Mətbuatda milli-mənəvi dəyərlərin təbliği Layihə

Mətbuatda milli-mənəvi dəyərlərin təbliği

Elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz acımasız qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Nə yazıq ki, bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media - mətbuat, televiziya, radio və internetdir.
Kütləvi informasiya vasitələrinin necə böyük bir gücə malik olması barədə söhbət açmaq yersiz olardı. KİV bu gün bütünlüklə ayrı bir dünyadır və bu dünya öz sosial-psixoloji təsiri mahiyyəti ilə əvəzedilməz və müqayisəyəgəlməz dərəcədə böyük təsir gücünə malikdir. Bu gün kütləvi informasiya vasitələri bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilib. Çünki onsuz həyatımızın hansı istiqamətdə axın edəcəyini düşünmək qeyri-mümkündür. Bu, günümüzün reallığıdır. Lakin gəlin bir anlıq təsəvvür edək: nəinki gündəlik iş rejimimizə, hətta şüurlarımıza və bilavasitə şəxsiyyət kimi inkişafımıza birbaşa təsir etmək gücünə malik KİV düzgünlük, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmət etmək əvəzinə, zorakılığı, milli diskriminasiyanı, cəmiyyətin bir çox eybərcərliklərini qabardır və bir növ bu eybəcərliklərin təbliğatçısına çevrilir. O zaman istər cəmiyyətin, istərsə də ayrı-ayrı fərdlərin müsbət yöndə inkişafından danışmağa dəyərmi?
Müasir jurnalistkanın dinamik inkişafı və informasiya məkanının qloballaşması dünyanın istənilən nöqtəsinə öz təsirini göstərib. Mətbuat, televiziya və radio, multimedia və internet şəbəkələri millionlarla insanın evinə girməkdədir. İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, güclülər informasiyanın toplanması, saxlanması, işlənməsi, yayılması və istehsalı proseslərində də öz qayda-qanunlarını diqtə edirlər. Bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq.
Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməlidir. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi-əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir.
Bu gün inkişaf edən Azərbaycanda avropalaşmanın üstünlükləri olsa da, bunun mənfi tərəfləri də var. TV-də efirə gedən xarici kinofilmlərin, musiqinin təsiri altında formalaşan gənc nəsil ənənəvi mədəni-mənəvi və bədii oriyentirlərdən surətlə uzaqlaşır. Milli şüura və mentalitetə yad olan və ekrandan təbliğ edilən bu amillər gənc nəsil arasında önəmli yer tutmağa başlayır. Bütün bunlar isə öz növbəsində gənc və daha yaşlı nəsil arasında hətta bəzən keçilməsi mümkün olmayan böyük sədd yaradır, onların biri-birini anlamasını çətinləşdirir.
Söhbətlərində, geyim-keçimlərində, xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə "avropalaşmaq" adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya problemləri ilə bağlı media həyəcan təbili çala bilmir. Əvəzində isə sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, abırsız şəkillər, kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə balta vurur, satira əvəzinə söyüş, tənqid əvəzinə təhqir yazırlar.
Yazıçı-publisist Oqtay Əliyevin fikrincə, çoxsaylı mətbuatımız, televiziya kanalları, nəhayətsiz internet şəbəkələri, müxtəlif informasiya texnologiyaları təəssüf ki, başlı-başına buraxılıb. Azad sözün yaratdığı imkanlarından, məqamından qeyri-sağlam istifadə olunması, cəmiyyətimizə, mənəviyyatımıza yad təzahürlərlə tuğyan etməsi gənclərin mənəvi dünyasının formalaşdığı məkana, ailələrə, məktəb yaşlı uşaqların düşüncə tərzinə təbii fəlakət kimi soxulması yolverilməz olsa da, təəssüf ki, bugünkü həyatımızın gerçəkliyidir.
Əsasən qeyri-peşəkarlıq, jurnalist etikasına əməl etməyən, mətbu sözünün təsir gücünü, özünü qiymətləndirməyi bacarmayan, ayrı-ayrı iddialı şəxslərin yersiz və lüzumsuz sifarişinə rəğmən dərc edilən yazılar insanları nəinki bir-birinə düşmən edir, eyni zamanda onların əhatəsində olan övladlarını və yaxınlarını sarsıdır, böyük-kiçiklik, ailə başçısı nüfuzuna mənfi təsir göstərir. Saysız-hesabsız qəzetlərin timsalında təqdim olunan belə yazılar ümumiyyətlə xalqımızın zəngin etik davranışları, mənəvi-əxlaqi dəyərləri ilə, xüsusilə jurnalistin peşə məsuliyyəti ilə bir araya sığmır, qəzet səhifələrində şəxsiyyəti təhqir edən, insan ləyaqətini alçaldan, onu ailəsi və dostları qarşısında başı aşağı edən yazılar çoxdur. Bu yazıların mənbəyi əsasən çayxana söhbətlərinə söykənsə də, onu kütləvi mətbuat səhifələrinə çıxarmaq heç bir əxlaqa yaraşmır, ümumən xalqımızın milli-mənəvi dəyərləri ilə bir araya sığmayan mövqedir, lüzumsuz yanaşmalardır.
Söz sərkərdədir, insanı, kütləni idarə edir. Sözün böyük qüdrəti, qılıncdan iti kəsəri olsa da, həm də incə, məlhəm, zərif göltək lətafəti var, gözəlliklər və şövq yaradır. Sərkərdələr də cəngə səsləyən əmrlərini məhz sözün qüdrəti ilə deyirlər. Xoş niyyətlə deyilmiş, mərhəmanə, incə söz insanları xeyirxahlığa, humanizmə, Vətən, ata-ana sevgisinə, haqq-ədalətə tapınmağa, insana xas olan gözəlliklərə səsləyir. Sözün qədrini və qədərini qiymətləndirən ata-babalarımız öz müdrik məsləhətləri ilə insanlara doğru yol göstərər, qan barışdırar, gəncləri həyatda necə yaşamağa ruhlandırardılar. Lakin söz azadlığından istifadə edən bəzi mətbuat orqanları xalqımızın iman-etiqad göstərdiyi möqəddəs məkanlara, böyük şəxsiyyətlərimizə yönəlmiş mənfi məna daşıyan yazılardan çəkinməlidirlər.
Hər bir jurnalist həm də məhz bu xalqın övladıdır, mətbuatımız da azərbaycançılığımıza xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz-bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdə çap olan pornoqrafik jurnalların gətirilməsi, yayılması, eləcə də respublikamızda nəşr olunan sarı piyarlar, bir sıra qəzet və jurnallar sözsüz ki, Azərbaycan ailəsinə daxil olur, oxunur və böyüklü-kiçikli baxılır. Bəzi televiziyalardakı eybəcərliklər, istedadsız və şəxsiyyətsiz şou-biznesin bəzi nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan verilişlər, pornoqrafik momentlər əks olunan reklamlar, kino-filmlər, insan heysiyyatına ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşılanmasına hesablanmış vasitələrdir. Azərbaycan xalqının siması belədirmi ki, hər ölkədə baş verən adi bir faktı daha da qabardıb, eybəcər şəkildə geniş tamaşaçı kütləsinə car çəkirlər?! Hörmətli jurnalistlər, dünya şöhrətli, gözəl xalqımızı və onun şəxsiyyətlərini və bariz nümunə olan əxlaqi dəyərlərini dünyaya beləmi tanıdarlar?!
Xalqımızın bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var. Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı qorumaq uğrunda canlarını belə fəda etmişlər. Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Zaman ötsə də, bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır. Birinci Qarabağ müharibəsi böyük supergüclərin rəvac verdiyi, dəstəklədiyi, əməli və konkret köməklik göstərdiyi düşmənlərimizin dədə-baba torpaqlarımızı işğal etməsi minlərlə vətən oğullarını ayağa qaldırdı. Güclü dövlətlərin iştirakıyla aparılan işğalçılıq müharibəsi xalqımızın qəhrəmanlıq tarixində yüzlərin, minlərin şücaəti, qeyrətli nümunələrilə yaddaşlara həkk olundu. Bu gün də Vətən oğulları Qarabağın azad edilməsi üçün orduda həvəslə, böyük qürur hissilə xidmət edir, aparılan ordu quruculuğuna öz töhvələrini verirlər. Lakin mənəvi cəhəddən aşılanmalara yol vermiş bəzi ailələr övladlarını xarici ölkələrdə oxumaq, eləcə də xəstəliklər adı ilə orduda xidmətdən yayındırmağa çalışırlar. Zaman, tarix, Azərbaycan xalqının vətənpərvərlik ənənələri bəzi belə insanlara dərs olmalıdır. Ölkəmizdə bəzi radikal qüvvələr özlərinin ideoloji məqsədlərini zoran həyata keçirməyə, zərərli dini adətləri kor-koranə, ifrat dərəcədə icra etməyə çalışsalar da özünün milli-mənəvi və dini dəyərlərinə həmişə böyük önəm verən xalqımız özünəməxsus inancları, inam-etiqad göstərdikləri məbədləri göz-bəbəyi kimi qoruyub saxlayır, nəsil-nəsil davam etdirir. Lakin radikalizmə, ifrat dini etiqadların ayaq açmasına yol vermək nə zəmanənin tələbinə uyğundur, nə də tarixi ənənələrimizə. Ailə başçıları, ziyalılar gənc nəslin tərbiyəsində bu vacib xüsusatlara həmişə ciddi diqqət yetirməli, övladlarımızı dünyəvi elmlərin fatehi olaraq görmək arzusunda olmalıdılar.

Cavid