Üzeyir Hacıbəylinin publisistikasında azadfikirlilik Layihə

Üzeyir Hacıbəylinin publisistikasında azadfikirlilik

O, sözünü ciddi və yumorla, yumşaq və satirik kəskinliklə, rahat və bitkin ifadə etməyi bacarıb

Məşhur bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığında publisistika ayrıca yer tutur. Yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy az sonra peşəkar qəzetçilik fəaliyyəti ilə məşğul olub. Ümumiyyətlə, o, bədii yaradıcılığa publisistika ilə başlayıb. "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla zamanının ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxsaylı məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. Məşhur "Molla Nəsrəddin" jurnalında məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Araşdırmaçıların fikrincə, gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tutub. Zəngin yumoristik söz yaradıcılığı vaxtilə dövri mətbuat səhifələrində "Ordan-burdan" ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu" "O, heç!", "Tərəqqi və gerilik", "Ha fikir edirəm başa düşmürəm!" kimi yazıları publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyərilə felyetondur.
Araşdırmaçı Səadət Qarabağlı bildirir ki, Ü.Hacıbəyli rublisistik yaradıcılığa 1903-cü ildən başlayaraq ömrünün sonuna kimi davam edib. Ən kəskin yazılarını 1905-1920-ci illərdə yazıb. O, öz məqalə və felyetonlarında dini fanatizmə, çar Rusiyasının fitnəkarlığına, Şərq qadınlarının hüquqsuzluğuna qarşı cəsarətli yazılarını yazıb, Lenini, bolşevikləri qorxmadan tənqid edib: "Üzeyir bəy eləcə də mədəniyyətin, maarifin inkişafına məqalə və çıxışlarında ayrıca yer ayırıb. Eləcə də yaradıcılığında ana dili məsələlərinə xüsusi fikir verib. Bu barədə silsilə məqalələr yazıb. Üzeyir bəyin fikrincə, bir millətin varlığının əsas amili onun dilidir. Buna görə bütün xalq və ilk növbədə ziyalılar, alimlər öz dilini qoruyub saxlamağa və inkişaf etdirməyə borcludur. 1906-cı ildə "İrşad" qəzetində dərc etdirdiyi bir məqaləsində Üzeyir Hacıbəyli yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir".
Araşdırmaçı vurğulayır ki, Üzeyir bəy hələ pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərslik sarıdan çətinlik çəkdiklərini görmüş və bunu aradan qaldırmaq üçün 1907-ci ildə hüquqi, siyasi, hərbi terminlərin "Azərbaycan-rus, rus-Azərbaycan" lüğətini tərtib etmiş və Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr etdirmişdi. 1908-ci ildə isə "Hesab məsələləri" dərsliyini yazmış, yenə də həmin mətbəədə kitab işıq üzü görmüşdü. Bu kitablardan nə qədər şakirdlər, ziyalılar bəhrələnmişdilər: "Ü.Hacıbəyli dəfələrlə öz məqalələrində ana dilinin saflığı məsələsinə toxunmuş, bu dilin xarici sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışmışdı. Bu xüsusda onun "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi" məqaləsi maraqlıdır. Demək olar ki, 20 yaşlı mühərrir bu məqalə ilə əsl jurnalistlik fəaliyyətinə başlamışdı. Məqalə "Həyat" qəzetinin 1905-ci il 10 sentyabr tarixli 62-ci sayında "Üzeyir" imzası ilə çar edilib. Burada müəllif "Peterburqskiye vedomosti" qəzetində Maqda Neyman adlı bir yazar tərəfindən dilimizin saflığı əleyhinə yürüdülmüş həyasız böhtana öz nifrətini bildirmişdi. Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazıb. Bu məqalələr "Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "İrşad" qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilib. Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürür. Mühərrir dilini bilməyənlərə istehza ilə yanaşmaqla, onlara "zavallı" deyə məraciət edir, həm də ana dilini öyrənmək üçün həmin "zavallı"lara yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmayıb. Lakin öz dilini bilməyib ərəb, fars, rus, fransız, ingilis dillərində "bülbül" kimi ötənlərə istehza ilə gülüb, buna qarşı vaxtında mübarizəyə başlamışdı. Üzeyir bəy özü ana dilimizi bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə - ərəb, fars, türk, tatar, rus, gürcü, ləzgi dillərinə də yiyələnmişdi. Ona görə də istedadlı mühərrir dil məsələsinə tez-tez müraciət edib, zəngin, lirik Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər verib".
Araşdırmadan məlum olur ki, Üzeyir Hacıbəyli "Üeni üsuli-təbii haqqında bir neçə söz" ("Tərəqqi" qəzeti, 6, 8 mart 1909), "Üsuli-təbii" ("Tərəqqi" qəzeti, 1 aprel 1909), "Dilimizi korlayanlar" ("İqbal" qəzeti 1912) və s. məqalələrdə ana dili məsələlərindən geniş bəhs edib: "Məsələn, "Dilimizi korlayanlar" məqaləsində ana dilini korlayanlardan artistlə axundu bərabər qoyaraq yazırdı... "Axund belə danışır: zamani ki, mən burada əglətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qarıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dökül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
Axund bunu demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...
Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: "Bu gün Tağıyevin teatrında oynalılacaqdır suznaq bir faciə "Gaveyi ahəngər", fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist"...
Üzeyir bəy "Tərəqqi" qəzetində dərc etdirdiyi "Üsuli-təbii" (Müxtəsər cavab) məqaləsində ana dilinin gözəlliyinə xələl gətirənlərə cavab olaraq yazırdı: "Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan edib ki, türk dilində "hansı ki" "hansılar ki" sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun "kotorıy" kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır".
Üzeyir Hacıbəyli "Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-maarif etməliyik" məqaləsində yazırdı: "... Bizim türk lisanımız Avrora üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir".
Araşdırmaçı bildirir ki, Üzeyir Hacıbəyli əsərlərində - istər "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" orerettalarına, opera əsərlərinə yazdığı librettolarında, istərsə də rublisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət edib, onun gözəlliyini, zərifliyini, lirikliyini qoruyub saxlayıb, hətta bəzi kəlmələrlə, "Heç hənanın yeridir", "Tarixi-Nadiri yarıya qədər oxumuşam", "O olmasın, bu olsun" və s. zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirib: "Qərbi Berlində yaşayan həmyerlimiz Eldost 1977-ci ildə Almaniyada Üzeyir Hacıbəyovlinin həyat və yaradıcılığından bəhs edən (əski əlifba ilə) kitabını nəşr etdirib. Eldost yazır ki, "Məşədi İbad" əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir bəy Hacıbəylinin xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir".
Əməkdar artist Tahir Aydınoğlu bildirir ki, Üzeyir bəy "Molla Nəsrəddin" ədəbi-məfkurəvi cərəyanına qəlbən yaxın olan, daim onun çıxışlarına səs verən gənc publisistdir, işlədiyi nəşrlərdə çoxsaylı satirik-publisist yazılar yazmışdı: "Qüdrətli satirik qələm sahibi o dövrdə milli ziyalıların hərəkətə gətirdiyi mübarizə ilə bağlı əksər mövzularda həqiqəti gündəmə gətirmişdi. O, "mollanəsrəddinçi" cəbhə ilə sıx əlaqədə yazıb-yaratmış, yeri gələndə bu jurnalda da çıxış etmişdi. Üzeyir bəy 1906 və 1907-ci illərdə ilk milli toplantılar olan Qafqaz türk müəllimlərinin I və II qurultaylarının keçirilməsində də fəal iştirak etmişdi. Qurultayın qərarlarına uyğun olaraq, 1907-ci ildə çoxdankı arzusunu həyata keçirib ana dilində "Hesab məsələləri" kitabı nəşr etdirmişdi. Üzeyir bəy mətbuat işçilərinə kömək məqsədilə "Türki-rusi və rusi-türki lüğət"i də hazırlamışdı".
Üzeyir Hacıbəyli 1905-ci ildə "Həyat" qəzetində yazırdı: "Avropalılar bu dari-dünyaya ana bətnindən mədəniyyətli düşməyiblər. Biz türklər də əl-ələ verib, cümləmiz mədəniyyət və mərifət sarayına daxil olmağa amadəyik. Çifayda, bəzi fasid və məfsud şəxslər belə bir fürsətli həngamda bizlərə xələl yetirir".
"Üzeyir bəy daha sonra yazırdı: "Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba?!" T.Aydınoğlu: "Bu böyük soydaşımızın peyğəmbərcəsinə xəbərdarlığı, ayıq-sayıqlığa çağırışı idi. "Qələmin müqəddəs vəzifəsi gərək həqiqəti söyləmək olsun" deyən Həsən bəy Zərdabidən estafeti qəbul edən Üzeyir bəy Hacıbəyli də bu həqiqəti deməkdən qorxmamışdı. "Dünyada ən alçaq sifətlərdən birisi, zənnimcə, cürətsizlikdir" deyərək açıqca yazmışdı: "Özgə xalqın kişiləri bir-birinə mədəd yetirib; dövlətli kasıba, qüvvətli zəifə, elmli elmsizə arxa olub. Bizim kişilərimiz bir-birinin ayağından çəkib, dövlətli kasıbın, qüvvətli zəifin, elmli elmsizin üstünə minib deyir: "Mənə belə xoşdur, altda qalanın canı çıxsın". Millət fədaisinin bu sözləri bu gün də vicdanı ayıq olan kimsəni tirtədirsə, demək, Üzeyir bəy Hacıbəylinin başladığı, çox şeyə nail olduğu mübarizə yolunda indiki nəsillərin görəcəyi işlər az deyil".

Uğur