“Paşinyan nə dediyini, nə etdiyini  dərk etmir” Layihə

“Paşinyan nə dediyini, nə etdiyini  dərk etmir”

“Paşinyan artıq 1 il yarımdır ki, ölkənin rəhbəridir. Ancaq buna baxmayaraq, dövlət və dövlətçiliyin, hakimiyyətin nə olduğunu, bundan irəli gələn bütün nəticələri və funksiyaları hələ də başa düşməyib. Əsl dövlətin nə olduğunu anlamayaraq, ilk baxışda süni görünən bu qarışıqlığı getdikcə dərinləşdirir”.
Bu fikiləri erməni müəllif Armen Hovasapyan öz yazısında qeyd edib.
Müəllif Paşinyanın “Nouvelle d’Arménie” jurnalına verdiyi geniş müsahibəni şərh edib.
Müsahibədə Paşinyan qeyd edib ki, qondarma qurumdakı “hakimiyyət” uzun müddət keçmiş hökumətlə hər cür nəticələri ola biləcək şəkildə işləsə də, hazırkı hökumətlə müəyyən məsələlərdə fikir ayrılığı mövcuddur. O, fikir ayrılıqlarını aradan qaldırmağın ən yaxşı yolu kimi gələn il işğal olunmuş Azərbaycan torpaqlarında keçiriləcək “seçkiləri” görür.
“Onun sözlərindən aydın görünür ki, Paşinyan özü Ermənistan-Qarabağ münasibətlərində mövcud süni, saxta gündəliyə xidmət göstərir. Paşinyan Qarabağın (qondarma qurum-red.) fəaliyyətdə olan “hakimiyyəti”nin Ermənistanın keçmiş hakimiyyəti ilə əlaqəsi olub dedikdə, bunun növbəti yalan məlumat olduğu anlaşılandır. Çünki hazırda istər Arayik Harutyunyan, istər Masis Mayilyan, yaxud Aşot Qulyan olsun, Paşinyan elə fəaliyyətdə olan “hakimiyyət”in bir hissəsini təşkil edən, həmçinin Ermənistanın keçmiş hakimiyyəti, o cümlədən, Serj Sarkisyan, Robert Köçəryan, Arkadi Quqasyan hakimiyyəti ilə sıx münasibətləri olan insanlarla əməkdaşlıq edir. Paşinyan 2020-ci ildən sonra Ermənistan və Qarabağ hakimiyyətləri (qondarma qurum-red.) arasında “hökumət”lər səviyyəsində də qarşılıqlı fəaliyyət dedikdə onun sözlərindən belə nəticəyə gəlmək olar ki, Paşinyan əməkdaşlıq etdiyi şəxslərin keçmiş hakimiyyətlə əlaqəli olduğunu ya bilmir, yaxud da gələcəkdə Paşinyanın davranış tərzinə uyğun olan şəkildə sabiq “baş nazir” Arayik Harutyunyana, “xarici işlər naziri” Masis Mayilyana, “parlament sədri” Aşot Qulyana, öz xasiyyətinə uyğun olaraq kələk gələcəyini gözləmək olar”, - deyə Hovasapyan bildirib.
Müəllifin fikirlərinə görə, Paşinyan Samvel Babayanın əli ilə Qarabağ “konstitusiyası”nda dəyişikliklər etməklə Ermənistandan “desant” endirmək niyyətindədir.
Hovasapyan qeyd edir ki, yayılan şayiələrə əsasən Paşinyan Qarabağda “təhlükəsizlik şurasının katibi” kimi Armen Qriqoryanın namizədliyini irəli sürmək niyyətindədir.
“Qeyd olunur ki, Paşinyanın komandasında hamı bilir ki, o, “podstavka” etməkdə qroysmasterdir və öz siyasi amibisiyalarına nail olmaq üçün geri addım atan deyil.
Deyilənlərə sübut olaraq istintaq komitəsi ətrafında baş verənləri göstərmək olar”, - deyə müəllif bildirir.
Məlum olduğu kimi, avqust ayının 15-də hökumətin iclası zamanı istintaq komitəsinin sədri Hayk Qriqoryan “Elard” şirkətinin Amulsar qızıl mədəni ilə bağlı ekspertizasının nəticələrini təqdim edib. Daha sonra isə bu iş üzrə istintaq komitəsinin nümayəndəsi olaraq Yura İvanyan təyin edilib.
Avqust ayının 30-da isə “Elard” şirkəti ilə videobağlantı zamanı ekspertiza ilə bağlı problemlərin olduğu müəyyən olonub. Bundan sonra sentyabr ayının 2-də İvanyana qarşı xidməti araşdırma təyin edilib. Həmçinin, hakimiyyətə bağlı bir sıra KİV-lər istintaq komitəsinin sədri Hayk Qriqoryanın vəzifəsi ilə vidalaşma ehtimalı haqqında məlumat dərc etməkdədir.
“Paşinyan məhz istintaq komitəsinin vasitəsilə öz təşəbbüsünü legitimləşdirməyə çalışır. O, bu sahədə vətəndaş müqavimətinə rast gəlməklə, alovu istintaq komitəsinin üzərinə atmağa səy göstərdi. İstintaq komitəsi belə olan halda Amulsar qızıl mədənindəki qarışıqlığa görə, Paşinyan və onun müşavirlərinin deyil, məhz istintaq komitəsinin məsuliyyət daşımalı olduğunu göstərib. Faktiki olaraq, belə çıxır ki, siyasi qərar nəticəsində belə bir əməliyyat hazırlanıb. Paşinyan mədənin istismarı ideyasının vətəndaşlar tərəfindən kəskin qəbul edilməsini dərk etməklə, birbaşa geri addım ataraq, baş verənlərdə istintaq komitəsini ittiham edib.Yeri gəlmişkən, xidməti araşdırmaya cəlb edilən və günahkar hesab olunanlar arasında İvanyanın tək olmayacağı istisna edilmir. Eyni hal digər güc strukturlarını da gözləyir”, - deyə Hovasapyan bildirir.
O qeyd edir ki, inqilabdan sonra, istintaq komitəsi, polis və digər güc strukturları cəld hərəkət etməklə fəaliyyətdə olan hakimiyyətə sadiq olduqlarını nümayiş etdirir, müxtəlif problemləri həll edir, bəzən isə qanundan yan keçərək, belə əməllərə əl atırlar.
“Təəssüf ki, məhz özlərinin “podstavka” olacaqları vəziyyətə düşə biləcəklərini dərk etmirlər. Həmin güc strukturları, fəaliyyətdə olan hakimiyyətin siyasi ambisiyalarının “səssiz” qurbanlarına çevriləcəklər”, - deyə müəllif fikrini yekunlaşdırır.
Rusiyalı politoloq Stanislav Tarasov isə deyib ki, Paşinyan bir-birinə zidd bəyanatlar verir və Paşinyanın nə istədiyini və nə demək istədiyini dəqiq başa düşə bilmirik.
O, Sefilyanın Moskvanın Paşinyandan qurtulmaq qərarına gəldiyi barədə yaydığı məlumatın dezinformasiya olduğunu, eyni zamanda Rusiya hakimiyyətinin vacib məsələlərə dair hazırkı Ermənistan hakimiyyətinin mövqeyini başa düşmədiyini söyləyib.
Tarasov qeyd edib ki, Paşinyan ötən gün “Sasna Tsrer” partiyasının idarə heyətinin üzvü Jirayr Sefilyan “Kremlin bir gün öncə Paşinyandan canını qurtarmaq qərarı var idi” açıqlaması dezinformasiyadır, bununla bağlı heç bir qərar məvcud deyil.
“Moskva obyektivdir və Paşinyanın bütün bəyanatları ilə tanışdır. O, bir-birinə zidd bəyanatlar verir və Paşinyanın nə istədiyini, nə demək istədiyini, nəyi nəzərdə tutduğunu dəqiq başa düşə bilmirik. Məsələn, Qarabağla bağlı bəyanatı mənim üçün anlaşılmaz olaraq qalmaqdadır”, - deyə Tarasov bildirib.
Tarasov deyib ki, Paşinyanın fikrincə Qarabağ (qondarma qurum-red.) danışıqlarda iştirak etməlidir, digər tərəfdən Qarabağla Ermənistanın bir olduğunu, Qarabağın Ermənistan olduğunu söyləyir.
“Əgər bir şey etmək istəyirsənsə, danışıqların formatını dəyişdirmək istəyirsənsə, dəyişməyə çalış, indiki formatdan imtina et, yox əgər dəyişmək istəmirsinizsə, niyə Qarabağın danışıqlara qayıtmalı olduğunu söyləyirsiniz? Əksinə danışıqlar prosesi əvvəlki hakimiyyətin dövründə olduğu kimi davam edir, konkret addımlar atılmır, heç nə dəyişməyib”, - deyə o bildirib.
Tarasov, bu ziddiyətli açıqlamalara əsas səbəbi kimi Ermənistan xarici siyasətinin daha çox əyalət xarakterli olması ilə izah etməyə çalışıb.
“Ermənistanın bölgədəki çağırışlarla hesablaşa bilmir. Paşinyan, bütün ermənilərin lideri olmağa çalışdığına dair bəyanat verir, bəs bunu ermənilər istəyirmi? Bizim bunu bəyənib-bəyənməyəcəyimizdən asılı olmayaraq, Paşinyan konkret nə istədiyini deyərsə, rus tərəfi bunu dəyərləndirəcək. Ancaq o, konkret bir şey deməyincə məsələ açıq qalır”, - Tarasov qeyd edib.
Tarasov, Ermənistan hökumətinin bölgədəki çağırışlarla hesablaşa bilməməsinə səbəb kimi Paşinyanın məsələhətləşmə aparatının çox zəif olmasını göstərib.
“Problem onun müşavirlərindən, analitik xidmətin yoxluğundan qaynaqlanır. Sanki, nəyisə oxuyub, reallığa çevirməyə cəhd etdikləri təəssüratı yaranır. Hakimiyyət daxilində müasir yanaşmalı gənclər olsa da, düşüncə, yenilik tərzi baxımından Serj Sarkisyanın komandasından çox geri qalırlar. Mitinqlərdə çıxışlar yox, kitablar oxumaq, öyrənmək, kitabxanalarda oturmaq, savad əldə etmək lazımdır”, - deyə rusiyalı siyasi şərhçi bildirib.
Paşinyan bu yaxınlarda verdiyi müsahibəsində qeyd etmişdi ki, Rusiya hər zaman şübhə etmək hüququna sahibdir və biz həmişə şübhəli mövqedəydik, niyə heç kim Ermənistan-Rusiya münasibətlərində qarşılqlı şübhə olub-olmadığını düşünmür?
Tarasov bu fikirləri şərh edərkən qeyd edib ki, Rusiya Sovet İttifaqı deyil, imperiyadır və öz prioritetləri, maraqları var.
“Rusiya böyük dövlətdir, əgər şübhələri varsa, yaxud Rusiyaya qarşı etirazı varsa, o halda qoy özünə yeni müttəfiq tapsın. Başqa müttəfiq tapmağa ona kim mane olur?”, - deyə o bildirib.
Rusiyalı politiloq vurğulayıb ki, Paşinyanın konkret nə istədiyini və hara getdiyini nə üçün bəyan etmədiyini başa düşmür.
“Qoy desin bəli, mən istəyirəm NATO, ABŞ-la əməkdaşlıq edim, Avropa ilə işləyim. Belə olan halda hər şey aydın olacaq. Ancaq göründüyü kimi heç bir konkret şey deyilmir. Serj Sarkisyan hakimiyyəti dövründə dəqiq mövqe vardı və Rusiyanı bəyənib-bəyənmədiyindən asılı olmayaraq bununla hesablaşırdı”, - deyə Tarasov yekunlaşdırıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə əlaqədar bəyanat yayıb.
İcmadan qəzetimizə daxil olan bəyanatda deyilir: "Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya və seçki adına böyük bir təhqirdir. Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri“nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində işğalçı Ermənistan və qanlı xunta belə“seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".

Cavid