İrəvan xanlığı Məhəmməd xanın dövründə Layihə

İrəvan  xanlığı  Məhəmməd  xanın  dövründə

3-cü yazı

Ağahüseynin vəzir təyin edilərək hakimiyyəti ələ alması yerli əyanların narazılığına səbəb olmuşdu. Yeni vəzirin fəaliyyəti ilk əvvəl kürd tayfa başçısı Şəmdin ağanın xoşuna gəlmədi. O, qoşun toplayaraq hakimiyyətə qarşı döyüşə hazırlaşdı. Lakin ağsaqqalların işə qarışması bir müddət qırğının qarşısını ala bilmişdi. Buna baxmayaraq, İrəvanda vəziyyət gərgin olaraq qalırdı. Tərəflər arasında ölüm və digər ixtişaş halları baş verirdi. Tezliklə, Ağahüseynə qarşı yeni müxalif qüvvələr əmələ gəldi. Belə ki, vəzir Ağahüseyn səlahiyyətindən istifadə edərək bəzi əyanları vəzifəsindən kənarlaşdırmışdı. Vəzifədən qovulan Eyvaz bəy və Qasım bəy İrəvanı tərk edib, ətraflarına 2000 nəfərlik qoşun toplayaraq vəzirə qarşı qiyam qaldırdı. Onlar Məhəmməd xandan Ağahüseyni öz tərəfdarları ilə hakimiyyətdən uzaqlaşdırılmasını tələb edirdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, bu tələb yerinə yetirilməyənə qədər qiyamçılar xana məxsus kəndlərə hücum edrək əhalini talan etməyə başladı. Onların tələbinə baxmayaraq, vəzir Ağahüseyn təslim olmaq fikrində deyildi. O, ordu toplayaraq müxalif qüvvələrə qarşı çıxdı. Tərəflər arasında bir neçə gün davam edən döyüş baş verdi. İrəvanda qarışıqlıqdan istifadə edən II İrakli hadisələrə müdaxilə etməyi qərara aldı. Arxiv sənədində göstərilir ki, "Yeni xanımın (Əhməd xanın qızı-E.Q.) sevimli hərəmağası Ağahüseynin idarə üsulunun güclənməsi bəzi əyanların narazılığına səbəb olmuşdu. II İrakli ona sadiq olanlarla gizli əlaqə saxlayaraq onu hər hansı vasitə ilə hakimiyyətdən uzaqlaşdırmağı və qalanı Xoy xanının əlinə keçməsinə imkan verməməyi tapşırmışdı". Lakin Xoy xanının gücü qarşısında II İrakli geri çəkilməyə məcbur olmuşdu.
Əhməd xanın sağlığında qısa müddətə olsa da, İrəvan xanlığı ondan asılı vəziyyətə düşmüşdu. Tabeçilik rəmzi olaraq İrəvandan Xoya nəzərdə tutulan miqdarda peşkəş və hədiyyələr göndərilirdi. Xoy xanının şəxsində İrəvanı özündən asılı vəziyyətə salan sultan tərəfdarları şimaldan ola biləcək hücumun qarşısını almaq üçün İrəvan qalasını hərbi cəhətdən möhkəmləndirməyə çalışırdı. Əhməd xan şəxsən bu haqda İrəvana xüsusi fərman göndərmişdi. Onun göstərişinə əsasən, İrəvan qalasının möhkəmləndirməsi, hasarların bərpası, lazımi bina və qəsrlərin tikdirilməsi, qalanın müdafiəsinə lazım olan zəruri şeylərin əldə edilməsi ilə məşğul olmağa başlanmışdı. Qalada müxtəlif top növləri və digər hərbi təchizatlar quraşdırılmışdı. Ərzaq anbarları 12 illik taxıl və digər azuqə ilə doldurulmuşdu. Qalanın bürcləri, hasarları, keçidlərinin mühafizəsi, darvazaların müdafiəsi inanılmış, məharətli adamlara tapşırılmışdı. Qala qarnizonundan əlavə, xanlığın müxtəlif mahal və kəndlərindən toplanmış 12 min nəfərlik dəstə qala daxilində yerləşdirilmişdi.
Xoylu Əhməd xanın planları daha geniş idi. O, ayrı-ayrı Azərbaycan xanlarını özündən asılı vəziyyətə salmaqla bərabər, rus-gürcü qüvvələrinə qarşı duran gerçək qüvvə idi. Lakin İrəvan xanlığında möhkəmlənməsi Əhməd xanın son müvəffəqiyyəti oldu. Xoy xanı və oğlu 1786-cı ilin fevralında qardaşı Şahbaz xanın oğlanları tərəfindən öldürüldü. Xoy xanlığında baş verən qarışıqlıqdan istifadə edən müxalif qüvvələr daha da fəallaşdı. Əhməd xan Dünbülü öldürüldükdən sonra vəzir Ağahüseyn İrəvanda hakimiyyəti ələ kesirmək üçün Məhəmməd xanı öldürməyi qərara aldı. O, qarabağlı İbrahimxəlil xanla gizli əlaqəyə girərək onun yardımı ilə İrəvan qalasını tutmaq niyyətində idi. Qarabağ qoşunları Şərur çayı sahilində dayanaraq vəzirin işarəsini gözləyirdi. Bu sui-qəsdə Makulu Əli Soltan da qoşulmuşdu. Lakin vəzirin xana qarşı olan bu sui-qəsdinin üstü açıldı. Nəticədə Ağahüseyn və onun yaxın tərəfdarları ələ keçirilərək öldürüldü. Əslində vəzirin və tərəfdarlarının öldürülməsində II İraklinin əli olmuşdu. O, İrəvanda baş verən hadisələrdən istifadə edərək, tərəfləri barışdırmaq bəhanəsi ilə öz adamlarını İrəvana göndərmişdi. İrəvana gələn II İraklinin adamları qiyamçıların başçıları ilə əlaqə yaradaraq, guya danışıqlar aparmaq məqsədilə onları İrəvan qalasına dəvət edir. Qalada Kartli-Kaxetiya çarının göndərdiyi şəxslərin yardımı ilə vəzir Ağahüseynə qarşı sui-qəsd planı hazırlanır. Nəticədə, Ağahüseyn gecə qoruqçularının əli ilə öldürülür. Bu hadisə 1786-cı ilin iyununda baş vermişdi. Beləliklə, Məhəmməd xan bu təhlükədən xilas olsa da, İrəvan xanlığı yenidən II İrakliyə vergi verməyə məcbur oldu. Tezliklə, İrəvan xanlığı dağıstanlıların hücumuna məruz qaldı. Yuxarıda qeyd edildiyi kimi, osmanlı emissarları İrəvanı rus-gürcü birliyinin təcavüzündən qorumaq üçün Azərbaycan xanlarını və Dağıstan hakimlərini Kartli-Kaxetiyaya yürüşə sövq etmək istəyirdi. Onların səyi nəticəsində bəzi Dağıstan hakimləri, qarabağlı İbrahimxəlil xan və digər Azərbaycan xanları bu təhlükəyə qarşı birləşmişdi. Plana görə, Avar hakimi Ümmə xan və digər Dağıstan hakimləri bir tərəfdən, İbrahimxəlil xan isə bəzi Azərbaycan xanları ilə başqa tərəfdən Kartli-Kaxetiyaya hücum etməli idi. Hətta onlar İrəvan əhalisini öz ərazilərinə köçürmək niyyətində idi. Kartli-Kaxetiyaya yürüşün digər səbəbi İbrahixəlil xanla II İrakli arasında münasibətlərin pozulması idi. II İraklinin ruspərəst siyasəti, Gəncə və Naxçıvan xanlıqları üstündə onlar arasında baş verən münaqişələr düşmənçiliyə çevrilmişdi. İbrahimxəlil xanın bu xanlıqlarda möhkəmlənmək cəhdi həm rus komandanlığının, həm də II İraklinin planlarına zidd idi. Lakin Qarabağ xanının Ümmə xanla qohumluğu II İraklinin açıq-açığına ona qarşı çıxmasına mane olurdu. Mirzə Camal Cavanşir yazır ki, "Gürcüstan valisinin... qədim ocaq, geniş torpaq və böyük dövlət sahibi olmasına baxmayaraq, o, İbrahimxəlil xanın məsləhətindən kənara çıxmırdı. Çünki Avar və Dağıstan hakimi mərhum Ümmə xan və o yerlərin başqa hakimləri İbrahimxəlil xana yaxın və qohum olduqları üçün ona itaət edirdilər. Gürcüstan valisi ilə mərhum İbrahimxəlil xanın arası pozulduğu zaman Ümmə xan və başqa Dağıstan xanları İbrahimxəlil xanın göstərişi üzrə böyük qoşunla Gürcüstana gedib, çoxlu ziyanlar verirdilər".
Beləliklə, 1785-cı ilin sentyabrında sultanın təhriki ilə Avar xanı Ümmə xan 11.000 qoşunla Kartli-Kaxetiyaya hücum etdi. "...Avar hakimi Ümmə xan böyük qoşunla Gürcüstana gedib, Sığnaq qalasını və Gümüşxananı zəbt etdi, çoxlu adam qırdı, əhalinin yerdə qalan əyal və uşaqlarını əsir edərək, bir çox ətraf kəndləri qarət etdi. Oradan Axıska vilayətinə, Süleyman paşanın yanına gedərək qışı orada qaldı. Rum sultanından çoxlu xələt və ənam aldı".
Dağıstanlıların Kartli-Kaxetiyaya hücumu İrəvan xanlığına da öz təsirini göstərmişdi. Bu xəbəri eşidən yerli əhalinin bir hissəsi İrəvan qalasına sığınmış, sərhəd kəndlərinin əhalisi xanlığın içərilərinə köçmüş, digər hissəsi isə əlçatmaz yerlərdə qərar tutmuşdu. Məsələn, bu xəbəri eşidən pəmbəklilərin bir hissəsi İrəvanın içərilərinə, digər hissəsi isə Qars paşalığına köç etməyə başladı. Bu da Axalsıx hakimi ilə İrəvan xanı arasında düşmənçiliyə səbəb oldu. Axalsıq hakimi Süleyman paşa Dağıstan qoşununa arxalanaraq Məhəmməd xana təzyiq göstərməyə başladı. O, İrəvan xanını hədələyərək pəmbəklilərə məxsus əmlakın ona verilməsini tələb etdi. Lakin Məhəmməd xan onun tələbini nəinki yerinə yetirmədi, eyni zamanda bütün qaçqınları əmlakları ilə birlikdə öz himayəsinə aldı. Tələbinin yerinə yetirilmədiyini görən Süleyman paşa İrəvan xanından 70.000 rubl (7.000 tümən - E.Q.), Eçmiədzin kilsəsindən isə 40.000 rubl (4.000 tümən-E.Q.) tələb etdi. Əks təqdirdə xanlığı qarət edəcəyi ilə hədələmişdi. O, vergini almaq üçün Ümmə xanın tərəfinə keçmiş borçalılı Musa xanı İrəvana göndərdi. Lakin Musa xan Talın mahalına çatanda qəfil xəstələnərək ölmüşdü.
P.S.Potyomkin 1786-cı il yanvarın 5-də yazdığı məlumatda bildirirdi ki, Dağıstan qoşunlarının yürüşünün xanlıq üçün ağır nəticə verəcəyini başa düşən Məhəmməd xan Ümmə xanla və Süleyman paşa ilə əlaqə yaradaraq yaxın adamını məktub və qiymətli hədiyyələrlə Axalsıxa göndərdi. Belə hədiyyələr qoşun başçılarına da göndərilmişdi. Məhəmməd xan məktubda Ümmə xandan ölkəsinə zərər yetirməməsini xahiş etmişdi.
İrəvan xanının bu tədbirləri müəyyən qədər müvəffəqiyyət qazandı və xanlığı güclü dağıntıdan xilas etdi. Belə ki, qışı Axalsıxda istirahət edən Ümmə xan 1786-cı il aprelin 25-də 7.000 qoşunla Arpa çayını keçərək İrəvan xanlığına daxil oldu. Onun qoşunundan 500 nəfər ayrılaraq sakinləri mağaralarda gizlənmiş Əştərək (Qəmərli-E.Q.) kəndinə gəlir. Dağıstan qoşunu kənddə qalmış 12 nəfəri ələ keçirərək birini öldürür, digərlərini isə əsir aparırlar. Onlar İrəvan şəhərinə yaxınlaşmadan qarşılarına çıxan kəndləri qarət edir. Xoşbəxtlikdən Ümmə xanın qoşunu İrəvan ərazisində çox ləngimədi. Dağıstan qoşunu Abarandan keçib, Göyçə gölünün sahilini dolanmaqla Gəncə istiqamətində hərəkət edirərək, oradan Şuşaya gəlib çatır.
Ümmə xanın başçılığı ilə Dağıstan qoşunlarının bu yürüşü İrəvan xanlığı üçün böyük faciə ilə nəticələndi. Düzdür, İrəvan xanlığı Kartli- Kaxetiya kimi dağıntılara və insan itkisinə məruz qalmasa da, irəvanlılar kəndlərini və əmlaklarını başlı-başına buraxaraq yurdlarından didərgin düşmüşdülər. Bu da təsərrüfatla məşğul olan əhali üçün əsl faciə idi. Əhalinin qazanc mənbəyi olan torpaq sahələri başlı-başına qalmış və əkilmirdi. Digər tərəfdən dağıstan qoşunu geri qayıdarkən xanlığın şimal-qərb rayonlarını talan edərək bir neçə kəndi dağıtmışdı.
Ümmə xanın qoşunu getdikdən sonra, ölkədə yaranmış çaxnaşmadan və Məhəmməd xanın zəifliyindən istifadə edən bəzi qüvvələr təxribata başladı. Təxribatçı qruplar bir-birinə hücumlar təşkil edir, kəndləri viran qoyaraq talayırdılar. Belə vəziyyət 1787-ci ilin ortalarına qədər davam etmişdi. Xanlıq daxilində qarışıqlıq yalnız bölgədə nüfuz uğrunda mübarizə aparan bir tərəfdən Rusiya-Kartli-Kaxetiya, digər tərəfdən Ümmə xan arasında başlanan danışıqların sülhlə başa çatması ilə səngimişdi.

Elçin Qaliboğlu