Ləzgilərin inancları və toy adətləri Layihə

Ləzgilərin inancları və toy adətləri

Bu yazıda Azərbaycan türkləri ilə ləzgilərin ortaq mərasimləri haqqında danışılır, araşdırıcıların qənaətləri təqdim olunur. Araşdırmaçı Sahibə Paşayeva bildirir ki, hər iki xalqın mədəniyyət, məişət, adət-ənənə, dini görüşlərində, folklorunda oxşarlıq olsa da, bir sıra fərqli cəhətlər də mövcuddur: "Əsrlər boyu bu xalqlar müxtəlif nağıllar, əfsanələr, nəğmələr, rəvayətlər, atalar sözləri və zərbi-məsəllərdən ibarət zəngin folklor çələngi yaradıblar. Ləzgi folklorunun ən məşhur əsəri xalq qəhrəmanı Şarvili haqqında dastandırsa, azərbaycanlılar üçün Dədə Qorqud əvəzsiz müdrik xalq ozanıdır. Ləzgi nağıllarında azərbaycanlılarda olduğu kimi divlər, cinlər, pərilər, sehrli ilanlar, hiyləgər tülkülər, insan kimi danışan qurdlar əsas qəhrəmanlar kimi çıxış edir, əsərdə baş verən hadisələrin gedişini müəyyənləşdirirlər. Azərbaycan və ləzgi folklorunda təbiət və heyvan kultları öz mövqeyini qoruyub saxlayıb. Bu folklor nümunələrində onların mövcud inancları öz əksini tapıb. Azərbaycanlılarda heyvanlarla, totemik görüşlərlə bağlı, motivlərdə isə əsasən, maral, ceyran, qurd və s. təsvir olunur. Yəni qəhrəmanlar müəyyən şərait nəticəsində bu heyvanlardan birinə çevrilirlər. Qəhrəmanlar hətta quşlara da çevrilə bilirlər. Türk, xüsusilə də, Azərbaycan inanclarında qurd əksər hallarda "bələdçi xilaskar" rolunda çıxış edib təzə, daha uğurlu yaşayış yerlərini nişan verirdi.
Hər iki xalqın inanclarına görə dünya bir-birinə qarşı dayanan ilkin əkiz yaranışların əbədi mübarizəsi üzərində formalaşıb. İşıq və Qaranlıq (Gecə-Gündüz, Günəş-Ay) arasında mübarizə ölüm və həyat qarşıdurması olduğu üçün həmişə davam edəcək. Belə mifik görüşlər Qafqazın bu qədim sakinlərinin folklor materiallarında öz əksini tapıb. Məsələn, ləzgilərin Ay haqqında olan əfsanələrindən birində göstərilir ki, Ay ilə Günəş bacı-qardaşdırlar. Ay oğlan, Günəş isə qızdır. Bacısından inciyən Ay evdən qaçır. Günəş sonra tutduğu işdən peşman olaraq qardaşının dalınca qaçsa da, onu tapa bilmir. O vaxtdan Günəş gündüzlər, Ay isə axşamlar çıxır.
Azərbaycan xalqının Ay və Günəş haqqında olan əfsanələrindən birində də deyilir ki, "Ay və Günəş bacı-qardaş imiş. Bir gün onların anaları yuxa bişirmək üçün hazırlıq görürmüş. Anası Ayı çağırır ki, get oxlovu gətir. Ay oxlovu gətirmir və deyir: "Günəş gətirsin". Günəşlə Ay bir-biri ilə savaşır. Ana acıqlı-acıqlı durur və Ayın üzünə bir sillə vurur. Günəş qorxusundan əsim-əsim əsir. Ay tutduğu işdən utanır. Hər ikisi evdən qaçır. Deyirlər, Günəşin günahı olmadığından o, gündüz, Ay isə utandığından gecə gəzməyə çıxır."
Ləzgilərdə Tar ilahəsi bolluq və məhsul Allahı kimi qəbul edilir. O, pirlərdə ağaclara asılan rəngarəng parça hissələrində ifadə olunur. Tar adını daşıyan Allah pirlər vasitəsilə qorunur. Ağac totemi ləzgi mifoloji sistemində böyük əhəmiyyət kəsb edir. Totem kimi götürülən və pirləşən, yəni müqəddəsləşən söyüd, palıd, çinar ağacları bar vermir. "Bu, tabu ilə bağlı seçimdən irəli gəlirdi, yəni totem kimi elə ağac götürülürdü ki, ona qarşı olan bütün tabulara hamı əməl edə bilsin."
Ləzgi panteonunda Ay Allahı Men qədim və güclü müqəddəslərdən sayılırdı. Azərbaycan və Dağıstanın toponimlərində "men" köklü yer adları var. Məsələn, Xaçmaz rayonunda Menceruba kəndi, Dağıstanın Zöhrab kəndi yaxınlığında Menduq klam adlı əkin yeri, Kukvar kəndi yaxınlığında Manadin yaqıvar adlı örüş yeri və s. Ləzgi xalqının Allahlar panteonuna daxil edilən müqəddəslərdən biri də Su Allahı idi. Su Allahı Tavar adlanır və o, güllərdən toxunmuş paltar geyirdi. Gözəl mənasını verən Tavar qadın adı da buradan meydana gəlib. Tavat adı da bu sözdən yaranıb. Tavat adına azərbaycanlılarda da rast gəlinir.
Ləzgi xalqı təbiətdə baş verən dəyişikliyi müxtəlif mərasimlərlə qeyd edirdilər ki, bunlardan biri də ilahə "Yar"ı tərənnüm edən "Yaran Suvar" bayramıdır. O, martın 21-dən aprelin 4-dək davam edir. Ləzgilərin ən yaddaqalan və gur bayramlarından sayılan Yaran Suvar (Bahar bayramı) qədim adətləri, xalq oyunları, folklor nümunələri, bir-birindən maraqlı şənlikləri ilə seçilir. Xalqın həmin bayramla bağlı zəngin folklorunun olması da bununla əlaqədardır. Azərbaycanlıların sevərək təntənə ilə qeyd etdikləri Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqal qalayaraq üzərindən tullanmaq, səməni yetişdirmək, qonaq getmək, işığı və bolluğu andıran müxtəlif yeməklər və şirniyyatlar bişirmək, rəqs etmək kimi bir sıra ayin və adətlər həyata keçirilirdi. Xüsusi olaraq, bayram üçün seçilmiş buğdadan qovurğa, həlimaşı və səməni halvası bişirirdilər".
Araşdırıcı bu qənaətə gəlir ki, hər iki xalqın Bahar bayramında od ünsürü ilə bağlı bir çox adətlər mövcuddur: "Martın 21-də hər evin qarşısında, hər həyətdə tonqallar qalanırdı ki, hər bir ailə üzvü onun üzərindən tullanmalı idi. Xəstə və kiçik yaşlı uşaqların adlarına məşəllər yandırılırdı. Belə hesab olunurdu ki, od bədəni təmizləyir, keçmiş günahları yandırır, bədəni möhkəmlədir, insanı müqəddəs oda yaxınlaşdırır. Oda çirkli su tökmək, uzun müddət baxmaq olmaz. Çünki o, vura, yandıra, kül edə bilər. Keçi mifinin rituallaşması hər iki xalqın düşüncə tərzində rast gəlinir. Qışın Kosa, yazın Keçi obrazında mifikləşməsi ulu əcdadlarımızın əkinçilik məşğuliyyətinə başlamasından qabaq olub. Keçi Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək yaşamaqdadır. Novruzda Kosa qışın, Keçi isə yazın carçısıdır. Kosa uzun səfərə hazırlaşır.
Mərasim iştirakçıları bilirlər ki, qış gedir, yaz gəlir. Ancaq Kosa öz mövqeyini asanlıqla vermək istəmir. Axırda Keçi-yazı Kosa-qışı vurub öldürür. Mərasim iştirakçıları sevinirlər, Keçini alqışlayırlar. Bu mərasimdə Kosa - qışın mifik obrazı, xalqın dünyanı dərk etməsinin əski görüşləri ilə bağlıdır. Azərbaycanlılar hesab edirdilər ki, Keçi yaz bayramında aparıcıdır, Günəşlə bağlıdır. Keçi yaxşılığı təmsil edib, insanlara ruzi verib.
Ləzgilərdə də keçi müqəddəs heyvan sayılır. Ya 22 sentyabr, ya da 22 martda ləzgi ailəsi 7 erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin özəlliyi var. 22 mart yeni ilin gəlişi, sentyabr isə ilin yarı olması və məhsul yığımının başa çatması ilə əlaqədardır. Kəndli bu il də ailəsinin ac qalmayacağına görə şükür edir və ilin məhsulu olan keçidən 7-ni şükranlıq rəmzi olaraq kəsir. Kəsilmiş yeddi keçidən yeddi orqan çıxarılır və bir daşın üzərində yandırılır. Həmin keçilərdən birinin buynuzu evin divarından asılır. Hər il yenisi kəsiləndə əvvəlki buynuz yenisi ilə əvəzlənir.
Ləzgi xalqında İslama qədərki qədim adətlərin sırasında "Ay günləri"nin qeyd olunması da var. "Vatsrakar" adlanan bu bayramda yeni Ay doğduğu gündə çubuqlardan Ayın maketini hörür, onu güllər və al-əlvan parçalarla bəzəyər, çəmənlikdə qoyardılar. Gənclər əl-ələ tutaraq səmada əsl Ay tam çıxanadək rəqs edərdilər. Beləliklə, hər iki xalqın poetik yaradıcılığı olan folkloru onların həyati təcrübəsini, istək və arzularını ortaq və fərqli şəkildə əks etdirib. "Azərbaycan folklorunun özəlliklərindən biri onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olmasıdır. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir."
Ləzgi folklor nümunələrində də nəinki Dağıstanda və Azərbaycanda yaşayan ləzgilərin, o cümlədən, digər Qafqaz xalqlarının təsiri duyulmaqdadır. "Xalqın gözü güzgü olar" - deyiblər. Məhz buna görə də o, yaxşı nə varsa seçərək bundan faydalanıb. Bu folklor nümunələri həmin xalqların tarixi ilə yaşıddır".
Araşdırmaçı Afət Həbibova isə ləzgilərin toy adətləri haqqında bilgi verir: "Ləzgi kəndlərində qədim toy adətlərinə xüsusi önəm verilir. Ləzgilərdə inama görə toy ilahələrin nəzəri altında keçir. Toy insanları tanıdır, yaxınlaşdırır. Ləzgi toylarını digər xalqlardan fərqləndirən bir sıra özəllikləri var. Ləzgilərdə oğlan əgər əsgər getməyibsə, ona qız vermirlər. Qədim adətə görə isə subay qızlar saçını bir hörük hörərlər. Hər hansı qadının saçı iki hörülübsə, bu o deməkdir ki, o ailəlidir. Bu xalqda qohum evliliyinə üstünlük verildiyi üçün, ən çox əmiuşaqları arasında nikahlar təqdir edilirdi. Hətta "əvvəllər ləzgilərdə nikah ailə quracaq gənclər hələ uşaq ikən qohumlar arasında bağlanırdı". Ləzgilərin də toy mərasimləri bütün azərbaycanlılarda olduğu kimi çox mərhələlidir. Eyni zamanda ləzgilərin toy mərasimlərini ifadə edən sözlərin əksəriyyəti Azərbaycan dilindədir. Ləzgilərdə də elçi "ilçiyar", elçilərə şirin çay təklif edilməsi "şirin çay", elçilərin razılığı gəlməsi "meçi yarui" adlanır.
Ləzgilərdə elçilikdən sonra toy məclisinin başlanğıcı olan nişan məclisi xeyir – dua ilə, mahnı ilə başlanır. Qıza nişan aparılması "nişan ktun" adlanır. Burada musiqiçilərə ehtiyac yoxdur. Onları iştirakçılar əvəz edir. Qəlblər riqqətə gəlir, ürəklərdən gələn sözlər şən bayatılara, mahnılara çevrilir. Belə nəğmələrdən biri olan "Pərizada" mahnısının ləzgi toylarının aparıcı ritmi olmasını hamı bilir.
Toy ərəfəsində oğlan evinin qız evinə başlıq pulunun ödənilməsi adəti də mövcud idi. Bu ləzgicə "niged pul" , yəni "yol pulu" adlanırdı. Əvvəl ləzgi toyları 7 gündən az olmazmış. Sonradan bu say 3 günə enib. Günümüzdə bəzi kəndlərdə bu adətlər saxlansa da, əksəriyyət bir gün edir.
Toydan əvvəl oğlan evi illərdir bəslədiyi qoç və ya cöngəni kəsir. Bu prosesdə nəslin kişilərinin hamısı iştirak etməlidir. Əgər əmioğlu gəlməyibsə, heyvan kəsilə bilməz. Bu həm də qohumlara verilən dəyəri göstərir. Ləzgilərdə toy olacaq günün səhəri evin qapısının üstünə qırmızı şal bağlamaq adətdir. O zaman kənd camaatı xəbər tutur ki, o evdə toy var. O andan etibarən heç kim toya dəvət gözləməzdi. Çünki qırmızı örpək hamı üçün dəvətnamə idi. Bəzi adətlərə görə bu şal daha sonra toy məclisinin hədiyyəsi kimi ən yaxşı iştirakçılardan birinə bağışlanır. Toydan qabaq ilk növbədə qohum-qardaşı yığıb hərəsinə bir iş tapşırarlar. Kiməsə qonaqları qarşılamaq, kiməsə yeməklərə baxmaq həvalə olunur. Hətta qalmaqalın qarşısını almaq üçün nəzarət işinə baxan da müəyyənləşdirilirdi. Keçmişdə isə ləzgilərdə toy ərəfəsində oğlan evinə maddi yardımla bağlı bir "Payar" adlı ənənə də mövcud idi. Bütün yaxın qohumlar, kənd camaatı toy edənin ailə qurmasına və təsərrüfat yaratmasına yardımçı olmaq üçün oğlanın ailəsinə pay gətirərdilər. Belə olan halda toy əsl bayrama çevrilir.

Uğur