Aprel döyüşləri - böyük zəfərin başlanğıcı Layihə

Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 7 il ötür.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.
Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

….Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.
Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.
Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.
Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

Aprel döyüşlərinin birinci ildönümündə Prezident İlham Əliyev bir qrup hərbçi ilə görüşündə detib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.

Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.

Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.

Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparmışdı. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr Aprel döyüşləri ilə bağlı Azərbaycanın əleyhinə söz deyə bilmədilər. Hələ o vaxt Azərbaycan dövləti qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Lakin mənfur düşmənlərimiz, Ermənistan hərbi-siyasi hakimiyyəti Azərbaycanın sülhsevər mövqeyini və nümayiş etdirdiyi bu jestləri görməzdən gələrək öz təcavüzkar, işğalçı siyasətini davam etdirirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə rəsmi görüşlərdə elan edirdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. Dövlət başçımız Azərbaycan Ordusunun Aprel Qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə qeyd edirdi: “Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, - mən onu bir daha qeyd etmək istəyirəm, - dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır. Aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər Aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.

Əslində, Ermənistanın hər dəfə cəbhədə təxribata əl atmasının səbəbi heç kimə sirr deyil: cinayətkar rejim münaqişənin nizamlanması ilə bağlı danışıqlar ərəfəsində daim cəbhədə vəziyyəti gərginləşdirir və bununla da öz xalqının fikrini ölkədəki ictimai-siyasi, sosial-iqtisadi böhrandan yayındırmağa cəhd edir. Düşmənlə müqayisədə Azərbaycan isə münaqişənin dinc yolla həllinə tərəfdardır və bu istiqamətdə səylərini əsirgəmir.
Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Aprel döyüşləri 2020-ci ildə qazandığımız böyük Zəfəri şərtləndirən əsas amillərdən biri idi. İstər Aprel döyüşləri, istər 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqında torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Xalqımızın bütün təbəqələri həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər.

Məhz, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik:

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Şəhidlər ölməz, Vətən bölünməz!
Allah şəhidlərimizə rəhmət eləsin!

Cavid