Dini təhlükəsizlik – milli təhlükəsizliyin tərkib hissəsi kimi Layihə

Dini təhlükəsizlik – milli təhlükəsizliyin tərkib hissəsi kimi

(Əvvəli ötən sayımızda, VII yazı)

Sakit Hüseynov adıçəkilən kitabında qeyd edir ki, hər bir ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin olunması həmin ölkənin qarşısında duran vacib məsələlərdən biridir. Bu baxımdan hər bir ölkə öz milli maraqlarını, geosiyasi vəziyyətini, seçdiyi inkişaf modelini nəzərə alaraq öz milli təhlükəsizlik konsepsiyasını hazırlayaraq onu həyata keçirir. Müstəqillik qazanmış Azərbaycan Respublikası da öz milli təhlükəsizlik konsepsiyasını hazırlayaraq onu həyata keçirməkdədir. 23 may 2007-ci il tarixli Prezident Sərəncamı ilə təsdiq edilən Milli Təhlükəsizlik Konsepsiyası xalqımızın milli maraqlarını əhatə edən uzunmüddətli strateji proqramdır. Milli Təhlükəsizlik Konsepsiyası (MTK) giriş, 4 bölmə, 22 yarımbölmə və yekun müddəalardan ibarətdir. Milli Təhlükəsizlik Konsepsiyasının mündəricatında irəli sürülən əsas məsələlər aşağıdakılardır: I. Təhlükəsizlik mühiti. II. Azərbaycan Respublikasının milli maraqları. III. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər.
Ölkəmizin milli təhlükəsizliyinə təhdidlər bu konsepsiyada geniş şərh edilib ki, bunlardan bəzilərinə diqqət yetirək: 3.1. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütovlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər. 3.2. Qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması və insan hüquq və azadlıqlarının müdaϐiəsi sahəsində dövlət funksiyalarının yerinə yetirməyə qarşı fəaliyyət. 3.3. Separatçılıq, etnik siyasət və dini ekstremizm. Buradan göründüyü kimi, dini təhlükəsizlik milli təhlükəsizlik konsepsiyasının 3.3.-yarımbölməsində konkret şəkildə öz ifadəsini tapıb.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik siyasətinin əsas istiqamətləri konsepsiyanın IV bölməsində geniş şərh edilib. Konsepsiyanın 4.32-ci yarımbölməsində "Milli və dini tolerantlıq mühitinin qorunması" – adlanan hissə MTK-nın əsas istiqamətlərindən biri kimi qarşıya qoyulub. Göstərmək lazımdır ki, dini təhlükələr, dinlərarası münaqişələr, təriqətlərarası ziddiyyətlərlə bağlı müxtəlif bölgələrdə baş verən toqquşmalar tarixdən bizə yaxşı məlumdur. Səlib müharibələrini, Şimali İrlandiyada (Belfast) XIII əsrdən indiyə kimi katoliklərlə protestantlar arasındakı dini zəmində baş verən münaqişələri yuxarıda deyilənlərə misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, başqa bölgələrdən fərqli olaraq Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda tarixən müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi həmişə sülh və əminamanlıq şəraitində yaşamışlar.
Azərbaycan Respublikası həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışına nümunə olub. Azərbaycan dövləti cəmiyyətin maraqlarından irəli gələn rasional milli siyasət kursunu, dini tolerantlıq mühitinin qorunması və inkişafını, bütün vətəndaşların qanun qarşısında bərabərliyi və qanunun aliliyini, demokratik hüquq və azadlıqların, həmçinin insanların bu hüquq və azadlıqlarından sərbəst istifadə imkanlarının təmin edilməsini müvafiq riskin real təhdidə çevrilməsinin qarşısının alınması və neytrallaşdırılmasının mühüm şərtləri qismində nəzərdən keçirilir. Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlar üzrə Dövlət Komitəsinin (DQDK) fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. DQDK yarandığı gündən respublikamızda fəaliyyət göstərən müxtəlif dini icmaların qeydiyyatdan keçirilməsi, onların müvaϐiq qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərməsinə nəzarət edilməsi, başqa ölkələrin dini qurumları ilə əməkdaşlıq məsələlərinin həyata keçirilməsi, respublikamızda mövcud olan müxtəlif dini konfessiyalar arasında dini dözümlülüyün qorunub saxlanması sahəsində mühüm rol oynamışdır. Qeyd edək ki, DQDK-nin 10 illik fəaliyyətinə nəzər salmaq, bu müddətdə komitənin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlərə bir daha diqqət yetirmək məqsədilə 2011-ci il 21 iyunda Bakıda dinşünaslıq sahəsində mütəxəssislər, dini icma rəhbərləri, QHT və KİV nümayəndələrinin iştirakı ilə "DQDK 10 il" mövzusunda dəyirmi masa keçirilib. Toplantının yekununda tədbir iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar. Ünvanlanan bu müraciətin məzmunundan məlum olur ki, ölkəmizdə dini təhlükəsizliklə bağlı hələ də müəyyən problemlər mövcuddur. Məhz bu cür problemlərin aradan qaldırılması və milli təhlükəsizliyə təhdidlər yaradan məsələlərin həll edilməsi hazırda qarşıda duran mühüm vəzifələrdən biridir.
Sosioloji müşahidələr göstərir ki, insanlar ölkəmizin indiki inkişaf səviyyəsində mənəviyyatımıza zərər vuran dini radikalizmi məqbul hesab etmir, dinin siyasiləşdirilməsinin əleyhinə çıxır, milli və dini ekstremizmə qarşı tədbirlər görülməsini tələb edirlər. Sosioloji müşahidələrə və elmi ədəbiyyatın araşdırılmasına əsaslanaraq müstəqil Azərbaycan respublikasının milli təhlükəsizliyinə dinlə bağlı təhdidləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Müxtəlif yollarla xaricdən gətirilən zərərli dini kitabların, audio-video vəsaitlərin əhali arasında yayılması; 2. İnformasiya müharibəsində din amilindən istifadə edilməsi; 3. Azərbaycanda rəsmi qeydiyyatdan keçməyən, lakin icazəsiz fəaliyyət göstərən bəzi dini icmaların, dini-siyasi qrupların, din pərdəsi altında qruplaşan terrorçu dəstələrin qanunazidd fəaliyyətinə son qoyulmalıdır.
Yuxarıda qeyd olunduğu kimi, milli təhlükəsizliyimizə dinlə bağlı təhlükə yaradan amillərdən biri xarici ölkələrdən Azərbaycana bəzi dini-siyasi ədəbiyyatların gətirilməsi və müxtəlif yollarla respublikamızda yayılmasıdır. Çox təəssüf ki, dəfələrlə aşkar edilib ki, bu cür dini-siyasi ədəbiyyatlarda və audio-video vəsaitlərdə dövlətçiliyimizə və xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışlar, dini dözümsüzlük təbliğ edən ideyalar, dini ayrıseçkilik yaradan prinsiplər, gənclərimizin şüuruna mənfi təsir edə bilən müxtəlif çağırışlar öz əksini tapır. Göstərmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən bəzi radikal dini qruplar dini ədəbiyyatların metroda satışına qadağa qoyulmasına qarşı hay-küy salaraq KİV-də bu haqda dövlət qurumlarına qarşı əsassız iradlar bildirirlər. Bu məsələlər bəzi dini qrupların dinlə bağlı qanunvericilikdən xəbərsiz olduqlarından irəli gəlir. Məsələn, metro stansiyasında dini ədəbiyyatın satışına qadağa qoyulması "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, (qanuna edilmiş əlavələrdən sonra) dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa materialların satışı yalnız ixtisaslaşdırılmış satış yerlərində həyata keçirilə bilər. Qanunda göstərilən bu hüquqi tədbirləri dindarların hüquqlarının pozulması kimi başa düşmək lazım deyil. Təəssüf ki, hüquqi savadı az olan bəzi adamlar bu tədbirləri dindarların hüquqlarının pozulmasına yönəlmiş normativ-hüquqi qaydalar kimi başa düşürlər. Əslində bu tədbirlər vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan, cəmiyyətdə dinlərarası ayrıseçkiliyi təbliğ edən radikal məzmunlu dini ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayılmasının qarşısını almağa kömək edir. Qeyd etmək lazımdır ki, bu cür kitabların və audio-video vasitələrin ölkəmizə gətirilməsinə və yayılmasına məhdudiyyət qoyulması, təhlükəsizlik baxımından müvafiq orqanlar tərəfindən atılan normal addımlar kimi qiymətləndirilməlidir. Faktlar göstərir ki, cəmiyyətdə ictimai asayişi pozan, əhalinin rahatlığına qarşı təhlükə törədən, milli təhlükəsizliyə təhdid yaradan hallar ölkəmizə qarşı yönəlmiş informasiya müharibəsidir. Azərbaycanın sürətli sosial-iqtisadi, mədəni inkişafını gözü götürməyən bəzi ölkələr informasiya müharibəsində din amilindən ölkəmizə qarşı vaxtaşırı istifadə edirlər.
Məsələn, orta məktəbdə şagird qızların hicab qalmaqalı, qeydiyyatdan keçməmiş İslam partiyasının üzvlərinin guya dövlət qurumları tərəfindən sıxışdırılması və s. bu kimi böhtan xarakterli məlumatların qonşu ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılmasını Azərbaycana qarşı informasiya müharibəsinin bir forması kimi dəyərləndirmək olar. Azərbaycanın sosial-iqtisadi və mədəni sahədə yüksək inkişafını gözü götürməyən bəzi ölkələr öz KİV-lərində guya Azərbaycanda islam dininin sıxışdırılması, dindarların hüquqlarının pozulması və s. haqqında böhtan xarakterli müxtəlif informasiyalar yayırlar. Böhtan xarakterli bu cür informasiyalara cavab olaraq respublikamızda tanınmış şərqşünas alim, Milli Məclisin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva ölkəmizdəki dini durumun vəziyyəti, dindarlara yaradılmış normal şəraiti və dövlət-din münasibətlərinin hüquqi əsaslarını şərh edərək yazıb: "Bu gün Azərbaycanda dindarların islami ayinləri icra etməsində heç bir maneə yoxdur, buna hər cür şərait yaradılmışdır. Bununla belə dinin dövlətdən ayrı olması barədə ölkə Konstitusiyasında əksini tapmış prinsip dönmədən həyata keçirilir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti zərərli təriqətlərin, missioner təşkilatların qarşısını almaqla cəmiyyətimizdə islamın layiqli yer tutmasına şərait yaratmışdır."
Professor G.Baxşəliyevanın fəlsəfi məntiqə və real faktlara əsaslanan bu fikirlərini Azərbaycanda mövcud olan dini duruma qarşı böhtanlar yağdıran daxildə və xarici ölkələrdəki KİV-lərin böhtan dolu iddialarına qarşı tutarlı cavab kimi qiymətləndirmək olar. Yuxarıda yazılanlardan göründüyü kimi, ölkəmizin milli təhlükəsizliyinə dinlə bağlı olan təhdidlər müxtəlifyönümlüdür. Bunların içərisində hazırki şəraitdə maddi və mənəvi cəhətdən xarici ölkələr tərəfindən dəstəklənən və icazəsiz fəaliyyət göstərən bəzi dini-siyasi qrupları ən təhlükəli hesab etmək olar. Beynəlxalq təcrübə göstərir ki, bu cür qruplar milli və dini ekstremizmə və terrorizmə meyilli olduqlarına görə onların fəaliyyəti cəmiyyətin sabitliyi üçün daha çox təhlükə yaradır ki, bunları da milli təhlükəsizliyimizə qarşı təhdid hesab etmək olar. Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə dini ekstremizmə qarşı çıxmış, dini dözümsüzlüyü pisləmiş və bu sahədə başqa dövlətlərlə əməkdaşlıq edir.
Cavid