“Zəfərin və həqiqətin zirvəsi: Tarixi cinayətlər unudulmamalıdır!” Layihə

“Zəfərin və həqiqətin zirvəsi: Tarixi cinayətlər unudulmamalıdır!”

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Lakin bu zəfər və regionda formalaşan yeni siyasi reallıqlar, sülh prosesinin inkişafı işğal dövründə Ermənistan tərəfindən törədilmiş müharibə, ekologiya və insanlıq əleyhinə cinayətlərin unutdurulmasına əsas verməməlidir. Tarixi həqiqətlərin, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin və mədəni irsin dağıdılması faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması yalnız keçmişin yaddaqalan səhifəsi kimi deyil, gələcəkdə bu cür faciələrin təkrarlanmaması üçün mühüm dövlət və cəmiyyət vəzifəsidir.
Bu istiqamətdə dövlət strukturları ilə yanaşı, diplomatiya, vətəndaş cəmiyyəti və media resurslarının sinxron fəaliyyəti, məlumatların müxtəlif xarici dillərdə və beynəlxalq platformalarda davamlı işıqlandırılması xüsusi rol oynayır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı və politoloq Şakir Ağayev “Xalq Cəbhəsi”nə fikirlərini bölüşüblər.

“Tarixi cinayətlər unudulmamalıdır”

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı açıqlamasında 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Ermənistanın törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən danışıb.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın tarixi ədaləti bərpa etməsi baxımından olduqca mühüm hadisədir: “Bu qələbə Azərbaycan üçün tarixi ədaləti bərpa etdi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin etdi, işğal altında olan torpaqlarını azad etdi. Uzun illər ərzində beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətinə qarşı lazımi mövqeni ortaya qoymaması böyük ədalətsizlik idi. Azərbaycanın tarixi Zəfəri bu ədalətsizliyə son qoydu və xalqımızın öz dədə-baba torpaqlarına hüququnu bərpa etdi”.
Tənzilə Rüstəmxanlı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Ermənistanın işğal dövründə törətdiyi cinayətlərin unudulması anlamına gəlmir: “Ermənistanın işğal dövründə, eləcə də müharibələr zamanı törətdiyi cinayətlər araşdırılmalı və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Müharibənin də öz qanunları var. Əli silahsız mülki əhaliyə, jurnalistlərə qarşı silah işlədilməsi yolverilməzdir. Ermənistan isə bu prinsipləri dəfələrlə kobud şəkildə pozub. Xocalı soyqırımı bunun ən dəhşətli nümunələrindən biridir. Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlər yaddaşımızdan silinməməlidir”.
Deputat vurğulayıb ki, bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə bəşəriyyət üçün əhəmiyyət daşıyır: “Biz bütün bu faktları araşdırmalı, beynəlxalq qurumların diqqətinə çatdırmalı və dünyaya göstərməliyik. Məqsəd yalnız bizə qarşı törədilən cinayətlərin tanıdılması deyil. Əsas məqsəd odur ki, bəşəriyyət bir daha belə faciələrlə, soyqırımları və müharibə cinayətləri ilə üzləşməsin. Bu baxımdan dövlətimizin apardığı işlər, cənab Prezident İlham Əliyevin beynəlxalq arenada həyata keçirdiyi siyasət və Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir”.
Tənzilə Rüstəmxanlı hesab edir ki, bu istiqamətdə dövlətlə yanaşı, cəmiyyətin müxtəlif təbəqələri də fəal olmalıdır: “İctimai qurumlar, vətəndaş cəmiyyəti institutları, parlamentarilər və bütün imkan sahibi olan şəxslər bu məsələdə dövlətimizin yanında olmalıdır. Hər kəs öz sahəsində Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına töhfə verməlidir. Bu, çox ciddi və mühüm məsələdir”.
Deputat bildirib ki, tarixi faciələrin nəticələri və onların beynəlxalq səviyyədə tanıdılması məsələsində ikili standartlara yol verilməməlidir: “Tarix göstərir ki, müxtəlif xalqların yaşadığı faciələrə münasibət sonrakı siyasi proseslərə də təsir edib. Biz də öz tariximizi, xalqımıza qarşı törədilmiş cinayətləri unutmamalıyıq. Təəssüf ki, bu gün də dünyada faciələrə fərqli yanaşmaların şahidi oluruq. Qəzzada yaşanan hadisələrə münasibətdə beynəlxalq ictimaiyyətin ortaya qoyduğu mövqe bunun nümunəsidir. İnsanlıq naminə bütün faciələrə eyni prinsip və meyarlarla yanaşılmalıdır”.

Tənzilə Rüstəmxanlı əlavə edib ki, Azərbaycanla Ermənistan arasında gələcəkdə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və sülh prosesinin inkişaf etməsi tarixi həqiqətlərin unudulmasına səbəb olmamalıdır: “Ermənistanla diplomatik əlaqələrimiz bərpa oluna, sərhədlərimiz açıla və regionda yeni münasibətlər formalaşa bilər. Lakin bunların heç biri Ermənistanın Azərbaycana qarşı müharibə dövründə törətdiyi cinayətləri unutmağımıza səbəb olmamalıdır. Hələ qarşıda yeni kütləvi məzarlıqların aşkarlanması və çoxsaylı faktların üzə çıxması mümkündür. Bu gün artıq bunun izlərini görürük. Biz sülhə və gələcəyə baxmaqla yanaşı, öz tariximizi də qorumalıyıq. Bugünkü siyasi reallıqlar tarixi faciələrimizi bizə unutdurmamalıdır”.

“Həqiqətlər dünyaya çatdırılmalıdır”

Politoloq Şakir Ağayev diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin, eləcə də Ermənistanın işğal dövründə törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir.
Politoloq bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə ilə yanaşı, Ermənistanın işğal altında olan ərazilərdə törətdiyi cinayətlərin də dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifələrdəndir:
“Sözsüz ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə böyük əhəmiyyət daşıyır. Eyni zamanda Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, insanlığa, ekologiyaya, tarixi və mədəni irsə qarşı həyata keçirdiyi əməllər də beynəlxalq aləmdə geniş şəkildə işıqlandırılmalıdır. Qarabağ ərazisində törədilən cinayətlərin miqyası olduqca böyükdür və bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq bizim mühüm vəzifələrimizdən biridir”.

Şakir Ağayev qeyd edib ki, bu istiqamətdə Azərbaycan diplomatiyası, ictimai-siyasi sektor və media tərəfindən müəyyən işlər görülür, lakin fəaliyyət daha da genişləndirilməlidir: “Azərbaycan diplomatiyası, ictimai-siyasi sektor və Azərbaycan mediası bu istiqamətdə müəyyən işlər görür. Amma hesab edirəm ki, görülən işləri daha geniş auditoriyaya çatdırmaq lazımdır. Bunun üçün bütün sahələr üzrə məsul şəxslər, siyasətçilər, diplomatlar və media nümayəndələri daha fəal olmalıdırlar”.
Politoloqun sözlərinə görə, Azərbaycanın həqiqətləri müxtəlif dillərdə və fərqli platformalar vasitəsilə dünya ictimaiyyətinə təqdim edilməlidir: “Bu məsələdə bütün qanuni informasiya resurslarından maksimum istifadə olunmalıdır. Azərbaycanın mövqeyi və Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktlar bir neçə dildə hazırlanaraq beynəlxalq auditoriyaya təqdim edilməlidir. Nə qədər geniş auditoriyaya çata bilsək, bir o qədər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail olarıq”.
Şakir Ağayev xüsusilə Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “İlk növbədə bu məsələdə Azərbaycan mətbuatının üzərinə böyük məsuliyyət düşür. Azərbaycan mediası beynəlxalq media qurumları ilə daha sıx əməkdaşlıq etməli, sosial media platformalarında daha aktiv olmalıdır. Dünya mediası ilə əlaqələr genişləndirilməli, Azərbaycan həqiqətlərini əks etdirən materialların beynəlxalq auditoriyaya çıxarılması təmin edilməlidir”.
Politoloq əlavə edib ki, Azərbaycanda fəaliyyət göstərən müxtəlifdilli media resurslarının imkanlarından da daha səmərəli istifadə olunmalıdır: “Azərbaycanda yalnız Azərbaycan dilində deyil, rus, ingilis və digər dillərdə fəaliyyət göstərən media resursları da var. Bu imkanlardan daha geniş istifadə etmək lazımdır. Ermənistanın Azərbaycana qarşı törətdiyi misli görünməmiş vəhşiliklər barədə faktlar müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılmalıdır ki, beynəlxalq ictimaiyyət bu cinayətlərin miqyasını daha aydın görə bilsin. Bizim məqsədimiz tarixi həqiqətləri yalnız öz cəmiyyətimizə deyil, bütün dünyaya çatdırmaq olmalıdır”.

Günel Elxan