“Sərt diplomatiya aparmalıyıq ki, onların blefləri sabun köpüyü kimi partlasın” Layihə

“Sərt diplomatiya aparmalıyıq ki, onların blefləri sabun köpüyü kimi partlasın”

"Son hadisələr onu göstərir ki, ermənilər işğal edilmiş əraziləri qaytarmaq fikrində olmadıqlarını rəsmi şəkildə bəyan edirlər. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri işğal olunmuş Azərbaycan ərazilərinə səfər edir və burada məskunlaşma proqramı həyata keçirdiklərini, erməniləri Qarabağa köçürdüklərini bildirir. Buna oxşar bəyanatı Ermənistanın müdafiə naziri də, Paşinyan isə açıq şəkildə Azərbaycan Prezidenti ilə görüşünün gündəliyinin olmadığını, konfliktin həlli ilə bağlı heç nəyi müzakirə etmədiklərini, yalnız danışıqların formatı haqqında müzakirə apardıqlarını deyir. Yəni Paşinyan demək istəyir ki, Dağlıq Qarabağ tərəf kimi danışıqlarda iştirak edəcəksə, onda hansısa ciddi məsələlər müzakirə oluna bilər. Bu, əslində onların işğaldan əl çəkmək niyyətində olmadığının sübutudur".
Bunu Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazov bildirib. Politoloq qeyd edib ki, bizim diplomatiyamız, ordumuz, beynəlxalq təbliğat şəbəkəmiz eyni strategiyadan çıxış etməli, bir-birini tamamlamalıdır ki, biz nəticə əldə edə bilək. Müasir dünyada iqtisadi, hərbi, diplomatik, informasiya strategiyaları uzlaşır və "smart power" deyilən anlayış yaradır. Yəni əvvəllər tətbiq edilən "yumşaq güc" anlayışı artıq "ağıllı güc" anlayışı ilə əvəz olunub: "Bu o deməkdir ki, artıq həm hərbi, həm diplomatik, həm siyasi, həm iqtisadi, həm informasiya gücündən istifadə etməlisən. Təəssüflər olsun ki, biz bu sahədə bəzi boşluqlar görürük. Ordumuzun yaratdığı imkanları hesab edirəm ki, diplomatiyamız kifayət qədər yaxşı istifadə edə bilmir. İnformasiya tədbirlərini uzlaşdırmırıq".
Politoloqun fikrincə, bir zamanlar bu proses bizdə tam əksinə idi. 90-cı illərin ortalarında, yəni atəşkəs imzalanandan sonra dünyada belə bir rəy formalaşmışdı ki, erməni ordusu Azərbaycan Ordusundan güclüdür. Onu da bizim torpaqlarımızın işğalı ilə əsaslandırırdılar. O dövrdə bizim diplomatiyamız daha sərt idi: "Biz bu ictimai rəyə baxmayaraq, bir çox məsələlərdə diplomatik sahədə ermənilərə qalib gəldik. Vəziyyət elə bir səviyyəyə gəlib çatdı ki, ATƏT-in sammitində Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında ermənilərə muxtariyyət verilməsi ilə həll edilməsi barədə qərar çıxarıldı. Ermənilər veto hüququndan istifadə etdilər, ancaq sammit bəyanatla çıxış etdi ki, Ermənistandan başqa bütün ölkələr Dağlıq Qarabağ probleminin həllini bu cür görürlər. Ona görə də Ermənistanda böyük böhran yaşandı. Levon Ter-Petrosyana qarşı üsyan qaldırıldı və sonda da o hakimiyyətdən getdi.
İndi isə vəziyyət dəyişib. Bizim ordumuz artıq bütün dünyada öz üstünlüyünü nümayiş etdirməyi bacarıb. Azərbaycan Ordusunun yaratdığı üstünlükdən diplomatiya sahəsində də yararlanmalı və nəticələr əldə etməliyik".
E.Namazov bildirib ki, diplomatiyamızın hərbi üstünlükdən yararlana bilməsi üçün tənqid naminə tənqid olmaz, təkliflər olmalıdır.
Beynəxalq təşkilatlar qeyd edir ki, bu konflikt 3 beynəlxalq prinsipin əsasında öz həllini tapmalıdır. Bunlar ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi və xalqların bərabər hüquqlarının təmin olunması prinsipləridir. Aydındır ki, biz hər zaman birinci prinsipi əsas götürürük. Bu, dünyada qəbul olunmuş praktikadır. Hansı ölkə olmasından asılı olmayaraq, onun üçün ərazi bütövlüyü prinsipi ikinci prinsipdən daha üstündür. Ermənilər daha çox "xalqların öz müqəddəratını təyinetmə prinsipini" əsas götürür. Üçüncü prinsip haqqında isə heç kim danışmır. Gəlin bu konfliktin həm yaranmasına, həm də bugünkü durumuna üçüncü prinsip prizmasından baxaq. SSRİ dövründə Azərbaycanda ermənilər, Ermənistanda isə azərbaycanlılar yaşayırdı. Azərbaycanda yaşayan ermənilərin muxtar vilayəti var idi. Muxtariyyəti faktiki olaraq onlar idarə edirdilər. Birinci şəxslər bütün sahələrdə ermənilərdən ibarət idi. Azərbaycanlılar ən yaxşı halda 2-ci və 3-cü dərəcəli vəzifələri daşıyırdı. Onların öz institutları var idi. Hətta vaxtı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Ali Soveti qərar qəbul etmişdi ki, Dağlıq Qarabağın razılığı olmadan muxtar vilayətin sərhədləri dəyişdirilə bilməz. Hər bir muxtariyyətə belə bir səlahiyyət verilmir. Azərbaycanda isə onlara belə bir hüquq verilmişdi: "Bəs Ermənistanda yaşayan azərbaycanlılara hansı hüquqlar verilmişdi? Azərbaycanlıların belə bir muxtariyyəti, öz ana dilində rahat təhsil almaq, işləmək, daxili problemlərini həll etmək imkanları var idimi? Yox! Yəni bərabərlik prinsipi artıq sovetlər dövründə pozulmuşdu.
Konflikt baş verəndən sonrakı dövrə də bərabərlik prinsipi prizmasından baxaq. İrəvan Dağlıq Qarabağdakı ermənilərə referendum yolu ilə öz müqəddəratını təyin etmək hüququnun verilməli olduğunu deyir. Bəs Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlı bu hüquqdan niyə məhrum olmalıdır? Ermənistan dövləti deyir ki, mən Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin zəmanətçisiyəm, ona görə də bu konfliktdə iştirak edirəm. Bəs bizim dövlət Ermənistandan deportasiya olunmuş yüz minlərlə insanın qarantı ola bilməz? Onların öz doğma yurd-yuvalarına qayıtmasına şərait yarada bilməz? Bu, beynəlxalq hüquq normalarına ziddir? Onda niyə ermənilər bundan istifadə edərək, "biz Dağlıq Qarabağın qarantıyıq" deyə-deyə öz ordusu ilə Azərbaycan torpaqlarını zəbt ediblər? Xalqların bərabərlik prinsipindən danışırıqsa, ya Ermənistan bu siyasətdən imtina etməli və öz qoşunlarını bizim ərazidən çıxarmalı, ya da Azərbaycan dövləti Qərbi Azərbaycandan deportasiya olunmuş insanların qarantı olmalı və onların öz yurd-yuvalarında yaşaması üçün hərbi gücdən istifadə etməklə zəmanətçi durmalıdır. Əgər beynəlxalq ictimaiyyət hesab edirsə ki, bu yanlışdır, o zaman Ermənistana qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını başa salmalıdır. Yox, əgər bu mümkündürsə, Azərbaycan da Ermənistan kimi soydaşlarına qarant durmalıdır".
Ermənilər Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin Azərbaycanın nəzarətində olmaması gərəkdiyini deyirlər. O zaman Naxçıvanı Azərbaycanla birləşdirən dəhliz olmalı deyilmi? Bəs bu dəhlizə kim nəzarət etməlidir? Ermənistanı Qarabağla birləşdirən dəhliz onların nəzarəti altında olmalıdırsa, onda Naxçıvanı da Azərbaycanla birləşdirən dəhliz Azərbaycanın nəzarəti altında olmalıdır. Yəni bərabərlik prinsipi budur. Yəni üçüncü prinsipdən maksimum istifadə etməliyik: "Bu dediyim ideyalardan başqa ideyalar da var, amma bunların hamısını mətbuatda deyə bilmərəm. Bu baxımdan XİN-in daha fəal olmasında israr edirəm".
Politoloq yaxın gələcəkdə II Qarabağ savaşı başlaya biləcək ehtimalına da toxunub: "Birincisi, həm Paşinyanın, həm Ermənistanın müdafiə nazirinin, həm təhlükəsizlik xidmətinin rəhbərinin dediklərinin hamısı blefdir. Ermənilər gözəl bilirlər ki, Azərbaycan Ordusu hərbi əməliyyat keçirib, həmin torpaqları qaytarmağa qadirdir. Bu həqiqəti erməni siyasətçiləri də, mətbuat işçiləri də, baş naziri də, nazirləri də bilir. Aprel döyüşlərindən sonra Ermənistanın Müdafiə Nazirliyinin strukturu darmadağın edildi. Başda nazirin özü olmaqla, bir çoxları işdən çıxarıldı, bəzilərinin işi hələ də məhkəmədədir. Ermənistanda açıq etiraf etdilər ki, güclərin balansı dəyişib və əgər müharibə olsa, Azərbaycan Ordusu 1 saatdan sonra Xankəndində çay içəcək. Bu mənim və yaxud başqasının sözləri deyil, bu, erməni generalının səsləndirdiyi fikirdir.
2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan Qarabağa səfər edir. Qondarma rejimin rəhbərliyi və generalların qarşısına sənəd qoyur ki, torpaqlar işğaldan azad olunmalıdır. Buna razılıq verməsək, müharibə olacaq. Samvel Babayan həmin sənədi bu yaxınlarda "Aravot" qəzetində çap edib. S.Babayanın sözlərinə görə, həmin müşavirədə 1-2 nəfərdən başqa heç kəs buna etiraz edə bilməyib. Ermənilərin blef etmək, yalançı görüntü yaratmaq taktikası tarix boyu özünü göstərib. Ona görə də sərt diplomatiyanın tərəfdarıyam".
Politoloq vurğulayıb ki, ermənilər əvvəllər Azərbaycanın müharibəyə başlayacağı halda Moskvanın bizi hücum fikrindən çəkindirəcəyinə ümidli idilər. İndi isə ruslarla münasibətləri müəyyən qədər korlanıb. Ona görə də İrəvan indi ABŞ və Avropa ölkələrinə bununla bağlı müraciətlər edir. Bu zaman Ermənistanda məxməri inqilab olduğunu, "Sorosun uşaqları"nın hakimiyyətə gəldiyini qabardaraq, ABŞ-ın onlara dayaq durmalı olduğunu iddia edirlər: "Mən ABŞ diplomatları ilə bu haqda söhbət etmişdim. Bizim Tiflisdə çox açıq söhbətimiz oldu. Onlara aldanmamaları gərəkdiyini, ermənilərin özlərinə lazım olanda sizin, olmayanda rusların yanına qaçdığını, amma əsas məqsədlərinin Azərbaycan torpaqlarını işğal altında saxlamaq olduğunu dedim. Üstəlik bildirdim ki, bir az ağıllı olmaq lazımdır. Onsuz da sizin davanız ruslarladır. Siz bu bölgədə hegemoniyanı ələ almaq üçün mübarizənizin nəticəsinin nə cür olacağını indidən deyə bilməzsiniz, amma nəticənin necə olmasından asılı olmayaraq, indidən Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar yaranıbsa, buna mane olmayın. Qoy burada konflikt bitsin. Praqmatik addım atmaq lazımdır. Hazırda ABŞ-ın tutduğu mövqe konfliktin bütün hallarda həll olunmasıdır. Paşinyana bununla bağlı açıq mesajlar verirlər. Donald Trampın Paşinyana 4 cümləlik təbrik məktubunun 2-sində Qarabağ problemindən bəhs edilir. Yəni Azərbaycanla bu problemi həll etməsi, münasibətlərini normallaşdırması tövsiyə olunur. Bu təbrik deyil, şapalaqdır. Yəni Tramp, ABŞ Paşinyana deyir ki, sən Azərbaycanla münasibətlərini normallaşdırandan sonra biz səninlə əməkdaşlıq edəcəyik. Ona görə də son yayılan əsassız bəyanatlar hamısı blefdir. O blefə uymaq olmaz. Yalançını evinə kimi qovmaq lazımdır. Ona görə də sərt diplomatiya aparmalıyıq ki, onların blefləri sabun köpüyü kimi partlasın".

Cavid