Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi Layihə

Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi

(əvvəli ötən sayımızda, VI yazı)

Sakit Hüseynov yazır ki, Milli Məclisin qərarına əsasən, "Dini etiqad azadlığı haqqında" qanunun 21-ci maddəsinə "İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış ölkə vətəndaşları tərəfindən həyata keçirilə bilər" məzmununda üçüncü hissənin əlavə edilməsi nəzərdə tutulub. Sosioloji müşahidələrə görə, burada göstərilən əlavələrin edilməsi ondan irəli gəlmişdir ki, 90-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və hərc-mərclik nəticəsində istər dini ibadət yerlərinə rəhbərlik edilməsi, istərsə də dini ayin və mərasimlərin həyata keçirilməsində müəyyən çatışmazlıqlar yaranıb. Məhz mövcud qanuna vaxtaşırı edilən əlavələr qanunda olan bəzi hüquqi boşluqların aradan qaldırılmasına xidmət edirdi. Bundan başqa 6-cı maddənin dördüncü hissəsinin aşağıdakı redaksiyada verilməsi nəzərdə tutulub: "Dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər" (51,s.1080).
Qanunda olan bu boşluqlardan biri də burada dini qurumların dövlət qeydiyyatına alınması (maddə 12) təsbit olunduğu halda, "Dini qurumların ləğv edilməsi"nin bu qanunda öz əksini tapmaması idi. Bunu nəzərə alaraq, "Dini qurumların ləğv edilməsi" adlanan 12-ci maddədən sonra 12-1-ci maddə ilə qanuna əlavə olunub. Bu maddəyə görə, dini qurumların ləğv edilməsi aşağıdakı hallarda mümkün ola bilər: 1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə; 2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə. Bu qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: 1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu qanunun və digər qanunların pozulması, yaxud həmin qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi; 2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi; 3) ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulması; 4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi; 5) dünyəvi təhsil alınmasına mane olma; 6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlaklarından imtina edilməsinə təhrik və məcbur etmə; 7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma; 8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə; 9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması.
Müəllifin fikrincə, yuxarıda qeyd olunan əlavə və dəyişikliklər dini qurum, dini icma və dini birliklərin ləğv edilməsi hallarının sosial-hüquqi şərtlərini göstərir. Dini qurumların ləğv edilməsi hallarının mövcud qanuna əlavə edilməsi son illərdə dini təhlükəsizliyə olan təhdidlər, dini radikalizm meyllərinin artması, beynəlxalq terrorçuluğun dindən istifadə etməsi, bəzi qüvvələrin dini etiqad azadlığından sui-istifadə edərək qanunçuluğu pozması ilə bağlı hallarla əlaqədar zərurətdən irəli gəlib. Müşahidələr göstərir ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda dini etiqad azadlığı haqqında qanunvericiliyin həyata keçirilməsi haqqında hazırladıqları hesabatlarda heç də həmişə obyektiv məlumat vermirlər. Məsələn, bir müddət əvvəl İrqiçilik və dözümsüzlüyə qarşı Avropa Komissiyasının Azərbaycan üzrə hesabatının "Dini qruplar" bölməsində ölkəmizdə guya dini sahədə bir sıra neqativ halların olduğunu göstəriblər. Həmin hesabatda iddia olunurdu ki, guya Azərbaycanda bəzi dini qurumlara qarşı ayrı-seçkilik edilir, bəzi dini icmaların qeydiyyatdan keçməsinə dövlət qurumları tərəfindən problemlər yaradılır. Lakin hamıya məlumdur ki, həmin hesabatda irəli sürülən fikirlər əslində respublikamızdakı reallığı əks etdirmir. Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunvericilikdə həyata keçirilməsi nəzərdə tutulan məsələlərin yüksək səviyyədə olduğunu respublikamıza gələn xarici ölkə nümayəndələri, o cümlədən dini liderlər, elm və mədəniyyət işçiləri, müxtəlif peşə adamları da dəfələrlə təsdiq ediblər. Həm xarici ölkələrdə, həm də ölkə daxilində fəaliyyət göstərən bəzi KİV-lərdə Azərbaycanda müxtəlif dini icmaların qeydiyyatdan keçməsinə dövlət qurumları tərəfindən problem yaradılması haqqında bəzi məqalələrin çap olunması təəssüf doğurur. Çünki mətbuatda Azərbaycanın reallığına uyğun olmayan bu cür məqalələri çap etdirənlər, ya Azərbaycan gerçəkliyindən xəbəri olmayanlar, ya da dinlə bağlı olan ölkə qanunvericiliyinin mahiyyətini düzgün dərk etməyən insanlardır. Qeyd etmək lazımdır ki, respublikamızda dini icmaların qeydiyyatı ölkə qanunvericiliyinə uyğun olan hüquqi qaydalar əsasında həll edilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni inkişafı, ölkəmizin Avropaya inteqrasiyası, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, dövlətimizin yeni-yeni beynəlxalq konvensiyalara qoşulması başqa sahələrdə olduğu kimi, dini etiqad azadlığı, milli-mənəvi dəyərlər sahəsində də qanunvericiliyin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri edib. Göstərilən zərurətdən irəli gələn səbəblərə görə, AR Milli Məclisinin 10 iyun 2011-ci il tarixli iclasında "Dini etiqad azadlığı haqqında" qanuna bəzi dəyişikliklər edilib. Bu dəyişikliklərdən ən mühümü "Peşəkar dini fəaliyyət və din xadimi" adlı yeni maddənin mövcud qanuna əlavə edilməsidir. Qanuna əlavə edilən bu maddə iki hissədən ibarətdir. Bu maddənin birinci hissəsi – "peşəkar dini fəaliyyət", ikinci hissəsi isə "din xadimi" – anlayışlarını ifadə edir. Burada "peşəkar dini fəaliyyət" dedikdə – dini mərasimlərin tələb olunan səviyyədə keçirilməsi, dini tərbiyə, dini təhsil, dinlərin yayılması, dini ayinlərin icrası, moizə və xütbələrin oxunması, "Quran"ın düzgün təfsir olunması və s. başa düşülür. "Din xadimi" dedikdə isə ali və orta səviyyəli dini təhsilə malik olan, peşəkar dini fəaliyyətlə məşğul olan, xalq arasında öz dini savadı ilə fərqlənən din xadimi başa düşülür.
Qeyd edək ki, qanun qəbul olunan vaxtlarda (1992-ci il) Azərbaycan cəmiyyətində peşəkar din xadimi anlayışı yox idi. Fikrimizcə, görünür bu səbəbdən 1992-ci ildə mövcud qanun qəbul edilən zaman bu qanuna "dini fəaliyyət və peşəkar din xadimi" ilə bağlı ayrıca maddə daxil edilməyib. Lakin müstəqil respublikamızın indiki dövründə ümumi dünya görüşünə görə müasir tələblərə cavab verən, hərtərəfli dini savada malik olan, dinşünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin fəaliyyətinə mühüm sosial ehtiyac vardır. Məhz bu sosial ehtiyac "peşəkar din xadimi" anlayışının mövcud qanunvericilikdə hüquqi cəhətdən təsbit olunmasını zəruri edib.
Sakit Hüseynov daha sonra yazır: "Göstərmək lazımdır ki, məlum (ideoloji) səbəblərə görə sovet dönəmində Azərbaycanda ali dini təhsil almaq mümkün deyildi. Çünki keçmiş SSRİ-də islam dini üzrə ali dini təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində mövcud idi. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin indiki başçısı şeyxülislam Hacı Allahşükür Paşazadə vaxtilə həmin Daşkənd universitetində ali dini təhsil alıb. Yuxarıda göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimlərinin hazırlanması qeyri-mümkün olsa da, o dövrdə leqal və ya qeyri-leqal şəkildə Azərbaycanda mollalıqla məşğul olanlar var idi. Həmin mollalıqla məşğul olanların bəziləri öz dindar valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal şəkildə müəyyən dini dərs alaraq Quran oxumaq, yas mərasimlərini idarə etmək, kəbin kəsmək, məhərrəmlik mərasimi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət işlərini yerinə yetirməklə məşğul idilər. Əlbəttə, bu mollaların əksəriyyəti dini savadı az olan, dini ayin və mərasimləri öz bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi cəhətdən izah edə bilməyən, mövhumat və xurafata çox meylli insanlar idi. Məhz buna görə də, dini mərasimlərdə iştirak edən və islam dininin əsl mahiyyətini anlamağa çalışan bir çox insanlar, xüsusən, gənclər həyatda baş verən bəzi sosial-təbii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı kifayət qədər müəyyən suallara qaneedici cavablar ala bilmirdilər. Gənclərimizin dini mərasimlərdə, o vaxtkı mollalardan kifayət qədər dini bilgilər ala bilməməsinin əsas səbəblərindən biri, əvvəla, həmin mollaların əksəriyyətinin savad dərəcəsinin aşağı olması idi. İkincisi isə, həmin dövrdə bəzi mollaların peşə yönümü və sosial vəziyyəti də insanları qıcıqlandırırdı.
Məsələn, vaxtilə sürücü, satıcı işləmiş, hətta həbsxanalarda yatıb-çıxmış adamların, sonradan molla kimi dini mərasimləri idarə etməsi və dini əxlaqdan danışmasını insanlar həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı mollalara qarşı insanlarda mənfi münasibətin formalaşmasına səbəb olurdu və həmin mollalar cəmiyyətdə peşəkar din xadimi statusuna yiyələnə bilmirdilər. Lakin bununla yanaşı, sovet dönəmində də, tək-tək də olsa, dinşünaslıq və ilahiyyatı yaxşı bilən, öz savadı, davranışı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə malik olan din xadimləri olub".

Cavid