Milli tarixə dini və elmi ehkamçı yanaşmalar Layihə

Milli tarixə dini və elmi ehkamçı yanaşmalar

"Milli düşüncə tarixi anlamında hər hansı millətin etnik, dini və siyasi kimliyinə yanaşmalarla, dini düşüncə və elmi düşüncə anlamında yanaşmalar xeyli dərəcədə fərqlidirlər. Bizcə, birinci halda hər hansı millətin həyatında daha çox təbii və həqiqi (milli özünəməxsusluqlar) olanlar sonradan ona həyatına daxil olanlar (qeyri-milli özünəməxsusluqlar) üzərində daima özlərinin üstünlüklərini qorumağa çalışırlarsa, ikinci halda millətin həyatına sonradan daxil olanların (qeyri-milli özünəməxsusluqlar) onun təbii və həqiqi olanlarını (milli özünəməxsusluqları) öz içində əridilməsinə əngəl olmurlar". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Qəzənfəroğlu bildirib. O əlavə edib ki, əgər məsələyə bu prizmadan yanaşsaq görərik ki, milli düşüncə tarixi baxımından hər hansı bir xalqın milli özüməməxsusluqlarını (milli din, milli adət-ənənələr, milli dövlətçilik, milli qanunlar vəs.) qeyri-müəyyən ilk başlanğıcdan bugünədək qoruyub saxlaması demək olar ki, inandırıcı görünmür ya da çox az inandırıcılıq ola bilər: "Ancaq buna iddia edənlərin olması da istisna deyildir. Hər halda milli özünəməxsusluqlarına, yəni öz ilkin başlanğıcdakı milli, dini, siyasi-hüquqi dəyərlərini daima qoruyub saxladıqlarını iddia edən az sayda da olsa, ulusların olmasını inkar edə bilmərik. Bu cür iddiadan çıxış edən uluslara görə, onlar daima milli özəlliklərini qoruyub saxlamış, ancaq milli özünəməxsusluqlarından başqa ulusların yararlanmasının tamamilə əleyhdarı olmayıb.
O zaman belə bir fikir daha çox inandırıcı, məntiqəuyğun görünür ki, əksər hallarda bizə bəlirsiz ilk başlanğıcdan bugünədək qeyri-milli özünəməxsusluqlarla (yad dinlər, yad mədəniyyətlər vəs.) milli özünəməxsusluqlar (milli dinlər, milli mədəniyyətlər, milli törələr vəs.) arasında daima qarşılıqlı mübadilələr olmuş, bunun da nəticəsində istənilən millətin etnik, dini, mədəni, fəlsəfi və siyasi-hüquqi həyat axarında ya qismən, ya orta səviyyədə, ya da tamamilə dəyişiklər baş vermişdir. Yəni bu gün dünyada elə bir millət tapa bilməzsiniz ki, onun qurduğu dövlət, mədəniyyət, ədəbiyyat, fəlsəfə ən cüzi şəkildə də olsa, başqa bir millətin ya da millətlərin dini, siyasi, əxlaqi, fəlsəfi düşüncələrinin təsirindən kənarda qalmış olsun. Belə olduğu təqdirdə, milli düşüncə tarixinin "elm tarix" kimi ortaya qoyduğu tarixin özü də nisbi xarakter daşımalıdır. Bizcə, bugünkü Qərb ya da Avropa qaynaqlı elm tarixindən baxdıqda milli düşüncə tarixinin bu ruhda öz əksini tapdığını da görməmək mümkün deyildir".
Onun sözlərinə görə, hər halda iki əsrə yaxındır ki, Qərb-Avropa qaynaqlı elm tarixin ortaya qoyduqlarının nəticəsi olaraq zor və ya xoşluqla hər hansı bir xalqın bu gün "milli tarix" dediyi əslində başqa bir millətin tarixi, ya da onun tarixinin bir hissəsi olduğu halda, yaxud da tamamilə əksinə, başqa bir xalqın tarixi hesab edilən isə, həmin xalqın əsil milli tarixi ola bilir: "Deməli, dini düşüncə tarixi dövründə bir xalqa aid milli tarixə dini don geyindirmək adi bir hal idisə, son iki əsrdə isə Qərbin "elm tarixi" adı altında bir xalqın milli tarixi yad bir xalqın tarixinin tör-töküntüləri ilə doldurulur. Qərbin "elm tarixi"nin ehkamçılığıyla da xalqın böyük əksəriyyəti "milli tarix" olaraq ona sırınmış yad bir xalqın tarixinin bütününü ya da tör-töküntülərini, hətta bu anlamda mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini də özününkü hesab etmiş olur. Bu zaman da yalnız məsələnin əsil mahiyyətinə varan tək-tük araşdırmaçılar yadlaşdırılmış milli tarixlə doğmalaşdırılmış saxta "milli tarixi" görürlər ki, belələrinin qarşısında da Qərbin ehkamçı elm tarixiylə silahlanmış böyük bir "milli tarix"çi ordusuyla mübarizə etmək vardır. Şübhəsiz, bütün bunlardan əziyyət çəkənlər isə doğma tarixinə, fəlsəfəsinə, ədəbiyyatına yad, yadların tarixinə, ədəbiyyatına, fəlsəfəsinə "doğma" gözlə baxan yeni nəsillər olur.
Bütün bunlar da ona gətirib çıxarır ki, hətta kosmopolitizmin radikal əleyhdarları olan milli tarixçilər belə fərqinə varmadan, ona sırınmış sözdə "milli tarix"i qoruma düşüncəsiylə istər-istəməz yadelli ideologiyalara xidmət etmiş olurlar. Çünki sözdə "milli tarix" milli tarixçilərin qələmiylə yazılıb xalqın şüuruna yeridildikdə inandırıcılıq birə min qat artır. Bir millət üçün zərərli olan yadların yazdığı tarixi-ideoliji düzməcələr deyil, öz soyundan olan ya da belə görünən tarixçilərin, fəlsəfəçilərin, ədəbiyyatçıların, dilçilərin "milli tarix", "milli fəlsəfə", "milli dil", "milli ədəbiyyat" adı altında yazdıqları çox təhlükəlidir. Milli tarixçilərin, milli fəlsəfəçilərin, milli dilçilərin yazdığı sözdə "milli tarix", "milli fəlsəfə", "milli dil", "milli ədəbiyyat"kitablarının əsasında xalq keçmişinə baxanda orada ona aid olan ya da olmayan hər şeyi qəbul etmək zorunda qalır.
Bu o deməkdir ki, böyük bir hörümçəyin hördüyü tordan xilas olmaq nə cür mümkündürsə, hər hansı bir xalqa hörülmüş "milli tarix", "milli fəlsəfə", "milli dil", "milli ədəbiyyat" torundan da qurtulmaq bir o qədər mümkün görünür. Bu baxımdan millətin içindəkilərin əliylə qələmə alınmış sözdə "milli tarix", "milli fəlsəfə", "milli ədəbiyyat" üzərində daha çox düşünməliyik. Biz bu gün sözdə "milli tarix"in, "milli fəlsəfə"nin, "milli dil"in, "milli ədəbiyyat"ın hansı mahiyyətdə yazıldığını bildiyimiz halda Manna, Sacilər, Səfəvilər, Əfşarlar, Qacaralar dönəmlərində nədən bu qədər dolaşıqların olmasını anlamaqda çətinlik çəkməməliyik". O deyib ki, əgər bu gün Qərbin-Avropanın ehkamçı tarixşünaslıq konsepsiyası adı altında, bir millətin tarixi gözümüzn önündə saxtalaşdırılırsa, onun dili, mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatı "beynəlmiləl" ya da kosmopolit bir hala gətilirsə, o zaman Manna, Sacilər, Səfəvilər, Əfşarlar, Qacarlar və başqalarının dönəmində dini ya da məzhəbçilik düşüncələriylə eyni şeylərin baş verməsi təəccüblü deyildir: "Sadəcə, Orta çağda "milli tarixi", "milli fəlsəfə"ni müəyyənləşdirən bir müddət İslam dini ya da ona aid məzhəblərin ehkaşmçılığı idisə, iki əsrə yaxındır bu funksiyanı Qərbin "elm tarixi" öz üzərinə götürmüşdür. Bizlər də, bu gün əsasən əski, antik, orta çağ dövlətlərimizə, eyni zamanda həmin dövlətlərimiz dönəmindəki fəlsəfəyə, ədəbiyyata, mədəniyyətə, etnik məsələlərə ya Qərbin ehkmaçı "elm tarixindən" ya da öz təsrini tamamilə itirməmiş İslamlıq, Xristianlıq və onlara aid məzhəblərin ehkamçı tarixlərindən yanaşırıq.
Bizcə, bu günün rəsmi xarakterli Rusiya tarixi, İran tarixi, Azərbaycan tarixi və başqa xalqların tarixlərində dini düşüncə və "elm tarixi"nin izləri sürməkdədir. Şübhəsiz, "dini və elmi" ehkamçı kosmopolit mahiyyətli bu tarixlərdəki "milli çalarlar" isə onun bəlirsiz başlanğıcdan bu günədək izlənən bir ulusun tarixiylə deyil, dövrün siyasi, dini və qlobal şərtlərinə uyğun olaraq öz əksini tapmışdır. Bu baxımdan bizi xüsusilə maraqlandıran "dini və elmi" ehkamçı kosmopolit mahiyyətli "Rusiya milli tarixi" və "İran milli tarixi" konsepsiyasının təsir dairəsindən kənara çıxa bilməyn yarımçıq "Azərbaycan tarixi" deyil, bütöv Azərbaycanın, Oğuzun ya da Turanın milli tarixidir.
Biz, bunun üçün əsasən milli düşüncə tarixi baxımından etnik, dini və siyasi tariximizə yanaşmalıyıq. Çünki yalnız milli düşüncə tarixi baxımından bəlirsiz zaman başlanğıcından günümüzədək yaşanmış olan Oğuz ya da Turan tarixi, o cümlədən onun ayrı-ayrı budaqları olan Türkiyə Türk tarixi, Azərbaycan Türk tarixi, Türküstan Türk tarixi, Tatarıstan Türk tarixi, Kırım Türk tarixi və başqa tarixlərimiz bizə doğru yol göstərə bilər. Çünki orta çağın dini (islam, xristianlıq vəs.) düşüncəli, ya da indi Qərbin "elm" düşüncəli tarixləri bizləri yanlış yerlərə sürükləyir. Hər ikisində milli nüvədən uzaqlaşma, yad nüvələrə (kosmopolitizmə) əsaslanma vardır. Bizim, milli düşüncə tarixi anlamındakı milli nüvəmiz nə dini məzhəbçi, nə də Qərb əsaslı "elm" tarixi olmamlıdır. Çünki vaxtilə din düşüncəli tarixin "milli nüvəsi" Türk dövlətlərini idarə edən sülalələrin mənşəyini dolaşdırdığı kimi, indi də Qərbin "elm tarixi" eyni rolu başqa bir formada təkrarlamaqdadır.
Bu anlamda Quti, Manna, Atabəylərə, Baharlılara, Bayandurlulara, Səfəvilərə, Qacarlara, Əfşarlara və digər dövlətlərmizə Qərbin elmi mahiyyətli "milli tarix" konsepsiyasından yanaşmaq da nisbidir. Çünki "milli tarix"in özü də bir çox hallarda zahiri xarakter daşıyıb əslində burada siyasi-ideoloji amillər aparıcı rol oynayır. Bütün hallarda hazırda bir dövlətin etnik, siyasi və dini kimliyi Qərbin ehkamçı "elm tarixi"nin nisbiliyi fonunda "milli tarix"lə ifadə olunur. Ona görə də, islamlığın dini ehkamçılığıyla qərbçiliyin elm ehkaşmçılığı arasında milli tarix yazmaq heç də asan deyildir. Ancaq bu indiyə qədər başqa xalqların adına yazılmış Azərbaycan Türk dövlətlərinin (Quti, Manna, Atabəylərə, Baharlılara, Bayandurlulara, Səfəvilərə, Qacarlara, Əfşarlara və b.) tarixinə yenidən nəzər salınmasına əngəl olmamalıdır".