“Terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür” Layihə

“Terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür”

Səlahəddin Xəlilov: "Bu şərtin əsasını isə uydurulmuş islamofobiyadan əl çəkmək təşkil edir"

"Şərq və Qərb sivilizasiyalarının münasibəti və nisbəti məsələlərini diqqətlə öyrəndikdə, dinlərin və sivilizasiyaların əlaqəsinə elmi-tənqidi nəzər saldıqda, aydın olur ki, bir tərəfdən islam və xristianlığın, digər tərəfdən Şərq və Qərb sivilizasiyalarının yeri sanki dəyişik düşmüşdür. Əslində biz bu "sanki"ni sadəcə elmi etika və tarixə hörmət xətrinə yazırıq. Analitik baxımdan isə elə "sanki"siz də belədir". Bunu fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov deyib. O, bildirib ki, dinlərin elmi-fəlsəfi təhlili göstərir ki, Şərq təfəkkürünə ən çox uyğun gələn – xristianlıqdır. Qərb təfəkkürünün təməlləri isə dinlər içərisində ancaq islamda müşahidə olunur. Biz Əbu Turxanın "bütün dinlər Şərq hadisəsidir" tezisini qəbul etsək də, hər halda sonuncu din olan islamda Qərb təfəkkürünün rüşeymlərini görməmək mümkün deyil.
Belə ki, dinlər insandan bir qayda olaraq fərd kimi bəhs etdikləri halda, yalnız islam dinində toplum – cəmiyyət anlayışı önə çəkilir, ictimailəşmə və deməli həm də sivilizasiyanın təməl şərtləri dini müstəvidə öz əksini tapır. Söhbət dinin öz ictimailəşməsindən getmir. Yenə də Əbu Turxanın sözləri ilə desək, "ictimailəşmiş din artıq din deyil". Və dinlər içərisində ən çox ictimailəşən, kilsə qiyafətində cəmiyyətin və hətta dövlətin işlərinə qarışan da tarixən məhz xristianlıq olmuşdur. Biz dində insan, təbiət və cəmiyyətə diferensiallaşmış münasibəti nəzərdə tuturuq. Onun fikrincə, İslam, bir tərəfdən, şəxsi etiqad, məslək məsələsini önə çəkməklə insanla Allah arasında vasitəçiyə ehtiyac duymur: "Yəni burada da şəxsin, fərdin mənəviyyatı əsas götürülür. Lakin digər tərəfdən də, məsuliyyət təkcə şəxslərin yox, bütövlükdə qövmün, icmanın üzərinə qoyulur. Bu ikinci cəhət təəssüf ki, islam ilahiyyatçılarının və filosoflarının nəzərindən qaçıb, ancaq İbn Xəldun onun üzərində işləməklə yeni elmi istiqamətin, gələcək Qərb düşüncəsinin təməlini qoyub. Təəssüf ki, müsəlman dünyası islamdan qaynaqlanan bu möhtəşəm təlimə sahib çıxa bilməmiş, onu nə ictimai praktik fəaliyyətdə, nə də elmi-fəlsəfi tədqiqatda nəzərə almamış, sufi təriqətlərinin və bir sıra başqa amillərin təsiri altına düşərək ictimai tərəqqinin böyük asfalt yoluna çıxmaq üçün bu böyük ideya sərvətindən yararlana bilməyib. Ancaq bir neçə əsr keçdikdən sonra, Avropa elmi və ictimai həyatda xristianlıqdan imtina etdikdən və ona alternativ bir dünyagörüşü qurmağa başladıqdan sonra bu ideyalar yenidən gündəmə gəlmiş, ictimai inkişafın nisbi obyektiv bir proses olaraq qanunauyğunluqları araşdırılmış, sosial fəlsəfənin, sosiologiyanın inkişafı sayəsində insan zəkasının təbii-tarixi prosesi dəyərləndirmək və onun sükançısına çevrilmək şansından istifadə edilib. Nəticədə yeni bir sivilizasiyanın, indi Qərb sivilizasiyası adlandırdığımız böyük tarixi prosesin inkişafına misilsiz bir təkan verilbib.
Amma bu həmin prosesdir ki, ideya təməli islam dəyərləri üzərində İbn Xəldun tərəfindən qoyulmuşdu. Və əgər müsəlman dünyası bu xətti rəhbər tuta bilsə idi, din və elmin, ruh və intellektin, vəhy və məntiqin ayrılmasına ehtiyac qalmayacaqdı və sivilizasiya bəşəriyyəti ruhi-mənəvi boşluğa və qarşıdurmalara doğru sürükləməyəcəkdi".
O, əlavə edib ki, müasir dövrdə Qərbin süqutundan, mənəvi böhrandan, deqradasiyadan çox yazılır: "Həm də şübhəsiz ki, "od yanmasa, tüstü çıxmaz". Səbəb nədir? İdeologiyadamı boşluqlar var? Dinlə ideologiyanın münasibətindəmi, yoxsa hakim dinlə sivilizasiya arasındakı uyğunsuzluq belə bir sonuca gətirir?
Qərbin müəyyən bir dövr ərzində irəli getməsi ancaq xristianlığın təsirindən azad olmaq sayəsində mümkün olub. İslam Şərqinin geri qalmasının isə səbəbləri, əksinə, həqiqi dindən uzaqlaşmaq, dini təhrif etmək, özgələşməkdir. Tədqiqatlar göstərir ki, Qərb sivilizasiyası elmi dünyagörüşü üzərində qərar tutaraq bu istiqamətdə böyük inkişaf yolu keçsə də, dünyaya monist baxışa olan daxili tələbat üzündən həmişə korluq çəkbib. Təməlində rasional düşüncə və elm dayanan bu böyük sivilizasiya sanki ruhsuzluqdan əzab çəkmişdir. Və çəkməkdə davam edir.
İndi elə bir məqam gəlib çatıb ki, Qərb dünyası xristianlığı ancaq simvolik olaraq saxlayır, əslində isə dini bütövlükdə və tamamilə elmlə əvəz etmək sayəsində əldə etdiyi yeni dəyərlər sisteminin ruhi-mənəvi çatışmazlıqlarını kompensasiya etmək üçün yollar axtarır. Amma onu həqiqətən tamamlaya biləcək mükəmməl bir dini-mənəvi sistemin (islamın) nə vaxtsa yanlış obrazını yaratdığına görə, indi bu tarixi səhvi düzəltmək üçün özündə iradə tapa bilmir.
İndi Qərb, bir tərəfdən, həqiqi islama münasibətinə yenidən baxmalı olmaqla bərabər, digər tərəfdən, nə vaxtsa özünün də fəal iştirakı ilə formalaşmış psevdoislami dəyərlərin təsirindən yaxa qurtarmağın yollarını axtarır.
Terrora münasibət məsələsində də Qərbin bu dilemması özünü göstərməkdədir.
11 sentyabr hadisəsindən sonra Amerika və bütün dünya seçim qarşısında qaldı. Ya ictimai rəyə və kütləvi şüura uyğun olaraq emosiya səviyyəsində qərarlar qəbul etmək, "qisas" mövqeyindən çıxış etmək, ya da dünyada terrora rəvac verən əsl səbəbləri aşkar etmək, onun ideoloji, siyasi və iqtisadi köklərini üzə çıxarmaqla daha geniş miqyaslı fəaliyyət strategiyası seçmək tələb olunurdu.
Belə düşünmək olardı ki, ABŞ bu yollardan hər ikisini seçib. Həm yaxın müddətli proqramın icrası olaraq terrorçu qruplaşmaların və təşkilatların güc tətbiqi ilə ləğvinə nail olmaq təşəbbüsü göstərilir, həm də uzun müddətli proqram olaraq terrorun bir spesifik ictimai hadisə kimi ideoloji, hərbi sursat və maliyyə qaynaqlarını müəyyənləşdirmək istiqamətində axtarışlar aparılır. Lakin İraq müharibəsi timsalında birinci yolda ifrata varması ilə ABŞ-ın ikinci yolu bir növ bağlanmış oldu. Əvəzində bütün günahlar islam qiyafətinə geydirildi və hər şeyi uydurulmuş bir kabusun üzərinə yıxmaq yolu seçildi.
Səhv ünvan seçilməsi nəticəsində beynəlxalq terrorun həqiqi səbəbləri də kölgədə qaldı və əsl səbəbkarlar bir növ gizlənmək imkanı əldə etdilər. Əslində, islamofobiyanın yayılmasında və hədəfin başqa səmtə yönəlməsində, heç şübhəsiz, həmin maraqlı tərəflərin əli vardır.
Bəsit düşüncə, kütləvi şüur problemin güc mövqeyindən, getdikcə daha müasir silahların işə düşməsi hesabına həll oluna biləcəyinə inansa da, analitik təhlil bunu şübhə altına alır, yeni baxışın və yeni həll üsullarının labüd olduğunu göstərir.
ABŞ alimi Angelo Korlet yazır: "Bir sıra ölkələrin siyasətçiləri öz ölkələrinə və müttəfiqlərinə qarşı olan siyasi zorakılıqları terrorizm kimi pislədikləri halda, öz dövlətlərinin həqiqi terroru himayə etdiklərini qəbul etməyi bacarmırlar" . Başqa sözlə, terrora münasibətdə ikili standartların aradan götürülməsi zərurəti Amerikanın özündə də elmi ictimaiyyət tərəfindən mühüm şərt kimi irəli sürülür.
Bu şərtin əsasını isə uydurulmuş islamofobiyadan əl çəkmək təşkil edir. Qərb cəmiyyətinin öz daxilində gedən prosesləri və onun geri qalmış ölkələrə münasibətini yenidən, daha köklü surətdə təhlil etmək tələb olunur".
Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu səthi yanaşma, üzdən təhlillə tapıla bilmədiyindən, zamanın böyük fikir sahibləri, məşhur filosoflar da bu problemin təhlilinə qatılmağa ehtiyac hiss edirlər: "Bu sırada Habermasın İraq müharibəsi ilə əlaqədar irəli sürdüyü mülahizələr, hətta problemin Kantın azadlıq idealları və ümumiyyətlə klassik alman fəlsəfəsi bazasında, beynəlxalq hüquq və humanitar hüquq kontekstində nəzərdən keçirilməsi də təsadüfi deyil. Yəni problem daha çox dərəcədə ictimai-iqtisadi və siyasi-hüquqi təlimlərə yenidən baxılmasını tələb edir. Əlbəttə, dinin də ictimai şüurda mühüm rolu vardır. Lakin bu sahədə də ənənəvi təsəvvürlərlə kifayətlənmək olmur, çünki problemin daha dərindən öyrənilməsinə ehtiyac yaranır.
Əslində vəziyyət özü bir o qədər yox, onun islam xofu ilə şişirdilmiş və başqa kontekstə keçirilmiş halda təsəvvür olunması daha qorxuludur. Belə ki, terrorçularla müqayisədə müsəlmanların yayılma coğrafiyası və miqyası qat-qat böyükdür. Və ona görə də, terror xofu islamla eyniləşdirildikdə konkret ünvanlar itir və onun əvəzinə problemin başqa səmtə yönəldilmiş və böyüdülmüş mənzərəsi yaranır. Bu, ayını tapmaq çətin olduğuna görə, bütöv meşəni yandırmağa bənzəyir. Lakin istənilən halda Qərbdə çoxları üzə çıxarılması çətin olan gizli terrorçu obrazının əvəzinə, aşkar müsəlman obrazı qoymaqla məsələni "asanlaşdırmaq" istəyir. Bəli, bu təsəvvürə görə, düşmən nə az, nə çox iki milyardlıq müsəlman dünyasıdır və Umberto Eko da Qərb ictimai şüurunda, obıvatelin – "sıravi adamın" nəzərində artıq özünə yer etmiş "müsəlmanlardan xilas olmaq" yollarının axtarılmasını təsvir və təsnif edir. Nəticədə, gözlərimiz qarşısında dəhşətli mənzərələr canlanır. Qısaca desək, belə bir tipik mənzərə: tutaq ki, müsəlman ölkələrini nüvə silahı və ya hər hansı müasir hərbi texnologiya ilə yer üzündən silmək mümkün oldu. Bəs onda Avropa ölkələrinin özündə yaşayan milyonlarla müsəlman necə olsun? "Hitler sistemi üzrə milyonlarla cəsəd Aralıq dənizini zibilləyəcək. Amma maraqlıdır görəsən hansı dövlət belə bir addım atar". Daha sonra U.Eko alternativ variantları nəzərdən keçirir. Qərb öz planlarını həyata keçirməyə başlayarsa, bütün islam ölkələrində fundamentalistlər hakimiyyətə gələrək xristianlara qarşı qırğınlar törədə bilər. "Axı, islam dünyasında da xarici firmalar fəaliyyət göstərir və bütöv xristian anklavları vardır, məsələn, – Efiopiyada". Xoruzun quyruğu görünür: – Bəlkə Qərb dünyası Azərbaycan ərazisində bir növ xristian anklavı olan Dağlıq Qarabağın da ölkəmizə qaytarılmasına belə bir bədnam perspektivi nəzərə alaraq cəhd göstərmir?! İstənilən halda U.Ekonun apardığı təhlillər ikili standartların görünməyən tərəflərini açmaq və bəzi siyasilərin obıvatel səviyyəsində düşündüklərini nəzərə ala bilmək üçün bir işarədir.
Amma biz Qərb dairələrinin öz siyasətlərini obıvatel səviyyəsində deyil, öz böyük filosoflarının düşüncəsinə və səviyyəsinə uyğun qurmalarını arzu edərdik.
Filosoflar isə nəinki terroru dinlə izah etmirlər, əksinə, müasir dövrün bütün eybəcərliklərinin səbəbini həqiqi dindən ayrı düşməkdə görürlər. Biz aşağıda Kantın, Hegelin, Con Lokkun, Akvinalı Fomanın, Nikolay Kuzanlının, Götenin, Tolstoyun və hətta Nitsşenin baxışlarında mənəvi idealın təkallahlılıqla və məhz islam dini ilə nə dərəcədə bağlı olmasına dair fikirləri ilə tanış olacağıq. İndi isə qeyd etmək istəyirik ki, kitabından iqtibaslar gətirdiyimiz U.Eko da ilk görüntüdən fərqli olaraq islama qarşı heç bir iddia ilə çıxış etmir və əksinə, adi şüurun nə dərəcədə yanlış olduğunu göstərmək üçün onun fraqmentlərini nəzərdə canlandırır və bəşəriyyəti əsl çıxış yolunu daha düzgün ünvanlarda axtarmağa səsləyir".

Əli