Moskva görüşü nə vəd edir? Layihə

Moskva görüşü nə vəd edir?

Sergey Markov: "Bu görüş Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir"

Arzu Nağıyev: "Ermənilər nəyin bahasına olur-olsun görüşlərdən imtina edir"

Mübariz Əhmədoğlu: "Bu dəfə keçiriləcək görüşdə Rusiyanın Ermənistana ciddi təzyiq edəcəyini gözləyirəm"

Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüşdən ciddi nəticələr gözlənilməsə də fikirlər də birmənalı deyil. Əvvəlcə erməni tərəfinin görüşdən imtina etməsi xəbərinin yayılması, sonra isə Rusiyanın diqtəsi ilə razılığa gəlməsi də maraqlı nüanslardadnır.
Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov görüşü şərh edərkən bildirib ki, Moskva görüşü Dağlıq Qarabağ münaqişəsi üçün olduqca əhəmiyyətlidir: "Bu görüş Ermənistanın ya münaqişənin "Kazan düsturu" çərçivəsində həllinə razılaşmasını, ya da danışıqlar prosesindən tamamilə yayınmasını müəyyən edəcək".
Qeyd edək ki, "Kazan düsturu" 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Kazanda keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra gündəmə gəlib. Bu variant ilkin mərhələdə işğal olunmuş rayonların qaytarılmasını, qaçqınların geri dönüşünü, daha sonra Qarabağın yekun statusunun müzakirə edilməsini nəzərdə tutur. Rusiya bununla öz sühməramlılarını da bölgəyə yerləşdirmək istəyir.
S.Markov qeyd edib ki, əgər Ermənistan danışıqlar prosesindən yayınsa, bu münaqişə zonasında hərbi variantın gündəmə gəlməsi deməkdir: "Axı hamımız anlayırıq ki, Bakı sülh perspektivlərini görməyəcəksə, başqa variantlara üz tutmağa məcbur olacaq. Bu baxımdan, Moskvada keçiriləcək görüş çox əhəmiyyətlidir".
Rusiyalı politoloq rəsmi İrəvanın görüş haqqında heç bir rəsmi informasiya verməməsini, daha çox susqunluq nümayiş etdirməsini də şərh edib: "Ermənistanın sükutu onunla bağlıdır ki, Moskva və Bakı çoxdan "Kazan düsturu" əsasında həll variantına razıdır. Əlbəttə, Moskva və Bakının mövqeləri arasında da fərqlər mövcuddur, lakin burada ümumi olaraq, ciddi sıçrayışa səbəb olacaq konstruktiv danışıqlardan söhbət gedir. Ermənistan indi çətin vəziyyətdədir. İrəvanda bəziləri danışırlar ki, "Kazan düsturu"na razılaşmaq lazımdır, digərləri bu mövqeyi qəti rədd edir və danışıqların kəsilməsini istəyir. İrəvandakı daxili nizamsızlıq qeyri-müəyyənlik yaradır".
S.Markov həmçinin, aprelin 25-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in baş katibi Lamberto Zanyerlə görüşdə səsləndirdiyi "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ciddi maneələr var" sözlərini də şərh edib. Onun fikrincə, Lavrov ATƏT-in baş katibinə qarşıdakı görüşlə bağlı məlumat verdi və "Kazan düsturu"nu dəstəkləməyi təklif etdi: "Deyəsən, bu məsələdə Moskva və ATƏT-in mövqeləri yaxındır".
Politoloq Arzu Nağıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair görüşün davam etdirilməsi müsbət haldır, çünki ermənilər nəyin bahasına olur-olsun görüşlərdən imtina edir. Görüşdən imtina etmək isə status-kvonun saxlanması deməkdir. O qeyd edib ki, sonuncu dəfə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri görüşdü, lakin bu heç bir effekt vermədi. Politoloq bildirib ki, yaxın zamanlarda işğal edilmiş ərazilərdə qondarma referendum keçirildi və bunun da nəticələri göz qarşısındadır: "Fevralda ermənilər cəbhədə təxribat törətdilər və bu da acı nəticələr verdi. Fevral hadisələrdən sonra uzun müddət görüş keçirilməyib. Hesab edirəm ki, görüşün olmaması ermənilərin xeyirinədir. Bu qondarma respublikanın kimsə tərəfindən tanınması istiqamətində atılan addımdır". A. Nağıyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri deklarativ bəyanatlardan başqa heç bir addım atmır: "Hesab edirəm ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrovun da məqsədi bir görüntü yaratmaqdır. Biz diktə edən tərəfik, ərazi bütövlüyümüzü təmin etmək üçün istənilən addıma getməyə hazırıq".
Politoloq sonda deyib ki, görüşün elə bir müsbət nəticəsi olmayacaq, lakin görüş naminə görüşmək də Azərbaycana xeyir gətirmir: "Bizim erməniləri masa arxasında əyləşdirmək üçün imkanlarımız var. Ermənilər fikirlərini bildirməlidir və bununla da Azərbaycan müvafiq addım ata bilər".
Politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin bu dəfə keçiriləcək görüşündə Rusiyanın Ermənistana ciddi təzyiq edəcəyini gözləyirəm: "Əgər Rusiya Ermənistana təzyiq edib sənəd imzalada bilməsə Dağlıq Qarabağ münaqişəsi Rusiyanın özü üçün ciddi fəsada çevriləcək". O qeyd edib ki, ona görə də Rusiyanın Ermənistana təzyiq etməsi gözləniləndir. Politoloq bildirib ki, Ermənistanın Rusiyanın sözünə qulaq asıb-asmayacağını demək çətindir. M. Əhmədoğlu qeyd edib ki, Rusiyada belə bir anlayış var ki, münaqişənin dinc yolla tənzimlənə bilməməsinin əsas günahkarı Ermənistandır: "XİN rəhbəri Sergey Lavrov Azərbaycan mətbuatına açıqlamasında bildirmişdi ki, tərəflər yenilənmiş Madrid Prinsipləri və ya Sankt-Peterburqda əldə edilmiş razılaşmaları qəbul edərsə, əsas fikir ayrılığı hansı ardıcıllıqla reallaşmasında olacaq. Politoloq hesab edir ki, ardıcıllığı seçmək Ermənistanın ortaya qoyduqları bəhanədir: "Ermənilər deyir ki, Dağlıq Qarabağın statusu müəyyən edilməlidir, bu mümkün variantdır. Ermənistan prezidenti Serj Sarkisyan xarici KİV-ə müsahibəsində demişdi ki, Dağlıq Qarabağ ətrafında 7 rayonu qaytarmağa hazırdır. Amma Sarkisyan bildirdi ki, gərək razılaşma sənədinin birinci maddəsində yazılsın ki, birinci Qarabağın statusu müəyyən edilsin". Politoloq vurğulayıb ki, əgər Sarkisyan bu təklifi irəli sürürsə, elə birinci maddədə yazılsın ki, status Qarabağ azərbaycanlıları öz evlərinə qayıtdıqdan sonra müəyyən olunsun.
M. Əhmədoğlu qeyd edib ki, Ermənistan qoşunların işğal edilmiş ərazilərdən çıxarılması ilə bağlı heç bir addım atmayıb. Bu onu göstərir ki, Ermənistan bəhanə axtarır: "Vyana və Sankt-Peterburq görüşlərində Ermənistan texniki məsələləri qaldır. Ermənistan təklif etdi ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyası genişlənsin, bu nəyi dəyişəcək? Azərbaycan bununla razılaşdı, Ermənistan yol xəritəsi hazırlasın, qoşunlar da işğal edilmiş ərazilərdən çıxarılır. Ermənistan elə başa düşür ki, texniki məsələləri önə çıxarmaqla danışıqları uzadacaq. Amma fikrimcə, bu metod işləməyəcək. Hesab edirəm ki, hər şey Rusiyadan asılıdır".
Politoloq Tofiq Abbasov diqqətə çatdırıb ki, Moskvada keçiriləcək Lavrov-Məmmədyarov-Nalbandyan görüşündən Qarabağ münaqişəsi ilə bağlı müsbət nəticə gözləmək lazım deyil: "Lakin Azərbaycan Ermənistana sonuncu dəfə konkret olaraq möhlət verib. Nazirlərin görüşü ilə bağlı Azərbaycan və Ermənistan mediasında xəbərlər yayılsa da, Rusiya tərəfi susurdu. Erməni mətbuatında hətta xəbər yayıldı ki, görüş baş tutmayacaq. Nəhayət ötən gün Rusiya XİN görüşün aprelin 28-də Moskvada keçiriləcəyini bəyan etdi. Hətta bildirilir ki, Moskva İrəvana təzyiq göstərərək Nalbandyanı görüşə gəlməyə məcbur edib.
Tofiq Abbasov bu səbəbə görə üçtərəfli görüşdən nəzərəçarpacaq dərəcədə nəticə gözləmədiyini bildirib. Çünki Ermənistan tərəfi danışıqlara hazır deyil. Yenə də prosesi süründürür, dalana dirəyir. Rusiya və digər ölkələr də yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsində əsas maneə Ermənistandır. Çünki rəsmi İrəvanın mövqeyində, yanaşmasında heç bir dəyişiklik yoxdur. Əgər onların imkanı olsaydı, ümumiyyətlə bu görüşlərə gəlməzdi və boykot edərdilər. Sadəcə olaraq Rusiyadan, Beynəlxalq təşkilatlardan çəkinirlər".
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq münaqişə ətrafında gedən proseslər dəyişikliklərə bir növ hamilədir: "Ermənistdanda aprelin 2-də parlament seçkiləri keçirildi. Ən azı gələn ildən Ermənistan parlament respublikası olacaq. Azərbaycan tərəfi də bunu başa düşür və onlara qısa müddətli möhlət verib. Biz onların problemini dəfələrlə anlamışıq. 1998-ci ildə Ermənistanda çaxnaşma baş verdi, hakmiyyət dəyişikliyi oldu. Heydər Əliyev həmin vaxt onlara möhlət verdi. Elə bir məqam idi ki, Azərbaycan radikal yolla məsələni dəyişə bilərdi. 1999-cu ildə parlamentdə gülləboran oldu. Yenə Azərbaycan onların daxili işinə qarışmadı. Halbuki ölkə daxilindəki bu qarışıqlıqlardan Bakı istifadə edə bilərdi. 2008-ci ilin mart hadisələrində də əhaliyə atış açıldı, toqquşmalar baş verdi. Xaosdan sui-istifadə etmədik. Bir növ Azərbaycan centlmensayağı addım atıb.
Bu dəfəki isə sonuncu möhlətdir. Bundan sonra mövqe bildirməsələr, vəziyyət birmənalı şəkildə dəyişəcək. Bu müddət ərzində Ermənistan münaqişə ilə bağlı öz mövqelərini, nə istədiklərini ortaya qoymalıdır. Rəsmi Bakının mövqeyi bəllidir: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri altdan-altdan Ermənistana kömək etsələr də yaxşı başa düşürlər ki, İrəvan kompromisdən yayınır və bunun axırı pis qurtara bilər:
"Qırmızı xətti keçməməkdən ötrü Sarkisyana təzyiq göstərməlidirlər və edəcəklər. Lakin bu, tezliklə baş verməyəcək. Ermənistan parlament respublikasına keçdikdən sonra Qarabağ münaqişəsi ilə bağlı "hə" və ya "yox" cavabını konkret verməlidir. İstər-istəməz söz deməyə, mövqe bildirməyə məhkumdurlar və bundan qaça bilməyəcəklər. Əks halda Azərbaycan öz gücünü hərbi yolla göstərəcək."



Əli