Milli-mənəvi dəyərlərimizin KIV-də qorunması problemi Layihə

Milli-mənəvi dəyərlərimizin KIV-də qorunması problemi

Bu sahədə hər bir jurnalistin üzərinə böyük məsuliyyət düşür

Yaşadığımız XXI əsr kəskin ziddiyyətləri ilə zəngin olan qarışıq, "mədəni dünya"nı özündə təcəssüm etdirməkdədir. Zahirən bəzəkli görünən bu dünya, öz qanunları ilə maraqlar və iddialar üzərində qurulmaqla yanaşı mənəvi dəyərlərin deqradasiyasına da səhnə olmaqdadır. Mənəvi-mədəni irsə etinasız münasibət təəssüf doğuracaq haldır və bu etinasızlıq xalqı öz tarixi yaddaşını itirməyə sürükləyə bilər. Nə yazıq ki, bəzən bu deqradasiyasının katalizatoru gündəlik həyatımızı bir anlıq olsun belə onsuz təsəvvür etmədiyimiz media - mətbuat, televiziya, radio və internetdir.
Hər bir jurnalist həm də məhz bu xalqın övladıdır, mətbuatımız da azərbaycançılığımıza xidmət etməlidir. Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu mənəvi-əxlaqi dəyərlər hər məqamda göz bəbəyi kimi qorunmalıdır. Bir sıra xarici ölkələrdə çap olan pornoqrafik jurnalların gətirilməsi, yayılması, eləcə də respublikamızda nəşr olunan çoxsaylı jurnallar, sarı piyarlar sözsüz ki, Azərbaycan ailəsinə daxil olur, oxunur və böyüklü-kiçikli baxılır. Bəzi televiziyalardakı eybəcərliklər, istedadsız şou-biznesin bəzi nümayəndələrini, onların guya bariz olan əməllərini təbliğ edən, boş laqqırtıdan başqa bir şeyə oxşamayan verilişlər, qeyri-etik məqamlar əks olunan reklamlar, kino-filmlər, insan heysiyyatına ləkə gətirən məqamlar, zorakı filmlərin nümayişi əslində efiri doldurmaq məqsədi olsa da, sözsüz ki, gənclərimizin əxlaqi dəyərlərinin aşılanmasına təsir göstərir. Hörmətli jurnalistlər, dünya şöhrətli, gözəl xalqımızı və onun şəxsiyyətlərini və bariz nümunə olan əxlaqi dəyərlərimizi dünyaya beləmi tanıdarlar?!
Müasir jurnalistkanın dinamik inkişafı və informasiya məkanının qloballaşması dünyanın istənilən nöqtəsinə öz təsirini göstərir. Mətbuat, televiziya və radio, multimedia və internet şəbəkələri milyonlarla insanın evinə girməkdədir. İnformasiya axını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevrilib. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, güclülər informasiyanın toplanması, saxlanması, işlənməsi, yayılması və istehsalı proseslərində də öz qayda-qanunlarını diqtə edirlər.
Bu gün ölkə mediasındakı vəziyyəti nəzərdən keçirərkən heç də ürəkaçan mənzərə ilə qarşılaşmırıq. Kütləvi informasiya vasitələrində gedən materiallarda xalqımızın əxlaq normaları gözlənilməli, bayağı xarakter daşımamalıdır. Biz elə bir zamanda yaşayırıq ki, gənclərimizin mənəvi – əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Xüsusilə, gənc, yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün tərbiyə olunmasında KİV böyük qüvvəyə malikdir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına açıq-aşkar böyük zərbələr vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Çünki yaradıcılıq üçün ən zəngin mənbə həyatdır, yaşayıb yaradan insanların fəaliyyətidir.
Söhbətlərində, geyim-geçimlərində xalqının milli-mənəvi dəyərlərinə, tarixinə, adət-ənənələrinə laqeyd qalan gənclərin taleyi, cəmiyyətdə "avropalaşmaq" adı ilə özünə yer tapmağa başlayan mənəvi deqradasiya mediada həyəcan təbili çala bilmir. Əvəzində isə sensasiya doğuran, qeybət xarakterli bəsit xəbərlər, milli psixologiyamıza qətiyyən uyuşmayan, yüz ildə bir dəfə təsadüfən baş vermiş bayağı nəsnələr, incəsənət ulduzlarının şəxsi həyatında baş vermiş mənasız, cəmiyyət üçün heç bir əhəmiyyəti olmayan hadisələr, abırsız şəkillər, kollajlar mediada istənilən qədərdir. Bəzi mətbuat orqanları tarixi ənənələrimizdən uzaq düşür, öz kökümüzə balta vurur, satira əvəzinə söyüş, tənqid əvəzinə təhqir yazırlar.
Böyük və ciddi məsələrdən biri də ölkədə sektant qrupların, missionerlərin, özünü əsl müsəlman kimi qələmə verən qeyri-ənənəvi təriqətlərin surətlə artmasıdır. Bütün bunlar gənclərə böyük təsir göstərir, onları milli-etnik kökdən ayırıb özgə dünyagörüşünün, yad mənəviyyatın və dinin quluna çevirir. Bu cür fəaliyyət təkcə jurnalistikanın praktikasına deyil, milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara da ziddir. Xalqımızın bariz qəhrəmanlıq tarixi, comərd nəsilləri var. Zaman-zaman Vətən təhlükədə olanda qəhrəman oğullar silaha sarılıb el-obanı, müqəddəs torpaqlarımızı qorumaq uğrunda canlarını belə fəda etmişlər. Vətənpərvərlik xalqımızın qan yaddaşıdır. Zaman ötsə də, bu böyük, bəşəri hisslər millətimizin, xalqımızın həyatında həmişə başlıca meyar olmuş, bir xarakter kimi formalaşmış, nəsillərin fəaliyyətinin fövqündə dayanmışdır.
İnsanların vətəndaş cəmiyyətində münasibətlərini tənzimləyən əsas vasitələrdən biri əxlaqi-mənəvi mədəniyyətdir. Onu da bildirək ki, hər bir insan öz həyatının müəllifidir. O, bütün dünya həyatı boyu özünü islah etməyə, öz daxili aləmini saflaşdırmağa və mənəvi kamilliyə yetişməyə cəhd etməlidir. Bir sözlə, xalqın aparıcı hissəsi, etnik birliyin yaratdığı əxlaq mənəvi mədəniyyəti inkişaf etdirərək onu yaşadır. Milli-mənəvi dəyərlər insan həyatına daxil olaraq fərdi mənsub olduğu xalqın ideallarına qovuşdurur. Milli-mənəvi dəyərləri xalq, cəmiyyət yaradır, şəxsiyyət isə onu mənimsəyərək formalaşır. Milli-mənəvi dəyərləri mənimsəyən insan onu özününküləşdirir. Əxlaqi-mənəvi mədəniyyət və onun tərkibinə daxil olan ənənələri, mentaliteti sıxışdırmaq və milli şüuru kosmopolitləşdirməklə qloballaşma millətin özünüqoruma instiktlərini zəiflədə bilər. Buna görə qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizi təhlükədən uzaqlaşdırmaq üçün milli-fəlsəfi fikrə istinad etmək, milli ideologiya və milli-sosial özünüqoruma şüuru formalaşdırmaq, milli və ümumbəşəri dəyərlərin müasirliyin məzmunu müstəvisində vəhdətinə nail olmaq vacibdir. Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli və dini varlığından imtina etməsi demək deyil. Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri vacibdən vacib məsələlərdir: "Əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə olmayan dövlət hüquqi dövlət ola bilməz. Şərq mədəniyyətinin də elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda qanunların mahiyyəti, onlara əməl olunmanın mədəniyyət olduğu dərk olunmur. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bir sözlə əhalinin keyfiyyəti aşağı düşür. Təəssüf ki, indi bizdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər boyu formalaşmış əxlaqi- mənəvi dəyərləri ciddi aşınmaya məruz qalmışdır. Fikir verin, məsələn ailə zəminində qətl hadisələri nə qədər artıb! Elə başqa sahələrdə də… Buna televiziyalar, sosial mühit, rüşvətxorluq hallarının yayılması və s. hallar səbəb olur. Bu böyük potensialımızın formalaşmaqda olan vətəndaş cəmiyyətinə ötürülməsində problemlər yaşanmaqdadır. Ona görə də hər bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən biri də əxlaqi-mənəvi məsələlərə diqqətin artırılmasıdır.
Azərbaycanın Avropaya inteqrasiya olunması, onun müasir Qərb sivilizasiyasının dəyərlərini qəbul etməsi heç də Azərbaycanın öz milli dəyərlərindən imtina etməsi demək deyil. Əxlaqi-mənəvi mədəniyyət praktik mənəviyyatı şərtləndirir. Mənəvi mədəniyyət cəmiyyətin, hər hansı sosial qrupun qazandığı mənəvi inkişaf ölçüsüdür. Bu ölçü mənimsənilmiş və insan fəaliyyətində realizə olunan mənəvi sərvətlərlə xarakterizə olunur. Mənəviyyat kimi mənəvi mədəniyyət də mənəvi şüuru, əxlaqi münasibətləri və mənəvi fəaliyyəti əhatə edir. Hüquqi dövlətdə əxlaqi-mənəvi mədəniyyət məsələləri vacibdən vacib məsələlərdir. Azərbaycan dövləti də bu kimi məsələlərdə, milli-mənəvi dəyərlərimizin təbliğatında KİV-ə yardım edir. Belə ki, 2002-ci ildə Milli Televiziya və Radio Şurası, 2003-cü ildə Mətbuat Şurası, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondu yaradılıb. Bu qurumlar yazılı və elektron mediada digər sahələrlə yanaşı milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı ictimaiyyət arasında maariflənmə işinin aparılmasında onlara böyük dəstək olur. QHT-lərə Dövlət Dəstəyi Şurası milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi üçün hər il 30-dan çox QHT-yə maliyyə dəstəyi göstərir. KİV-ə Dəstək Fondu isə ildə 2 dəfə 30-40 yerli mediaya maliyyə dəstəyi göstərir. Bir çox mətbuat orqanı daha çox mənəvi dəyərlərimizin qorunması, xalqın adət-ənənlərinin yaşadılması mövzuları ilə bağlı fonda müraciət edir.

Cavid