“Fransa dövlət nümayəndlərinin Dağlıq Qarabağa qanunsuz səfərləri Minsk qrupundakı fəaliyyətinə kölgə salır” Layihə

“Fransa dövlət nümayəndlərinin Dağlıq Qarabağa qanunsuz səfərləri Minsk qrupundakı fəaliyyətinə kölgə salır”

Ehtiram Aşırlı: "Fransanın yerinə Almaniya həmsədrliyə gətirilsə daha məqsədəuyğun və səmərəli bir addım olar"

"Artıq 30 ilə yaxındır ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə bir qədər də dalana dirənir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist və sərsəm çıxışlarıdır. Ermənistanın baş nazirinin səsləndirdiyi "Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq" deməsi münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinin məhv olmasına gətirib çıxaran ən önəmli amildir. Bu cür bəyanatlar status-kvonun möhkəmlənməsinə və gərginliyin ən pik həddə çatmasına xidmət edir". Bu fikirləri politoloq Ehtiram Aşırlı "Xalq Cəbhəsi"nə müsahibəsində səsləndirib. O, digər suallarımıza da aydınlıq gətirib.
-Xatırladaq ki, bir neçə ay öncə Paşinyan parlamentdə çıxışı zamanı növbəti dəfə sərsəmləyərək siyasi səriştəsizliyini və məsələyə absurd yanaşmasını ortaya qoymuşdu. Belə ki, Paşinyan çıxışı zamanı bildirmişdir ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, qondarma rejimin parlamenti, prezidenti və hökuməti olan "müstəqil ölkə" olduğunu demiş, onun baş nazir seçilməsində Dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürmüşdü. Paşinyan belə qənaətdədir ki, Dağlıq Qarabağdan çıxan azərbaycanlılar Azərbaycan vətəndaşlığını qəbul ediblər, Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Qondarma rejimin vətəndaşları isə Ermənistan hakimiyyətinin seçkilərində iştirak etməyiblər, buna görə də Ermənistan hakimiyyəti onları təmsil edə bilməz. Buna görə də Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda "qarabağlılar"ın öz səsi olmalıdır. Eyni zamanda, əvvəl əldə edilən razılaşmalara əməl edilməlidir.
Göründüyü kimi, Paşinyan hakimiyyətə gələndən sonra öz səriştəsizliyini, verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır.
Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına Ermənistanın cəlb olunmasının dərəcəsi, eləcə də Qarabağın təhlükəsizliyində oynadığı rol o qədər böyükdür ki, Paşinyanın planı alınmayacaq. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində də deyib.
-Ümumiyyətlə baş verən proseslər danışıqlara necə təsir edir?
-Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlarda yeni şəraitin yarandığı qənaətindəyəm. Bu mülahizəni bir neçə aspektdən izah etmək mümkündür.
İlk növbədə Ermənistanda hakimiyyətin dəyişməsi, uzun illər Ermənistanı öz maraqlarının girovuna çevirən "Qarabağ klanı"nın iqtidardan getməsi münaqişənin həllinə yanaşmada fərqli mövqenin olacağını deməyə əsas verir. Hazırda baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın problemlə bağlı bəzən aqressiv, bəzən ziddiyyətli, bəzən də anlaşılmaz görünən bəyanatları sadəcə zahiri görüntü təəssüratı yaradır. Düşünürəm ki, bununla Paşinyan sadəcə vaxt qazanmaq, vəziyyəti öyrənmək, daxili auditoriyanı sakitləşdirmək və onun üçün əsas məqsəd olan hakimiyyətini möhkəmlətmək niyyəti güdür. Son hadisələr göstərir ki, Paşinyanın münaqişə və danışıqlarla bağlı ilk açıqlamaları ucuz populizmdən başqa bir şey deyil. Hakimiyyətə gəlişinin ilk günlərində Azərbaycanla danışıqlardan ümumiyyətlə imtina etmək, qondarma rejimi masaya oturtmaq istəyən N.Paşinyan bu bəyanatlardan cəmi iki ay sonra Azərbaycan Prezidenti ilə Düşənbədə qısamüddətli də olsa görüşdü və ciddi qərarlar alındı.
Paşinyan Ermənistan KİV-lərinə açıqlamasında vurğulayıb ki, Düşənbə razılaşmasına uyğun olaraq onunla Azərbaycan arasında operativ əlaqə qurulub. "Razılaşdığımız kimi, Azərbaycan tərəfi ilə etibarlı operativ əlaqə qurulub. Deyə bilərik ki, istənilən informasiya yarım saatdan sonra Azərbaycan tərəfinə çatır. Təbii ki, onlar informasiyanı verəcəklərsə, mən də verəcəm" – deyə Paşinyan vurğulayıb. Bundan başqa, indiyədək iki ölkənin xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə iki görüş keçirilib. Bütün bunlara Ermənistanda dekabrın 9-a təyin edilən seçkilərdən sonra daha dəqiq qiymət vermək mümkün olacaq. Lakin Paşinyanın siyasi kursu da belə bir fikri təsdiqləyir ki, seçkilərdən sonra problemin həlli istiqamətində dəyişiklik gözləniləndir. Ən azı ona görə ki, Paşinyan münaqişənin həllinə loyal münasibəti ilə tarixə düşən keçmiş prezident Levon Ter-Petrosyanın siyasi təsir dairəsində olan şəxslərdən hesab edilir. Digər tərəfdən, bu gün Paşinyanın ABŞ və digər Qərb mərkəzlərinin dəstəyi ilə hakimiyyətə gəldiyi heç kimə sirr deyil.Məlumdur ki, Qərb xüsusən son illərdə açıq şəkildə Ermənistandan Azərbaycanla münasibətləri normallaşdırmağı tələb edir. Normallaşmanın başlanğıcı isə Ermənistanın öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan əraizlərindən çəkməsi ilə başlayır. Yeri gəlmişkən, ABŞ-ın Ermənistanda səlahiyyətləri başa çatan səfiri Riçard Millsin son açıqlamaları da yuxarıdakı fikirləri təsdiq edir. Mills açıq şəkildə bildirib ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalıdır, münaqişənin həlli bundan başlayır.
-Rusiya Ermənistan münasibətlərindəki soyuqluq bizim üçün hansı dividentləri vəd edir?
-Ermənistandakı antirusiya tendensiyası getdikcə güclənməkdədir. Bu ilin aprel ayından başlayaraq, çoxsaylı erməni fəalı öz adlarını gizlətmədən, açıq mətnlə öz vətəndaşlarını rus təşkilatları ilə əməkdaşlıqda, qrant, ianə və s. vasitəsilə pul almaqda ittiham edirlər. Onlar demokratiyanın verdiyi imkanlardan istifadə edərək qorxub-çəkinmədən bu işləri hətta ölkənin paytaxtı Moskva şəhərində də davam etdirirlər.
Hazırda Ermənistanda baş verən proseslər Rusiya tərəfindən də inamsızlıqla, böyük şübhə ilə qarşılanır.
Şübhəsiz ki, Ermənistan-Rusiya münasibətlərində soyuqluğun olması və Bakının Kremllə əlaqələrinin yüksələn xətlə davam etməsi Azərbaycanın mövqeyinin güclənməsi deməkdir. Bu da öz növbəsində Rusiyanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələn bütün səyləri əsgirməyəcəyinin xəbərçisidir. Çünki Rusiya da ölkəmiz kimi bu münaqişənin sülh yolu ilə həllində maraqlıdır və sonunadək də Azərbaycanın dəstəkçisi olacaqdır. Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmiz günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə müsbət təsir edir. Belə olan halda Ermənistanın blokada şəraitində qalması, onun Azərbaycana qarşı təcavüzkar müharibə və onun doğurduğu nəticələrdən imtina edənə qədər davam edəcək, iki dövlət arasında münasibətlər normallaşmayacaq. Çünki düşmən ölkənin bütün layihələrdən kənarda qalmasının əsas səbəbi onun işğalçılıq siyasəti, ölkəmizə qarşı həyata keçirmək niyyətində olduğu məkrli və hiyləgər planları ilə bağlıdır. Ermənistan başa düşməlidir ki, regionda həyata keçirilən enerji layihələrinə qoşulmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.
Bütün bunlar erməni cəmiyyətində də ciddi narahatlıq yaradır. Onlar anlayırlar ki, Ermənistanın işğalçılıq siyasəti bu ölkənin siyasi iflasını daha da sürətləndirib. Artıq ermənilər başa düşürlər ki, cinayətkar hərbi xuntanı əvəzləyən qeyri-peşəkarlardan ibarət Nikol Paşinyanın reallıqlara deyil, manipulyasiyaya söykənən avantürist siyasəti Ermənistanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə qoya bilər.
Ermənistan hakimiyyətinin effektiv siyasətinin göstəricisi danışıqlar prosesinin uzadılması deyil, münaqişənin rasional kompromislər əsasında tezliklə həlli olmalıdır. Zaman gözləmir və Ermənistanın əleyhinə işləyir. Danışıqlar prosesindən maksimum fayda götürmək üçün situasiyanı ayıq qiymətləndirmək lazımdır. Əks təqdirdə Ermənistan regionda mövcud olan bütün qlobal layihələrdən kənarda qalmaqda davam edəck. Bu da bir dövlət kimi onun məhvinə səbəb olacaq.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə antirusiya dalğası açıq xarakter alıb. Rusiya ilə Qərbin maraqlarının bu ölkədə kəsişməsi isə məlum hadisələrə rəvac verib. Hazırda ölkəni iflic vəziyyətə salmış hakimiyyət böhranı günü-gündən dərinləşir. İndi Ermənistan ya Rusiyadan uzaqlaşıb Qərbə getməli yada ki Rusiya ilə gizli əməkdaşlıq edib Qərblə özünü tərəfdaş kimi aparmalıdır.
-Ermənistanın KTMT-dəki fiaskosu ilə bağlı nə deyə bilərsiniz? Bu Azərbaycana nə kimi perspektivlər vəd edir?
-Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etmək cəhdləri boşa çıxdı. Qurumun baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olundu. Qərarı KTMT Şurası qəbul edib. Bununla da Ermənistan tərəfindən başladılan Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatdı. KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək. Rəsmi Yerevan Yuri Xaçaturovun geri çağırılması haqqında qərarı onun "1 mart işi"nə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün qəbul edib. Yuri Xaçaturova qarşı "Konstitusiya quruluşunun devrilməsi" maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O, azadlığa girov əsasında buraxılıb. Xatırladaq ki, prezident seçkilərindən sonra 2008-ci il fevralın 19-da ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildirirdilər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər. 2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub. Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı Yerevan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqın versiyasına görə nümayişin dağıdılmasına rəhbərlik edib.
Astanada keçirilən zirvə görüşü bir daha göstərir ki, Ermənistan KTMT-də etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər. Ermənistan hakimiyyəti hər zaman KTMT-yə üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməmələri üçün təsir etməyə çalışıb. Lakin rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Beynəlxalq münasibətlər üzrə ekspert Yevgeni Mixaylov da hesab edir ki, bundan sonra Ermənistan nümayəndələrinin bəyanatlarına KTMT-də başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil. Rəsmi Moskvanın kəskin reaksiyası isə vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət qurumun nüfuzuna da xələl gətirib. Bundan sonra nə olacaq? İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək.
Təbii ki, Ermənistanın KTMT-da mövqeyinin zəifləməsi Azərbaycanın uğurlu xarici siyasətinin bariz nümunəsidir ki, Bakı təşkilata üzv olmadığı halda üzv ölkələr tərəfindən Azərbaycanın maraqları müdafiə olunur. Belə olan halda Azərbaycan müşahidəçi qisməndə çıxış etmə imkanı da əldə edir ki, bu da təşkilatların iclaslarında işğalçı ölkəniin yalanlarına cavab verə və Qarabağla bağlı həqiqətləri üzbəüz danışıq masasında çatdıracaqdır. Artıq Ermənistanın qaçış yeri olmayacağını deyə bilərik. Çünki Qazaxstan Belarus və Rusiya kimi dövlətlər bizim maraqlarımızdan çıxış etməyə və Ermənistanı işğalçılıq siyasətindən əl çəkərək Qarabağı azad etmələri üçün təyziqlər göstərilə bilər.
-Həmsədrlik institutu ilə bağlı narazılıqlar artır. Saakyanın Fransaya daha sonra isə ABŞ-a səfəri göstərdi ki, Minsk Qrupu ilə bağlı formatı yenidən gözdən keçirməyə ehtiyac var...Alternativləri nədə görürsünüz?
- Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbər"i kimi özünü təqdim edən Bako Saakyanın davamlı olaraq Fransaya səfəri bu ölkənin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır.
1994-cü ildən bu günədək ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində hər hansı ciddi irəliləyişə nail ola bilməyib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyindən danışaraq onları daha fəal olmağa səsləyib. Fikrimcə, bu qurum öz işini konkret məqsədlərə və planlara yönəltsə, daha məqsədəuyğun olar. Bu gün münaqişənin həlli ilə bağlı həmsədrlərin əlində lazım olan bütün sənədlər var. BMT-nin qətnamələri, beynəlxalq təşkilatların qərarları və beynəlxalq hüquq normaları diktə edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. ABŞ da, Rusiya da Dağlıq Qarabağ məsələsinin həlli ilə əlaqədar xeyli dərəcədə öz fikirlərini konkret olaraq ifadə edirlər. Fransa isə əksinə qondarma rejimə qarşı müəyyən meyillər var. Bu günlərdə Fransa da açıqlama verdi ki, biz "Dağlıq Qarabağ respublikası"nı tanımırıq. Lakin hesab edirəm ki, Fransa dövlət nümayəndlərinin tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər təşkil etmələri bu dövlətin ATƏT-in Minsk qrupundakı fəaliyyətinə kölgə salır. Düşünürəm ki, Fransa həmsədrlikdən uzaqlaşdırılıb yerinə Almaniya gətirilsə daha məqsədəuyğun və səmərəli bir addım olar.

Əli