Azərbaycan ruhunun zəngin ifadəsi Layihə

Azərbaycan ruhunun zəngin ifadəsi

Zərdüştün "təmiz fikir, təmiz söz, təmiz əməl" ideyası dünya mədəniyyətinin özülündə durur

I yazı

Bu yazıda bəşər mədəniyyətinə, dünyabaxışlara sistemli, davamlı şəkildə təsir etmiş, bu gün də ciddi müzakirə mövzusu olan, insanlıq carçısı, tarixi Azərbaycan ərazisində doğulduğu bilinən, "Avesta"nın yaradıcısı Zərdüşt, onun fəlsəfi baxışları haqqında danışılacaq. Şərqin ruhunu ifadə edən Novruz bayramı da Zərdüştün dönəmində sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün "təmiz fikir, təmiz söz, təmiz əməl" ideyası türkün ruhani (insani) təsdiqidir.
Azərbaycanın adət-ənənələrinin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyirin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur.
Novruz bayramının mahiyyətində duran od isə insanı daxilən təmizləyici motiv olaraq aparıcıdır. Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun qədimdən müqəddəs sayılması, insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunub. Bu, Azərbaycan ruhudur - bu gün də dünya mədəniyyətinin özülündə duran.
Zərdüştilik Güney Azərbaycan ərazisində meydana gəlib. Zərdüşt dini onun yaradıcısı Zərdüştün adı ilə bağlıdır. Araşdırmaçıların fikrincə, bu din yalnız Azərbaycan ərazisində deyil, İran, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrilmişdi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir.
Tədqiqatçı Girşmanın göstərdiyi kimi, məzdəizmin ilkin dövründə əsas fövqəlbəşər qüvvə Hörmüzd Mehr (Mitra) və Nahid idisə, sonralar onları əvəz edən Hörmüzd və onun barışmaz düşməni olan Əhrimən görüşü həqiqi dualizmdir. Ona görə ki, onlar iki – biri digərinə zidd olan qüvvəyə (xeyir-şərə) və yaxud substansiyaya inanır və bu mübarizədə Hörmüzdün (Xeyirin) qalib gəlməsinə əmin idilər. Məzdəizmə görə Hörmüzdlə Əhrimən - nur (işıq) ilə zülmət, xeyirlə şər və sülhlə müharibə arasında gedən mübarizə kimi iki ictimai və təbii kökə malikdir.
Zərdüşt dininin əsas müddəasına görə dünyada bir-biri ilə daim vuruşan iki qüvvə var. Zərdüştün dini təlimində baş ilahi qüvvə Hörmüzddür ki, onu od təmsil edir. Zərdüşt dininə inananlar atəşgahlar tikir, orada od yandırır və həmin odu qoruyub saxlayırdılar. Zərdüşt dininə iman gətirənlər inanırdılar ki, həyatın əsasını təşkil edən od, su, torpaq və havadır. Onlar bu dörd ünsürü müqəddəs hesab edir, onların daim təmiz qalmasına səy göstərirdilər. Zərdüşt dininə inananlar odu dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab edirdilər.
III əsr filosofu Parfiosa görə "maq" Allaha sitayiş edib, onun elmi sirrlərinə yiyələnənlərə deyilir. Zərdüşt haqqında ilkin məlumat verən yunan tarixçisi Xsanti (e.ə. 625-565) olub. Kiçik Asiyanın Sard şəhərində yaşayan bu tarixçi, Herodotdan da əvvəl Urmiya gölünə qədər olan əraziyə bələd olub. İlk əvvəl Herodot, daha sonra isə Dəməşqli Nikolay onun yazılarından istifadə edib, məzdəizm haqqında məlumat veriblər.
Ammian Marsellinin yazdığına görə Zərdüştün dövründən etibarən xüsusi ailədən olan maqlar nəsildən-nəslə din başçılığına təyin ediliblər. Maqlar adət-ənənələrinə görə digər təbəqələrdən fərqlənirdilər. Onlar xüsusi hörmət və nüfuza malik idilər.
Üç min il əvvəl (qədim salnamələrə görə, Zərdüşt Makedoniyalı İsgəndərdən 258 il əvvəl yaşayıb) Azərbaycanın cənubunda yerləşən Urmiya şəhərində Zbar dağının ətəyindəki Dərəcə çayının sahilində tikilmiş sarayda Puruşaspa adlı bir kişi yaşayırdı. Onun arvadının adı Doqdo idi. Onların Zərdüşt adlı bir oğlanları vardı. Orta əsrlərdə yaranmış "Zərdüştnamə" adlı kitabda deyilir ki, uşaqlıqda Zərdüşt yaşıdlarından heç zaman ağlamaması və daim öz gülüşü ilə evlərini ilahi nura qərq etməsi ilə seçilirmiş. Hələ uşaqlıq çağında o, öz müdrikliyi ilə seçilir, rəvayətə görə, şərə qulluq edən sehrbazların onu aradan götürmək cəhdləri həmişə uğursuzluqla nəticələnir. Erkən yaşlarından ruhanilərdən dərs alan Zərdüşt on beş yaşından kamil bir din xadimi kimi həqiqət axtarışı ilə dünyanı dolaşmağa başlayır. Otuz yaşında o, artıq yeni dinin yaradıcısı kimi peyğəmbərlik səviyyəsinə yüksəlir. Öz vətənində həmfikirlər tapmayan Zərdüşt yeni təlimini yaymaqdan ötrü şərqə tərəf üz tutur. Ağ libasa bürünüb əlinə müqəddəs od və sərv ağacından əsa alaraq şah Viştaspın sarayına yollanır və onu öz dininə gətirir. Qonşu hakimlər Viştaspın ata-baba dinindən dönməsindən narazı qalaraq, onun üzərinə hücuma keçirlər. Viştasp qələbə çalır və Zərdüştün təlimi onun ölkəsində möhkəmlənir. Viştasp Baktriyada atəşgədələr tikdirir. Öz ömrünün son illərini burada yaşayan Zərdüşt ya şər sehrbazlarının, yaxud da düşmən əsgərlərinin əli ilə öldürülür.
Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruculuğu, arzu və istəklərdə mötədilliyi təbliğ edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırır. İnsan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Yeni din - Mazdyasna (Zərdüştlük) nəinki şərqdə qələbə çalır, həm də qərbdə yayılır. Bu, dünyanın ən qədim dini idi. İlk dövlət dini kimi o, sonralar yaranmış dinlərin - İudaizmin, Buddizmin Xristianlığın, Müsəlmanlığın inkişafına əhəmiyyətli təsir göstərdi. Zərdüştilər Azərbaycanı bu dinin və Zərdüştün vətəni hesab edirdilər.
Zərdüştün təlimi oturaq heyvandarlığı və əkinçiliyi müdafiə edirdi. Bu təlim dünyada iki əbədi başlanğıcı – Xeyirlə Şər arasında daimi mübarizənin getdiyini təbliğ edirdi. Bu təlimə görə insan ömrünün mənası Əhrimənlə mübarizədə Ahura Mazdaya kömək göstərməkdir. Son nəticədə Ahura Mazda qələbə çalmalı və şəri yer üzündən biryolluq silməlidir. Zərdüştilik əxlaqı xeyirxah fikri, xeyirxah sözü, xeyirxah əməli nəzərdə tutur, səxavəti, doğruculluğu, arzu və istəklərdə mötədilliyi təbliğ edir, zülm və qanunsuzluqdan çəkinməyə çağırırdı. İnanca görə, insan odun, suyun və torpağın təmizliyini qorumalıdır. Odu və torpağı meyitlərlə murdarlamaq olmazdı. Buna görə də cəsədləri yüksəkliklərdəki daşlıq yerlərdə, yaxud belə yerləri xatırladan daxma (sükut qülləsi) adlı daş tikililərdə qoyurdular ki, qurd-quşa yem olsun. Sümüklər də torpağı murdarlamamaqdan ötrü xüsusi yerlərdə saxlanırdı...
Zərdüştilərin təlimi onların müqəddəs kitablarında - müqəddəs kitablar toplusu "Avesta"da ifadə olunub. "Avesta" Zərdüştiliyin müqəddəs kitablar külliyyatıdır, dövrümüzə tam şəkildə çatmayıb. Hesab edilir ki, "Avesta"nın tərkib hissələri, əsasən e.ə. 1-ci minilliyin 1-ci yarısında formalaşmağa başlayıb. Araşdırmaçıların fikrincə, "Avesta"nın dünyagörüşü üçün ifrat dualizm xarakterikdir. "Avesta"ya görə dünyada həm maddi, həm də xəyali olan hər şey xeyir və ya şər başlanğıca malik olmaqla iki qismə ayrılır. İnsan bu və ya digər mövqeyi seçməkdə sərbəstdir.
"Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılıb. Hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı İsgəndərin tapşırığı ilə Zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini məlumat verir ki, Zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, Zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi. Zərdüştilik kitablarının yazılı mətnlərinin mövcudluğunu nəinki qədim yunan müəllifi Pavsaninin Zərdüşt kahininin "kitabı avazla oxudugunu" yad etməsi, habelə qədim yazıçıların hələ Sokrat dövründə Zərdüştün "lokiyalarının olması haqqındakı məlumatları" da təsdiqləyir. Bəzi tədqiqatçılar Herodotun qurban verilərkən maqların teoqonik nəğmələr oxuması haqqındakı məlumatlarında da "Qat"ın – "Avesta"nın bir qisminin yazılı mətninin mövcudluğuna işarəni görürlər.
Yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə ehtiva edən və yaxud Zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış "Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olub.
Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (ola bilər, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.
Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.
İlk Sasani hökmdarı Ərdəşir Papağanın dövründə (225-240-cı illər) "Avesta"nı çox fəal surətdə toplamağa və bərpa etməyə başladılar. Güman etmək olar ki, Avesta IV əsrdə hələ göstərilmiş zamanadək imperiyanın dövlət əhəmiyyətli müqəddəs məkanına çevrilmiş Atropatenada ali kahin Mahrspandan tərəfindən kanonlaşdırılmışdı.
"Avesta" sonralar da redaktələrə məruz qalıb. Axırıncı redaktədən sonra güclü surətdə seyrəlmiş "Avesta" 21 naskdan (kitabdan) ibarət idi. Ancaq "Avesta"nın bu mətni də bizə tam şəkildə gəlib çatmayıb. "Kiçik Avesta" əsasən bizə məlum olan Böyük Avestadan seçilmiş, Zərdüştiliyə sitayiş edən şəxs üçün gündəlik həyatda zəruri olan duaların minimum məcmuəsidir. Kiçik "Avesta"ya bəzən ənənə üzrə "Yaştlar"ı da daxil edirlər. Kiçik məcmuələr və s. şəklində ayrı-ayrı "Avesta" fraqmentləri (bizə qədər gəlib çatmamış "Avesta" kitablarından) də qalıb. Mütəxəssislərin hesab etdikləri kimi, bütün bunlar Sasanilər dövründə bərpa olunmuş "Avesta"nın yalnız dörddə bir qismidir.

Uğur