Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli Layihə

Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli

Ölkəmizdə multikulturalizim sahəsində ən böyük islahatlar aparılıb

(əvvəli ötən sayımızda)

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Türkiyə və İspaniyanın təşəbbüsü ilə yaranmış "Sivilizasiyaların Alyansı" ideyasını ilk gündən dəstəkləmiş, onun reallaşmasına çalışmış və bu istiqamətdə həyata keçirilən tədbirlərdə aktiv iştirak etmişdir. Hələ də dini və etnik ayrı-seçkilikdən əziyyət çəkən insanların olduğu dövrdə beynəlxalq qurumların bu cür təşəbbüslərlə çıxış etməsi, eləcə də konkret addımlar atılması dinlərarası dialoqun və əməkdaşlığın reallaşacağına olan ümidləri daha da artırır. Lakin beynəlxalq təşkilatlar təkcə təşəbbüslə çıxış etməməli, eyni zamanda dinlər və sivilizasiyalararası əməkdaşlığa mane olan halların aradan qaldırılması, xüsusilə münaqişələrin həll edilməsi istiqamətində ciddi səylər göstərməlidirlər.
Örnək kimi qeyd edək ki, bu gün Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsi, Azərbaycan ərazisinin iyirmi faizini işğal altında saxlaması, nəticədə bir miliyondan çox soydaşımızın məcburi köçkün həyatı yaşaması təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də tolerantlıq ənənələrinin möhkəmlənməsinə, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaradır. Ona görə də, bu məsələ təkcə Azərbaycanı yox, inkişaf etmiş demokratik dövlətləri, dünya ictimaiyyətini, xüsusilə də beynəlxalq təşkilatları yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir.
Digər insanlarla müqayisədə bəşəriyyətin və yaşadıqları cəmiyyətin taleyüklü məsələlərinin həllində, o cümlədən dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri təkcə özlərinin deyil, eyni zamanda onların arxasınca gedən yüzlərlə, minlərlə, hətta milyonlarla möminin mövqeyinə, eləcə də dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.
Tarix boyu mütərəqqi ruhanilər cəmiyyətdə lokomotiv rolunu oynayan ziyalılarla birgə üzərlərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmiş, taleyüklü məsələlərin həllində yaxından və aktiv iştirak etmişlər. Deməli, dinlərarası dialoqun və əməkdaşlığın baş tutmasında və daha da möhkəmləndirilməsində fəal iştirak etmək din xadimlərinin tarixi missiyalarından irəli gələn müqəddəs vəzifələridir.
Bu gün hansı dinə mənsubluğundan asılı olmayaraq, bütün ruhanilər, xüsusilə nüfuzlu din xadimləri geniş təbliğat imkanına, daha konkret desək, milyonlarla insan üçün əlçatmaz sayılan dini tribunaya – ibadət evlərində söz kürsüsünə malikdirlər. Bəzən ən ali kürsülərdən səslənən fikirlər və edilən çağırışlar kifayət qədər effektli olmur, hətta bir çox hallarda etinasız və qeyri-ciddi qəbul edilir. Lakin möminlər ibadət ocağında söylənilən fikirlərə nəinki ciddi yanaşır, hətta bu fikirlərə dəqiq və səhvsiz əməl etməyə çalışırlar. Bu baxımdan din xadiminin dialoqla bağlı həm mövqeyi, həm də fikirləri doğru və mənalı olmalı, bəşəriyyətin və cəmiyyətin maraqları nəzərə alınmalıdır ki, dindar insanlar yanlış yola yönəlməsinlər, dini ayrı-seçkliyə, ədavətə yol verməsinlər.
Dinlərarası dialoqda iştirak etmək, ona dəstək vermək hər kəsin insanlıq borcudur. Lakin bu, dindar və din xadimi üçün həm insanlıq, həm də mənəvi borc deməkdir. Çünki din xadimi bu prosesə qoşulmaq və dəstəkləməklə həm insanlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan ruhanilərin cəmiyyətin önəmli təbəqələrindən biri kimi bu prosesdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır. Digər sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan və onun dini rəhbəri xüsusilə fərqlənir. Ölkəmizdə tolerantlıq, dini dözümlük ənənələrinin qorunub saxlanılmasında, müxtəlif dini konfessiyaların nümayəndələri arasında qarşılıqlı etimad və hörmət hissinin möhkəmlənməsində böyük beynəlxalq nüfuz sahibi olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri var. Onun bu istiqamətdə apardığı və Azərbaycan dövləti tərəfindən həmişə yüksək qiymətləndirilən, eləcə də dəstəklənən işlərin miqyası ölkəmizin hüdudlarını çoxdan aşıb.
"Azərbaycanda dini etiqad azadlığı ilə bərabər insan hüquq və azadlıqlarının müdafiəsi, azad sözün, müstəqil mətbuatın, demokratik dəyərlərin inkişafına xüsusi diqqət yetirilir". Bunu Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Fatma xanım Əliyeva Azərbaycanda tolerantlıq mühitinin olmadığını, vicdan azadlığının qorunmadığını iddia edənlərin fikirlərinə münasibətində açıqlayıb. F.Əliyeva qeyd edib ki, ölkə Prezidentinin həyata keçirdiyi siyasi strategiyanın prioritetindən biri də milli-mənəvi dəyərlərimizin qorunması və daha da inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, dini etiqad azadlığının təmin olunması, ölkəmizdə fəaliyyət göstərən dini qurumların nümayəndələri üçün bərabərhüquqlu şəraitin yaradılması və multikulturalizmin inkişafıdır.
Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Təsadüfi deyildir ki, bu gün Azərbaycan multikulturalizmin, tolerantlığın əsas məkanlarından biri kimi tanınır. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzinə çevrilib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatı ilə elmi cəhətdən əsaslandırılıb: "Azərbaycandakı tolerant mühit, sosial sabitlik beynəlxalq ictimaiyyətin də maraq dairəsindədir. Ölkəmizdəki stabil çoxmədəniyyətlilik və çoxkonfessiyalılıq mühiti, dövlət-din münasibətlərinin qurulması bir çox xarici ekspertlər, dövlət rəsmiləri tərəfindən nümunəvi model kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar. Ölkəmizdəki sabitliyin, dini dözümlülüyün, burada yaşayan millətlər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsi Azərbaycana gələn bütün qonaqları valeh edib. Şübhəsiz ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də müəyyən xidmətləri var. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir".
Partiya sədri bildirib ki, ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı dövlət respublikada yayılmış digər dinlərə də qayğı göstərir: "Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması var. 2010-cu ildə Bakıda səfərdə olan bütün ermənilərin katolikosu II Qaregin və onu müşayiət edənlərin erməni kilsəsinə baş çəkmələri bir daha Azərbaycanda işğalçı millətə xas olan abidələrə belə toxunulmadığının göstəricisidir. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunub. Ölkədə, xüsusilə, Bakıda müsəlmanların və digər dindən olan şəxslərin bir qismi İsa Peyğəmbərin doğum günündə kilsəni hörmət məqsədi ilə ziyarət edirlər. Bu onu göstərir ki, Azərbaycanda insanlıq, qardaşlıq amili hər şeyin fövqündədir. Azərbaycanda xristianlara qarşı heç bir diskriminasiya yoxdur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış bərabər hüquq və sərbəst fəaliyyət dünya birliyi və ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiya rəsmilərinin də diqqətindən yayınmayıb. Məsələn, ABŞ Konqresinin "Rol Call" qəzeti bu məsələ barəsində araşdırma apararkən Azərbaycanda bütün dinlərin nümayəndələrinin heç bir maneə olmadan fəaliyyət göstərməsini yüksək dəyərləndirərək yazır: "Azərbaycan öz dini rəngarəngliyi ilə fəxr edir. Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Hətta, əsrlər boyunca ətraf regionlarda yaşayan yəhudilər təqiblərlə qarşılaşanda Azərbaycanı özləri üçün təhlükəsiz məkan kimi görüblər. Məzhəblərarası nifrət Yaxın Şərqi təhdid edərkən, Azərbaycanda bütün dini konfessiyalar qarşılıqlı hörmət və ehtiram içərisində yaşamaqda davam edirlər". Avropa Yəhudilər Parlamentinin sədr müavini Tomer Orni, Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi də Azərbaycanın tolerant bir ölkə olduğunu vurğulayıblar. Belə faktlar istənilən qədərdir.
Bütün bunlar bir daha təsdiqləyir ki, ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Bir sözlə, tarixi reallıq və ənənələri nəzərə almaqla Azərbaycan Respublikası tarixinin mürəkkəb sınaq dövrünü yaşayan müsəlman dünyasının bir sabitlik adasına çevirə bilib. Azərbaycan multikulturalizm və dini tolerantlığın unikal məkanıdır. Dünya meridianlarında ölkəmiz sivilizasiyalararası toqquşma deyil, əksinə onların harmoniyada və əməkdaşlıqda olduqları bir coğrafi məkan kimi tanınmaqdadır".
Cavid