Qloballaşma şəraitində mədəniyyətlərarası dialoq Layihə

Qloballaşma şəraitində mədəniyyətlərarası dialoq

Bu məhfum dünya birliyinin və sülhün saxlanılması üçün mühüm anlayışa çevrilmişdir

I yazı

Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını böyük dərəcədə qloballaşma müəyyənləşdirəcəkdir. Qloballaşma yeni dövrdə bütün dünya dövlətlərini mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur. Bunlar qloballaşmanın nə qədər vacib, diqqət mərkəzində dayanan bir sahə olduğunu göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının dosenti Murtəza Həsənov yazır ki, qloballaşma termini etimoloji cəhətdən latın termini olan "qlobus", yəni Yer kürəsi sözü ilə əlaqədardır. Bu və ya digər proseslərin ümumi-planetar xarakter daşıdığını ifadə etdiyini göstərir. Elmi ədəbiyyatlarda XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah etmək üçün "qloballaşma" terminindən ilk dəfə 1967-ci ildə istifadə edildiyi bildirilir. Müasir anlamda termin kimi isə "qloballaşma" 1980-ci illərin ortalarında dövriyyəyə buraxılmış və intellektual elita tərəfindən qəbul olunmuşdur. Qloballaşma termininin meydana gəlməsini professor Teodor Levitin adı ilə bağlayırlar. O, 1983-cü ildə "Harvard biznes revyu" jurnalında çap etdirdiyi "Bazarların qloballaşması" məqaləsində bu terminlə transmilli korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bir-birinə qovuşması fenomenini ifadə etmişdir.
Müxtəlif tədqiqatçılar tərəfindən multikulturalizm tipləri, növləri, formaları və səviyyələri haqqında fikirlər yürüdüblər. M.Tolostanov multikulturalizmin tiplrini belə analiz etmişdir:
1. Liberal – bu tipin əsas məsələsi mədəni qrupların müxtəlifliklərinin qorunması eləcədə bərabər hüquq və azadlıqların əsasında birgə yaşayış imkanı yaratmaqdır. 2. Radikal – bu tipdə əsas məqsəd millətlərarası fərqliliyə fikir vermirlər, lakin onlar arasındakı münaqişəni radikal yolla həll edirlər. Həmçinin həmin millətlərin dini inanclarını sıxışdırırlar.
3. Konaervativ (bəzən liberalda adlanır).
Başqa bir tədqiqatçı E.Litvinenko multikulturalizmi iki növə bölür: üzvü və simulyasiya. Üzvü multikulturalizm ideoloji tutum və onlara etirazsız riayət ilə xarakterizə olunur. Simulyasiyanın özünə xas xüsusiyyətləri vardır. Burada digər azsaylı xalqların adət və ənənələri qorunub saxlanılır, yalnız bu, həmin millətin adət və ənənələrinə zidd olmamalıdır.
Multikulturalizmin formaları haqqında anlayışı N.Qleyzer irəli sürmüşdür:
1. Əlavə- Köçəri multikulturalizmin bir növüdür.
2. Transmissiya - Qleyzerə əsasən ABŞ tarixi yenidən yazılır. Burada əsas rolu diskiriminasiya olunmuş irqlər və etikalar rol oynayır.
3. Afroçentizim- əsas məqsədi ondan ibarətdir ki, Amerikada yaşayan afrikan amerikalıların təhsillərinin yüksəldilməsi, onların hüquqlarının bərpa edilməsi və öz millətləri ilə eyni hüquqlara malik olmalarına çalışmasıdır. İndi Amerikanın ağ gəncləri afrikan amerikalının pop mədəniyyətinə baş əyirlər. 1970-ci ildən bəri güclü sürətdə afrikan amerikalı pop mədəniyyəti inkişaf etdi. Bu əsasən Reggi stilindən sonra inkişaf etdi.
Tədqiqatçı A.Kropyatnik multikulturalizmin üç səviyyəsini müəyyən edir: Diskriptik (demoqrafik) – miqrasiya prosesində milli cəmiyyətlərin demoqrafik və etnomədəni parametrlərinin dəyişikliklərini təsvir etmək üçün cəhd edir. Nəticədə multikulturalizm çox mədəniyyətli cəmiyyətdə etnik və mədəni qrupları inteqrasiya mədəniyyəti kimi başa düşülür. İdeoloji - bu səviyyədə milli ideologiyaya fərqli tərəflərdən baxılır. Eləcə də mədəniyyətlərarası komunikasiya etnik və mədəni dəyərlərin paylanmasıdır.
Politik – multikultural sosial və siyasi səviyyədə pluralizm məsələsini həll etmək üçün bir siyasət kimi baxılır. Azlıq qrupların sosial vəziyyətlərini iyerarxiyasında kompromisi tapmaq üçün bir yol təklif edir. Eləcə də, dövlət ərazisində immiqrant və mədəni qruplara dəstək üçün müxtəlif proqramların həyata keçirilməsi daxildir. Mədəniyyət, fərdi inkişaf, sosial inteqrasiya, iqtisadi böyümə, məşğulluğun artırılması, yenilik və rəqabət gücü baxımından önəmli bir faktordur. Dövlətlər arasında mədəni əməkdaşlığın, qarşılıqlı anlayışın inkişaf etdirilməsi; xalqların iqtisadiyyatdan faydalanmasını və bölgədəki cəmiyyətlərin inkişaf xüsusiyyətlərinə sahib olmasını təmin etməklə, daha geniş əməkdaşlıqlar qurulur və bölgədəki xalqlara müsbət təsir edilə bilir.
Son illərdə beynəlxalq ictimaiyyətdə özünü göstərən qütbləşmələr, lazımı anlayışın göstərilməməsi və ayrı-seçkiliyin yaratdığı təhlükəli nəticələr, belə bir işi daha da vacib etmişdir. Bu təhlükələrin dialoq və əməkdaşlıq yolu ilə qarşısının alınması üçün beynəlxalq cəmiyyətin birlikdə hərəkət etməsi lazımdır. Yalnız nəzəri məlumatlarla deyil, insani təmaslar vasitəsilə də cəmiyyətlərin bir-birlərini daha yaxşı tanımalarını təmin etməliyik. Mədəni əməkdaşlıq və ticarət, dialoqa və inama söykənən konstruktiv, davamlı əlaqələrin təşviq edilməsində böyük rol oynayır. Bu, qarşılıqlı mədəniyyətlər arasında ünsiyyəti və hörməti özü ilə gətirməklə öz dəyərlərinin daha yaxşı başa düşülməsinə və şablon düşüncələrə olan meyilliliyin azaldılmasına kömək etməkdədir. Avropa İttifaqı altında birləşən 28 ölkə və bundan daha çox sayda olan mədəni qruplar arasındakı mədəniyyətlərarası dialoq konfliktlərin və vətəndaşların öz mədəniyyətlərindən təcrid olunmasının qarşısının alınmasında əsasdır. Avropa Komissiyası xüsusilə, Avropa Mədəniyyətlərarası Platformu və Mədəni Proqram vasitəsilə mədəniyyətlərarası dialoq barədə müxtəlif təşəbbüsləri dəstəkləyir və öz boynuna götürür. Ötən bir neçə il ərzində mədəniyyətlərarası dialoqun özək hissəsini Avropanın ən böyük milli azlıqlarından olan qaraçılar ilə münasibətlər təşkil etmişdir. Bu əsasda Avropa Komissiyası qaraçılara qarşı diskriminasiyaya son qoymaq üçün müxtəlif layihə və təşəbbüslər həyata keçirmişdir. Dünyanın mədəni zənginliyi onun dialoqdakı müxtəlifliyidir. Hər bir mədəniyyət öz köklərinə bağlıdır, ancaq digər mədəniyyətlə qovuşarkən onun çiçəklənməsinə mane yaratmamalıdır. UNESCO-nun əsas missiyalarından biri də dünyadakı bütün mədəniyyətlər üçün azad mühit şəraiti yaratmaqdır. Buna görə də, bu, hər bir mədəniyyəti müəyyən təcrid daxilində eyniləşdirmək və qorumaq məsələsi deyil, onları canlandırmaq üçün ayrı-seçkiliyin qarşısının alınması və münaqişələrin həll edilməsidir. Mədəniyyətlərarası dialoq məhfumu qloballaşma və hazırki siyasi mühit daxilində yeni məna kəsb etməyə başlamışdır. Belə ki, bu məhfum dünya birliyinin və sülhün saxlanılması üçün əsasa çevrilmişdir. Bütün mədəniyyətlərin qarşılıqlı anlayışına, hörmətinə və bərabər layaqətə əsaslanan, sivilizasiyalar, insanlar və mədəniyyətlərarası ədalətli mübadilə və dialoq sosial birliyin yaradılması, insanlar və xalqlar arasında barış və sülhün əldə edilməsində əsas rol oynayır. Bu fəaliyyət BMT-nin Sivilizasiyalar Alyansı proqramının tərkib hissəsini təşkil edir. Beynəlxalq dinlərarası münasibətlərin də yer aldığı beynəlxalq mədəniyyətlərarası dialoqun yaradılması müddətində əsas diqqət mədəni plüralizmin yerli, regional və beynəlxalq səviyyədə təcrübələrlə inkişaf etdirilməsi, ekstremizm və fanatizmin qarşısının alınaraq, insanları bir araya gətirən dəyərlərin və prinsiplərin inkişaf etdirilməsidir. Mədəniyyətlərin müxtəlifliyi, miqrasiyanı özü ilə gətirmək, müxtəlif milli və digər azlıqların mədəni kimlik iddiasının, müxtəlif regionlar arasında böyüyən asılılığın və informasiya və kommunikasiya mediasının inkişafının əsas şərtidir.
Mədəni müxtəliflik həmçinin, inkişaf etdirilməsi və adekvat idarə edilməsi tələb olunan, sosial, iqtisadi və siyasi problemlər də yaradır. Mədəni müxtəliflik özü ilə qorxu və imtinaları da gətirir. Stereotiplər, irqçilik, ksenofobiya, dözümsüzlük, ayrı-seçkilik və zorakılıq müxtəlif milli və yerli icmaların sülh içində yaşamasını təhdid edə bilir. Mədəniyyətlərarası dialoq zorakılıq və imtinaların qarşısının alınmasının ən qədim və fundamental həll yoludur. Bunun məqsədi hər birimizin multikultural dünya içində sülh və konstruktiv yaşamağımızı təmin etməkdir.
Mədəniyyətlərarası dialoq həmçinin, problem və konfliktlərin, insan haqqlarına, demokratiya və qanunun aliliyinə hörmətin artırılması yolu ilə qarşısını alan alət rolunu oynayır. Əsas etibarı ilə, aşağıdakı məqsədlər qeyd edilə bilər:
- Dünya görüşlərini bölüşmək, bütün dünyanın bizimlə eyni prespektivdə olmadığını bilmək və öyrənmək;
- Müxtəlif mədəni adətlər və anlayışlar arasındakı oxşar və fərqli cəhətləri ortaya çıxarmaq;
- Konsesusa nail olmaq, hansı ki, mübahisələr zorakılıq yolu ilə həll edilməməlidir.
- Sosial və siyasi baxışlarda vacib düzəlişlər edilərək, mədəni müxtəlifliyi demokratik şəkildə idarə etmək;
- Müxtəlifliyi təhdid və zənginlik kimi qavrayan iki hissə arasında körpü yaratmaq;
- Mədəniyyətlərarası dialoq, sosial müxtəlifliyin idarə edilməsi və inkişaf etdirilməsi sahəsindəki təcrübələri bölüşmək;
- Bu sahədəki layihələri inkişaf etdirmək.

Cavid