
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər yalnız cəbhə xəttində deyil, diplomatiya və informasiya meydanında da böyük bir dönüş nöqtəsi oldu. Döyüş meydanında yazılan zəfər salnaməsi başa çatsa da, indi ən azı onun qədər kritik olan yeni bir mübarizə gedir: Azərbaycan həqiqətlərini qlobal müstəvidə qorumaq və erməni dezinformasiya maşınını birdəfəlik zərərsizləşdirmək.
Bəs postmüharibə dövründə Azərbaycan diplomatiyası anti-təbliğat hücumlarının qarşısını necə alır? İşğaldan azad edilmiş ərazilərdə törədilən vandalizm, mina terroru və müharibə cinayətləri beynəlxalq auditoriyaya hansı faktlarla çatdırılır?
Zəfər təbliğatı
Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin dünya ictimaiyyətinə və beynəlxalq diplomatiyaya obyektiv şəkildə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə milli dövlətçilik və xalqımızın ümumi tarixində mühüm hadisədir: “Əlbəttə, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfər, milli dövlətçilik və xalqımızın ümumi tarixində çox mühüm bir hadisədir. Ancaq hazırkı beynəlxalq münasibətlər sistemində bu müharibənin obyektiv əsaslarda dünya diplomatiyasının diqqətinə çatdırılması, dünya ictimai rəyinə təqdim edilməsi də əhəmiyyətlidir. Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması gələcəkdə ölkəmizə qarşı aparıla biləcək anti-təbliğat kampaniyalarının qarşısının alınması baxımından da vacibdir. Çünki nəticə etibarilə biz qlobal ictimai rəydə haqlı olduğumuzu dəfələrlə dünya ictimaiyyətinə təqdim etməliyik. Çünki gələcəkdə bu məsələ bizə qarşı ermənilərin və məlum mərkəzlərin anti-təbliğat kampaniyasının həyata keçirilməsinin qarşısını alan preventiv tədbirlər kimi əhəmiyyətlidir. Azərbaycan diplomatiyası bu istiqamətdə mühüm işlər görüb. Ona görə də mənə elə gəlir ki, Azərbaycan diplomatiyası bu işin öhdəsindən layiqincə gəldi. Biz ermənilərin informasiya savaşında həm diplomatiya müstəvisində, həm də media müstəvisində milli mübarizəmizi səmərəli şəkildə qorumağı bacardıq”.
H.Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması da xüsusi əhəmiyyət daşıyır: “Məsələnin ikinci tərəfi, bu gün də davam edən, hələ ki belə görünür uzun müddət davam edəcək Azərbaycan ərazisində olan maddi-mədəni irslə bağlıdır. Bizim əcdadlarımıza aid olan xristianlıq dövrü tariximizə aid olan mədəni irsin həm barbarlığa məruz qalması, həm İslam dininə mənsub olduqdan sonra yaratdığımız maddi-mədəni irsin erməni barbarlığına məruz qalması mütləq dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Ermənistanın Azərbaycanda törətdiyi dağıntılar və mina terroru ilə bağlı həqiqətlər də beynəlxalq auditoriyaya təqdim olunmalıdır.Ermənilərin Azərbaycanda necə böyük vəhşiliklər törətdiyi, insanlığa qarşı necə böyük cinayətlər törətdiyi və bu gün də davam edən mina terrorundan bizim nə qədər əziyyət çəkdiyimizi biz dünyaya çatdırmalıyıq”.
Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə müxtəlif platformalardan istifadə edir: “Mənə elə gəlir ki, bu istiqamətdə Azərbaycan həm müxtəlif beynəlxalq konfranslar təşkil etməklə, həm diplomatik korpusun işğaldan azad olunmuş ərazilərimizə vaxtaşırı səfərlərini təşkil etməklə, həm də digər beynəlxalq tədbirlər müstəvisində bu təbliğatı layiqincə edə bilir. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bundan sonra da davam etdirilməlidir. Ona görə də mən düşünürəm ki, bu proses davam edəcəkdir və Azərbaycan həqiqətləri hər platformada, hər fürsətdə bundan sonra da diqqətə çatdırılacaq”.
İnformasiya cəbhəsi
Milli Məclisin deputatı Könül Nurullayeva diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın illər ərzində apardığı diplomatik və informasiya siyasətinin yeni mərhələyə keçməsinə səbəb oldu: “Müharibə dövründə Azərbaycanın əsas istiqamətlərindən biri baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, mülki əhalinin hədəfə alınması ilə bağlı faktların sənədləşdirilməsi və məsələlərin beynəlxalq hüquq müstəvisində gündəmə gətirilməsi olub. 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın illər ərzində apardığı diplomatik və informasiya siyasətinin yeni mərhələyə keçməsinə səbəb oldu. Bu mərhələnin mühüm istiqamətlərindən biri Azərbaycanın müharibə zamanı baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırması, mülki əhalinin hədəfə alınması ilə bağlı müharibə cinayətlərinə dair faktların sənədləşdirməsi və beynəlxalq hüquq müstəvisində məsələləri gündəmə gətirməsi idi”.
K.Nurullayevanın sözlərinə görə, müharibə günlərində Azərbaycanın diplomatik nümayəndəlikləri, Xarici İşlər Nazirliyi və digər dövlət qurumları tərəfindən mütəmadi məlumatlandırma aparılıb, beynəlxalq təşkilatlara müraciətlər göndərilib, xarici jurnalistlərin hadisə yerlərinə səfərləri təşkil edilib.
“BMT Təhlükəsizlik Şurasına və Baş Assambleyaya göndərilən rəsmi sənədlərdə mülki yaşayış məntəqələrinə hücumlar barədə məlumatlar təqdim edilirdi. 2020-ci il oktyabrın 13-də BMT-yə göndərilmiş məktubda Gəncəyə raket hücumları və digər yaşayış məntəqələrinin atəşə tutulması barədə məlumat verilmişdi”, – deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın informasiya siyasətinin əsas xüsusiyyətlərindən biri faktların foto, video, dağıntı görüntüləri, şahid ifadələri və digər materiallarla təqdim olunması idi: “Bunun beynəlxalq ictimaiyyətin hadisələri yerində görməsi baxımından xüsusi əhəmiyyəti vardı. Müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinin raket atəşinə tutulması açıq şəkildə müharibə cinayəti idi”.
Deputat bildirib ki, Gəncə, Bərdə və digər yaşayış məntəqələri Ermənistan qüvvələri tərəfindən raket və artilleriya zərbələrinə məruz qalıb. Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında Bərdə şəhərinə endirilmiş zərbə nəticəsində azı 21 mülki şəxsin öldürülməsi, 70-dən çox insanın yaralanması barədə məlumatlar beynəlxalq təşkilatların hesabatlarında da əksini tapıb.
“BMT-yə təqdim edilmiş materiallarda da 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 101 azərbaycanlı mülki şəxsin, o cümlədən 12 uşağın öldüyü, 423 nəfərin yaralandığı, on minlərlə insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığı və çoxsaylı mülki obyektlərin dağıldığı barədə məlumatlar yer alırdı”, – deyə K.Nurullayeva bildirib.
Deputatın sözlərinə görə, sosial şəbəkələr, beynəlxalq media, xarici jurnalistlərin səfərləri, xarici dillərdə hazırlanmış materiallar və rəsmi diplomatik kanallar Azərbaycanın mövqeyinin müxtəlif auditoriyalara çatdırılmasında mühüm rol oynayıb.
O əlavə edib ki, müharibədən sonra xarici jurnalistlərin azad edilmiş ərazilərə səfərləri də Ermənistanın uzun illər işğal altında saxladığı ərazilərdə törətdiyi dağıntıların, mina təhlükəsinin və dini-mədəni irsə vurulmuş ziyanın beynəlxalq auditoriyaya nümayiş etdirilməsi baxımından əhəmiyyətli olub.
“İşğal dövründə yaşayış məntəqələrinin dağıdılması, tarixi və dini abidələrin vəziyyəti, məcburi köçkünlərin hüquqları və mina təhlükəsi də sonrakı diplomatik gündəliyin mühüm istiqamətlərinə çevrildi”, – deputat vurğulayıb.
K.Nurullayeva qeyd edib ki, müharibədən sonrakı dövrdə informasiya və diplomatik fəaliyyətin mühüm istiqamətlərindən biri də hüquqi sənədləşdirmə olub: “Azərbaycan dövlət qurumları müharibə zamanı törədilən cinayətlərlə bağlı araşdırmalar apararaq materialları beynəlxalq təşkilatların diqqətinə çatdırmağa başladı. Gəncə, Bərdə və digər yaşayış məntəqələrinə hücumlarla bağlı cinayət işlərinin araşdırılmasına başlanıldı. Eyni zamanda, Ermənistanın bu davranışları beynəlxalq qurumların hesabatlarında da beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirilirdi”.
Deputat hesab edir ki, 44 günlük müharibənin nəticəsi Azərbaycan üçün həm də uzun illər formalaşmış diplomatik və informasiya gündəliyinin yeni reallıqlara uyğunlaşdırılması deməkdir.
“Bu gün əsas məsələ tarixi hadisələrin faktlar, sənədlər və beynəlxalq hüququn prinsipləri əsasında gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmasıdır. Xüsusilə müharibə cinayətlərinin araşdırılması, mülki şəxslərin taleyi, itkinlərin müəyyənləşdirilməsi, mina təhlükəsi və dağıdılmış yaşayış məntəqələrinin vəziyyəti kimi məsələlər beynəlxalq diqqət tələb edir. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Ermənistan törətdiyi müharibə cinayətlərinə görə beynəlxalq səviyyədə ifşa olunub”, – deyə K.Nurullayeva bildirib.
Günel Elxan