İnternetdə müəllif hüquqlarının qorunması Layihə

İnternetdə müəllif hüquqlarının qorunması

Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlətdir

Prezident İlham Əliyevin 2011-ci il 29 noyabr tarixli Sərəncamı əsasında hazırlanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları prioritet istiqamət kimi qəbul olunub. Son illər bənzəri olmayan "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul edilib, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının inkişafına dair Uzunmüddətli Milli Strategiyanın layihəsi təkmilləşdirilib, Avropa İttifaqının Tvinninq Proqramı çərçivəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının həyata keçirilməsi sahəsində potensialların artırılması üzrə tədbirlər həyata keçirilib. Bundan əlavə, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılmış, qabaqcıl texnologiyalara əsaslanan piratçılığa qarşı nəzarət markası sistemi və rəqəmli hüquqların idarə olunması layihəsi hazırlanıb.
Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib ki, Azərbaycanda internetdə müəllif hüquqlarının idarə edilməsi üçün rəqəmli sistem yaradılacaq. Bu istiqamətdə işlər aparılır. K.İmanov Müəllif Hüquqları Agentliyinin Təhsil Nazirliyi ilə birlikdə açıq təhsil sistemi üzərində də iş aparıldığını bildirib. O, bunun sayəsində tələbələrin vacib elmi işlərdən bəhrələnə biləcəyini qeyd edib.
Qeyd edək ki, bir müddət öncə isə Bakıda Müəllif Hüquqları Agentliyi və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə "İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər" mövzusunda beynəlxalq seminar keçirilib.
MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi istiqamətində təşkil olunan seminarların əhəmiyyətindən danışıb. Bildirib ki, bu agentliyin "Copyright-İnternet" mövzusunda keçirdiyi silsilə tədbirlərin davamıdır. K.İmanov bildirib ki, bu günlərdə Avropa Parlamenti rəqəmli hüquqların idarəçiliyi üzrə onlayn qaydada istifadə olunan əsərlərə dair müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi haqqında Direktiv qəbul edib.
DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr şöbəsinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə sektorunun müdiri xanım Saule Tlevlessova Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı bir sıra sənədlərin qəbul olunduğunu, rəqəmli hüquqların idarəçiliyi istiqamətində mühüm işlərin görüldüyünü, bu sahədə böyük təcrübənin qazanıldığını qeyd edib. DƏMT-in nümayəndəsi quruma üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsinin, əqli mülkiyyətin və müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.
Onu da qeyd edək ki, sürətlə dəyişən dünyada Azərbaycan getdikcə mövqelərini möhkəmləndirir və özünə layiqli yer tutur. Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı inkişafın "Azərbaycan modeli" bir sıra vacib amilləri, o cümlədən sabitliyi və iqtisadi inkişafı, sosialyönümlülüyü və ədaləti, mədəni müxtəlifliyi və adət-ənənəyə sadiqliyi, demokratikləşmə və insan amilini, innovativliyi və modernləşməni, biliklərə əsaslanan tərəqqini, İKT və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. Müasir dünyada əqli mülkiyyətin, müəlliflik hüququnun inkişafını şərtləndirən bilik və bacarıqlardır, insan kapitalının, intellektin səviyyəsidir. Çünki əqli mülkiyyət mövcud bilikdən yaranan və yeni biliklərlə nəticələnən fenomendir.
Ölkəmizdə İKT-nin inkişaf statistikasına əsasən, əhalisinin 70 faizi internetə qovuşan Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında İKT-nin inkişafı üzrə 56-cı yerdə qərarlaşmış, internetin sürətinə görə Mərkəzi Asiya və MDB ölkələri arasında özünün liderlik mövqeyini qoruyub saxlaya bilib. Bundan əlavə, Azərbaycan internetin əlçatımlılığına görə dünyada 20-ci, sosial şəbəkələrdə fəallığa görə 41-ci yerdədir. Ölkəmiz həm mobil sektorda, həm də radio-televiziya texnologiyalarının tətbiqində ön sıralardadır.
Hazırda respublikamızda elektron hökumət sürətlə inkişaf edir. Ötən il bu portala 262 min vətəndaş müraciət edib. Ölkəmizdə uğurla həyata keçirilən islahatlar müəlliflik hüququnun inkişafına böyük dəstək verir.
2013-2014-cü illərin hesabatına əsasən, əqli mülkiyyətin qorunmasında 69-cu yeri tutan Azərbaycan institutları bu sahədə Qazaxıstanı dörd pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə qabaqlayaraq MDB məkanında şəksiz lider mövqeyində dayanır. Ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyətin qorunması sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur.
Dövlətin dəstəyi nəticəsində dünyanın əqli mülkiyyət ictimaiyyəti Azərbaycanın bu sahədəki uğurlarını tanıyır. Ötən ilin sentyabrında DƏMT-in Baş Assambleyasındakı rəhbər orqanlara seçkilər zamanı Azərbaycan bu qurumun "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına qoşulmuş ölkələrin Bern İttifaqının İcraçı Komitəsinə üzv seçilib. Bununla da ölkəmiz DƏMT-in fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik Əlaqələndirmə Komitəsinin üzvü olub Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin nümayəndəsi iki il müddətinə rəqəmli hüquqlarla bağlı olan DƏMT-in 100-dək dövlətin təmsil etdiyi Müəllif Hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.
K.İmanov deyib ki, hazırda bu qurum beş növ elektron xidmətlərini həyata keçirən dövlət orqanıdır. Ötən müddətdə MHA-da hüquqların təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində müvafiq addımlar atılıb.
Agentlikdə açılmış 960 nömrəli "Qaynar xətt"ə hesabat dövründə 700-ə yaxın müraciət daxil olmuş, ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası"na 500-dən çox vətəndaş müraciət edib. Agentlikdə doqquz mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
K.İmanov qeyd edib ki, müasir dünyada əqli mülkiyyətin fəaliyyət konteksti onun yarandığı dövrdəki kontekstdən tamamilə fərqlidir. Əqli mülkiyyətin müasir fəaliyyət konteksti, onun vəziyyətinin iqtisadiyyatda və cəmiyyətdə dəyişməsi əqli mülkiyyətin rolu və yeri haqqında düşüncə tərzimizin, təfəkkürümüzün dəyişdirilməsi zərurətini yaradır.
Bu yeni çağırışlara Azərbaycan dövlətinin cavabı "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında əksini tapıb. Konsepsiyada müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarına dair səkkiz müddəadan ikisi müasir çağırışlar və prioritetlər bölmələrində əksini tapmış, altısı isə konkret istiqamətlərə aiddir.
Onu da vurğulayaq ki, Müəllif Hüquqları Agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Alqoritm və Proqramlar Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Alqoritmlərin və proqram təminatlarının bir mərkəzdə toplanması softverin yaradılmasında təkrarçılığı aradan qaldıraraq informasiya texnologiyaları məhsullarının icazəli təkrar istifadəsinə imkan verəcəkdir. Bununla da büdcə vəsaitlərinə müəyyən qənaətlə yanaşı, hazır məhsullardan geniş və müəllif-hüquq mövqeyindən icazəli istifadə əldə ediləcəkdir.
Ötən il DƏMT-in Baş Assambleyasında bu qurumun baş direktoru, doktor F.Qarrinin qeyd etdiyi kimi, hazırda internet qlobal meydana çevrilib və inkişafda olan ölkələrə qlobal rəqəmli bazarın iştirakçısı olmaq kimi nadir imkanlar yaradır. Bu baxımdan rəqəmli şəbəkənin genişlənməsi və onun xidmətlərindən yararlanmaq imkanları zəngin mədəniyyətə malik Azərbaycan üçün çox əlverişlidir.
UNESCO-nun BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı cari məruzəsində xüsusi olaraq qeyd edilir ki, yaradıcılıq industriyalarının həvəsləndirilməsi, stimullaşdırılması, müəllif və əlaqəli hüquqların etibarlı qorunması yerli iqtisadi inkişaf proqramlarının ayrılmaz hissəsinə çevrilməlidir. Azərbaycan dövləti bütün bunları nəzərə alaraq bu istiqamətdə uğurlu siyasət aparır.
Gələcək 10-15 ildə internetin əhatə dairəsi genişlənəcək və onlayn xidmətlərin sayı artacaq. K.İmanov qeyd edib ki, bulud servisi, bulud hesablamaları kommunal təsərrüfat prinsipinə əsaslanaraq, "pay as you go" (istifadə etdiyinə görə ödə) və istər istifadəçi, istərsə də xidmət göstərənə əlverişli olaraq: "Bununla, internetin növbəti fazasına "İnternet for things" ("Əşyalar interneti") keçid təmin olunacaq. "Ağıllı" şəbəkə qurğularından ibarət olaraq, insan müdaxiləsini nəzərə almadan real əşya dünyası obyektlərlə virtual interneti birləşdirəcək. Proqnozlara əsasən, 2020-ci il üçün belə şəbəkədə 50 mlrd. maşın və qurğu cəmləşəcək".
Agentlik sədrinin sözlərinə görə, ikincisi, əqli mülkiyyət və xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır: "Belə ki, 14 mln. insan "Vimeo" sistemini istifadə edir və bunun 2012-ci ildə video-həcmi 200 petabaytdır. 151 milyona yaxın insan "Google" videosuna baxır, "Facebook"a yüklənən video-kontentin həcmi isə 7 petabaytı ötəcək, istifadəçilərinin sayı isə 5 milyardı keçəcək".
K.İmanov bildirib ki, üçüncü isə əqli mülkiyyət hüquqlarının pozulması miqyasının ürəkaçmayan mənzərəsidir: "P2P" torrent sistemlərin artması yeni addımların və çox güman, müəllif-hüquq sahəsində yeni paradiqmanın yaranmasını tələb edəcək".
Onun sözlərinə görə, bununla yanaşı, bilik və texnologiyaların Qərbdən Şərqə geosiyasi keçidi, iqtisadi və texnoloji ağırlıq mərkəzlərinin dəyişməsi və qeyri-dövlət subyektlərinin səlahiyyət və imkanlarının artması gündəmə gələcək. Agentlik sədri deyib ki, əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa və əqli mülkiyyət hüquqlarının digər pozulma hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə də "Azərbaycan-2020" Konsepsiyasında xüsusi yer ayrılıb: "Konsepsiyada əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanılması, hüquqi qorunması və səmərəli idarə edilməsidir. Bununla əlaqədar, qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə aparılması mühüm işə çevrilir".
K.İmanov vurğulayıb ki, bununla da Müəllif Hüquqları Agentliyinin qeyri-maddi mədəni irsin rəqəmli şəkildə qoruyan milli aqreqatora çevrilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında duran vəzifələri icra edərək, Agentlik tərəfindən müəyyən işlər görülüb.

Cavid