Legionerlərin mətbuat fəaliyyəti Layihə

Legionerlərin mətbuat fəaliyyəti

Məcid Musazadənin məqalələrinin geniş araşdırılmasına böyük ehtiyac var

İkinci Dünya müharibəsindən sonra keçmiş legionçi azərbaycanlılar Vətənin azadlığı üçün çalışmaqda davam etdilər. Bu dəfə mübarizə qələmlə idi. Mətbuat fəaliyyəti ilə Sovet imperializminin iç üzünü, mahiyyətini açan bir çox aktiv legionçular olub ki, onların yaradıcılığı tam araşdırılmayıb.
Araşdırmaçı Nəsiman Yaqublu yazır ki, Azərbaycan legionerlərindən daha çox mətbu fəallıq göstərənlərdən biri Məcid Musazadədir (Qarsalani). Onun mətbu fəaliyyəti çoxşaxəlidir. Belə ki, 1942-1945-ci illərdə Azərbaycan legionçularının "Azərbaycan" qəzetinə başçılıq etmiş M. Musazadə mətbu fəaliyyətini 50-ci illərdən davam etdirib. 50-ci illərdəki ilk fəaliyyəti dövründə o, daha çox Azərbaycan folkloru araşdırmalarına, el ədəbiyyatı nümunələrinin nəşrinə üstünlük verib. Bu mənada onun çoxlu sayda bayatıları, atalar sözlərini, tapmacaları çap etməsi, Xəstə Qasımla Ləzgi Əhmədin deyişməsini, H.Cavid yaradıcılığındakı folklor nümunələrinin təbliği əhəmiyyətlidir. Məcid Musazadənin bu dövrdəki mətbu irsi sırasında "Üzeyir Hacıbəylinin Leyli-Məcnun operasının 45-ci ildönümünə ithaf edirəm" məqaləsi maraqlıdır. Yazıda böyük bəstəkarın Azərbaycan mədəniyyəti və musiqisi tarixindəki mövqeyini açıqlayır, həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlar verir. Məcid Musazadənin yaradıcılığında "Azadlıq" radiosunda hazırladığı verilişlər də xüsusi yer tutur. Bu verilişlər içərisində "Azərbaycan Qızıl Ordusunun qurulması və ləğv edilməsi" (158), "Stalin terrorunun qurbanları: Əliheydər Qarayev" (159), "Azərbaycanın Şaumyan fitnəkarlığından qurtulması münasibəti ilə" (160) yazılarının Azərbaycanın XX əsr tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyəti vardır. M. Musazadə 70-80-ci illərdə yazdığı məqalələrində Sovet hökuməti tərəfdarlarının aqibətindən bəhs edirdi. Onun "Stalin terrorunun qurbanları" məqaləsi Azadlıq radiosunda da səslənirdi: "Danışır Azadlıq radiosu. Əziz dinləyicilər, bu il Stalin təmizləmələrinin 50-ci ildönümü tamam olur. Bu dəhşətli terror Azərbaycanda da yüzlərlə siyasi və dövlət xadiminin, ziyalının, tələbənin, şair və ədibin, kəndlinin və hətta fəhlənin ölümünə səbəb olmuşdur. Bu günkü söhbətimizdə bütün səyini, bacarığını, Azərbaycanda Sovet hakimiyyətinin qurulub möhkəmlənməsi yolunda sərf edən, görkəmli siyasi və partiya xadimlərindən Əliheydər Qarayevin sovetləşdirilmədən əvvəlki fəaliyyətindən söz açacağıq".
Nəsiman Yaqublu yazır ki, M. Musazadənin mətbu fəaliyyətində ermənilərin yaratdığı qondarma "Dağlıq Qarabağ" probleminə çox sərt münasibət var. Onun bu mövzudakı yazıları sırasında "Qarabağın zəngin tarixinə dair" əsəri xüsusilə əhəmiyyətli və dəyərlidir. Adıçəkilən əsərində müəllif narahatlıqla bildirir ki, son vaxtlar dünya mətbuatı, radio və televiziyalar Qarabağda törədilmiş süni münaqişəni genişcəsinə şərh edir, azərbaycanlıları Sumqayıt hadisələrinə görə fanatik, cəlladlar və adamöldürənlər kimi qələmə verirlər. Təəssüflər ki, azərbaycanlıların hansı dəhşətli şəraitdə qətlə yetirilmələrinə isə münasibət
bildirmir. M. Musazadə tarixi faktlara istinadən göstərir ki, Qarabağ heç zaman ermənilərin olmamışdır, nə indi, nə qədim dövrlərdə. Tanınmış Gürcüstan, Azərbaycan, Ermənistan, eləcə də rus tarixçiləri belə bir nəticəyə gəlmişlər ki,eramızdan əvvəl 4-cü əsrədək bu ərazidə heç zaman ermənilər olmayıb.
Qarabağ erməniləri orada sonradan məskunlaşıblar: XIX əsrin əvvəllərində çar Rusiyasının himayəsi və qayğısı nəticəsində Türkiyədən və İrandan gəliblər. M.Musazadə elmi əsərində alman tarixçisi Henrix Zimmferin 1923-cü ildə yazdığı "Ermənistan yeni dövrdə" məqaləsinə istinadla yazırdı: "Böyük Ermənistan"ın mövcudluğu iddiası əsaslı deyil və elmi axtarışlar tələb edir". O, Qarabağ ermənilərinin əsassız tələblərinə belə münasibət bildirir: "Qarabağ erməniləri
deyirlər ki, onlar Azərbaycan dövləti tərəfindən unudulub, istismar olunub. Faktlar isə əksini deyir. Qarabağda 126 000 erməni yaşayır (Nyu-York Tayms. 11.03.1988).
Sonuncu illərin rəsmi məlumatına görə, Qarabağda 1715 çarpayılıq xəstəxana, 286 həkim, 1470 nəfər orta tibb işçisi var. Vilayət mineral bulaqlar, isti sular, sanatoriya və istirahət mərkəzləri ilə zəngindir. Qarabağın 234 məktəbində 38 000 erməni məktəblisi oxuyur. Burada bir çox teatr, milli xor və rəqs qrupu, 3 muzey və 178 kinoteatr vardır. Stepanakertdə, eləcə də 4 rayonda erməni dilində
qəzetlər çıxır, erməni dilində radio verilişləri gedir. Onlar şikayət edirlər ki, universitetləri yoxdur, lakin harada görünüb ki, 126 000 əhali üçün universitet olsun?"
M. Musazadənin bu dəyərli əsəri Əlimuxtar Ordubadinin 1990-cı ildə Parisdə fransız dilində hazırlayıb Monrealda nəşr etdirdiyi "Qafbüro, Dağlıq Qarabağ, Stalin" kitabında çap olunub, bir çox ölkələrdə yayılıb. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və ərazi bütövlüyümüzün qorunması baxımından bu əsərin əhəmiyyəti böyük idi.
Nəsiman Yaqublu yazır ki, M. Musazadənin şəxsi arxivində Qarabağ hadisələri ilə bağlı BMT-nin Baş katibi Peres de Heylerə və Türkiyənin o zamankı prezidenti Turqut Özala ünvanladığı məktublar da var. M. Musazadənin 90-cı illərdə Azərbaycana göndərdiyi, müəllifi müharibədə həlak olmuş H. Haqverdiyevin hazırladığı "Nizami" portreti mədəniyyətimizə onun qəlbən bağlılığının nəticəsidir.
M. Musazadə mətbu yaradıcılıqla yanaşı, tərcümə ilə də məşğul olub. Nəsiman Yaqublu yazır ki, Qurban Səidin 1938-ci ildə Vyanada alman dilində çap olunmuş məşhur "Əli və Nino" romanını məhz M. Musazadə azərbaycan türkcəsinə çevirib. (174) Həmin əsər 1993-cü ildə Bakıda ayrıca kitab olaraq nəşr edilib.
Qeyd edək ki, M. Musazadənin 1990-cı ildə Azərbaycan mətbuatına -"Gənclik" jurnalına göndərdiyi məktub onun məcburiyyətdən legioner həyatı yaşamasını göstərirdi. Həmin məktubda o yazırdı: "Stalin əmr etmişdi ki, hər cəbhəçi əsgərə əlli güllə verilsin. Bunlardan 49-nu o, düşmənə atmalı, əllincisi ilə öz həyatına son qoymalıdır. Düşmənə əsir düşmək olmaz. Bunu hər kəs bilməlidir. Sən saydığını say, gör fələk nə sayır, demişlər. Hər şeydən əvvəl, güllə tüfənglə atılır. Ön cəbhədəki əsgərlərdən bir çoxunun tüfəngi yox idi. Cəbhəyə sürülən ordu nəfərlərinə əmr vermişdilər ki, silahlarımız qıt olduğundan cəbhədə həlak olan yoldaşlarınızın silahını alıb mübarizəni davam etdirməlisiniz. Hərbi ləvazimat, ərzaqla təminat haqqında danışmağa dəyməz. Milyonlarla qızıl əsgərin əsir düşməsi də elə bu başsızlığın, kor siyasətin nəticəsi idi. ABŞ, İngiltərə, Fransa hökumətləri, Qırmızı Xaç Cəmiyyətinin vasitəsi ilə öz əsirlərinin qeydinə qaldığı, onların ailələri ilə məktublaşmalarını, bağlama göndərmək imkanlarını təmin etdikləri halda, sovet əsirləri tif, ishal və digər xəstəliklərdən düşərgələrdə milçək kimi qırılırdılar. Stalinin ən qiymətli kapital adlandırdığı biçarə insanlar beləcə məhv olurdular. Hələ bu da kafi deyilmiş, Stalinin rəzil tərəfdarlarından insafsızlıq iliyinə hopmuş qorxunc İlya Erenburq müharibə bitəndən dərhal sonra mətbuat və radio ilə bəyan etmişdi ki, biz düşmənə əsir düşən Sovet əsgərlərini göydə, suyun və torpağın altında gizlənmiş olsalar belə, tapıb lazımi cəzalarını verəcəyik. Marksizm-leninizm "mərhəmətinə", kommunizm insafına" bundan daha bariz misal zənnimcə çətin tapılar".
Qeyd edək ki, Azərbaycanın görkəmli mətbuat xadimi olan, xalqının azadlıq və
müstəqilliyi uğrunda çətin bir mücadilə aparmış M.Musazadənin məqalələrinin
ciddi, geniş araşdırılmasına böyük ehtiyac var. Nəsiman Yaqublu mətbu fəaliyyəti ilə seçilən Azərbaycan legionerlərindən Fuad Əmircanın da adını çəkir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş Əbdüləlibəy Əmircanın oğlu olan Fuad Əmircan bolşevik ordularının gəlişi ilə 1923-cü ildə Türkiyəyə getmək məcburiyyətində qalır. İstanbulda Qalatasaray məktəbini bitirdikdən sonra əvvəl Parisdə, sonra da Almaniyada təhsil alan F.Əmircan 1941-ci ildə "Təsviri Əfkar" qəzetinin müxbiri olaraq Almaniyada çalışır və elə burada Azərbaycan legionerləri ilə əlaqə saxlayır. F.Əmircanın fəallığı ilə Azərbaycan legionerlərinin "Azərbaycan", "Hücum" qəzetləri və "Milli Birlik" jurnalı nəşr edilir. F.Əmircan 1943-cü ildə Azərbaycan Milli Birlik Məclisi sədrinin müavini seçilir. 1943-cü ilin noyabr ayında Milli Azərbaycan Komitəsinin birinci qurultayında F.Əmircana böyük etimad göstərilir və o, Azərbaycan Milli Komitəsinə Başqan yardımçısı seçilir.
İkinci Dünya hərbindən sonra F Əmircan müxtəlif mətbu orqanlarda "Dəryal" təxəllüsü ilə məqalələrlə çıxış edir. Bu baxımdan onun "Kafkasya" jurnalındakı yazıları maraqlıdır. F.Əmircan mətbuat sahəsindəki fəaliyyəti ilə yanaşı, yüksək dövlət vəzifələrində də çalışıb. Belə ki, o, 1955-1961-ci illərdə Türkiyənin Almaniya səfirliyində mətbuat attaşesi, sonradan isə Ankarada Mətbuat İşləri Komitəsinin direktoru olaraq çalışıb. O, 1961-1974-cü illərdə "Amerikanın səsi" Radiosunun Türkiyə şöbəsinin direktoru işləyib. 1974-cü ildə Verner Hoferlə birgə onun "Dünyaya iki baxış" kitabı nəşr edilib.
F. Əmircanın mətbu fəaliyyəti sırasında bədii-publisistik yazılar, hekayələr, qeydlər xüsusi yer tutur. Onun yazılarında Azərbaycanı işğalda saxlayan Sovet rejimi kəskinliklə tənqid edilir. F.Əmircanın legioner mətbuatında və sonradan Almaniyadakı, Türkiyədəki qəzet və jurnallardakı yazıları ciddi öyrənilməyə və tədqiq olunmağa layiqdir.
Nəsiman Yaqublu "Azərbaycan" jurnalında mətbu fəaliyyəti ilə məşğul olan legionerlərdən Şamil Atabəyin də adını çəkir. Şamil Atabəy yazılarında əsasən Stalin rejiminin tənqidi ilə məşğul olub. Özünün "Kommunistlərin "ideoloji işləri" məqaləsində isə göstərirdi ki, "Pravda" qəzetinin hər bir baş məqaləsi insanın şəxsiyyətini öldürən, insan vicdanına ləkə yaxan, insanı Kremlin kor bir aləti mənsəbinə endirən ən dəhşətli vasitədir".

Ülviyyə Tahirqızı