Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq Layihə

Qloballaşma dövründə dinlərarası və mədəniyyətlərarası dialoq

Son vaxtlar qloballaşma haqqında xeyli əsərlər yazılmış və onun müxtəlif istiqamətləri elmi araşdırmaların tədqiqat obyektinə çevrilib. Məlumdur ki, XX əsrdə bəşəriyyətin elmi-texniki, sosial-iqtisadi, ictimai-siyasi, incəsənət və mədəniyyət sahəsində əldə etdiyi uğurlar, onun bütün tarix boyu əldə etdiyi nailiyyətlərdən qat-qat yüksək olub. Qloballaşma termini də XX əsrin 80-ci illərində meydana gəlib. Qloballaşma termininin yaranması Amerika alimi T.Levitin adıyla bağlıdır. Lakin bu terminin elmi dövriyyəyə çıxarılmasında Amerika sosioloqu R.Robertsonun mühüm rolu olub. Bundan başqa, alimlərdən A.Kinq, A. Toynbi, B.Şnayder, S.Xattinqton, A.Peççei, M.Uoters, C.Soros, K.Omaye, M.S.Makluen, A.N.Bueva, Y.V.Yakovets və başqaları tərəfindən qloballaşmanın mahiyyəti, onun istiqamətləri və perspektivləri haqda bir çox araşdırmalar aparılıb. Respublikamızda isə qloballaşmanın fəlsəfi tədqiqi AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda həyata keçirilməkdədir. Terminoloji cəhətdən qloballaşmanın hərfi mənasına gəldikdə "qlobal", "hər şeyi əhatə edən", "ümumdünya", "ümumi planetar" hadisə mənasını bildirir. Sosial-fəlsəfi planda qloballaşmanın mahiyyətini şərh edərkən prosesin sosiallığını və dünyəviliyini başa düşmək lazımdır. Qloballaşmada iqtisadi və maliyyə cəhətdən də inteqrasiya prosesi baş verir. Bu prosesdə pul vahidi kimi ABŞ dolları əsas tədiyyə vasitəsinə çevrilib. Bəzən bu baxımdan bir çox tədqiqatçılar qloballaşmanı amerikanlaşma kimi təqdim edirlər. Digər tərəfdən bəzi tədqiqatçılar isə ABŞ-ın dünyada gedən hərbi-siyasi (Əfqanıstan, İraq və s.), sosial-iqtisadi və mədəni proseslərə müdaxiləsini əsas götürərək qloballaşmanı amerikanlaşma kimi izah edirlər.
Fəlsəfə elmləri doktoru Sakit Hüseynov yazır ki, qloballaşma – beynəlxalq səviyyədə inteqrasiya prosesinin ən yüksək mərhələsi olub dünya ölkələrinin mədəniyyət, iqtisadiyyat və institusional yaxınlaşmasıdır. İqtisadi baxımdan qloballaşma ümumdünya investisiya və inteqrasiya mühitinin yaradılmasıdır. Siyasi kontekstdə isə qloballaşma müasir beynəlxalq geosiyasi mərkəzlər arasında siyasi mübarizə və siyasi rəqabətə əsaslı təsir göstərən amillərdir. Bəzi tədqiqatçılar qloballaşmanı bəşəriyyətin mövcudluğuna əsaslı şəkildə təhlükə yaradan proses kimi şərh edirlər. Bu fikirlər hazırda qloballaşmaya qarşı çıxan antiqlobalistlər hərəkatının formalaşmasında mühüm rol oynayıb. Müşahidələr göstərir ki, qloballaşma prosesinin güclənməsi əvvəllər dünyanın ayrı-ayrı ölkələrində əsas aparıcı rol oynayan milli və dini dəyərlərin əhəmiyyətinin qismən itirilməsinə səbəb olur. Qloballaşma prosesində hər hansı cəmiyyətdə milli dil və etnik sosial əlaqələrin dağılması onların əvəzinə beynəlxalq ünsiyyət vasitəsi olan ingilis dilinin əhəmiyyətinin artması müşahidə edilir. Eyni zamanda, bu proses milli və dini dəyərlərin tədricən azalmasına və kütləvi mədəniyyətin formalaşmasına müəyyən dərəcədə öz təsirini göstərməkdədir. Rus alimi A.N.Buyevanın fikrinə görə, qloballaşma prosesində informasiya texnologiyaları ictimai-siyasi sistemin inkişafında katalizator rolunu oynayaraq müxtəlif sosial proseslərə təkan verir. Belə ki, qlobal kompüter şəbəkələri müxtəlif bölgələrdə yaşayan insanlara lazımi məlumatları qısa müddətdə əldə etmək imkanı yaradır. Qloballaşmanı təkcə, siyasi və sosial-iqtisadi proseslə xarakterizə etmək düzgün deyil.
Tədqiqatçılar qloballaşmanın cəmiyyətin bütün sahələrini, o cümlədən mədəniyyətin sahəsini də əhatə etdiyini göstərirlər. Qloballaşma heç də təkcə, iqtisadi fenomen, fərdin həyat şəraitini yaxşılaşdırmaq və informasiyadan istifadənin və onun ötürülməsinin yeni yollarını yaratmaq demək deyildir. Qloballaşma cəmiyyət həyatının bütün sahələrini, o cümlədən sosial-siyasi aspektini əhatə edən çoxsəpkili prosesdir. O, milli sosial-iqtisadi qurumları vahid dünya iqtisadi və ictimai sistemi ilə qarşılıqlı sürətdə bağlayan ümumdünya hadisəsidir.
S.Hüseynov qeyd edib ki, qloballaşma dövründə mədəni müxtəlifliyin – multikulturalizmin qorunub saxlanılmasının vacibliyini göstərmək üçün qeyd etmək lazımdır ki, bəşəriyyətin fundamental mədəni sərvəti onun müxtəlifliyindədir. Fərqli mədəniyyətlərin mövcudluğunun qorunması, mədəni müxtəlifliyin zənginliyini dərk etmək, qarşılıqlı inam və anlaşma şəraitində mədəni əməkdaşlığa hörmətlə yanaşma, qloballaşma dövründə mədəniyyətlər və dinlərarası dialoqun davam etdirilməsinə zəmin yaradır. Mədəni müxtəlifliyin tanınması ilə bağlı BMT Konvensiyasına qoşulan Azərbaycan mədəniyyətlərarası dialoqun zəruriliyini dərk edərək Şərq və Qərb ölkələri arasında mədəni əməkdaşlığın genişləndirilməsinə rəvac verməkdədir.
Qloballaşan dünyada hamımız bir-birimizə daha yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi də məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, bu dialoqa dəstək verərək biz müəyyən mənada terrorizmin formalaşmasına xidmət edən bütün qaynaqları araşdırıb onu kökündən məhv etməyə can atmalıyıq. Dini tolerantlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynayan amillərdən biri də dinlərarası dialoqun genişlənməsidir. Qeyd edək ki, hazırki qloballaşma dövründə dinlərarası dialoqun genişlənməsi həm nəzəri, həm də praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Dinlərarası dialoq prosesində əvvəlcə müxtəlif dinlər arasında qarşılıqlı anlaşma yaranır, sonra isə birgə əməkdaşlığa doğru fəaliyyət birliyinə səy göstərilir. Üçüncü minilliyin başlanğıcında bəşəriyyətin qarşısında duran mühüm məsələlərdən biri sivilizasiyalar arasında yarana biləcək mümkün münaqişələrin qarşısının alınması, eyni zamanda dinlərarası və mədəniyyətlərarası dialoqun həyata keçirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, hazırda dinlərarası və mədəniyyətlərarası dialoq əvvəlki dövrlərlə müqayisədə daha çox aktuallıq kəsb edən qlobal problemlərdən biridir. Hazırki şəraitdə mədəniyyətlərarası dialoq zərurətinin əsas səbəblərindən biri planetdə kütləvi qırğın (nüvə və s.) silahlarının həcminin çoxalması, müxtəlif regionlarda terror hadisələrinin baş verməsi, planetdə qlobal ekoloji gərginliyin artması, təbii fəlakətlərin çoxalması və s. ilə şərtlənir. Bu baxımdan qeyd etmək lazımdır ki, müasir dövrdə sivilizasiyalar arasında dialoq qlobal səviyyədə bəşəriyyətin ehtiyaclarından birinə çevrilib. Məlumdur ki, ABŞ-da baş verən 2001-ci il 11 sentyabr hadisələrindən sonra dinlərarası və sivilizasiyalararası dialoq zərurəti daha da aktuallaşmış və bu istiqamətdə aparılan elmi-nəzəri tədqiqatların və əməli tədbirlərin dəyəri daha da mühüm əhəmiyyət kəsb etməyə başlamışdır. Təsadüfi deyildir ki, XXI əsrin ilk ili - 2001-ci il BMT Baş Assambleyası tərəfindən "Sivilizasiyalararası dialoq ili" elan olunmuş və 2001-ci il 9 noyabr tarixdə BMT Baş Assambleyasında "Sivilizasiyalararası dialoq üçün qlobal gündəlik" adlanan qətnamə qəbul edilmişdir. Bunlar onu göstərir ki, qloballaşma dövründə sivilizasiyalararası dialoqun həyata keçirilməsi daha çox əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı respublikamızda son illərdə xeyli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilib. Məsələn, Azərbaycanda bu cür tədbirlərin keçirilməsi Avropa mədəniyyəti ilə İslam ölkələrinin mədəniyyəti arasında respublikamızın körpü rolunu oynadığını göstərən faktlardır. İki sivilizasiya arasında mədəniyyətlərin və dinlərin dialoqunun təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdə nüfuzu da getdikcə artmaqdadır. Son illərdə Azərbaycan Respublikası dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı bir çox beynəlxalq konfranslara ev sahibliyi edib. Bu tədbirlərdən biri 2006-cı ilin aprelində Bakıda keçirilən "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" adlı konfransda Latın Mədəniyyəti Akademiyasının böyük bir nümayəndə heyəti də iştirak edib.
Qeyd edək ki, Latın Mədəniyyəti Akademiyası (LMA) 2000-ci ildə latın mənşəli ölkələrin mədəni irsini qorumaq məqsədilə yaradılıb. Latın Mədəniyyət Akademiyası son illərdə "Latın dünyası və islam aləmi" mövzusunda konfranslar keçirməklə latın və islam sivilizasiyaları arasında dialoqun genişləndirilməsi sahəsində xeyli işlər görüb. İndiyədək Latın Mədəniyyət Akademiyası – Tehran, İskəndəriyyə, İstanbul, Ankara və s. şəhərlərdə konfranslar keçirərək mədəniyyətlərarası dialoqa xidmət edən dəyərlərin araşdırılmasına diqqəti yönəldib. Əsas məqsədlərdən biri – Qərb rasionalizmini islam mədəniyyəti ilə zənginləşdirmək və sivilizasiyalararası yarışda hegemonçuluğun qarşısını almaqdır.
Qeyd edək ki, konfransda çıxış edən Latın Mədəniyyət Akademiyasının baş katibi Kandido Mendes Azərbaycanda mədəniyyətlərarası vəziyyətin yaxşı olduğunu vurğulayıb: "Böyük gələcək perspektivlərə malik bir ölkə kimi, Azərbaycan xüsusi diqqətə layiqdir. Siz sırf Avrasiya ölkəsi deyilsiniz. Siz bu iki geosiyasi xətlərin tarazlaşdırılmasını təmin edə biləcək bir ölkəsiniz. Məhz buna görə Latın Mədəniyyəti Akademiyası slavyanların, türklərin, digər Avrasiya millətlərinin arasında korpü yaratmağa çalışır.... Tarixin nə cür, nə məcrada inkişaf etməsinin məhz Azərbaycandan görünüşü bizim üçün vacibdir. Buna görə, qarşınızda baş əyirik və bu gözəl dialoqu məhz sizin ölkənizdə həyata keçirdiyimizə görə təşəkkürümüzü bildiririk."
Aparılan müşahidələr göstərir ki, Azərbaycan Respublikası dinlərarası və mədəniyyətlərarası dialoqa artıq öz töhfəsini verməkdədir. 2008-ci il dekabrın 2-də Avropa Şurasının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanın mədəniyyətlərarası dialoqda müəyyən rol oynadığını göstərən faktdır.

Cavid
Davamı var