“Etnik-mədəni müxtəlifliklər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır” Layihə

“Etnik-mədəni müxtəlifliklər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır”

Kamal Abdulla: "Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə ciddi problemlər baş verir"

I yazı…

"Tarixi prosesdə formalaşan etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm) və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük əhəmiyyət kəsb edir". Bu fikirləri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, AMEA-nın həqiqi üzvü Kamal Abdulla bildirib. Onun sözlərinə görə, təəssüf ki, multikulturalizmin özü də müxtəlif ölkələrdə ondan gözlənən eyni müsbət nəticəni vermədi: "Hansı ölkədə bu, hansı nəticəni verdi - belə bir suala cavab axtarmazdan əvvəl biz müəyyənləşdirməliyik ki, tarixən ölkənin etnik və dini müxtəlifliyinin mahiyyətində nə durur?! Bəzi ölkələr tarixən hər hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci halda gəlmə multikultural dəyərlər artıq dəyərləri formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində, məsələn, Böyük Britaniyada, Fransada, Almaniyada bu modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. "İlkin" müxtəliflik və "sonrakı" müxtəlifliyi bir-birindən ayırmasaq, bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə təntənəsinin sirrini öyrənə bilmərik". O, deyib ki, Azərbaycanda normal multikultural əhvalın olması - müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır: "İlkin" müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal "sonrakı" müxtəliflikdən indicə qeyd etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz "ilkin" müxtəliflik bu gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə hüsnrəğbəti və loyallığı məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng kəsb edə bildi. Elə ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində, elə həmin Fransada, İngiltərədə, Almaniyada multikulturalizmin siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxdı. Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi. Bu müstəvi siyasət müstəvisi idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda möhkəmlənir".
K.Abdullanın fikrincə, şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik inkişaf sahəsində real təcrübəsi azdır: "Amma mənəvi təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycanın mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas olmasına bir sübutdur". Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul etmədi. Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz metodoloji olaraq, "ilkin müxtəliflik", "sonrakı müxtəliflik" anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O, müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğudur. Elə bunu nəzərdə tutaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyd edir ki, "multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin mahiyyəti dəyişməyib". Elə buna görə də, Azərbaycan Avropa məkanında multikulturalizm siyasətinin qarşısında yaranan problemlərə məğlub olmamağı bacardı. Multikultural təhlükəsizlik nədir?! Biz dövlətin milli təhlükəsizlik sisteminin bir çox komponentləri ilə tanışıq. İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, mədəni təhlükəsizlik, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib komponentlərdir. Bu sistemin içinə mənəvi, ideoloji həyatın ayrılmaz hissəsi olan multikultural dəyərləri də bütöv bir təhlükəsizlik komponenti kimi daxil etmək mümkündür. Ölkə öz enerji, iqtisadi, mədəni təhlükəsizliyini qoruduğu kimi multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə Avropanın bir sıra ölkələrində etnik, millətçilik və dini radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin artması qeyd olunanların bariz nümunəsidir".
Onun fikrincə, təəssüf ki, bəzən Avropa ölkələrindən ölkəmizə qarşı Azərbaycanda gedən ictimai, ideoloji prosesləri dərindən duymayan bəzi qurumlar və rəsmi şəxslər tərəfindən milli azlıqlar və insan hüquqları ilə bağlı ağlasığmaz və hətta gülünc tələblər, iddialar irəli sürülür: "Anlaşılmaz məqamlarla bağlı Azərbaycan istənilən çərçivədə diskussiya aparmağa həmişə hazırdır. Amma çox zaman anlaşılan, amma qəbul edilə bilməyən, görmək istənilməyən məqamlar ortaya atıldığı zaman biz düşünürük: bu pretenziyaları özünü demokratik ruhlu sayan bir qurum və ya şəxs necə irəli sürə bilər?! Belə bir dövlət qurumu (təəssüf ki, onlar da yox deyil) Azərbaycana tətbiq edilən ikili-üçlü standartlara əhəmiyyət verməyib əzablı yollarla öz-özünü qurmaqla və formalaşdırmaqla, əsrlərdə qalmış, dağıdılmış dəyərlərini bərpa etməklə məşğul olan kiçik bir ölkəni necə ittiham edə bilər?! Orta əsrlərin "xristian-müsəlman" qarşıdurmasının bərpasınamı doğru dünya addımlayır?! Səlib müharibələrinin şeypur səslərimi gurlamaqdadır?! Böyük alman mütəfəkkiri Fridrix Nitsşe, elə bil, belə halı bir öncəgör kimi duyaraq bizləri xəbərdar edirdi: "Səhra böyüyür". Səhranı isə böyüməyə qoymaq olmaz. Multikultural dəyərlər sistemi işləyərsə, o dəyərlərə adekvat münasibət formalaşarsa, səhranın böyüməsinin qarşısı alınar. Və dünyanı yaddaş ilahəsi Mnemozinaya xəyanətdə ittiham etməzlər. Azərbaycan kimi müxtəlifliyə ruhən açıq ölkədə multikultural təhlükəsizliyin prinsiplərini formalaşdırmaq, əslində, ideoloji müstəvidə gedən bəzi proseslərin sistemləşdirilməsi cəhdidir. Multikultural təhlükəsizlik prinsipləri nəyi nəzərdə tutur?! Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki, ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi nədir?".

Əli