“Ey nəcib Türk milləti, ayıl!” Layihə

“Ey nəcib Türk milləti, ayıl!”

Yusif Vəzir Çəmənzəminli: "Səsini çıxarmağı bilməyən bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir"

Türk dünyasının görkəmli maarifçisi, yazıçı Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də qədim türk yurdu olan Şuşada Mirbaba Vəzirovun ailəsində dünyaya gəlib. Vəzirovların ulu babası Mirzə Əliməmməd ağa Qarabağ xanı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olub. İlk təhsilini əvvəlcə Şuşada, sonra isə Ağdamda alan Yusif Vəzir burada türk və fars dillərini öyrənir, rus dilini öyrənmək məqsədi ilə bir il Muradbəylidə rus məktəbində oxuyur. Daha sonra Qafqazın seçilən təhsil ocaqlarından olan Şuşa realnı məktəbində təhsilini davam etdirir. 1906-1909-cu illərdə Bakı edadiyyə məktəbini bitirərək ali təhsil üçün Peterburqa yollanır. Lakin burada təhsil almaq imkanını əldə edə bilmədiyi üçün 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakultəsinə qəbul olunur. Tədqiqatçıların fikrincə, məhz Kiyev mühiti və onun oradakı ictimai-siyasi fəaliyyəti Yusif Vəzirin düşüncələrinin formalaşmasına səbəb olur.
Kiyevdə universitetdə oxuyarkən Yusif Vəzir aktiv ictimai fəaliyyətlə məğşul olur, tələbələrin təşkil etdiyi müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir, eyni zamanda mətbuatda çalışaraq məqalələrini dərc etdirir. Bu dönəmdə artıq dünyada baş verən ictimai-siyasi hadisələri doğru şəkildə dəyərləndirən, yeni dünya düzəninin başladığını dərk edən Yusif Vəzir yeni fikirlər irəli sürür, gələcək cumhuriyyətin ideya əsaslarının formalaşmasında öz təklifləri ilə yardımçı olur. 1911-ci ilin mayında Yusif Vəzir Kiyevdə müsəlman-türk tələbələrinin nəşriyyat şirkətini yaradır. Ukraynadakı Milli Hərəkatı yaxından izləyərək Kiyevdə Müsavatın şöbəsini təsis edir. Onun Bakıda "Azərbaycan müxtariyyatı" adlı kitabının dərc olunması da bu ərəfəyə təsadüf edir.
Mətbuatda daim çıxış edən Yusif Vəzir məqalələrində əsas problemləri sadalayır və onlardan çıxış yollarını qeyd edir. Mövcud təhsil sisteminin yararsız olduğunu, gənclərin ömrünün ən gözəl vaxtlarının üsuli-qədim, əzabi-fars kitabları ilə, falaqqa, çubuq kimi cəza vasitələrindən istifadə edən müstəbid məktəb mollalarının yanında keçirməsini gələcək üçün təhlükəli olduğunu vurğulayaraq ana dilli milli məktəblərin açılmasının gərəkliliyini bildirir: "Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı". "İki aləm" adlı məqaləsində türk dili və türk milli kimliyi məsələsini daha da qabardan Yusif Vəzir müsəlman komitəsinin bütün üzvlərinin türk olduğu halda komitənin niyə türk komitəsi adlanmamasına diqqəti çəkərək Azərbaycanda hələ də milli kimliklə dini kimlik arasındakı sərhədlərin müəyyənləşdirilməməsinə diqqəti çəkir. Yusif Vəzir Müsavatın Kiyev şöbəsinin fəaliyyəti ilə bağlı yazısında qeyd edir: "Ən sevinməli hallardan biri budur ki, iclaslarda Türk dili işlənir və kağızlar da milli dildə yazılır". Türk dili ilə yanaşı milli şərqi məsələsinə diqqət yetirən Yusif Vəzir mili ruhun yüksəlişi üçün Azərbaycanın milli himninin olmasının gərəkliliyini bildirir və bu məsələnin həllinin Üzeyir Hacıbəyovun öz üzərinə götürməsinin vacibliyini qeyd edir. Onun bu arzusu tezliklə həyata keçir.
Çar Rusiyasında 1917-ci fevral-oktyabr hadisələrini yaxından izləyən və imperiyada yaşayan millətlər arasında muxtariyyət və bağımsızlıq meyllərinin gücləndiyini görən Yusif Vəzir bu prosesin Azərbaycanda tezliklə başlaması üçün çalışaraq Türk millətinə xitabən bunları söyləyir: "Ey nəcib Türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər". Yusif Vəzir haqlı olaraq yazırdı ki, "artıq yüz il olur ki, biz türklər rus qılıncı zoru ilə Rusiyaya tabe olmuşuq. Rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın. Dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq!"
"Ümumi məclisi-müəssisan" adlı yazısında Yusif Vəzir qalibiyyət qazanmaq üçün ən əvvəl millətin öz haqqını tələb etməsinin vacibliyini önə çəkir: "Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır".
Ukraynada cumhuriyyətin elanından sonra artıq proseslərin sona yaxınlaşdığını dərk edən Yusiv Vəzir təcili olaraq bütün millətin fikrinin bağımsızlığa yönəldilməsini vacib sayaraq, zaman itkisinin baş verməməsi üçün yazır: "Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər: fürsət zamanıdır, siyasət zamanıdır. Cəmi fikir və zikrimiz buna həsr olunsun".
Yusif Vəzirin Azərbaycanda müstəqil respublikanın qurulması ərəfəsində Müsavat partiyasının "Açıq söz" qəzetində çap etdirdiyi "Türk millətinə xitab" sərlövhəli silsilə məqalələri Azərbaycanda milli azadlıq şüurunun formalaşmasında mühüm rol oynayır. Bu məqalələrdə Yusif Vəzir Azərbaycan xalqını Rusiya imperiyasının dağılmasından sonra əldə edilmiş milli-azadlıq imkanından istifadə etməyə, bu ideal uğrunda bütün siyasi qüvvələri birləşməyə çağırırdı. O, bütün müxalifət qüvvələrinə müraciətlə yazırdı: "İndi əqidə davası eləmək zamanı deyil".
Yusif Vəzir "Əfkari-ümumiyyə"də yazırdı: "Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur olan ermənidir. Bu millət dərdini və tələblərini bildirməkdə böyük istedad sahibidir. Dünyada elə bir qəzet yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Moskvada rus dilində "Armyanski vestnik" məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir və tərvic etmək ilə məşğul idi. Məcmuənin fikri ermənini ən mədəni bir millət şəklində Avropaya tanıtmaq idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda ermənilərin fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər". Yusif Vəzir 1919-cu ildə yazdığı bu məqalədə ermənilərin milli məsələ ilə bağlı doqquz yüz əsər çap etdirdiklərini bildirir və son abzasda göstərir ki, "bütün müsəlman aləmində əfkari-ümumiyyənin rəğbətini qazanmaq üçün az çalışılır. Onun üçün dərdlərimiz kimsəyə bəlli olmur və biz ilə maraqlanan az olur... Siyasi adamlar məmləkətdən xəbərsiz olduqda, biz ermənilərdən də çox çalışmalıyıq ki, özümüzü tanıdaq".
Çəmənzəminli "Ermənistan və biz" məqaləsində ermənilərin böyük iddiaları barədə söhbət açır. Məqalədə oxuyuruq: "Böyük Ermənistan" xəritəsini gördüm. Üç dəniz arasında təşəkkül edəcək imiş. Ağ, Qara və Xəzər dənizləri arasında xəritədə Gəncə, Lənkəran, Salyan, Təbriz, Marağa və başqa şəhərlər də Ermənistana daxil edilmişdir. Əgər bu xəritə erməni amalının şəklidirsə, onda erməni məsələsi yenə bir çox münaqişə və mücadiləyə səbəb olacaq və həlli yenə kağız üzərində qalacaqdır". Böyük demokrat romanlarında da erməni məsələsinə toxunur, xalqımıza, millətimizə qarşı onların bütün məkrli siyasətlərindən xəbərdar olmağa, dünya ictimaiyyətinə mənfur əməllərinin puçluğu və əsassızlığı barədə düzgün məlumat verməyi zəruri hesab edirdi.
Yusif Vəzir Çəmənzəminlinin "Bizə ciddi mətbuat çoxdan lazım idi" adlı məqaləsi 1916-cı ildə yazılıb. Məqalə təmamilə bu günkü Azərbaycan reallığı ilə səsləşir: "Qəzetlərimiz şəxsi-qərəzə, böhtan və iftiraya, söyüş və biədəbliyə vasitə oldu. Milli məsələlər yaddan çıxdı. Oxuculara dəxli olmayan, millətə baş ağrısından başqa bir şey bəxş etməyən sözlər və söhbətlər ortalığa çıxdı. Biçarə oxucular təngə gəldilər. Ümid bağlayıb, göz dikdikləri adamların da nə dərəcədə şəxsi-qərəz və məsləksizliyə aludə olmalarını gördülər. Ciddi mətbuat nüfuzunu yavaş-yavaş itirməyə başladı...
Bu dövrdən tutmuş indiyədək mətbuatımız axsamağa başlayır. Müqtədir yazıçılarımız fikirlərini bəyan etməyə lazımi bir qəzet və ya məcmuə tapmayıb, sükuta qərq olur, onların əvəzində ortalığa elmsiz, biliksiz adamlar çıxırlar. Məslək məsələsi bilmərrə itir, məqalələr daddan, gözəllikdən, mənadan uzaqlaşır... Bir məsələ üstündə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur. Budur, görürsən qəzet düşüb molla əlinə - orucdan, namazdan, təharətdən söhbət açılıb, min il danışılıb, aləmin zəhləsini tökən söhbətlərin yenidən ortalığa çıxıb qəzet vasitəsilə bəyan olunmağı oxucunu zara gətirir. İnsaniyyətin qazandığı hədsiz-hesabsız elm və fənnlər əvəzində, oxucuya növhələr, dini vəzlər və nə bilim nələr təqdim edirlər. Arif qismi mətbuatdan dəxi də nifrətlənir.
Qəzet beləcə yavaş-yavaş qiymətdən düşməyə başladı. Qəzet başına gündə bir mühərrir dəvət olunduqda, qəzet sabit bir məslək təqib edə bilmirdi. Bundan əlavə, çox vaxt sərmühərrirlər qəzetçiliyə lazımınca hazır olmadıqlarından, qəzeti oxuduqda bunun təcrübəsiz və biliksiz mühərrirlər tərəfindən qələmə alınmış olduğu gözə sıçrayırdı...
Belə olduqda ciddi qəzetlərimiz həmişəlik olaraq camaatımızın rəğbətini qazana bilməzdi. Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar. Həmişə onlara rəhbərlik edirlər. Ona görə böyük-böyük məsələləri qəzetlər vasitəsilə həll eləyirlər. Mətbuatın Avropada olan qüdrət və qüvvəti bizlərdə yoxdur. Bunun ümdə səbəbi budur ki, mətbuatımızın başında ləyaqətli adamlar durmurlar.
Qəzetçilik bizlərdə ad, şöhrət, mod və qazanc məqsədi ilə olur. Görürsən varlığından heç kəsin xəbəri olmayan bir şəxs həftəlik bir məcmuə nəşr etməyə başladı. Nə tövr məcmuə olsa olar, xərcini çıxaracaq. "Müdir" cənablarının da fikri budur ki, bir neçə vaxtlığa adı çıxsın. Bir neçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan olmuş fikirlərini yenə də təkrar eləyir, qəzetçiliyi bununla qurtarır".
Qeyd edək ki, yaxınlarda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana Hümmətli Yusif Vəzir Çəmənzəminlinin indiyədək naməlum olan 30-a yaxın məqaləsini tapıb. Məqalələr 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilibmiş.

Ülviyyə Tahirqızı