“Hər an irimiqyaslı müharibə başlaya bilər” Layihə

“Hər an irimiqyaslı müharibə başlaya bilər”

Məhəmməd Əsədullazadə: “Ermənistan işğalçı mahiyyətini davam etdirir”

Politoloq Məhəmməd Əsədullazadənin Dağlıq Qarabağ münaqişəsilə bağlı baş verən son olaylarla bağlı “Xalq Cəbhəsi”nə verdiyi müsahibəni təqdim edirik.
-Həmsədrlik dəyişə, yaxud Minsk qrupu ləğv edilə bilərmi?
-ATƏT-in Minsk qrupunun fəaliyyəti 26-cı ildə heç bir irəliləyişə səbəb olmayıb. Həmsdərlərin fəaliyyəti demək olar ki, münaqişənin həllində səmərəsiz bir formatdır. Azərbaycan daima həmsdərlərin dəyişməsi təklifini verib. Amma hazırkı reallıq buna imkan vermir. Hesab edirəm ki, bundan sonrada formatın dəyişilməsinə gedilməyəcək. Rusiya, Ermənistan buna imkan verməyəck. Hesab edirım ki, Türkiyə, ya Almaniyanın bu firmatda vasitəçiliyi münaqişənin həllində mühüm rol oynayar. Tovuz təxribatlarından sonra əslində Minsk qrupu buraxılmalıdır. Bu formatın fəaliyyəti yalnız status-kvonu saxlamaq, məzmunlu danışıqlara getməməkdir. Bu illər ərzində aydın oldu ki, Azərbaycan bundan sonra bu formatda danışıqlara güvənməməli, yalnız öz hərbi gücü ilə ərazilərini işğaldan azad etməlidir. Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması hər an müharibə variantını gündəmdə saxlayır. Sülh yoxdursa, hər gün lokal atəşkəs olursa və itkilər yaşanırsa demək iri miqyaslı müharibənin başlanması daima baş verə bilər.
-Cənubi Qafqazda baş verənləri necə dəyərləndirmək olar?
-Cənubi Qafqaz regionu son aylarda beynəlxalq güclərin maraq toqquşması mərhələsinə keçib. Qeyd edim ki, region Qərblə Şərqi birləşdirən əsas qapıdır və burada Gəncə dəhlizi Qərb üçün strateji önəm daşıyır və Qərbə gedən enerji və nəqliyyat, eyni zamanda, fiberoptik xətlər regionun geosiyasi əhəmiyyətini daha da artırır. Azərbaycan regionun açar dövləti olduğu və bu xətlər Azərbaycandan keçdiyi üçün Rusiya və onun forpostu olan Ermənistan, eləcə də İran çalışır ki, Qərbin regionda maraqlarının qarşısını alsınlar. Bununla enreji və nəqliyyat sistemini iflic etsinlər. Bundan əlavə, Azərbycanın Cənubi Qaz dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP-ın artıq qazın ixracına hazır olması və TAP-ın bir neçə aydan sonra Avropanın enerji təsərrüfatında rol oynayacağını nəzərə alsaq, burada Rusiyanın bu qaz kəmərinə qarşı təhdid xarakterli addım atacağı qaçılmaz idi. Çünki, Rusiya TAP-ı Avropada öz enerji maraqlarına rəqib görürü. Qazpromun bazarı daralır. Vurğulamaq lazımdır ki, TAP tikintisinin İtaliyada əngəllənməsi məhz Rusiya faktorundan irəli gəlirdi. Məhz regionda son günlər baş verənlərə nəzər saldıqda, baş verənlərin hansı istiqamətdə və hansı dövlət tərəfindən idarə edildiyinin şahidi olarıq. Ermənistanın Tovuz istiqamətində hərbi təcavüzü və burada enerji, nəqliyyat xətlərini təhdid etməsi, Gəncə dəhlizini nəzarətə almaq cəhdləri geosiyasi toqquşmanın kuliminasiya nöqtəsinə gətirdi. Məhz bundan sonra regionda hadisələr 360 dərəcə dəyişdi. Ermənistanın bu təxribatlarının arxasında hansı dövlətin durması və burada enerji layihələrinin hədəf alınması Türkiyənin proseslərə aktiv müdaxilə etməsinə səbəb oldu. Bundan əlavə, Azərbaycanın təhlükəsizliyini təhdid edən faktorlar ortaya çıxdığı üçün Azərbaycan hakimiyyəti və Türkiyə birgə hərəkət edərək, vahid platformada birləşməklə bu təhdidlərin qarşısını almış oldu. Türkiyənin Azərbaycana hərbi və siyasi dəstək olması, öz hərbi qüvvələrini Azərbaycana gətirməsi və birgə geniş miqyaslı hərbi təlimlər Cənubi Qafazda geosiyasi vəziyyəti Türkiyənin lehinə dəyişdi. Artıq regionumuzda Türkiyə faktoru mühüm rol alaraq bir növ bütün siyasi parametrlərdə və hərbi müstəvidə möhkəmlənmək kursunu götürdü. Rusiya da baş verənlərlə barışmalı oldu. Çünki, Türkiyə digər regionlarda Rusiya ilə ya birgə, ya da qarşı-qarşıya gələrək geri çəkilmədi və hərbi-siyasi qüdrətini ortaya qoymuş oldu. Hesab edirəm ki, Cənubi Qafqazda da Türkiyə eyni siyasətlə Rusiyanın qarşısnıa çıxdı. Çünki, regionda destablizasiya Türkiyənin regionda maraqlarına zidd idi və müttəfiqi Azərbaycan hərbi təzyiqlərlə qarşılaşmışdı.
-Türkiyənin Azərbaycanla birgə hərbi təlimləri təbii ki, təsadüfi deyil. Bunun Tovuz təxribatlarından sonraya təsadüf etməsi və qardaş ölkənin 11000 hərbçisini Azərbaycana göndərməsi dünyada da maraq doğurdu...
-Türiyənin hava və quru qoşunlarının Naxçıvanda, Gəncədə, Yevlaxda, Kürdəmirdə və Abşeronda Azərbaycan ordusu ilə birgə hərbi təlimləri Rusiya və İran və Ermənistana ciddi mesaj idi. Hər üç ölkə Azərbaycanın tək olduğunu və təzyiqlərlə sıxışdırılacağını düşünürdülər. Amma Türkiyənin çevik və anında birgə təlimlərə start verməsi çox ciddi geosiyasi maraqların Ankara və Bakının xeyrinə dəyişdiyinə səbəb oldu. Əgər Türkiyə ilə Azərbaycan bu situasiyada əzələ nümayiş etdirməsəydi Ermənistan Rusiyanın dəstəyi ilə təxribatlarını davam etdircəkdi. Türkiyə faktoru təhlükəli bir ssenarinin qarşısnı almış oldu.
-Prezident İlham Əliyevin Putinlə telefon danışığını detallı olaraq necə şərh etmək olar? Verilən mesajları necə dəyərləndirirsiniz?
-Tovuz təxribatlarında Rusiyanın silah və sursatların hava nəqliyyatı vasitəsi ilə Ermənistana daşınması bəlli oldu. Aydın oldu ki, Rusiya bir daha Tovuz təxribatlarının arxasında durub. Prezident İlham Əliyevin Rusiya prezidentinə zəng etməsi və bununla bağlı narazılığını bildirməsi ölkəmizin prinsipiallığının göstəricisidir və Moskva anlamalıdır ki, qonşu və tərəfdaş adlandırdığı Azərbaycana qarşı bu təxribatları törətmək öz siyasi maraqlarına zidd olacaq. Türkiyə generallarının Bakıda olduğu zamanda Prezidentin bu zəngi Moskvaya mesaj idi ki, artıq Azərbaycan öz siyasətində ciddi dəyişiklər edəcək. Hesab edirəm ki, İlham Əliyevin bu zəngi Bakının birmənalı mesajı idi və bundan sonra Ankara-Bakı siyasi-hərbi müttəfiqliyinə doğru addım atacağının xəbərdarlığıdı.
-Türkiyə generallarının Bakı səfəri nəyə hesablanıb?
-Türkiyə generallarının Bakıya gəlişi Azərbaycanın tək olmadığının və mümkündür ki, iki qardaş ölkə arasında hərbi müttəqiqliyinin əsasının qoyulmasına hesablanıb. Bundan əlavə, Azərbaycan artıq Türkiyədən silah ixracına önəm verəcək və Rusiyadan çeşidli silah alışını dayandıracaq. Prezident İlham Əliyevin Türkiyə hərbi sənayesi barədə qeydləri buna əsaslanır.
Azərbaycanın Türkiyə ilə birgə hərəkəti ölkəmizin siyasi və hərbi mövqelərini möhkəmləndirəcək və bu, imkan verəcək ki, ölkəmizin Ermənistan üzərində öz hərbi qüdrətini artırsın. Azərbaycanın mövqeləri zəifləsə Rusiya, İran və Ermənistanı Azərbycana qarşı silahlandıracaq və bu da növbəti təzyiqlərə yol aça bilər.
-Sizcə müharibə ehtimalı nə qədərdir?
-Ermənistanın Azərbaycan ərazilərini işğalda saxlaması hər an müharibə variantını gündəmdə saxlayır. Sülh yoxdursa, hər gün lokal atəşkəs olursa və itkilər yaşanırsa demək irimiqyaslı müharibənin başlanması hər an baş verə bilər. Tovuz təxribatlarında Ermənistan bunu bir daha sübut etdi ki, bu ölkə işğalçı mahiyyətini davam etdirir və burada əsas məqsəd yeni ərazilər ələ keçirməkdir. Hazırkı situasiya və davam edən erməni təxribatı, danışıqların dayanması müharibənin başlanması üçün əsas faktordu. Azərbaycanı əlverişli şərait gözləyir və istənilən vaxt işğalçı ölkəyə zərbə vuracaq. Türkiyə faktoru Azərbaycana qarşı üçüncü ölkələrin təzyiqlərini neytrallaşdıracaq.

Əli Zülfüqaroğlu