Ermənistan dənizsiz adadadır Layihə

Ermənistan dənizsiz adadadır

Bu adadan birtəhər üzüb çıxmaq üçün su da yoxdur

Paşinyan ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltona deyib ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri məlum səbəblərdən bağlıdır. İran və Gürcüstanla sərhədləri isə yarıaçıqdır, istənilən vaxt ABŞ-İran qarşıdurmasına görə İranla sərhədlər bağlana bilər, eləcə də Gürcüstanla Ermənistanın sərhədi regiondakı geosiyasi risklər və hava şəraitinə görə bağlanmaq riski qarşısındadır. "Mən dedim ki, belə vəziyyətdə biz nə edə bilərik? Belə çıxır ki, Ermənistan dənizsiz adadır"-o deputatlara deyib.
Nikol Paşinyan –keçmiş qəzet redaktoru haqlıdır. O, Ermənistanın geosiyasi və coğrafi baxımdan tamamilə dalana dirənmiş vəziyyətdə olduğuna eyham vurmaqla səhvə yol vermir. Lakin Paşinyan bu dalandan çıxış yolu haqda danışmayıb. Demək olmazdı ki, o çıxış yolu haqda heç bir təsəvvürə malik deyil. Paşinyan bu adadan çıxış yolunun Qarabağdan keçdiyini bilir, bunu dilə gətirmək istəməsə belə.
Ermənistan baş nazirinin geosiyasi dalan və çıxılmaz ada barədə söhbətləri hansı nüfuzlu diplomatla etdiyi məlum deyil. Amma elə həmin günlərdə Cənubi Qafqaza səfəri çərçivəsində Yerevanda səfərdə olan nüfuzlu diplomat, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Ermənistan üçün adadan çıxış yolunu göstərmişdi. Bolton bəyan etdi ki, Ermənistan xarici təzyiqləri və asılılığı azaltmaq, dayanıqlı inkişafa nail olmaq istəyirsə bunun bir yolu var-Dağlıq Qarabağ münaqişəsinin həlli.
Ekspert Fərhad Məmmədov deyir ki, Con Bolton "qırğıdır", eyni zamanda Vudro Vilsonun realpolitik nəzəriyyəsini möhkəm mənimsəmiş biridir. Onun göstərdiyi çıxış yolu tamamilə reallıqlara əsaslanır, alternativi yoxdur və bu bəyanat heç də Yerevanda əsasən keçmiş hakimiyyətin nümayəndələri tərəfindən səslənən fikirlərdən fərqli olaraq, heç də "Ermənistanı Rusiyadan dartıb qoparmaq" məqsədlərindən qaynaqlanmır. Başqa çıxış yolu sadəcə olaraq mövcud deyil və ABŞ-ın regiondakı maraqlarının Ermənistan üçün alternativlərin olmamasına heç bir dəxli yoxdur. Belə bağlılıq ancaq siyasi populizm məqsədi ilə qurula bilərdi.
Con Boltondan əvvəl isə ABŞ-ın Yerevanda səlahiyyətləri başa çatmaqdan olan səfiri Riçard Mills Ermənistan üçün işğal edilmiş Azərbaycan ərazilərini, yaxud diplomatın qeyd etdiyi kimi, "konkret əraziləri" qaytarmaqdan başqa yol olmadığı haqda danışmışdı. Və diplomatın bu bəyanatı Ermənistan siyasi dairələrində anlaşılmaz hay-küyə səbəb oldu.
"Bir qarış da torpaq qaytarmamaq" tərəfdarları dərhal Paşinyana və ABŞ-a hücum etdilər, hansı ki, 90-cı illərin ortalarından başlayaraq bu günə qədər Minsk Qrupu çərçivəsində aparılan danışıqalarda, təklif olunan bütün nizamlama variantlarında ərazilərin qaytarılması məsələsi başlıca müddəa kimi ortaya qoyulub. Əks halda bu danışıqlar sadəcə olaraq mövcud olmazdı.
Elə regionda son günlər gedən proseslər də buna dəlalət edir ki, Ermənistanda hakimiyyət başında kim olursa olsun, lap hər kvartalda bir məxməri inqilab baş versə belə, bu ölkə ancaq öz qonşuları ilə normal münasibətlər qura bilsə dalandan çıxış yolu tapa bilər.
Belə ki, oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşünün nəticəsi olaraq imzalanmış sənəddə-İstanbul bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olundu.
Bundan bir gün əvvəl-oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri ənənəvi üçtərəfli məsləhətləşmələr çərçivəsində bir araya gəlmişdi. Həmin görüşün də yekun bəyanatında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəyi bir daha vurğulanır.
Habelə nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri, bəyanatları və qərarlarına uyğun olaraq həllinə nail olmağın əhəmiyyətini növbəti dəfə qeyd ediblər. Yekun bəyanatında bütün qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdışının zəruriliyi də xüsusi qeyd olunur.
Xarici işlər nazirlərinin iki ayrı üçtərəfli formatda baş tutmuş İstanbul məsləhətləşmələrinin yekunları Ermənistanı ən azından qayğılandırmalıdır. Əvvəla Azərbaycandan fərqli olaraq Ermənistanın regionda mühüm oyunçular statusunda olan ölkələrin iştirakı ilə bu cür üçtərəfli formatlarda məsləhətləşmələr aparmaq, tərəfdaşlıq qurmaq imkanı yoxdur. Üstəlik Rusiya-Azərbaycan-İran üçtərəfli tərəfdaşlıq formatı da çoxdan təşəkkül tapıb və bu format çərçivəsində Ermənistanın kənarda qaldığı daha bir beynəlxalq layihə (Şimal-Cənub nəqliyyat dəhlizi) reallaşmaq üzrədir.
Digər tərəfdən nazirlərin İstanbul məsləhətləşmələrinin yekunlarına əsasən region dövlətləri, xüsusilə İran Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə edir. Münaqişənin məhz bu prinsiplər əsasında həllinə çağırış edilir.
Azərbaycanın ərazi bütövlüyünə dəstək, Qarabağ münaqişəsinin bu prinsip çərçivəsində həlli təkcə region dövlətləri tərəfindən vurğulanmır. Bu, geniş beynəlxalq ictimaiyyətin rəyi, illərdir çoxsaylı sənədlərdə, qətnamələrdə təsbit olunmuş mövqeyidir.
Ermənistan isə doğrudan da dənizsiz adadadır, bu adadan birtəhər üzüb çıxmaq üçün su da yoxdur. Bu situasiya Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlamağın nəticəsidir və Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri büsbütün iflasa uğrayıb.
O cümlədən Rusiya ilə münasibətlərdə nə qədər ört-basdır edilməyə çalışsa belə, böhran yaşanır. Kreml Paşinyana və onun "Soros kabinetinə" inanmır, ikitərəfli münasibətlərdə gərginlik və etimadsızlıq mühiti qalmaqdadır.
Qərbə ümidlər də özünü doğrultmur. Avropa İttifaqı Paşinyanı ciddi siyasətçi kimi qəbul etmir və daha çox gözləmə mövqeyi tutmaqdadır. Məsələn, 2017-ci ildə Serj Sarkisyanın hakimiyyəti dövründə Aİ Ermənistanda seçkilərin keçirilməsi üçün 7 milyon avro ayırdığı halda, Paşinyana ianə olaraq cəmi 3 milyon avro ayırıb. Bu ilin yayında Brüsseldə olanda Paşinyanın Aİ-dən əvəzsiz yardım formasında bir milyard avro tələb etməsi hələ də Aİ kuluarlarında gülüş obyektidir.
Doğrudur, Paşinyanın hakimiyyətə gəlişindən sonra ABŞ Ermənistana milyardlarla dollarlıq investisiya yönəldəcəyi haqda vədlər verib. Amma Ermənistanın iki qonşusu ilə sərhədlərinin bağlı, qalan iki qonşusu ilə sərhədlərinin Paşinyanın dediyi kimi yarıaçıq olduğu halda hansı ağlı başında amerikalı investor öz kapitalını bu ölkəyə yatıra bilərdi? Con Boltonun bəyanatı da məhz buna işarədir-dayanıqlı inkişaf, investisiyaların cəlb edilməsi üçün ancaq bir yol var-Qarabağ münaqişəsinin həlli!
Ermənistanın Gürcüstanla münasibətlərin xarakterini dəyişmək və bu ölkəni "öz tərəfinə çəkmək" barədə niyyətləri, ümidləri də əbəsdir. Gürcüstanda ermənipərəst siyasətçi kimi tanınan və milli zəmində diskriminasiya xarakterli açıqlama verən Salome Zurabaşvili bütün inzibati resursların səfərbər olunmasına baxmayaraq uğur qazana bilmədi. Zurabişvili seçki kampaniyası dövründə separatçı Cavaxetiya ermənilərinə açıq dəstək vermişdi və Gürcüstanda ermənilərin mövqelərinin gücləndiriləcəyinə eyham vururdu. Yerevanda isə ümid edirdilər ki, Zurabişvilinin prezident seçilməsi, hərçənd simvolik səlahiyyətlərə malik olsa belə, Gürcüstan-Ermənistan münasibətlərini ermənilər üçün daha sərfəli müstəviyə keçirməyə imkan yaradacaq.
Beləliklə, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və Azərbaycan ərazilərini işğaldan azad etmədən heç bir məxməri inqilab Ermənistan üçün uzunmüddətli perspektivdə gələcək qurmaq üçün şans yaratmır, yarada bilməz. Paşinyan heç şübhəsiz ki, güclü siyasi texnoloqdur, istedadlı inqilabçıdır. Amma yəqin dərk etməmiş deyil ki, onu hakimiyyətə gətirən başlıca səbəb məhz Qarabağ məsələsi və Ermənistanın bu məsələdən qaynaqlanan acınacaqlı sosial-iqtisadi vəziyyətidir. Əgər Paşinyan bu səbəbi aradan qaldırmasa çox tezliklə, uzağı bir-iki ilə nüfuzunu itirəcək. Çünki ölkəsində ciddi sosial-iqtisadi inkişafa nail ola bilməyəcək, iş və çörək vədlərini yerinə yetirə bilməyəcək.
İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü zamanı imzaladığı İstanbul bəyannaməsinə isə münasibət bildirən analitik Ehtiram Aşırlı bildirib ki, bütün bu siyasi proseslər timsalında Ermənistanın xarici siyasəti daha çox Qərblə əməkdaşlığa yönəlib. Bu da İranın maraqlarına cavab vermir. Eyni zamanda, Paşinyanın Qərbə meyilliliyi Rusiyanı da qıcıqlandırır. Fikrimcə, Paşinyan və onun komandasının Rusiya ilə olan münasibətlərində mövcud gərginlik və ardınca İranla da belə bir gərginliyin yaşaması onların hakimiyyətinin sonu deməkdir.
Qəbul olunan bəyannamə Ermənistan tərəfindən təəssüf hissə ilə qarşılanıb və erməni cəmiyyətində narahatlıq yaradıb:
"Buna səbəb İranın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəyannaməni imzalaması, Ermənistanın beynəlxalq arenada münaqişəyə dair mövqeyinin daha da zəifləməsi və getdikcə təklənməsi deməkdir. Cənab Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir ki, bütün dünya ölkələri gec-tez Qarbağla bağlı həqiqətləri qəbul edir. Bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu ilə həlli, daxili məsələlərə qarışmamaq prinsipləri üzrə öhdəliklər əsasında həllinin vacibliyi vurğulanıb. İstanbulda belə bir bəyannamənin qəbul olunması bir daha onu göstərdi ki, Türkiyə hər zaman öz qardaşlıq mövqeyini nümayiş etdirərək Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri edir".
Analitik qeyd edib ki, Ermənistan KİV-ləri İranın Qarabağ münaqişəsi ilə bağlı məqamlara imza atmasının böyük narahatlığa səbəb olduğunu yazır:
"Çünki rəsmi Tehran bu zamana qədər Qarabağ münaqişəsində bitərəflik prinsipini rəhbər tutub".

Cavid