VCT-lər beynəlxalq sistemdə Layihə

VCT-lər beynəlxalq sistemdə

Vətəndaş cəmiyyəti təşkilatları (VCT-lər) demokratik idarəetmə dəyərlərinin təbliği və inkişaf gündəliyinin müəyyənləşdirilməsində önəmli rol oynayırlar. Onlar vətəndaşların narahatlıqlarının eşidilməsinə şərait yaradır, qurumların şəffaflılığını və hesabatlılığını təşviq edir, habelə insan hüquqları və əsas azadlıqlarını təbliğ edirlər. Həyata keçirilən siyasətlərin inklüzivliyini və səmərəliliyini təmin etmək üçün onların hazırlanması və icrası proseslərində vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı tələb olunur. Milli və qlobal səviyyəli vətəndaş cəmiyyəti institutları inkişafın bir sıra aspektləri üzrə öz potensiallarını və təsir qabiliyyətlərini gücləndiri. Vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq inkişafa yardım proqramlarının əhalinin xüsusən təcrid olunmuş və həssas qrupları üçün nəticələrinin səmərəliliyinə müsbət təsir göstərə bilər. Vətəndaş cəmiyyəti daha məsuliyyətli və hüquqi dövlətlərin qurulmasına töhfə verməklə sosial birliyin güclənməsinə və ədalətli dayanıqlı inkişafa gətirib çıxarır. O, icma əsaslı inkişafa dəstək göstərərək, habelə əhalinin həssas qruplarının imkanlarını genişləndirərək sabitliyin artmasına töhfə verir. Avropa İttifaqının Azərbaycanda vətəndaş cəmiyyətinə göstərdiyi maliyyə dəstəyi mətbuat azadlığı və plüralizm, qadınların səlahiyyətləndirilməsi, bərabərlik və ayrı-seçkiliyin ləğv edilməsi, məişət zorakılığı ilə mübarizə, icmanın səlahiyyətləndirilməsi, yoxsulluğun azaldılması, həssas qrupların sosial inteqrasiyası kimi geniş spektrli sahələri əhatə edir. Aİ-nin Azərbaycanda vətəndaş cəmiyyəti ilə əməkdaşlığı açıq cəmiyyətin uzunmüddətli sabitlik və tərəqqi üçün ən yaxşı təminat olması prinsipinə əsaslanır. BMT-nin İnkişaf Proqramı (BMTİP): “2030-cu il Gündəliyinin icrasında vətəndaş cəmiyyəti təşviqat və planlaşdırmadan tutmuş, icra, monitorinq və hesabatlılığa qədər bir çox aspektlər üzrə vacib rol oynayır. BMTİP özünün Vətəndaş Cəmiyyəti üzrə Məsləhətçi Komitəsinin məsləhətlərinə əsaslanaraq, ölkələrin 2030-cu il Gündəliyinə nail olmaq üçün həyata keçirdiyi fəaliyyətlərdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməyə və bu fəaliyyətlərdə onların iştirakını təşviq etməyə davam edəcək. Tələb olunduqda, BMTİP, həmçinin, vətəndaş cəmiyyəti təşkilatlarının potensiallarını gücləndirmək və ölkələrə vətəndaş cəmiyyətinin dayanıqlı inkişafda səmərəli iştirakına şərait və fürsət yaratmaqda kömək etmək üçün Hökumətlərlə əməkdaşlıq edəcək (BMT-nin 2018-2021-ci illər üzrə strateji planı).
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Azərbaycanda demokratik inkişafı sürətləndirmək məqsədilə vətəndaş cəmiyyətini gücləndirmək və vətəndaşların insan hüquqları və əsas azadlıqlarının təşviqində iştirakını artırmaq istiqamətində birgə fəaliyyət göstərir.

BMT-nin insan hüquqları sistemi – qısa xarakteristika

Sülh və təhlükəsizliyin təmin edilməsi və bütün dünyada inkişafa yönəlmiş fəaliyyətlərlə yanaşı, bütün insan hüquqlarının bütün insanlar üçün təşviqi və qorunması BMT-nin üç prinsipindən biridir. O, BMT Nizamnaməsi və beynəlxalq insan hüquqları standartları əsasında müəyyən edilir. BMT insan hüquqlarını üç əsas üsulla təşviq və müdafiə etməyə çalışır:
1. İnsan Hüquqları üzrə BMT Ali Komissarlığı (OHCHR) insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərməklə BMT çərçivəsində aparıcı təşkilatdır. O, insan hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətlərinin təsirini artırmaq məqsədilə BMT-nin ixtisaslaşmış strukturları, fondları və proqramları (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF, Beynəlxalq Əmək Təşkilatı, YUNESKO və s.) ilə sıx əməkdaşlıq edir.
2. İnsan hüquqları üzrə öhdəliklərin ölkələr tərəfindən icrasını müntəzəm və vaxtaşırı nəzərdən keçirmək məqsədilə, insan hüquqları haqqında beynəlxalq sazişlər (pakt və konvensiyalar) çərçivəsində müstəqil ekspertlərdən ibarət qruplar və ya müqavilə orqanları yaradılır.
3. İnsan hüquqları məsələlərini və mövcud vəziyyəti müzakirə etmək məqsədilə, BMT–yə üzvü olan dövlətlərdən ibarət hökumətlərarası orqanlar və ya birliklər yaradılır. Bu məqsədlə yaradılan əsas hökumətlərarası orqan, digər orqanlarla yanaşı, öz işini Xüsusi Prosedurlar adlanan müstəqil ekspertlər, eləcə də Universal Dövri İcmal adlanan mexanizm vasitəsilə dəstək üzərində quran insan hüquqları Şurasıdır.
Qeyd olunan üç element müstəqil, lakin bir–birini tamamlayan elementlərdir. Bu mandatların və mexanizmlərin ətraflı izahatı ilə “Birləşmiş Millətlər Təşkilatının insan hüquqları ilə bağlı Proqramı ilə necə işləməli?: Vətəndaş cəmiyyəti üçün sorğu kitabçasında” (bax: bölmə 6. Resurslar) tanış olmaq mümkündür. Qeyd olunan sorğu kitabçası BMT-nin altı rəsmi dilində, eləcə də görmə problemi olan şəxslər üçün rəqəmsal informasiya çıxışı sistemi formatında (DAISY) kompakt–disklərdə fransız və ingilis dillərində mövcuddur. BMT-nin insan hüquqları üzrə müdafiə mexanizmi işinin əsasını iş VCS-lərin iştirakı təşkil edir. Beynəlxalq səviyyədə, vətəndaş cəmiyyəti ekspert bilikləri, məlumatlılığın artırılmasına yönəlmiş tədbirlər, hüquq müdafiəsi məsələləri üzrə monitorinq və hesabatlılıq tədbirləri və insan hüquqlarının pozulması faktları formasında öz töhfəsini verir. VCS-lər insan hüquqları sahəsində yeni standartların, mexanizmlərin və institutların işlənib hazırlanmasına və insan hüquqları problemlərinin həllinə istiqamətlənən resursların və ictimai dəstəyin səfərbər edilməsinə dəstək verirlər.
Dövlətlərin beynəlxalq hüquqi öhdəlikləri onlardan insanların fərdi və ya başqaları ilə birlikdə vətəndaş fəaliyyəti ilə məşğul olmaq imkanlarını və bacarıqlarını fəal şəkildə dəstəkləyən iqtisadi, siyasi, sosial, hüquqi, mədəni şərait yaratmağı tələb edir. Dövlət orqanları və vətəndaş cəmiyyəti strukturları arasında qarşılıqlı münasibətlərin əsasını formalaşdıran insan hüquqlarına riayət etmək prinsipləri aşağıdakılardır:
İştirak – Vətəndaş cəmiyyətinin ictimai həyatdakı rolu hamı tərəfindən təsdiq edilir və vətəndaş cəmiyyəti subyektləri müstəqil fəaliyyət göstərmək və dövlət orqanlarının mövqelərindən fərqli mövqeləri müdafiə etmək hüququna malikdirlər.
• Ayrı-seçkiliyə yol verməmək – Bütün vətəndaş cəmiyyəti subyektləri ictimai həyatda iştirak etməyə dəvət olunur və hər hansı bir ayrı-seçkilik olmadan bu cür iştirak imkanları ilə təmin olunur.
• Ləyaqət – Dövlət orqanları və vətəndaş cəmiyyəti insanların həyatını yaxlaşdırmaqla bağlı ümumi məqsədə xidmət edir və bu zaman müxtəlif funksiyaları yerinə yetirirlər. Qarşılıqlı hörmət bu cür qarşılıqlı əlaqələr üçün həlledici əhəmiyyətə malikdir.
• Şəffaflıq və hesabatlılıq – İctimaiyyətin maraqlarına xidmət edən fəaliyyətlər dövlət qulluqçularından açıqlıq, məsuliyyət, dəqiqlik, şəffaflıq və hesabatlılıq tələb edir. Onlar, həmçinin VCS-lərdən bir–birləri və ictimaiyyət qarşısında şəffaflıq və cavabdehlik tələb edir

Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqəsi olan beynəlxalq hüquqi standartlar

Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün təhlükəsiz və əlverişli şərait insan hüquqları sahəsində beynəlxalq standartlara əsaslanan etibarlı milli hüquqi baza səviyyəsində dəstəklənməlidir. İfadə azadlığı, birləşmək, dinc toplaşmaq və dövlət işlərində iştirak etmək hüququ insanlara müsbət dəyişikliklər naminə səfərbərlik imkanı verən hüquqlardır. Hər bir şəxs, fərdi və ya başqaları ilə birlikdə, bu hüquqlardan yararlanmalıdır. Onlar vətəndaş fəaliyyətinin əsasını təşkil edirlər. İnsan hüquqları üzrə əsas beynəlxalq sənədlərin əksəriyyəti ictimai azadlıqların müdafiəsi ilə birbaşa əlaqəsi olan və ayrı-seçkiliyə yol verməməklə bağlı bütün prinsiplərə istinad olunan müddəaları özündə birləşdirir:
• İnsan hüquqları haqqında ümumi Bəyannamə (19, 20, 21-ci maddələr);
• Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt fikir və fikri sərbəst şəkildə ifadə etmək, dinc məqsədlə toplaşmaq və birləşmək, və ictimai həyatda iştirak azadlığı hüquqlarını təmin edir (19, 21, 22, 25-ci maddələr);
• İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt həmkarlar ittifaqları yaratmaq və onlarda iştirak etmək, həmçinin mədəni həyatda iştirak etmək hüququnu təmin edir (8, 15-ci maddələr);
• Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya qadınların hüququ, siyasi, iqtisadi və mədəni həyatda iştirak etmək hüququnu təmin edir (maddə 3);
• İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya ifadə azadlığı, dinc toplaşmaq və birləşmək və ictimai işlərdə iştirak etmək hüququ ilə bağlı ayrı-seçkiliyi qadağan edir (maddə 5);
• Uşaq hüquqları haqqında Konvensiya ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüququnu təmin edir (13, 15-ci maddələr);
• Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya fikir və sərbəst ifadə azadlığı, informasiyaya çıxış əldə etmək hüququ, siyasi və ictimai həyatda, eləcə də mədəni həyatda iştirak hüququnu təmin edir (21, 29, 30-cu maddələr);
Bütün şəxslərin zorakı itməkdən qorunması haqqında Beynəlxalq Konvensiya zorakı itmə şəraitinin və itmiş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yardım göstərməklə məşğul olan təşkilatlar və assosiasiyalar yaratmaq və bu cür işləri həyata keçirən təşkilatların və assosiasiyaların işində sərbəst şəkildə iştirak etmək hüququnu nəzərdə tutur (maddə 24); və
• Bütün işçi-miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinə dair Beynəlxalq Konvensiya birləşmək azadlığı hüququnu təmin edir (maddə 26).
Cavid