“Danışıqların əsas məqsədi münaqişənin həll edilməsindən ibarət olmalı...” Layihə

“Danışıqların əsas məqsədi münaqişənin həll edilməsindən ibarət olmalı...”

Politoloq: “Və nizamlanma Azərbaycan torpaqlarının işğaldan azal edilməsi və məcburi köçkünlərin geri qayıtması ilə nəticələnməlidir”

“Ermənistan rəhbərliyinin qeyri-konstruktiv hərəkətləri danışıqlar prosesinə mənfi təsir edir. ATƏT-in Minsk qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Hazırda tərəflər arasında formal olaraq substantiv danışıqlar getsə də, Ermənistanın rəhbərliyinin status-kvonu qorumaq üçün pozucu hərəkətləri və daxili auditoriyaya hesablanmış çıxışları, atəşkəsin pozulması faktları, mütəmadi olaraq Ermənistan tərəfindən cəbhə xəttində yaradılan gərginlik danışıqlar prosesini uzatmağa hesablanıb”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq İlyas Hüseynov səsləndirib. O, həmçinin bilfirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli şəkildə həllinin tərəfdarıdır: “BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş 4 qətnamədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli qeyd olunur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsdiqləyir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bundan əlavə münaqişə ilə bağlı ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO, Qoşulmama Hərakatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in müvafiq qətnamələri və sənədləri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır”.
-Beynəlxalq vəziyyət, geosiyasi proseslər fonunda Qarabağ məsələsinin perspektivləri barədə nə demək olar?
-Azərbaycan regionda təhlükəsizliyin, sabitliyin təmin edilməsində və beynəlxalq əməkdaşlığın inkişafında mühüm rol oynayır. Hazırda Avropanın enerji təminatında fasilələrin olmaması, qaz tədarükündə Rusiyadan asılılığın azaldılması və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Avropaya nəql olunması istiqamətində həyata keçirilən böyük infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunması məsələsi də öz aktuallığını qoruyur. Buna görə də bölgədə davamlı sülhə nail olmaq lazımdır. Xəzərin Azərbaycana aid sektorunda hasil olunan təbii qazın 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır. Məsələnin bir başqa tərəfi ondan ibarətdir ki, Ermənistan hələ də enerji və inftrastruktur üzrə əsas regional layihələrdən kənardadır, qonşuluğundakı iki varlı dövlətlə - Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlığın verə biləcəyi faydalardan məhrumdur. Buna görə də cəbhə xəttində atəşkəs rejiminin pozulması və Ermənistan tərəfinin təxribatçı hərəkətləri ilə münaqişə bölgəsində gərginliyin artması müşahidə olunur.
Gürcüstanla Azərbaycan arasında sərhəd mübahisəsi və ya iki strateji müttəfiqin 20 ildən çoxdur ki, həll edə bilmədiyi “Keşikçidağ” monastır kompleksi (David Qareçi məbədi) ətrafında yaradılan gərginliyin fonunda Gürcüstanda hakimiyyətə gəlmək üçün ermənipərəst mövqe nümayiş etdirən radikal qüvvələr mövcuddur. Şübhəsiz ki, ermənipərəst qüvvələrin əsas hədəfi Cənubi Qafqazda mehriban qonşuluq şəraitində yaşayan və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli meqalayihələr icra edən iki dost ölkənin münasibətlərinə nifaq salmaqdır. Ümidvaram ki, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya “Keşikçidağ” problemini həll edəcək və bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində aydınlıq gələcək.
-Həmsədrlərin fəaliyyəti barədə nə deyə bilərsiniz?
-ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz olaraq qalır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
ATƏT-in Minsk qrupunun həmsədrləri təmsil etdikləri dövlətlərin siyasətini həyata keçirən diplomatlardır. Başqa cür ifadə etsək, onların mövqeləri də təmsil etdikləri dövlətlərin siyasətini diktə edir. Münaqişənin həll olunması üçün fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədrlərinin tez-tez dəyişdirilməsi, münaqişə tərəflərində keçirilən Prezident və parlament seçkiləri də bu münaqişənin nizamlanması prosesinə mənfi təsir edən amillərdəndir.
Ermənistanda siyasi dəyişikliklər fonunda qarşı tərəf danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdü. Yerevanın səsləndirdiyi və formatla bağlı verdiyi bəyanatlardan belə bir qənaətə gəlmək olurdu ki, ermənilər əvvəlki siyasətlərinə uyğun olaraq, Dağlıq Qarabağdakı qeyri-qanuni rejimi leqallaşdırmağa və eyni zamanda, nizamlanmanın məğzini təşkil edən məsələlərin müzakirəsindən yayınmağa çalışırlar. Lakin martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər.
Paris və Moskva görüşlərinin davamı kimi cari ilin 20 iyununda Vaşinqtonda keçirilən görüş zamanı daha çox humanitar məsələlər, jurnalist mübadiləsi, əsir və girovların yanına yaxınlarını buraxmaq kimi məsələlər ətrafında danışıqlar aparılıb. Təəssüflər olsun ki, Minsk qrupu həmsədrlərinin zəif fəaliyyəti göz qabağındadır. Bu danışıqlarda iştirak edən həmsədrlər humanitar addımların həyata keçirilməsinə törədilən əngəllər, Ermənistan rəhbərliyinin və hərbi komandanlığının militarist çıxışları, Vaşinqton görüşündən bir neçə gün öncə erməni hərbi birləşmələrinin 10 min əsgərin iştirakı ilə işğal edilmiş Dağlıq Qarabağda təlimlər keçirməsi faktları ilə bağlı konkret mövqe bildirməli idilər. Keçirilən danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatlarda özünü biruzə verən nikbinlik həqiqətdə öz təsdiqini tapmır, bu cür diplomatiyadan hər hansı gerçək nəticə gözləmək olmaz. Danışıqların əsas məqsədi münaqişənin həll edilməsindən ibarət olmalı və nizamlanma Azərbaycan torpaqlarının işğaldan azal edilməsi və məcburi köçkünlərin geri qayıtması ilə nəticələnməlidir. Azərbaycan milli maraqlarından irəli gələn qətiyyətli, prinsipial və ədalətli mövqeyi üzərində möhkəm dayanaraq onu uğurla müdafiə edir.
-Rusiya-Ermənistan münasibətlərini necə şərh edirsiniz və bu münasibətlərin danışıqlar prosesinə təsiri barədə nə deyə bilərsiniz?
-Ermənistanın yeni rəhbərliyi hakimiyyətə gəldiyi zaman xarici siyasət istiqamətində əsas vektorun Qərbə doğru olduğunu, lakin bu yanaşmanın Rusiya ilə olan mövcud münasibətlərə xələl gətirməyəcəyini bəyan etmişdi. Lakin zaman keçdikcə bu siyasətə bir sıra korrektələr etmək zərurəti yarandı. Rusiya Ermənistana lazım olduğu qədər, Ermənistan da Rusiyaya lazımdır. Ən azı ona görə ki, Cənubi Qafqazda Rusiyanın yeganə hərbi bazası Ermənistandadır.
Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini hər iki tərəfə təzyiq aləti kimi istifadə edir. Lakin münaqişənin nizamlanması ilə bağlı Rusiyanın öz planları da var. “Lavrov planı” ilə tanınan bu təkliflər münaqişənin mərhələli həllini özündə ehtiva edir. Bu plana görə ilkin mərhələdə 5 rayon qaytarılmalı, boşaldılan rayonlara məcburi köçkünlər qayıtmalı, daha sonra 2 rayonun taleyi həll olunmalı, ən sonda isə Dağlıq Qarabağın statusu məsələsi müzakirə edilməlidir. Lakin Rusiyanın əsas istəyi “sülhməramlı” adı altında Qarabağa öz qoşunlarını yeritməkdir. Nəzərdən qaçırmamaq lazımdır ki, rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bölgədə davamlı sülhə nail olunması və 5 rayonun qaytarılması haqqında tezisləri Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsinin həll olunmasından sonra mümkün ola biləcəyini bildirir. Lakin nə Qarabağda qoşunların yerləşdirilməsi, nə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması naminə Avrasiya İqtisadi Birliyinə üzvlük Azərbaycanın milli maraqlarına daxil deyil.
-Ermənistanın Qərblə münasibətində də soyuqluq hökm sürür. Belə olan təqdirdə bu ölkənin gələcək perspektivi varmı?
-Ermənistanın çox qısa vaxt kəsiyində Rusiyanın əsarətindən qurtulacağı inandırıcı deyil. Çünki bütün nəqliyyat, maliyyə, bank, telekommunikasiya və digər sahələr Rusiya şirkətlərinin birbaşa nəzarətindədir. Qərb bunu yaxşı bilir və bu səbəbdən Yerevana diplomatik yolla müdaxilə edərək Rusiyadan asılılığı azaltmağa çalışır. ABŞ-ın Ermənistanla bağlı öz planları var. ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişədən bölgəyə təsir vasitəsi kimi istifadə etmək məqsədi güdmür, əsas hədəfi regionda geosiyasi maraqlarına zidd olan problemləri həll etməyə və İrana gedən yolda mümkün maneələri aradan qaldırmağı hədəfləyir. Trampın regiona enerji daşıyıcıları və İran məsələsində sərt mövqeyilə tanınan Con Boltonu göndərməsi heç də təsadüfi deyildi.
-Müharibə ehtimalı nə qədərdir və baş verərsə bölgədə vəziyyət necə olacaq?
-Həmsədrlərin regiona səfəri, Prezidentlərin və Xarici işlər nazirlərinin görüşü öncəsi Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması, mütəmadi olaraq təmas xəttində gərginlik yaradılması müşahidə olunur. Bununla Ermənistan tərəfi bölgədə gərginliyi artırmağa, status-kvonu qorumağa və danışıqlar prosesini uzatmağa çalışır. Xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən öncə Ermənistanın Baş Naziri Nikol Paşinyanın “müharibə bitməyib” və Ermənistanın müdafiə naziri David Tonoyanın “ərazi qarşılığında sülh” formulunu dəyişərək, “yeni ərazilərin işğalı üçün yeni müharibə” formulu ilə əvəzləməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlara kölgə salır və Ermənistanın qeyri-konstruktiv mövqeyini nümayiş etdirir. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı kimi çıxış edir, substantiv və konkret nəticələrə yönələn danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini nümayiş etdirir. Yeni müharibəyə səsləyən çıxışlar yolverilməzdir və bu cür bəyanatlar danışıqlara və sülh prosesinə zərbə vurur. İşğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin danışıqlar prosesini pozmaq üçün cəbhədə təxribat cəhdlərinin davam etdirməsi, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsi, yeni ərazilərin işğal olunması ilə bağlı qeyri-adekvat bəyanatları Ermənistan ordusunun yeni “Aprel faciəsi” ilə qarşı-qarşı qalması və daha ağır itkilər verməsi ilə nəticələnəcək. Çünki Azərbaycanın həm diplomatik, həm iqtisadi, həm də hərbi sahədə dayaqları çox möhkəmdir və qarşıya qoyulmuş bütün tapşırıqları yerinə yetirmək potensialı var. Aprel döyüşləri danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan əsgərinin öz torpaqlarını düşmən tapdağından azad etməyə hər an hazır olduğunu nümayiş etdirdi.

Əli