırlı geyim anlamında fərqlərin olması tamamilə təbiidir. Müqəddəs Oxunun böyüklüyü ondadır ki, bu kimi bəzi məsələləri buraxır zamanın, millətin gəlişən adət-ənənəsinin ixtiyarına". Onun fikrincə, soyuq Sibirdə yaşayan müsəlmanla qızmar Ərəbistan səhrasında yaşayan müsəlmanın geyimində mütləq fərq olacaq və abırlılıq ölçüləri də fərqli olacaq təbii: "Hər ikisi müsəlmandır deyə eyni tərzdə paltar geyinə bilməz. İqlim şərtləri, eləcə də millətin, toplumun ənənəsi bu məsələdə öz diqtəsini qeyd-şərtsiz edəcək. Qadın geyiminin Quran biçimini arayıb-axtaranların müzakirə açdıqları və sitat gətirdikləri bir ifadə də budur: "...Vurmasınlar açığa zinətlərini – o başqa ki, bunlardan hansılarsa görünən ola..." (Nur, 31). Görünən ziynətlərin nədən və yaxud bədənin hansı hissəsindən ibarət olduğuna dair Quranda açıq bir məlumat verilmir. Və bütün çağları hikmətlərilə qucan müqəddəs Oxu bunu da buraxır iqlimin, zamanın, adət-ənənənin, zövqün – və mən bir az da irəli gedib deyərdim, dəbin tələbinə. Mübahisə doğuran başqa bir məsələ "hicab" anlayışı ilə bağlıdır. Ənənəvi dindarlar üçün bu anlayış dinimizin tələbləri kontekstində qadınlara aid baş örtüyü kimi qavranıldığından ümumən dini geyim kodeksinə riayət məsələsi həm də artıq etiqadi bir bağlamda təqdim edilir və bu etiqadi müstəvidə məsələyə başqa cür yanaşma çox zaman qəbul edilmir. Məsələ burasındadır ki, müqəddəs Oxuda "hicab" sözü bir termin olaraq müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə qətiyyən aidiyyəti olmayan bir anlayışdır. Bu söz müqəddəs Oxuda 7 ayədə keçir və o 7 ayənin heç birində bu, baş örtüyü və ya hansısa başqa bir geyim üçün nəzərdə tutulmur. Ayələrdən biri Həzrət Məryəmlə bağlıdır: "Məryəmi də an Yazıda. Ailəsindən kənarlaşıb çəkilmişdi şərq tərəfdə bir yerə. Bir hicab (hərfən "pərdə") çəkmişdi aralarına. Biz Öz Ruhumuzu göndərdik ona, doğruçu bir insan kimi göründü ona" (Məryəm, 16-17). Baxaq "əl-Əraf" (Sədd) surəsindəki ayəyə ki, orada da söhbət inananlarla dananlar arasında çəkilən pərdədən gedir: "İki tərəf arasında bir hicab (hərfən "pərdə"), sədd üstündə adamlar..." (46) Başqa bir ayədəsə Rəbbimiz belə buyurur: "Yalnızca bir vəhy ilə, yaxud hicab (hərfən "pərdə") dalından danışar bəşərlə Tanrı. Ya da bir elçi göndərər, vəhy eyləyər ona istədiyi nəsnəni". Müəllif deyir ki, O, uca, hikmət yiyəsi" (Şura, 51). Başqa ayələrin orijinalında da işlənən "hicab" sözü "pərdə" anlamındadır: "Onun (yəni peyğəmbərin) qadınlarından bir nəsnə istəyəndə, bir hicab (hərfən "pərdə") arxasından istəyin..." ("əl-Əhzəb" – Firqələr, 53); "Gizləndi günəş hicabın (hərfən "pərdənin") arxasında..." (Sad, 32); "Dedilər: "Qəlblərimiz örtülüdür sənin çağırdıqlarına, ağırlıq var qulaqlarımızda, hicab (hərfən "pərdə") var səninlə aramızda. Sən öz işində ol, biz də öz işimizdə" ("Fussılət" – Müfəssəl açıqlanmış, 5); "Oxu oxuduğun zaman gizli bir hicab (hərfən "pərdə") salarıq səninlə o kəslərin arasına ki, inanmırlar axirətə." ("əl-İsra" – Gecə ikən aparılma, 45). Bir sözlə, müqəddəs Oxuda gedən "hicab" sözünün müsəlman qadınlarına aid bilinən baş örtüyünə heç bir dəxli yoxdur. Yeri gəlmişkən, geyim məsələsi ilə ilgili bir ayəyə də diqqət çəkmək istərdim ki, bu ayədən məqsəd "taqva"nın, yəni Allahdan çəkinmə duyğusunun pal-paltar kimi şərtiliklərdən üstünlüyünün vurğulanmasıdır. Rəbbimiz buyurur: "Ey Adəm oğulları! Sizə geyim endirdik örtə ayıblarınızı. Bər-bəzəkli geyimlər də eləcə. Taqvadan (çəkinmə duyğusundan) geyim ki var – bu daha yaxşı..." ("əl-Əraf" - Sədd, 26). "Taqvadan geyim" könüllərin, ağılların iman örtüyü mənasındadır. Yəni imansız insan şüuru çılpaq bədən kimidir, imansızlıq onun mənəvi eyiblərinin tablosudur. "Taqvadan geyim"ə verilən üstün dəyəri belə qavramaq mümkündür ki, insan üçün başlıcası Tanrıya iman məsələsidir, əibisə ilə bəzənən zahiri görüntüsünü hərə istəyinə, adətə, zövqünə görə də müəyyənləşdirə bilər". Onun fikrincə, burada dindarların iman kamilliyi üçün nəzərdə tutulan məqam ondan ibarətdir ki, ənənəvi olaraq əxlaqi dəyərlərin qorunması müstəvisində təlqin edilən məsələ heç də geyimlə şərtlənmir: "Nur" surəsində ayrıca olaraq bir geyim məsələsinə də toxunulur və qadınların saçlarının örtülməsi zərurətini o surədə bir ayə ilə əsaslandırmağa çalışırlar. İfadənin ərəbcəsi belədir: "valyadribnə bixumuruhinnə alə cuyubihinnə". Baş örtüyü kimi bir çox ilahiyyatçıların qəbul etdiyi və ərəbcədə "ximər" sözünün cəmi olan "xumur"la bağlıdır. Yalnızca "örtmək" bildirən və X-M-R kökündən düzəlmə bu söz mütləq mənada sadəcə "örtük" anlamındadır. Və bu təqdirdə söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur. Yeri gəlmişkən, mən də vaxtilə nəşr etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim ifadənin tərcüməsini ənənəvi izahlar üzərində qurmuşam. Yeni və hələ nəşr olunmamış tərcümə əsərimdə isə bu ifadənin hərfən açıqlaması belə səslənir: "Örtüklərini vursunlar döşlərinin üstünə". Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə "baş", nə də "saç" sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə müqəddəs Oxuda bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən. Qadınlar üçün baş örtüyü də dinlərə qədim mədəniyyətlərdən gəlib qarışmış adət-ənənədən yaranmışdır. Baş örtüyü yəhudiliyə daxil olandan, buradan xristianlığa adlayandan sonra islama da Qurandan kənar dini ədəbiyyatdan gəlmişdir. İslam dininin əhatə dairəsi yetərincə böyükdür və dinimiz belə xırdalıqların, şərtiliklərin fövqündədir. Dinimizi siyasi alətə çevirmək istəyənlərin platformasında da yer alan bu baş örtüyü məsələsini islamın tələbləri siyahısında təbliğ etməkdənsə daha doğru olardı bunu buraxasan ayrı-ayrı insanların özlərinin iman kamilliyi səviyyəsinə uyğun olaraq gəlişdirdiyi etiqadlarının ixtiyarına. Bu mənada, görünür, maarifləndirmə işinin aparılmasına da ehtiyac var. Digər müsəlman ölkələrindən fərqli olaraq ölkəmizdə bu maarifləndirmə məsələsi üçün imkanlar daha genişdir. Bu, tarixən gəlişib bizim nailiyyətimizə çevrilən Azərbaycan dindarlığının verdiyi imkanlarla da bağlıdır. Və nəhayət, yenə də qeyd edim ki, dinimiz tarixi mədəniyyətlərin ənənələrindən gələn şərtiliklərin, ekzotik xırdalıqların fövqündədir. Bu sonunculara dini don geydirmək ona gətirib çıxarmış ki, islamı da həyati yaşıllığından çıxarıb qara örtüklərə, qara bayraqlara, qaranlıqlara bürümüşük. Aydınlıqlara çıxmağımızın çarəsi stereotip baxışlardan azad olmaqdır. Aktiv-dinamik zəka mənbəyi Müqəddəs Oxu bizi buna yönəldir".

Əli