Satirik mətbuat Layihə

Satirik mətbuat

Molla Nəsrəddin xalq içərisində öz hazırcavablığı, yumor hissi, cəsarəti ilə sevilib seçilən bir personaj idi

"Molla Nəsrəddin" jurnalı müəlliflərinin dönə-dönə söz açdığı, həmçinin öz səhifələrində müntəzəm surətdə Yaxın Şərqin ilk satirik məcmuəsindən bəhs edən mətbu orqanlardan biri "Həyat" qəzetidir. 1905-ci il iyunun 7-də Bakıda fəaliyyətə başlayan "Həyat" hər gün çıxan "siyasi, ədəbi, iqtisadi, ticari türkcə cərideyi-islamiyyə" idi. "Həyat"ın redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev, naşiri Ə.Topçubaşov idi.
Bu qəzetin demokratik ədəbiyyat və ictimai fikrin inkişafına müəyyən müsbət təsiri olub. "Həyat"da Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Axund Əbutürab və başqalarının inqilabi hərəkatın mahiyyətindən bəhs edən məqalələrinə, çar dumalarındakı görkəmli şəxsiyyətləri mədh edən yazılara geniş yer verilirdi. "Həyat"ın müəllifləri "adi bir islam mübəllaği kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində, dəxi də sabitqədəm və bərqərar olmağa dəvət edirdilər". Qəzet hələ birinci nömrəsində "bizim üçün islam xaricində nicat yoxdur", deyə - "hər şeydən əqdəm islamda bulunmaq, islamda qalmaq" şüarını irəli sürürdü. "Həyat"ın müəllifləri xalqın milli azadlıq hərəkatını milli burjuaziyanın mövqeyi ilə birləşdirməyə çalışırdılar ki, bu da millətçi və dini şüarlar altında xalqa, onun azadlıq uğrunda apardığı fədakar, çətin mübarizəyə kömək anlamında düşünülməlidir.
Həmidə xanım "Xatirələrim"də yazır: "1906-cı il aprel ayının 7-si gecəsi Mirzə Cəlillə Ömər Faiq Nemanzadənin cibində cəmi 9 manat pul var imiş. Onlar da bu pula çap dəzgahının qulpunu fırlatmaq üçün bir hambal tutublarmış. Gecə hambalı yola saldıqdan sonra ikinci hambal tutmağa daha pul qalmayıb. Onlar səhərə qədər növbə ilə çap dəzgahının qulpunu fırlayıblar". Sabahı isə Azərbaycan mətbuat tarixinin ən şərəfli səhifələrindən biri yazılıb: "Molla Nəsrəddin".
İyirminci əsrin əvvəllərində meydana gələn bu jurnal sırf satirik yumoristik janrda fəaliyyət gostərən ilk milli Azərbaycan dərgisi idi. Jurnalın adı təsadüfi seçilməmişdi. Molla Nəsrəddin xalq içərisində öz hazırcavablığı, yumor hissi, cəsarəti ilə sevilib seçilən bir personaj idi. Az bir zaman içərisində nənki Azərbaycanda, hətta yaxın Şərqdə böyük populyarlıq qazanan "Molla Nəsrəddini" insanlara sevdirən birbaşa hədəfə vurması idi. İnsanları narahat edən, düşündürən mövzular jurnalın səhifələrində öz bədii həllini tapırdı. Nə idi bu mövzular? Savadsızlıq, qadın hüquqları, siyasi əxlaqsızlıq, milli oyanış, elm-maarifçilik və s. Jurnalın yaradıcı kollektivi tezliklə üslub və ideya yaxınlığına görə Molla Nəsrəddinçilər adı ətrafında birləşdilər; M.Ə.Sabir, Üzeyir Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Nəzmi və digərləri bir məfkurə altında birləşmişdilər.
"Molla Həsrəddin"də imzası xüsusilə uğur qazanan, jurnalın əsas qayəsi ilə səsləşən, yaradıcılığı bu günümüzdə də müasir olan Mirzə Ələkbər Sabir idi. Sabirin gülüş hədəflərinin hamısı şairin yaşadığı mühitin acı məhsuludur.
Satira həmişə insanların xarakterinin açılmasında böyük rol oynayıb. Migel de Servantesin "Don Kixot" əsərində ironiya, satira çox güclüdür. Bu əsər haqqında Dostoyevski deyib ki, "Əgər haçansa bəşəriyyət oralarda, göylərdə hesabat verməli olsa, təkcə Servantesin "Don Kixot" əsərini Tanrıya göstərmək kifayətdir..." Orta əsrlərdə Avropada dəbdə olan cəngavərlik xülyalarını kəskin tənqid atəşinə tutan "Don Kixot" əsəri sanki romantik xəyallarla göylərdə dolanan insanları çəkib yerə saldı, onlara real həyatı göstərdi. O cümlədən, Sabirin gülüşü də eyni mahiyyət daşıdı. Sabir ruhən xalqa çox yaxın olduğundan hətta satira sənətinin mahiyyətindən xəbərsiz insanlar da onu gözəl anladı və nə demək istədiyini duydu.
Anlayan, dərk edən insanın həyatı müəyyən mənada çətinləşir, əzab-əziyyəti çoxalır. Həyatı dərk edəndə insan kainatın və bəşərin mahiyyətini, insanın bu dünyaya niyə gəldiyini, niyə getdiyini, bu həyatın mənasını və mənasızlığını başa düşür, adi məişət qayğıları onu sıxır və s. Bu mənada, anlamaq böyük dərddir. Sabiri bir var oxuyub sevmək, bir də var onun ideyaları, amalları ilə yaşamaq. Sabirin amalları ilə yaşamaq asan deyil, bunu hər kəs yaşaya bilməz.
Satirik Mirzə Sakit deyir ki, Mirzə Ələkbər Sabiri heç də satirik şair adlandırmaq olmaz, Sabir həqiqət çarçılarındandır: "Həqiqəti necə satira adlandıraq axı? Sadəcə olaraq, Sabirin bəzi satirik şeirləri var desək, bu daha düzgün səslənər. Əlbəttə ki, özlüyündə satiranın içərisi həqiqətlə çox zəngin olduğu qədər də acıdır. Həqiqətin də acı olması labüddür, hətta həzm etməsələr də belə həzm etməyənlərə çalışıb həzm etdirmək gərəkdir. Necə ki, balaca uşağı sağaltmaq üçün anası uşağı çığırda-çığırda onun boğazına dərman tökür, eləcə də bu "uşaqlar"ı çığırtmaq lazımdır.
İş və tarix elə gətirdi ki "Molla Nəsrəddin" jurnalı Azərbaycanda sovet istilasından sonra da nəşr olunmaqda davam etdi. Əlbəttə bir qədər fərqli ampuluada. Belə ki, artıq sovet rejimi bütün kütləvi informasiya orqanlarında olduğu kimi "Molla Nəsrəddin" jurnalında da öz tələblərini və şərtlərini yeridirdi. 1932-ci ildə Mirzə Cəlilin vəfatından sonra "Molla Nəsrəddin" fəaliyyətini dayandırır. Bir müddət satirik mətbuat sahəsində xeyli boşluq yaranır.
Ümumiyyətlə, 1918-1920-ci illərdə Azərbaycan milli satirik publisistikasının bir sıra diqqətəlayiq nümunələri əsasən "Azərbaycan" qəzetində nəşr edilib. Burada felyetonlar (bəzən "kiçik felyeton"), "Filankəsin", "Ordan, burdan" (Ü.Hacıbəyov), "Avara"nın "Məharət" başlığı ilə günün müxtəlif məsələllərindən bəhs açan satirik yazıları çıxırdı. "Azərbaycan"ın bu yazılarında keçmiş çar dövrü çinovnikləri və hadisələri lağa qoyulurdu. Bu satirik yazıların xalq danışıq üslubunda şirin ifadə tərzi olurdu. Məsələn, "Filankəs"in "Bir naxoş" adlı felyetonunda deyilirdi: "Qədim zamanlarda yəni Nikolayın vaxtında Bakıda belə bir "mod" var idi. Baqqal Məşhədi Səlim hər gün yerindən qalxıb dükana gəlmədən əvvəl evdə bir "bismillah" deyib, sonra da kəlmeyi-şəhadətini oxuyub və övrət-uşağına əlvida edib sonra əfsəri tapançasını belinə bağlayıb gedirdi alış-verişinə".
Azərbaycan satirik publisistikası istər ideya-mövzu, istərsə də ədəbi forma zənginliyi baxımından ciddi üslublu publisistikaya nisbətdə çox zəif idi. Əlbəttə, bunun səbəbləri var idi. Tədqiqatçılar bildirir ki, həmin illərdə Azərbaycan satirik publisistikasının aparıcı qüvvəsi olan "Molla Nəsrəddin" jurnalı və onun yaradıcısı C.Məmmdquluzadə Azərbaycanda deyildi və ölkənin siyasi-ictimai həyatında iştirak etmirdi.
Ən başlıca səbəb isə o idi ki, 1918-1920-ci illərin ağır maddi və mənəvi həyatı şəraitində ən mühüm sosial və ictimai faciələri əks etdirmək vəzifəsini yerinə yetirmək üçün mətbuatın gülüş və istehzaya deyil, ciddi sözə, dəlilli, sübutlu təbliğata daha böyük ehtiyac var idi. Siyasi, fəlsəfi və bədii publisistika XX əsrin əvvəllərində Azərbaycanda gərgin, mürəkkəb siyasi-ictimai həyatı, onun tarixi mənzərəsini əks etdirmək üçün əvəzedilməz imkanlara malik idi.
Sovet dövrü Azərbaycan mətbuatının ən hörmətli satirik mətbuat nümunəsi Mərkəzi Komitənin nəşri olan "Kirpi" satira və yumor jurnalı idi. Jurnalın ilk redaktoru məşhur publisist Əvəz Sadıq idi. Jurnalın yaradıcı heyətinin qarşısına xüsusi vəzifələr qoyulmuşdu. Mətbu orqan cəmiyyətin müxtəlif sahələrində rast gəlinən eybəcərlikləri ifşa etməli, həyatın inkişafına mane olan "yaramaz ünsürləri" kəskin tənqid atəşinə tutmalı idi. Müxtəlif vəzifə sahibləri "Kirpi"nin hədəfinə tuş gəlməkdən çəkinərdi. Jurnalda kimin haqqında tənqidi yazı getsə idi onun "fatihə"si demək olar ki, oxunurdu. Deyirlər ki, bir gün Mərkəzi Komitənin iclaslarından birində Bağırov məmurları belə hədələyir: "Unutmayin ki, "Kirpi" jurnalının baş redaktoru Əvəz Sadıq burda iclasda iştirak edir". İnsafən jurnal mövcud olduğu illər ərzində xeyli faydalı iş görür. Bu illər ərzində xeyli qələm sahibləri məhz bu jurnalda çap olunaraq satira - yumor sahəsində maraqlı bədii publisistik əsərlər yaradırlar. Bu illər ərzində jurnala Salam Qədirzadə, Seyfəddin Dağlı, Şamil Fərzəliyev, Eyvaz Borçalı, Polad Qasımov kimi müxtəlif ədəbi zövqə və qələmə məxsus adamlar başçılıq edirlər. Jurnalda dərc olunan karikaturalar insanların həyatında, məişətində müşahidə olunan neqativ halların tənqid olunmasına xidmət edirdi. Ümumiyyətlə qeyd edək ki, həm "Molla Nəsrəddin", həm də "Kirpi" jurnallarında çox böyük karikaturaçı - rəssamlar yetişmişdi. Əzim Əzimzadə, Nəcəfqulu və digər sənətkarlar məhz bu mətbuat orqanlarında öz istedadlarını parlaq şəkildə nümayiş etdirə bilmişdi.
Çağdaş dövrdə isə bu çətin missiyanı məşhur karikatraçı rəssam Hafiz Nəsiroğlu ləyaqətlə yerinə yetirir. Əlbəttə sovet dönəmində hər hansı bir redaktordan inqilabçılıq tələb etmək mümkün olmasa da bu insanların hər birinin "Kirpi"nin yaşamasında öz rolu və xidməti danılmazdır. Məşhur "Bəxtiyar" filmində də özfəaliyyət dərnəyinin müdiri Ağabalanın dilindən deyilən "Atova lənət Kirpi" ifadəsi jurnalın nə qədər populyar olduğuna işarədir. Ancaq sovet dönəmində hər bir qəzet-jurnal təbliğat-təşviqat vəzifəsini yerinə yetirirdi. Yəni mətbuatın əsas funksiyaları maarifçilik, xəbərçilik və s. arxa plana keçirilmişdi. Senzura kimi zəhmli bir qılıncın altından keçən jurnal və qəzetlər yalnız müəyyən edilmiş hüdudlar daxilində müstəqil ola bilərdi. Təbii ki, bu mənada "Kirpi" də istisna deyildi. Təəssüf ki, müstəqillik dönəmində satirik qəzet və jurnallar dovrün tələblərinə uyğunlaşa bilmədiklərindən bir müddət itib-batdılar. "Kirpi" jurnalı da bir sıra səbəblər üzündən öz dövriliyini saxlaya bilmədi. Bütün qəzet və jurnallari sıxan maliyyə çətinlikləri bu mətbuat orqanından da yan keçmədi. Doğrudur, jurnal rəhbərliyinin və əməkdaşların fədakarlıqları nəticəsində jurnal son illər qəzet köşklərində görünsə də əvvəlki şöhrətini bərpa edə bilmədi. Senzuranın ləğvi, mətbuatın, loyallaşması kimi müstəqillik dövrünün tələbləri jurnalı daha operativ, daha çevik davranmağa sövq etsə də sovet dönəmindən miras qalmış astagəllik, ehtiyatlılıq onu miyanə mövqe tutmağa sürüklədi. Çağdaş dövr satirik mətbutdan daha çox şey tələb edir.
Xüsusən ictimai-siyasi hadisələrə çevik və obyektiv münasibət, Sabirin təbrincə desək, düzü düz əyrini əyri prinsipinə riayət çox önəmlidir. Müasir satirik mətbuat onillərin, yüzillərin ənənələrinə sadiq olsa da yeni-yeni forma, janr və üslub xüsusiyyətlərini əxz etməlidir.

Ülviyyə Tahirqızı