“İrəvan Türkiyənin şərq ərazilərini “Qərbi Ermənistan” adı altında təqdim edir və açıq şəkildə ərazi iddiası irəli sürür” Layihə

“İrəvan Türkiyənin şərq ərazilərini “Qərbi Ermənistan” adı altında təqdim edir və açıq şəkildə ərazi iddiası irəli sürür”

Qabil Hüseynli: "Bu insanlar nə etdiklərini və hara getdiklərini çox yaxşı başa düşürdülər"

Aydın Hüseynov: "Ermənilər Xocalı soyqırımını orada yaşayanların azərbaycanlı olduğu üçün törətdilər"

Aydın Mirzəzadə: "Bu səfər Ermənistan tərəfındən hazırlanmış siyasi təxribatdır"

Bir qrup Türkiyə vətəndaşının Xankəndinə qanunsuz səfər etməsi Azərbaycanda ciddi etiraz doğurub. Amma ekspertlər bunu təsadüfi saymırlar. Yaxın zamanlarda Minsk qrupu həmsədrləri bölgəyə səfər edəcklər. Eyni zamanda, prezidentlərin görüşünə hazırlıq görülür. Belə bir ərəfədə bu addımın atılması maraq doğurmaya bilməz.
Xatırladaq ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup "ziyalı" "Qərbi Ermənistan Konqresi" adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər ediblər.
Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisində anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bu səfəri şərh edən politoloq Qabil Hüseynli bildirib ki, sözügedən qrupda yer alan insanlar ermənilərin hansı çirkin niyyətlərinin olduğunu çox yaxşı bilirlər. Müsahibimiz səfəri təşkil edən "Qərbi Ermənistan Konqresi"nin adına diqqət yetirilməsinin vacib olduğunu bildirib. O qeyd edib ki, İrəvan "Qərbi Ermənistan" adı altında Türkiyənin şərq ərazilərini təqdim edir və açıq şəkildə ərazi iddiası irəli sürür.
"Məsələn, Əli Bayramoğlu tanınmış jurnalistdir və ermənilərin Türkiyəyə qarşı iddiaları barədə məlumatlıdır. Ufuk Uras da "Qərbi Azərbaycan Konqresi"nin nizamnaməsini də, qarşıya qoyduğu məqsədləri çox gözəl bilir. Təşkilatın Türkiyəyə qarşı qan qusduğunu Əli Bayramoğlu hətta dəfələrlə öz yazılarında qeyd edib. Bir sözlə, bu insanlar nə etdiklərini və hara getdiklərini çox yaxşı başa düşürdülər", - Q. Hüseynli bildirib.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən bəyanata görə, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən şəxslər Türkiyənin müxalifət partiyasını təmsil edən keçmiş millət vəkilləri və müxalif jurnalistlərdir. Həmin qrupun şəxsi təşəbbüslə və Türkiyənin rəsmi qurumlarını xəbərdar etmədən bu səfəri həyata keçirdiyi bildirilir.
Lakin Q.Hüseynli bu bəyanatla razılaşmır. Onun sözlərinə görə, səfər barədə ən azı hansısa nazirlik və hüquq-mühafizə orqanları səviyyəsində məlumatın olmaması mümkün deyildi. Politoloq bildirir ki, səfərin həyata keçirilməsi və sərhəddən keçmək üçün müəyyən hüquqi prosedurlar tətbiq olunmalı idi.
Q.Hüseynli əlavə edir ki, Türkiyə hökumətinin müəyyən dairələri səfərdə iştirak edən insanların təxribata meylli insanlar olduğunu da yaxşı bilirlər: "Bu insanlar uzun müddətdir ki, "erməni soyqırımı"nın tanınması istiqamətində fəaliyyət göstərən şəxslərdir. Onların hara gedəcəyini və Türkiyə-Azərbaycan münasibətlərinə zərər verəcəyini də bilməmiş deyildilər. Mən bu məsələdə Türkiyə dövlətinin səhlənkarlığını, məsələyə barmaqarası yanaşdığını, hətta bəzi dairələrin səfərin həyata keçirilməsində maraqlı olduğunu görürəm. Səfərin təşkili üçün müəyyən hüquqi prosedurların həyata keçirilməsi vacib olduğundan, Türkiyə hökumətinin müəyyən dairələrinin bundan xəbərsiz olduğunu iddia etmək mümkün deyil".
Azərbaycan həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edib. Səfər qrupunda iştirak edən Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Hər halda ortada "Lapşin nümunəsi" var. Dağlıq Qarabağa qanunsuz səfər edən Aleksandr Lapşin dost Belarus tərəfindən Azərbaycana ekstradisiya olundu.
Müsahibimiz bildirir ki, Türkiyə bir müddət həmin insanlar barədə qaldırılmış cinayət işləri barədə sənədləri tələb edə bilər: "Cinayət işi qaldırılıb və toplanılan materiallar qısa müddətdə Türkiyəyə göndərilə bilər. Türkiyənin hansı addımlar atacağını dəqiq söyləmək çətindir. Amma söhbət bir qrup şəxsin Azərbaycan sərhədlərini qeyri-qanuni keçməsindən gedirsə, Türkiyə tərəfi Azərbaycanın tələbini yerinə yetirməlidir. Ola bilsin ki, müəyyən dairələr həmin insanlar barədə tədbirlərin məhz Türkiyədə həyata keçirilməsinə çalışsın. Amma bu, Azərbaycanın xeyrinə olan bir hal deyil. Azərbaycan yalnız Türkiyə hökuməti qarşısında tələb irəli sürməməli, bunu həm də İnterpol xətti ilə tələb etməlidir. Məsələyə yalnız iki dövlətin münasibətləri çərçivəsində baxılmamalıdır. Nəzərə alaq ki, Türkiyənin məhkəmə və prokurorluq orqanlarında sol baxışlı insanlar kifayət qədər çoxdur və onlar Azərbaycanın tələbinin yerinə yetirilməsinə mane ola bilərlər".
Q.Hüseynlinin fikrincə, bu cür səfərlərin davam edəcəyinə ehtimal vermək bir qədər çətindir: "Səfərdə iştirak edənlər barədə Azərbaycan tərəfindən cinayət işinin qaldırılması ciddi müzakirələrə və mövqelərin ciddi şəkildə qarşıdurmasına gətirib çıxaracaq. Səfərlərin davam etməsi Türkiyə hökumətinin proseslərə nəzarət edə bilmədiyi barədə təssürat yarada bilər. Ankaranın bu adamları Azərbaycana təhvil verməməsi isə Türkiyənin Sürix danışıqlarına bənzər formada Ermənistanla gizli danışıqlar apardığına dair qənaət formalaşdırır. Bu baxımdan, Ermənistanın yeni səfərlər təşkil etmək imkanları yetərincə deyil, hətta sıfra bərabərdir".
Millət vəkili Aydın Hüseynov isə diqqətə çatdırıb ki, bir qrup Türkiyə vətəndaşının Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə səfər edərək oradan Azərbaycana qarşı bəyanatlar səsləndirmələri həm də Türkiyənin özü üçün təhqirdir. Millət vəkili bildirib ki, ermənilər tarixən Türkiyə ilə torpaq davası edib və onlar indi də Türkiyəni qondarma "erməni soyqırımı"nda günahlandırırlar: "Ermənilər Xocalı soyqırımını orada yaşayanlar azərbaycanlılar olduğu üçün törətdilər. Türkiyə vətəndaşlarının Azərbaycanın işğal altındakı ərazilərində keçirilən tədbirə qatılmaları həm Azərbaycan, həm də Türkiyə üçün hörmətsizlikdir. Onların bu addımı başa düşülən deyil. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. İnanırıq ki, Türkiyə bu şəxsləri qısa zaman ərzində Azərbaycana təhvil verəcək".
Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qanunsuz səfər edən və orada antiazərbaycan təbliğatı aparan Türkiyə vətəndaşlarına ziyalı deməyin özü qəbahətdir. Millət vəkili bildirib ki, bu səfər Ermənistan tərəfındən hazırlanmış siyasi təxribatdır: "Bunun arxasında Azərbaycan-Türkiyə münasibətlərini pozmaq istəyən Ermənistan və xaricdəki müəyyən dairələr dayanır. Türkiyə hər zaman Azərbaycana qardaş ölkə olub və iki ölkə arasındakı münasibətlər bütün dünya ölkələrinə bəllidir: 80 milyonluq Türkiyədə bir-iki nəfər belə xainin olması təbiidir. Türkiyə həmişə bütün problemlərdə Azərbaycanın yanında, Azərbaycan isə Türkiyənin yanında olub. Bu şəxslərin Dağlıq Qarabağa qanunsuz səfəri yalnız Ermənistanın və xaricdə yaşayan erməni diasporunun təxribat xarakterli addımıdır". Deputat qeyd edib ki, bu hadisənin Türkiyə dövlətinin mövqeyi olmadığını bilirik: "Azərbaycanın Baş Prokurorluğu bu səfərlə bağlı cinayət işi başlayıb və həmin şəxslərin qanunsuz hərəkətlərinə hüquqi qiymət veriləcək. İnanıram ki, qardaş Türkiyə də bu məsələdə Azərbaycana dəstək olacaq, həmin şəxsləri qısa müddətdə saxlayaraq Azərbaycana təhvil verəcək və onlar Azərbaycan qanunvericiliyinə uyğun cəzalandırılacaqlar".

Əli