“Köçəryan müraciətini koronavirus məsələsi ilə əlaqələndirsə də…” Layihə

“Köçəryan müraciətini koronavirus məsələsi ilə əlaqələndirsə də…”

Aydın Quliyev: “Əslində siyasi məsələlərə aid mesajlar verib”

Koronavirus pandemiyası bütüb dünyanı təhdid edir. Dövlətlər sərhədlərini bağlayır, özlərini təcrid edirlər. Eyni zamanda, bütün tədbirlər təxirə salınır. Təbii ki, hazırda Ermənistan da təcrid vəziyyətindədir.
Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə gün öncə deyib ki, əgər Qarabağda bu virus vüsət alsa, hər şey nəzarətdən çıxacaq. Korona Qarabağda at oynadacaq. O bildirib ki, 31 martda “DQR”də “keçiriləcək” “seçkilərə” Ermənistandan gedən müşahidəçilər bu prosesin başlanğıcı olacaq.
Amma buna rəğmən erməni anormallığı davam edir. Qeyd edək ki, separatçılar martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkisi” keçirmək istəyirlər. Onlar arasında gərginlik mövcuddur. Hətta qarşıdurmalar da baş verib və döyülənlər, həbs edilənlər olub. Bu mənada Qarabağ ermənilərinin bezərək Azərbaycan hökumətindən kömək istəyə biləcəkləri barədə ehtimallar da ortaya çıxıb.
Qeyd edək ki, Azərbaycanın işğal altında saxlanılan Qarabağ bölgəsinə ermənilərin gəlişi qadağan edilib. Yalnız “seçkiləri” müşahidə edəcək müşahidəçilər və jurnalistlər buraxılacaq.
Onu da əlavə edək ki, ermənilərin əlində olan Rusiyadakı və Ermənistandakı saytlar kütləvi şəkildə Naxçıvan, Şərqi Anadolu torpaqlarına iddialar qaldırırlar.
Bundan başqa işğalçı ölkə atəşkəs rejimini pozmaqda davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Politoloq Qabil Hüseynli deyib ki, Ermənistan koronavirus pandemiyasına görə Rusiya və digər dövlətlərin köməyinə möhtacdır: “Lakin bütün ölkələr bu virusdan əziyyət çəkir və heç kimi Ermənistan maraqlandırmır”.
Buna baxmayaraq, politoloq koronavirus səbəbindən Rusiyanın Ermənistandakı hərbi bazasını boşaldacağını düşünmür: “Rusiyanın Ermənistandakı hərbi bazası Moskvanın regionda təsir gücü baxımından əhəmiyyətlidir. Bu mənada Rusiyanın hərbçilərini Ermənistandan çıxarması real görünmür. Digər tərəfdən, bu gün Rusiya istəsə də, öz hərbçilərini Ermənistandan çıxara bilməz. Koronavirus pandemiyası Ermənistanda sürətlə yayılmaqdadır. Bu ölkədə koronavirusa yoluxma hallarının təsdiqlənmiş ümumi sayı 424-dür. Ermənistanın zəif səhiyyə sistemi bu virusun qarşısının alınmasında acizdir. Hətta virusun Ermənistanda yerləşən rus hərbi bazasına da sıçradığı ilə bağlı xəbərlər mövcuddur. Bu mənada rus hərbçilərinin ölkəyə qaytarılması virusun Rusiyada sürətlə yayılması ilə nəticələnə bilər”.
Politoloq qeyd edib ki, Ermənistan həm mövcud koronavirus pandemiyası ilə əlaqədar, həm də ölkədə yerləşən rus hərbi bazasında yoluxma hallarının qarşısını almaq üçün Moskvadan yardım istəyir: “Lakin bu gün mövcud vəziyyət bir çox dövləti öz içinə qapanmağa məcbur edir. Rusiya öz ölkəsindəki vəziyyəti düşünməyə məcburdur. Bu baxımdan deyə bilərəm ki, Moskvanı hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür. Kreml üçün bu gün əsas prioritet Rusiyada koronavirus pandemiyasının qarşısını almaqdır”.
Deputat, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev isə sosial şəbəkədəki şəxsi səhifəsində Qarabağ erməniləri ilə bağlı növbəti maraqlı paylaşım edib. O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasının üzvləri oliqarx Arayik Harutyunyanı “dəstəkləməyə” məcbur edilirlər: “Hətta bəzi sadə vətəndaşlar Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində quraşdırılmış qanunsuz, qondarma rejiminin “rəsmiləri” tərəfindən döyülüblər”.
T.Gəncəliyev daha sonra separatçı qurumun və işğalçıların girovluğundakı mülki sakinlərə xitabən yazıb:“Erməni icmasına səslənərək bildiririk ki, Tural Gəncəliyev yeganə qanuni təmsilçidir. Tezliklə Qarabağın işğalı başa çatdırıldıqdan sonra azərbaycanlı icma ilə birlikdə erməni icmasının da hüquqlarını qoruya biləcək şəxs Xankəndi şəhərinin qanuni əsaslarla seçilmiş millət vəkili olacaqdır”.
İcma rəhbəri qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhə yalnız azərbaycanlı və erməni icmalarının sülh şəraitində, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində birgə dinc yaşayışı ilə nail olmaq mümkündür.
T.Gəncəliyev müraciətini erməni dilində də paylaşıb.
Ermənişünas alim Qafar Çaxmaqlı isə Müsavat.com-a bildirib ki, koronavurusun dünyanı təhdid etdiyi bu günlərdə ermənilərin “seçki” keçirməsi özü anormallıqdır: “Dünyada bütün tədbirlərin ləğv edildiyi indiki günlərdə ermənilərin bu hərəkəti onun işarəsidir ki, seçki deyilən bir şey yoxdur və burada belə tədbir heç vaxt olmayıb. Ermənilər separatçı lideri dəyişdirirlər. O quldur gedir, bu quldur gəlir. Dağlıq Qarabağda cinayət törətmişlər sıra ilə “dqr”in, indi də “artsax”ın lideri olacaq. Budur məsələ. Qaldı hansısa “seçici”nin sərt çıxışı və Vitali Balasanyana qarşı dediyi sözlər, bunlara aldanmayaq. Qarabağda kriminal dəstələr var, onlar bir-biri ilə həmişə mübarizə ediblər və indi o biri kriminal gücün nümayəndəsi bu adam haqqında fikir səsləndirir”.
Q.Çaxmaqlı icma rəhbərinin koronavirusla bağlı Qarabağ ermənilərinə müraciətini də müsbət dəyərləndirib. Qeyd edib ki, icma sədri T.Gəncəliyevin vurusla bağlı etdiyi “jest” yerində idi: “Nəhayət, biz siyasətlə məşğul olmağa başlamışıq”.
Ancaq ekspert bildirib ki, ermənilərin bezib Bakıya üz tutacağına inana bilmir: “Çünki burada yaşayan ermənilər özbaşına deyillər... Mən tarixdə olan bir şeyi xatırlatmaq istəyirəm. 1919-cu ildə Dağlıq Qarabağ erməni kəndlilərinin keçirdiyi qurultayda bir şüar çıxarmışdılar: “Yaşasın Azərbaycan Respublikası!” O da olacaq. Amma onu dedirtmək üçün bu bölgədə məsələlər durulmalıdır... Mən deyərdim ki, koronavirusun verdiyi imkanlar belə dəyərləndirilməlidir”.
Politoloq, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, qondarma "DQR"-in və işğalçı Ermənistanın ilk prezidenti olmuş, hazırda məhbus həyatı yaşayan Robert Köçəryan "Arsax" adlandırdığı separatçı bölgənin əhalisinə "xalq" deyərək martın 29 -da müraciət edib: “Müraciətini koronavirus məsələsi ilə əlaqələndirsə də əslində "heç də dağların arxasında olmayan" böyük siyasi məsələlərə aid mesajlar verib. Bu cəhətdən onun iki fikri diqqətimi xüsusi cəlb etdi.
1.Əminəm ki ,"Arsax hökuməti "zəruri olanda bütün təhlükələri dəf etmək üçün ən fövqəladə tədbirlərə gedəcək.
2.Əminəm ki ,yaxın bir neçə ildə "Arsax"a qəhrəmanlıq keçmişi olan cəsur bir şəxs rəhbərlik edəcək.
Bunlar Köçəryanın sözləri idi. Az qala birbaşa deyilib və arxasında hansı mətləblərin gəldiyini görmək üçün çox da dərin təhlillərə baş vurmağa ehtiyac görünmür.
Mənim gəldiyim qənaətlər:
1."Arsax"adlandırılan qondarma rejim seçkilər ərafəsində olduğu və Paşinyan hakimiyyətinin mümkün müdaxilələrinin qarşısını almaq üçün "Arsax"hökumətinə açıq-aşkar fövqəladə tədbirlərə getmək tövsiyyə olunur.
2.Köçəryan 80-ci illərin sonunda Qarabağda birgə separatizmlə məşqul olduğu silah yoldaşlarından birini yenidən "DQR-də"hakimiyyətə gətirməyi planlayır.
Söz yox ki, Paşinyan da onun müraciətini diqqətlə təhlil edəcək”.
Politoloq Zaur Məmmədov isə deyib ki, politoloqlar rusdilli mətbuatlar vasitəsilə ermənilərin təxribatlarına qarşı məqalələrlə cavab verməlidirlər: “Qars müqaviləsini tanımayan Ermənistan Gürcüstanı da siyasi fantaziyasına qataraq anti-türk siyasətə meyləndirir".
Politoloqun sözlərinə görə, artıq bir neçə gündür ki, ermənilərin əlində olan Rusiyadakı və Ermənistandakı saytlar kütləvi şəkildə Naxçıvan, Şərqi Anadolu torpaqlarına iddialar qaldırmaqdadırlar: "Vaxtı təsadüfi seçməyiblər. İş orasındadır kı, onlar 100 il əvvəl imzalanan Moskva və Qars müqavilələrini heçə sayaraq , guya məhz kamalçılarla bolşeviklərin erməni xalqının torpaqlarını əllərindən aldıqlarını bildirirlər. Onlar utanmayaraq 1918-1920- ci illərdəki Ermənistan Respublikasına belə istinad edirlər.
Vilson və Avropanın bir neçə dövlətinin beynəlxalq hüququ kobud şəkildə pozan və tarixdə heç bir zaman mövcud olmamış torpaqlarda müsəlman - türk xalqları arasında xristian erməni dövlətini yaratmaq məqsədi qoyan Sevr müqaviləsinə istinad etmək xəstə təxəyyülün göstəricisidir.
Paşinyan və Ermənistandakı müxalifət partiyaları bilməlidirlər ki, Azərbaycanın bu istiqamətdə ata biləcəyi addımlar onlarınkından fərqli olaraq real faktlara söykənib.
1. 1918-1920 ci illərdə mövcud olmuş erməni dövlətinin mərkəz şəhəri İrəvan 1918 - ci ildə sənədlərdə göstərildiyi kimi ermənilərin Qarabağdan ən çəkməsi şərtilə ermənilərə verilib.
2. 1918-1920 - ci illərdəki Ermənistanın ərazisi SSR zamanı qeyri- qanuni şəkildə Azərbaycan və Gürcüstan hesabına genişləndirilib. Yəni, əgər Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır.
Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya ki, Ermənistan ərazisini kiçiltdikləri kimi səsləndirdikləri tezislər alt - üst olacaq".

Əli