Ermənistanın KTMT fiaskosu... Layihə

Ermənistanın KTMT fiaskosu...

Dağlıq Qarabağ münaqişəsinin həllində hərb variantı öz aktuallığını saxlayır. Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı olacaqsa Azərbaycan güc yolu ilə öz torpaqlarını azad edəcəyini dəfələrlə bildirib. İşğalçı dövlət də Azərbaycanın gücünü anlayır və hərb variantının İrəvanın fiaskosu ilə nəticələnəcəyi bəllidir. İrəvan dəfələrlə KTMT məsələsini gündəmə gətirərək bununla Azərbaycanı təhdid edib. Amma artıq KTMT də faktiki işlək mexanizmə malik bir qurum hesab olunmur. Quruma üzv dövlətlərin Azərbaycanla çox yaxın münasibətləri var və bu da Ermənistanı narahat etməyə bilməz.
Onu da əlavə edək ki, Qazaxıstan və digər müttəfiq respublikalar müxtəlif vaxtlarda İrəvanı yerində oturdan bəyanatlar veriblər. Bu sıraya Belorus da qatılıb. Belarus prezidenti Lukaşenkonun Ermənistanın KTMT-yə rəhbərlik etmək gücündə olmadığını deyərək, Nikol Paşinyanı öz ölkəsinin problemlərinin həlli ilə məşğul olmağa çağırması İrəvanda tərs sillə effekti yaradıb. Bu isə rəsmi İrəvanın etirazına səbəb olub.
Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib ki, dekabrın 6-da Sankt-Peterburqda KTMT-nin baş katibliyinə namizəd məsələsi ətrafında fikir həmrəyliyi olmazsa, Ermənistan bu istiqamətdə işini davam etdirəcək. O, qərarların konsensus əsasında qəbul edildiyini bildirib: "Belarus Respublikasının xarici işlər nazirliyinin sözçüsü Anatoli Qlaza "beynəlxalq siyasətdə küçə demokratiyasının qəbuledilməz olduğunu" deyir. Bu bəyanata cavab verildi. Lakin bu məsələdə məni maraqlandıran Belarus Prezidenti Aleksandr Lukaşenkodur. Mən ondan səsləndirdiyi fikirlər haqda izahat tələb etmək niyyətindəyəm". Paşinyan Belarusun Azərbaycana silah satmasından narahatlığını da dilə gətirib: "İrəvan bu barədə narahatdır. Bu cür sazişlər KTMT daxilindəki tərəfdaşlığa zərər verir".
Paşinyan əlavə edib ki, Ermənistan ölkənin milli maraqlarına aid olan məsələlərlə bağlı susmaq niyyətində deyil: "Əgər konsensus olmasa, biz onun əldə olunması üçün çalışacağıq. Ona görə ki, KTMT-də qərarlar konsensus əsasında qəbul edilir". O, KTMT-nin bəzi üzvlərinin öz müttəfiqlik öhdəliklərinə əməl etmədiyini deyib: "Növbəti silah partiyası üç ay əvvəl tədarük edilib, amma bununla bağlı müqavilə çoxdan imzalanıb. Bütün bunlar KTMT-nin baş katibi Ermənistan nümayəndəsi olanda baş verib. Biz bu cür davranışı qınayırıq və bunu Ermənistanın milli maraqlarına yönələn addım sayırıq. Belə davranışın KTMT-nin işinə mane olduğunu düşünürük".
Ermənistanın "168 jam" qəzeti yazır ki, KTMT-nin baş katibliyi postuna namizədlik məsələsi ətrafında Nikol Paşinyanla Belorus prezidenti Aleksandr Lukaşenko arasındakı "mübazirə" təşkilat daxilində böhrana səbəb olub və apogey yaşanıb. Bununla bağlı adıçəkilən erməni nəşrinin suallarını cavablandıran Regnum agentliyinin baş redaktoru, Rusiya Federasiyasının I dərəcəli həqiqi dövlət müşaviri və politoloq Modest Kolerov KTMT-də heç də böhranın yaşanmadığını deyib. "KTMT-də böhran yoxdur", deyə erməni qəzetinin iddialarını rədd edən rusiyalı politoloq bildirib ki, KTMT çox yumşaq bir təşkilatdır və iştirakçıları qarşısına sərt məhdudiyyətlər qoymur: "Ermənistan KTMT-yə diktə etmək qərarını versə də, o buna müyəssər olmayacaq və mən bu məsələdə heç bir böhran görmürəm. Lakin mən Ermənistanın idarəçiliyində böhranı görürəm, lakin bu KTMT böhranı hesab edilə bilməz".
Qəzetin erməni tərəfinin öz mövqeyində israr edəcəyi ilə bağlı xatırlatmasını da cavablandıran Modest Kolerov bu israrların heç bir nəticə verməyəcəyini də qeyd edib: "Paşinyan tərəfindən deyilən sözlər heç bir məna kəsb etmir, belə ki, qərarlar konsensus şəklində qəbul edilir. Hətta Lukaşenkoya və Nazarbayevə hədə gələrək, izahat tələb etməsi belə, ona kömək etməyəcək".
Kolerov, ümmiyyətlə, Paşinyanın istər KTMT-yə, istərsə də Rusiyaya yönəlik siyasətində ciddi və kobud səhvlərə yol verildiyini deyib, son zamanlar baş verən olayların ölkəyə ciddi fəsadlar yaradacağını da istisna etməyib.
Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı, xüsusilə, anti-Rusiya xarakterli "Sasna-srer"in partiyasının seçkilərdə ilştirakı məsələsinə də toxunan rusiyalı siyasi şərhçi bildirib: "Hakimiyyət iki il öncə terror aksiyası törətmiş "Sasna-srer" üzvlərinə amnistiya qərarı verəndən sonra onlar radikal partiyayaya çevrilblər. Qeyd edim ki, onlardakı radikalizm Nikol Paşinyandan daha çoxdur. Radikalizm məsələsində Paşinyan yavaş-yavaş "Sasna-srer"ə uduzmağa başlayır və o, zaman-zaman bu siyasi gücün qarşısında daha çox geri çəkilməli olacaq. Belə ki, onun bu güclərə qarşı göstərdiyi mövqe nümayiş etdirir ki, Paşinyan həm faktiki həm də ideoloji cəhətdən bu gücə qalib gələ bilməyəcək. "Sasna-srer öz nüfuzunu Paşinyanın hesabına artıracaq".
"Səs" Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev bildirib ki, Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü bir daha sübut etdi. B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin Belarusa səfəri və bu səfər çərçivəsində qəbul edilmiş birgə qərarlar, eləcə də imzalanmış sənədlər iki ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir: "Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 6 bəndlik memorandum, o cümlədən, iki ölkə prezidentlərinin görüşlərinin protokol ilə nəzərdə tutulmuş vaxtından daha çox keçməsi belə deməyə əsas verir". Ekspert qeyd edib ki, bu görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etdi: "Eyni zamanda, Prezident İlham Əliyevin Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi dövlət başçılarının mütəmadi olaraq sıx əlaqə saxladıqlarını göstərir. Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi sənayesi ilə özəl çəkiyə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, cənab Lukaşenko dövlət başçımızla görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğuladı və qeyd etdi ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. O cümlədən, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını da bildirdi ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer almaqdadır".
B.Quliyev deyib ki, ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması, eyni zamanda, yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir: "Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təşkilatlarda əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir. Bu faktor yaxınlarda da öz təsdiqini tapdı. Diqqət yetirsək görərik ki, Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgilədi və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğua uğratdı. O cümlədən, rəsmi Minsk Ermənistanın hazırkı rəhbərliyinə rəsmi şəkildə öz fikrini çatdıraraq, beynəlxalq siyasətin küçə siyasəti ilə bir yerdə ola bilməməsini vurğuladı. Ümumiyyətlə, belə bir dəstək artıq öz-özlüyündə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdiyini göstərdi". O, Prezident İlham Əliyevin Belarusa səfəri çərçivəsində önəmli fikirlərə toxunduğunu xatırladaraq vurğulayıb ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək güclü təməllərə söykənən səmimi münasibətlərin bariz göstəricisidir: "Əbəs deyil ki, bu yaxınlarda Belarus hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanı "Polonez" raket kompleksləri ilə təmin etdi və Azərbaycan da öz növbəsində bir sıra iqtisadi məsələlərdə Belarusa öz dəstəyini nümayiş etdirməkdədir. Cənab İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşündə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrə toxunaraq bu dinamikanın ilbəil artdığını vurğuladı. Bütün bunlar əlbəttə ki, Azərbaycanın istər MDB məkanında, istərsə də dünyadakı nüfuzunun artmasının göstəricilərdir. Azərbaycan-Belarus münasibətləri və həmin münasibətlərdən doğan reallıqlar da birmənalı olaraq bu kimi qənaətlərə gəlməyə kifayət qədər zəmin yaratmış oldu. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası prezidentlərinin Birgə Bəyanatı oldu. Bu sənəd Ermənistanın işğalçılıq siyasətinin yolverilməz olduğunu və Dağlıq Qarabağ məsələsində işğalçılıq siyasəti yürütdüyünü bir daha sübuta yetirdi. Məhz bu ikitərəfli görüş bir daha sübut edir ki, Azərbaycan və Belarus arasındakı bütün əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb etməkdədir".
Əli