Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir Layihə

Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini əks etdirir

(Əvvəli ötən sayımızda)

Şübhəsiz bu siyahını davam etdirmək olar. Lakin, sadalananlar da etnoqrafiyanın predmet sahəsinin çox geniş olduğunu təsdiq edir. Bu sahəyə azərbaycanlılarda və ölkənin başqa etnoslarında baş verən müasir sosial dəyişikliklərin etnik xüsusiyyətləri, etnik qruplarda sosial yerdəyişmələrin templəri, miqrasiya proseslərinin etnomədəni xüsusiyyətləri, ailədaxili münasibətlərin etnik spesifikası, sosial qruplarda müasir və ənənəvi mədəniyyətin qarşılıqlı münasibəti, siyasi həyatda və sosial davranışda, modernləşmə proseslərində ənənəviliyin rolu, mədəniyyətlərarası qarşılıqlı təsir, etnik şüur, avto və geterostereotiplər, etnosdaxili həmrəylik, etnik maraqlar və etnoslararası ünsiyyətə qurulmamarı, tolerantlıq və dözümsüzlük, millətçilik problemləri, etnoslararası münaqişələrin sosial və sosial-psixoloji əsasları və s. daxildir.
Bu tədqiqat istiqamətlərindən hər biri müasir Azərbaycan cəmiyyətinin formalaşma prosesində sosial-psixoloji və tarixi-mədəni xüsusiyyətlərin aşkar edilməsi üçün və Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı perspektivləri konteksti baxımından həm elmi, həm də böyük praktik əhəmiyyətə malikdir. Belə ki, son illərin tədqiqatları belə bir qənaət üçün əsas yaradır ki, hər bir xalqın keçdiyi tarixi yol müəyyən sosiomədəni sistemlə, etnik psixologiya, tarix boyu dayanıqlı dəyərlər sistemi ilə əlaqədardır. Hər bir xalqın təcrübəsi bu xalqın təkrarolunmaz tarixi simasının fərdi cizgilərini formalaşdırır.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın da qarşısında inkişaf yollarının seçimi məsələsi durur. Bu şəraitdə müasir Azərbaycan etnosunun sosiomədəni və psixoloji səciyyələrinin tədqiqinin nəticələri əsasında ictimai inkişaf modellərinin işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan göstəricilərin zəif öyrənilməsi çox zaman Azərbaycan etnosuna aid arqumentsiz və sübutsuz sosial-etnik səciyyələrin meydana gəlməsini şərtləndirir və bu da öz növbəsində spekulyativ sosial eksperimentlərin təşkili üçün zəmin yaradır. Şübhəsiz, belə olan şəraitdə etnoqrafik tədqiqatlara sosial sifariş artmalıdır və fənnin institusional təşkili və tədqiqat istiqamətləri indikindən xeyli genişlənməlidir.
Müxtəlif xalqların etnomədəni xüsusiyyətlərinin tədqiqi göstərir ki, onların bir çox nailiyyətləri, xüsusilə sosial-iqtisadi inkişafda, informasiya texnologiyalarının mənimsənilməsində, həyat fəaliyyətinin təşkilinin müasir formalarının və vasitələrinin xalqın sosiomədəni və etnopsixoloji xüsusiyyətlərinə uyğunluğu ilə müəyyənləşir. Bu kontekstdə "Azərbaycanlıların ənənəvi dəyərlər sistemində əmək fəaliyyəti anlayışı", "Ənənəvi və müasir tərbiyə və təhsil sistemi və onların Azərbaycan mentalitetində yeri", "Azərbaycanlıların həyat fəaliyyətində şəxslərarası münasibətlər sistemi" və s. kimi tədqiqat mövzularının işlənilməsi xüsusilə aktualdır. Müasir etnoqrafik tədqiqatlar əhalinin müxtəlif yaş və sosial qruplarında davranış qaydalarının və ünsiyyət formalarının dəyişməsini izləməyə və təhlil etməyə imkan yaradır. Belə ki, son illərdə sosiomədəni və siyasi-iqtisadi amillərin təsiri altında gənclərin, orta və yaşlı nəslin ənənəvi davranışında belə dəyişikliklər baş vermişdir ki, onlar sosionormativ mədəniyyətin dayanıqlı elementlərilə münaqişəyə girirlər.
Perspektivdə Azərbaycanda etnoqrafik tədqiqatlara cəlb olunmuş mövzuların əhatə dairəsi həm elmi baxımdan, həm də ki, ölkə inkişafının sosiomədəni, siyasi və iqtisadi konseptual əsaslarının işlənib hazırlanması kontekstində genişlənməlidir. Bu mövzular arasında etnos və dövlətin qarşılıqlı təsiri probleminin tədqiqi də böyük maraq kəsb edir. Bəzi alimlər hətta etnosla siyasi sistemin qarşılıqlı münasibətlərini müstəqil tədqiqat sahəsi – siyasi etnososiologiya kimi fərqləndirməyi təklif edirlər. Siyasi mədəniyyətin sosial-siyasi qaydaları, siyasi dəyərləri, hakimiyyətə yiyələnməyin yolları haqqında təsəvvürlər, siyasi davranış kimi mühüm elementləri bir çox hallarda mədəni irslə müəyyənləşir. Belə tədqiqatların predmeti kimi azərbaycanlıların hakimiyyət haqqında ənənəvi təsəvvürləri, insanlar arasında hakimiyyətlə bağlı münasibətlər, avtoritarizmin və demokratiyanın etnik xüsusiyyətləri, azərbaycanlıların ənənəvi və müasir təsəvvüründə yerli özünüidarəetmə çıxış edə bilər.
Etnoqrafik tədqiqatların obyekti kimi Azərbaycanın son onilliklərdə rastlaşdığı problemlər də durmalıdır. Belə ki, erməni təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkünlərin etnomədəni adaptasiya məsələsi aktual problemlərdən biridir. Təbii-iqlim, siyasi, iqtisadi və b. amillərin təsiri altında qaçqın və məcburi köçkünlər ənənəvi təsərrüfat vərdişlərini, ənənəvi dünya qavramasını, şəxslərarası və qruplararası ünsiyyət formalarını yeni yaşayış mühitinə uyğunlaşdırmalıdırlar.
Etnoqrafik tədqiqatların əsas istiqamətlərindən biri də Azərbaycanda müasir etnik proseslər, etnik qrupların öyrənilməsi ilə bağlıdır. Bu sahədə bir neçə istiqamətdə iş aparılmalıdır. Müasir etnoqrafik üsullarla müasir dövrün, şəhərlərin etnososial durumu, müasir etnoslararası münasibətlər, etnik qrupların etnomədəni inkişafı, etnoslararası münasibətlərin perspektivləri ilə bağlı tədqiqatlar aparılmalıdır. Bu baxımdan, milli azlıqların kompakt yaşadığı bölgələrə ekspedisiyaların təşkil olunmasına ehtiyac var. Belə ki, materialların, informasiyaların toplanması daimi хarakter almalıdır. Müasir həyat çoх dinamik templə davam edir. Proseslər çoх sürətlə gedir. Etnoslararası münasibətlərdə, etnik mədəniyyətin inkişafında, etnososial proseslərdə baş verənləri mütləq izləmək, araşdırmaq lazımdır. Bu sahədə idarəetmə orqanlarına, ictimai təşkilatlara məhz peşəkar-etnoqraflar tərəfindən verilən tövsiyələr çoх önəmlidir. Belə yanaşma, qeyd olunan sahədə yaranan müəyyən problemlərin aradan qaldırılmasına çoх böyük kömək edə bilər.
Hazırda etnoqrafik araşdırmalar yalnız ölkə daхilində məhdudlaşdırılır. Amma etnoqraflar araşdırmaların daha geniş ərazilərdə aparılmasına ehtiyac olduğunu düşünürlər. Azərbaycan türklərinin böyük hissəsinin İranda yaşadığını, Şərqi Anadoluda хeyli azərbaycanlıların olduğunu, Şimali İraqda İraq türkmənləri kimi tanınan, amma faktiki olaraq Azərbaycan türklərinin yaşadığı məlumdur. Həmin ərazilərdə də tədqiqatlar aparmaq zərurəti var.
Etnoqrafik tədqiqatlar sahəsində ən böyük və ağrılı problemlərdən biri də kadr çatışmamazlığı məsələsidir. Etnoqrafiyanın peşəkar cəhətdən tədrisi hələlik Azərbaycan universitetlərində istənilən səviyyədə deyil. Çoх təəssüf ki, akademiyaya bu sahədə tədqiqat aparmaq arzusu ilə gələn gənclər əsaslı biliklərə malik olmurlar və sözsüz ki, bu insanlar elmi əsər yazmaq əvəzinə 1-2 il elmin əsaslarını öyrənməli olurlar. İkincisi doktoranturada, dissertanturada tədqiqat işlərini aparan və müəyyən dərəcədə ümidlər verən tədqiqatçılar təəssüf ki, sonradan çoх zaman başqa, daha gəlirli yerlərə işləməyə gedirlər.
Azərbaycan etnoqrafiyasının problemlərinə, keçdiyi şərəfli yola, bu gün rastlaşdığı çətinliklərə nəzər saldıqdan sonra belə bir nəticəyə gəlmək olar ki, bu elmin inkişafı üçün təcili tədbirlər görmək lazımdır. Belə olmasa yaxın zamanlarda Azərbaycanda etnoqrafiyanın mövcud olması sual altında olacaq. Bu tədbirlər, zənnimizcə, bir neçə istiqamətdə həyata keçirilməlidir. Uzun illər etnoqrafiyanın arxeologiya ilə birlikdə bir elmi təşkilatda olması obyektiv səbəblərdən irəli gəlirdi. Azərbaycanda, Sovet İttifaqının başqa müttəfiq respublikalarında olduğu kimi, keçən əsrin 20-30-cu illərində elmi müəssisələr qurularkən yaxın, "qohum" olan elmi fənləri bir təşkilatda birləşdirilməsi müxtəlif səbəblərdən zəruri idi. Bu səbəblər arasında kadrların azlığı, elmi fənlərin predmetlərinin tam müəyyənləşdirilməməsi, zəruri vəsaitin çatışmaması və s. Lakin sonralar bu səbəblərdən bir çoxunun aradan qalxmasına baxmayaraq etnoqrafiya arxeologiya ilə bir qurumda qalmaqda davam edirdi. Belə bir vəziyyətin qalmasının səbəblərindən biri və ola bilsin əsası ondan ibarət idi ki, etnoqrafiya arxeologiya və bəzi başqa fənlər kimi tarix elmlərinə daxil edilirdi. Və hətta köməkçi bir vasitə kimi təqdim olunurdu. Bu isə etnoqrafiyanın ikinci dərəcəli bir fənn kimi elmi ictimiyyət, dövlət və ümumiyyətlə cəmiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdur. Etnoqrafiyanın ictimai və humanitar elmlər sistemində yerinə və roluna nəzər saldıqda isə belə baxışın tamamilə yanlış olduğu üzə çıxır. İlk növbədə qeyd etmək lazımdır ki, arxeologiya keçmişdə insan fəaliyyətinin maddi qalıqları əsasında tarixi öyrənən bir elmdir. Şübhəsiz əksər alimlər tərəfindən qəbul olunmuş bu cür tərif arxeologiyanı tarixi öyrənmək üçün bir vacib vasitə kimi təqdim edir. Təsadüfi deyil ki, elmlərin təsnifatında arxeologiya tarix elmləri bölməsinə daxil edilir. Arxeologiyadan fərqli olaraq etnoqrafiya qısa olaraq sosial birlik olan etnosları, onların bir sosial varlıq kimi təşəkkülünü, onların özünə məxsus mədəniyyətlərini, davranış qaydalarını, ünsiyyət formalarını və s. öyrənir.. Məhz bu səbəbdən müasir elmdə hökm sürən əsas yanaşmalara görə etnoqrafiya antropoloji elmlərə aid edilir və onun predmeti etnosların sadəcə tarixindən daha genişdir. Etnoqrafiya ilə arxeologiya arasında fərqlərə tezis formasında olsa da diqqəti cəlb etməyimizin məqsədi bu elmlərin predmetlərinin, araşdırma üsullarının, metodoloji əsaslarının fərqli olmasını vurğulamaqdır. Belə olan halda etnoqrafiyanın və arxeologiyanın bir elm kimi təşkil olunmaları, elmi institutların strukturlarının formalaşdırılması da müvafiq formada fərqli olmalıdır. Hazırda bu iki elmi fənnin bir təşkilatda cəmləşdirilməsi, zənnimizcə, həm etnoqrafiyanın, həm arxeologiyanın müasir tələblərlə inkişafına maneələr törədir. Belə olan halda etnoqrafiyanın müasir tələblərə uyğun Azərbaycan üçün strategiyasını işləyib hazırlamalıyıq.

Cavid