“Azərbaycanın yerli sakinləri olan etnik qruplar ikiləşmə faktı ilə qarşılaşmırlar” Layihə

“Azərbaycanın yerli sakinləri olan etnik qruplar ikiləşmə faktı ilə qarşılaşmırlar”

"Onlar həm coğrafi məkan baxımından, həm tarixi, həm milli-siyasi, həm də milli-mənəvi baxımdan azərbaycanlıdırlar"


Əvvəli ötən saylarımızda



"Yeni əsr və yeni minillikdə, bəşəriyyət özünüdərk məqamının astanasında olduğu bir vaxtda, qloballaşma şəraitində millət daha bir sınaq qarşısındadır. Daha böyük miqyaslı, mütəşəkkil ictimai sistemin özünüdərk səviyyəsindən baxdıqda bəşəriyyətin tarixən keçmiş olduğu yola bir işıq düşür, ayrı-ayrı xalqların, məmləkətlərin bəlkə də özünü dərk etmədən keçdikləri yollar indi artıq ilkin bir ideyanın reallaşması prosesi kimi, ictimai-tarixi zərurət kimi nəzərimizdə canlanır. Böyük mütəfəkkir Kantın bəşəriyyətin inkişaf tarixinə təbiətin özünüdərk və özünütəsdiq prosesi kimi yanaşması, Hegelin ictimai inkişafı mütləq ideyanın reallaşma aspektlərindən biri kimi təqdim etməsi, Herderin ümumdünya tarixinin vahid konseptual sistemini yaratmaq cəhdləri ona görə real, pozitiv nəticələrə gətirə bilmirdi ki, bəşəriyyət hələ özünüdərk üçün yetişməmişdi. Bu təfəkkür nəhəngləri sadəcə olaraq zamanı qabaqlamağa çalışırdılar. Zaman isə öz ritmindən kənara çıxmırdı. Lakin bu gün o vaxt artıq gəlib çatıb". ". Bu fikirləri filosof, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Səlahəddin Xəlilov səsləndirib. O deyib ki, indi hər bir millət, hər bir xalq, hər bir məmləkət özünün ən böyük fikir sahiblərinin simasında bir tərəfdən bəşəriyyətdə, planetdə gedən proseslərin anlaşılmasına çalışır, digər tərəfdən öz millətinin, öz xalqının, öz dövlətinin bu yeni mənzərədə, planetin bu yeni coğrafi- iqtisadi, siyasi xəritəsində, fəlsəfi fikrin yeni zirvəsindən düşən işıq fonunda nəzər salır: "Lakin kimlərsə bu yeni şansı vaxtında dərk edir və qloballaşan cəmiyyətə şüurlu surətdə, ağlı başında, özünü dərk etmiş halda daxil olmağa çalışır. Kimlərsə hələ də qəflət yuxusundadır. Böyük miqyaslı inteqrasiya prosesləri, qloballaşma dalğaları özünü dərk etməyənləri, hətta böyük xalqları belə qarşısına alıb aparmaq, içərisində əritmək əzmindədir. Belə tarixi sınaq məqamında əhalinin çoxluğu, məmləkətin böyüklüyü deyil, onun sükanı arxasında kimin dayanması daha önəmlidir. Əsas məsələ həmin tarixi sınaq məqamında xalqın içərisindən çıxmış və onun milli mənafeyini dərk etmək və qoruyub saxlamaq iqtidarında olan mütəfəkkir liderin mövcudluğudur. Planetin bugünkü mənzərəsi heç də yalnız siyasi və iqtisadi maraqların kəsişdiyi bir meydanı xatırlatmır. Bu meydanda həm də milli ideyalar qarşılaşır. Ən böyük qabiliyyət də siyasi, iqtisadi maraqlarla yanaşı milli maraqların da qorunub saxlanmasına nail olmaq və millətlər birliyinə öz simasını itirmədən daxil olmağı bacarmaqdır. Düzdür, bunu əngəlləyən qüvvələr çoxdur. Lakin şəxsiyyətin böyüklüyü də özünü məhz belə çətin vəzifələrin həllində göstərir. Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük mənası çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb, çox dərin köklərə malik olan mükəmməl bir fəlsəfi konseptual sistemin ifadəsidir. Məqsəd bu ideyanı açmaq və bütün xalqın, bütün dünyada yaşayan azərbaycanlıların bu ideyaya yiyələnməsinə çalışmaqdır".
Onun fikrincə, milli ideologiyamızın tərkib hissələri olan bir sıra mühüm cəhətlər; mədəni-mənəvi amillər, adət-ənənə, mentalitet, dini dəyərlər və s. vahid blok halında – azərbaycançılıq adı altında birləşdirildikdə milli ideologiya özünün daha yığcam və konkret ifadəsini tapmış olur: "Azərbaycançılığın məzmununa daxil edilən müxtəlif amillər üçün birləşdirici, inteqrativ rol oynayan ən mühüm amillərdən biri dildir. Azərbaycançılığın əsasında Azərbaycan dili dayanır.
Poeziya da, şifahi xalq ədəbiyyatı da, mahnılarımız da, epik düşüncə və siyasi təfəkkür də – dillə sıx surətdə bağlıdır. Dil ümumiliyi həmin dildə yaradılmış mədəni sərvətlərin də ümumiliyinə, bədii-estetik düşüncənin də vəhdətinə səbəb olur. Təsadüfi deyildir ki, türk xalqları öz mədəniyyətləri, ədəbiyyatları ilə də sıx surətdə bağlıdırlar. Bir sıra hallarda eyni bədii-estetik abidələrə malikdirlər. "Dədə Qorqud", "Koroğlu", aşıq ədəbiyyatı və s. buna misal ola bilər.
Lakin bununla belə, əvvəla, dillərin hər halda fərqlənməsi, qarşılıqlı təsir və ənənəvi dinamik əlaqələrin müəyyən sərhədlər daxilində daha güclü olduğunu göstərir. Türk dili qollara ayrıldığı kimi, türk mədəniyyəti də bölgələr üzrə özünəməxsus cəhətlərə görə seçilir. Dil nə qədər böyük rol oynasa da, milli birliyin yeganə göstəricisi deyil. Burada təfəkkür tərzi, ictimai şüurun səviyyəsi, adət-ənənə, dini etiqad, həyat tərzi mədəni-mənəvi abidələrin, xüsusən yazılı ədəbiyyatın, fəlsəfi fikrin siyasi və iqtisadi təfəkkür mədəniyyətlərinin də nəzərə alınması lazımdır. Coğrafi şərait, iqlim və relyeflə bağlı həyat tərzində özünü göstərən xüsusiyyətlər və bunlardan irəli gələn rituallar, mərasimlər, bayramlar və s. də az əhəmiyyətli deyil. Əslində həyat tərzinin, zövqün, bədii-estetik, hətta mifik və fantastik düşüncənin, müqəddəslik duyğusunun, düşüncədə rasionallığın dərəcəsinin, kütləvi tədbirlərin, etnik xüsusiyyətlərin, ənənəvi geyimlərin, musiqilərin, rəqslərin – bütün bunların qərarlaşması, ənənəviləşməsi və ictimai şüurla vəhdəti ərazi ilə, iqlim şəraiti ilə, üstün təsərrüfat növləri ilə, texnoloji inkişaf səviyyəsi ilə də bağlıdır. Lakin coğrafi amil, ərazi də, etnogenez də milli müəyyənlik məsələsində əsas kimi götürülə bilməz. Ziya Göyalpın dediyi kimi, millilik müasir vəziyyətə görə və ilk növbədə kültür və mədəniyyət ümumiliyi əsasında təyin edilməlidir".
Onun fikrincə, düşüncə tərzi, mənəvi mədəniyyət, əxlaqi normalar bütövlükdə nisbi müstəqilliyə malik olduğu üçün bir ərazidən başqa əraziyə keçdikdə insanlar əvvəlki maddi mühitin təsiri ilə formalaşmış mənəvi keyfiyyətləri, bayramları, ritualları və s. özləri ilə daşıyırlar ki, bu da maddi mühitlə mənəvi keyfiyyətlər arasında uyğunsuzluqlar yarada bilir: "Din coğrafi bölgələrdən asılı olmadan yayılır və hamı üçün eyni olan ehkamların, ayinlərin ümumiləşdirici rolu özünü göstərir. Şəriət də ərazidən asılı olmadan əsasən saxlanılır. Dil də insanlar bir yerdən başqa yerə köçərkən o saat yaddan çıxmır və uzun bir dövr ərzində lokal mühitlərdə, ailələrdə saxlanmaqda davam edir. Başqa ölkəyə köçmüş insanlar üçün rəsmi dil, işlək dil dəyişsə də, ana dili məhz mədəni-mənəvi irsin açarı kimi qorunub saxlanılır. Coğrafi məkan dəyişilir, siyasi məkan dəyişilir, vətəndaşlıq dəyişilir, ixtisas, təsərrüfat fəaliyyəti, rasional düşüncə, peşə vərdişləri və s. – bütün bunlar dəyişilir, mənəviyyat isə uzun müddət sabit qalır. İnsan yaşadığı yeni ictimai mühitin əxlaq normalarına, yeni meyarlara, ilk növbədə hüquq normalarına riayət etmək məcburiyyətində qalır. İctimai münasibətlərdə bir cür, özü ilə ünsiyyətdə isə başqa cür olur. Qürbət eldə beyinin tələbləri ilə qəlbin tələbləri, rasional düşüncə ilə hissiyyat arasında yaranan uyğunsuzluq, daxili mənəvi mühitlə, xarici ictimai mühitin tələbləri arasındakı mücadilə insanın tam xoşbəxt olmasına mane olur. İnsan özü ilə bir nisgil, vətən həsrəti daşıyır. Hüquqi-siyasi Vətənlə milli-mənəvi Vətən arasındakı fərq insanı ikiləşmək, özgələşmək təhlükəsi qarşısında qoyur. Lakin insan xarici ölkədə də yaşasa, əgər o, öz daxili mənəvi mühitini qoruyub saxlayıbsa, bu mühitin böyük miqyaslı proobrazı ilə – Böyük Vətənlə əlaqə, Vətənə xidmət etmək imkanı bu faciəni kompensasiya etməyə, dəf etməyə şərait yaradır".
Onun fikrincə, müstəqil Azərbaycan Respublikasının mövcudluğu xaricdə yaşayan azərbaycanlılara öz lokal mədəni-mənəvi mühitlərini Böyük Vətən hesabına müntəzəm surətdə akkumuliasiya etmək imkanı verir: "Bunun üçün isə müntəzəm əlaqələrin yaradılmasına böyük ehtiyac vardır. Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının I qurultayı məhz belə bir missiyaya xidmət edirdi.
Almaniyada yaşayan bir azərbaycanlının, o, Almaniya vətəndaşı olsa belə, ürəyində Azərbaycan həsrəti, azərbaycanlıya məxsus milli-mənəvi dəyərlər gəzdirməsi heç də alman pasportuna xəyanət kimi dəyərləndirilə bilməz. O, bir Almaniya vətəndaşı kimi üzərinə düşən siyasi-hüquqi vəzifəni yerinə yetirir və bununla da, öz vətəndaşlıq borcuna sadiq qalır. Dövlət öz vətəndaşı qarşısında, konstitusiya və qanunvericiliyə uyğun olaraq tələblər qoyur. Xüsusən Avropa ölkələrində, Qərb dünyasında artıq ictimai şüur nəzəri şüur səviyyəsinə daha geniş miqyasda qalxmış olduğundan və hüquq əxlaqı daha çox dərəcədə əvəz etdiyindən ürəyin başqa bir Vətənlə bağlı olması məsələsi bir problem kimi ortaya çıxmır. İkili standartlara yol verməmək üçün xaricdə yaşayan bir azərbaycanlının Azərbaycan sevgisindən, həsrətindən bəhs etdiyimiz və ona haqq qazandırdığımız kimi, Azərbaycanda yaşayan bir alman və ya rusun da vəziyyətini düzgün təsəvvür etməyə çalışmalıyıq. Azərbaycanda yaşayan, Azərbaycan vətəndaşı olan başqa millətlərin nümayəndələri: ruslar, ukraynalılar, gürcülər və s. Azərbaycan qanunlarına əməl etməklə və öz fəaliyyətlərində Azərbaycanın dövlət maraqlarına xidmət etməklə yanaşı Rusiyanı, Ukraynanı, Gürcüstanı da sevirlərsə və bu ölkələri öz ikinci Vətəni hesab edirlərsə burada təəccüblü və qorxulu heç nə yoxdur. Burada sadəcə olaraq, vətən anlayışının hüquqi-siyasi və hissi-mənəvi rakursları müxtəlif ünvanlarla üzə çıxır və buradakı ikiləşmə təhlükəsinin qarşısını almaq üçün olduqca incə, dəqiq milli siyasət aparılmalıdır. Azərbaycanın yerli sakinləri olan etnik qruplar ikiləşmə faktı ilə qarşılaşmırlar. Onların – talışlar, kürdlər, tatlar, lahıclar və başqalarının milli-siyasi Vətəni ilə doğma Vətəni, mədəni-mənəvi məkanları arasında heç bir fərq yoxdur. Onlar həm coğrafi məkan baxımından, həm tarixi, həm milli-siyasi, həm də milli-mənəvi baxımdan azərbaycanlıdırlar. Yeni dövrdə azərbaycanlıların bir millət olaraq formalaşmasında, milli-siyasi özünüdərk prosesində, türk mənşəli azərbaycanlılarla yanaşı, talış, kürd və s. müxtəlif mənşəli azərbaycanlılar da eyni mənəvi hüquqla və eyni əzmlə iştirak edirlər. Bir daha qeyd etmək istərdik ki, bu heç də təkcə onunla bağlı deyildir ki, talışın, kürdün, lahıcın, ləzginin, avarın öz müstəqil milli dövləti yoxdur. Həm də ona görə ki, müxtəlif mənşəli azərbaycanlılar eyni coğrafi ərazidə, eyni mədəni-mənəvi mühitdə formalaşmaqla yanaşı, həm də ümumi dil kimi qəbul olunmuş Azərbaycan dilini mükəmməl bilir, bu dildə təhsil alır, bu dildə elmi əsərlər, şeirlər yazır, bədii ədəbiyyat nümunələri yaradırlar. Artıq neçə yüz illik birgə yaşayış, birgə təsərrüfat fəaliyyəti Azərbaycan xalqının təkcə milli-siyasi müstəvidə deyil, həm də milli-etnik müstəvidə bir tam halında millətləşmə yolunu keçdiyini göstərir".

Əli